Cəmilənin küləyi - Alber Kamünün essesi

Cəmilənin küləyi - Alber Kamünün essesi
18 noyabr 2025
# 10:00

Kulis.az Nəriman Əbdülrəhmanlının tərcüməsində Alber Kamünün "Cəmilənin küləyi" essesini təqdim edir.

Ruhun öldüyü, həm də onun birbaşa inkarı olan həqiqətin doğulduğu yerlər var. Mən Cəmiləyə gələndə külək və Günəşlə qarşılaşdım, amma bu barədə sonra söhbət açacağam. Əvvəlcə orda sükutun, müvazinət vəziyyətində donub qalmış tərəzi əqrəbi kimi hərəkətsiz, ağır, qatı səssizliyin hökm sürdüyünü söyləmək lazımdı. Quşların fəryadı, üçdeşikli tütəyin boğuq səsi, keçi dırnaqlarının tappıltısı, səmada uzaq göy gurultusu – bütün bu səslər o yerlərin sükutu və viranəliyi ilə bağlı duyğu oyadırdı. Arabir daşların arasından göyə şığıyan quşların qanadlarının şappıltısı, qulaqbatırıcı fəryadı eşidilirdi. İstər evlərin xarabalıqları arasından uzanıb keçən cığırla, istər dəbdəbəli sütunların arasındakı plitə döşənmiş geniş küçəylə, istər təpə üzərində ucalan zəfər tağı və məbədin arasındakı nəhəng keçidlə get, yol mütləq səni aparıb Cəmiləni hər tərəfdən dövrələyən, ucsuz-bucaqsız səma altında qaralan yarğanlara çıxaracaq. Axırda çıxılmazlıqla üzləşəcək, daşlar və sükutla təklikdə qalacaqsan, sənə elə gələcək ki, zamanın axarı dayanıb, yalnız dağlar saatbasaat böyüyür, tünd-mavi rəngə çalmağa başlayır. Amma Cəmilə yaylasında külək əsir. Bu vəlvələ, bir də xarabalıqları nura boyayan Günəş işığı sayəsində insanı tənhalıqla, ölü şəhərin sükutuyla tamam çulğaşdıran anlaşılmaz bir duyğu yaranır.

Cəmiləyə getmək üçün xeyli vaxt tələb olunur. Ora yolüstü baş çəkmək mümkün deyil. Ətrafında başqa məskənlər olmadığına görə o şəhərdən başqa bir yerə gedə bilməzsən, yalnız gəldiyin yolla geri dönə bilərsən. Ölü şəhərə burula-burula uzanan yol gedir, hər dəfə döngədə şəhəri görməyə ümid bəslədiyinə görə, yol adama daha uzun gəlir. Nəhayət, solğun çalarlı yayladakı uca dağlar arasında Cəmilənin skelet meşəsini xatırladan sarımtıl xarabalığı görünür, ölü şəhər gözlərimizin qarşısında sədaqətin dünyanın narahat qəlbini yalnız bizə açacağı sevgi və dözüm rəmzi kimi canlanır. Orda, yaylada, tək-tük ağaclar, quru otlar arasında Cəmilə özünün bütün dağları-daşlarıyla bayağı heyrətdən, gözəl mənzərə şövqündən, yaxud gözəl təxəyyül oyunundan müdafiə olunur.

Bu səhra möcüzəsinin xarabalıqları arasında uzun müddət dolaşdıq. Günorta güclə hiss olunan külək get-gedə şiddətlənmişdi, adama elə gəlirdi, bütün mənzərəni doldurub tamamlayır. Külək şərq tərəfdəki uzaq dağlar arasındakı keçiddən, üfüqün arxasından şığıyır, daş və Günəş səltənətində dəcəllik eləyirdi. O fasiləsiz xarabalıqlar arasında fit çalır, daşlardan düzəldilmiş “sirk meydançasında” fırlanır, kələ-kötür divarların sinəsinə çırpılır, hər bir sütunun ətrafında burulur, fasiləsiz ulaya-ulaya gözqamaşdırıcı səma altında göz işlədikcə uzanıb gedən xarabalığı silib-süpürürdü. Qasırğaya düşmüş gəminin dor ağacı kimi küləyin qabağında dayanmışdım, az qala, sümüklərimə işləmişdi. Artıq gözlərim qızarıb şişmiş, dodaqlarım çat-çat olmuşdu, qupquru olmuş dərimi isə hiss eləmirdim.

Əvvəlcə külək mənə dünyanın xəttini seçməyə kömək eləyirdi. O aləmin üzərində özünün zərifliyinin, yaxud hiddətinin əlamətlərini yazır, yayın nəfəsiylə qızdırır, ya da şaxtanın dişləriylə gəmirirdi. Amma bir saatdan artıq göstərdiyim müqavimətdən, silkələnmədən, titrəmədən gücümü itirib daha cismimin özünə həkk elədiklərini duymurdum. Külək məni qabarmalar və çəkilmələr sahildəki daşları cilalayan kimi cilalamışdı. Get-gedə hökmü altında olduğum bu təbiət hadisəsiylə daha da möhkəm çulğaşırdım, nəhayət, öz nəbzimi təbiətin hər yerdə mövcud olan qəlbinin qüdrətli, uca nəbziylə birləşdirib küləklə bütövləşdim. O məni ətrafımdakı od tutub yanan çılpaq mənzərə kimi yenidən yaratdı. Küləyin müvəqqəti ağuşunda daşlar arasındakı daş olmuş, sütunlar, yaxud yay səması fonunda gözə dəyən zeytun ağacı kimi tənhalaşmışdım.

Küləklə əlbəyaxa olmağım, Günəşin istisi həyati qüvvələrimi tamam tükəndirmişdi. İradəm güclə qımıldanır, şikayətlənir, canım dil deyir, ağlım etirazını bildirməyə can atırdı. Mənə elə gəlirdi, indicə dünyada hər şeyi, lap özümü də unudub havaya qalxacaq, bu küləyə, küləyin yaladığı od tutub yanan sütunlara, tağlara, plitələrə, ölü şəhərin ətrafındakı solğun dağlara çevriləcəyəm. İndiyəcən heç vaxt özümdən bu cür uzaqlıq, eyni zamanda da özümün bu dünyada mövcudluğumla bağlı hiss keçirməmişdim.

Bəli, mən mövcudam. Həmin məqamda da bundan o yana gedə bilməyəcəyimi düşünüb heyrətlənirəm. Ömürlük həbs cəzasına məhkum edilmiş adamı xatırladırdım: məndən ötrü mövcud olan hər şey yanımdaydı. Eyni zamanda, sabahkı və elə bütün sonrakı günlərin də bu günə oxşayacağını dərk eləyən adam vəziyyətindəydim. Çünki insan özünün indisini dərk eləyirsə, deməli, daha gələcəyə ümidi qalmayıb. Yalnız ən bayağı mənzərələr insanın ruhi vəziyyətindən asılı olaraq bu və ya başqa cür qavranır. Bu diyarın hər yerində mənə dəxli olmayan, ona xas – bizi birləşdirən ölümün dadı kimi – olan bir şey duyurdum. Burda, indi köndələn kölgələri görünən sütunlar arasında narahatlıqlar qəfildən perikmiş quşlar kimi səmada gözdən itir, onların yerindi də mərhəmətsiz aydınlıq tuturdu. Narahatlıq sağ olan adamların qəlbində yaranır, Amma bu döyünən ürək günlərin birində dayanmalıdı – mənim uzaqgörənliyim yalnız bundan ibarətdi. Günəş qürub yerinə yaxınlaşdıqca, səslər və işıq toranlığın külü altında yoxa çıxdıqca cismimdən daha da uzaqlaşır, özümü qəlbimdə doğulan inkarın qüdrəti qarşısında get-gedə daha da aciz hiss eləyirdim.

Dönüklüklə heç bir əlaqəsi olmayan haqq və imtiyazlardan imtinanın mövcudluğundan çox az adamın xəbəri var. Burda “gələcək”, “uğur”, “məqam” sözlərinin bir mənası varmı? Mənəvi inkişaf nə deməkdi? “Nə vaxtsa” dünyada hər şeydən inadla imtina eləyirəmsə, onda məndən ötrü söhbət məhz indiki var-yoxumdan əl çəkməməyimdən gedir. Mən ölümün yeni həyatın astanası olduğuna inanmaq istəmirəm. Məndən ötrü ölüm – bağlı qapıdı. Yox, bu, keçib gedəcəyim astana deyil, qorxunc və iyrənc hadisədi. Mənə təklif edilənlərin hamısı insanı öz həyatının yükündən qurtarmağa hesablanıb. Amma Cəmilənin səmasında tanımadığım iri quşların ağır uçuşuna göz qoya-qoya məhz naməlum həyat yükü haqqında düşünür, həmin yükü də çiyinlərimdə duyuram. Mən yalnız bu passiv ehtirasın bütövlüyünü qoruyub saxlaya bilərəm, qalanları isə məndən asılı deyil. Hələ ölüm barədə danışmaq üçün kifayət qədər cavanam. Amma mənə elə gəlir, onun haqqında danışmalı olsaydım, duyduğum səssiz dəhşət içində ümidin belə gizlədə bilmədiyi ölümün qaçılmazlığını ifadə eləmək üçün lazımi sözləri məhz burda tapardım.

Hər bir insanın qəlbinə yaxın saydığı bir neçə - iki-üç - ideyası olur. Aləm və başqa adamlarla ünsiyyətdə ola-ola həmin ideyaları cilalayır, yeni formaya salırıq. Həqiqi, haqqında söz açmağa dəyən yeni ideyanı işləyib hazırlamaq üçün on il gərəkdi. Əlbəttə, bu, insanı bir qədər çaşdırır, eyni zamanda da dünyanın gözəl simasına baxmasına imkan verir. İndiyəcən insan o simaya yaxından tamaşa eləyib. İndisə profilini görmək üçün bir qədər geri çəkilməlidi. Cavan adam dünyanın üzünə yaxından baxır. O, hələ ölüm, yaxud yoxluq ideyasını cilalamadığına görə, qorxuya düşür. Bəlkə də elə gənclik - ölümlə bu amansız görüş, işıqsevər varlığın həmin heyvani qorxusudu. Bununla belə, adətən, deyirlər, gənclər, ən azı, bu sarıdan illüziyaya qapılmırlar. Onun özü üçün illüziyalar yaratmağa nə vaxtı, nə də əqidəsi olub.

Nədənsə bu sərt mənzərəyə, əzəmətli və kədərli daş fəryada, qürubun məşum şəfəqinə bürünmüş Cəmiləyə, ümidlərin, həm də rənglərin ölümünə baxa-baxa, insan adına layiq olan kəslərin başlarını məzardan qaldırıb yenidən yoxluğun gözləri içinə nəzər saldıqlarına, arxasınca getdikləri ideyalara qarşı çıxdıqlarına, qədim əcdadlarımızın öz talelərinə dikdikləri gözlərindəki bərq vuran bakirə həqiqətə yetdiklərinə əmin idim. Ölüm öz ağuşunu onlara aşanda gəncləşirlər. Bu cəhətdən, xəstəlik həddən artıq nifrətəlayiqdi, ölüm dərmanıdı. Xəstəlik - insanı ölümə hazırlayır, ona ölməyi öyrədir. Ünsiyyətin ilk mərhələsində də bəndənin özünə mərhəmət hissi yox olur. Xəstəlik - əbədi yox olacağı ilə bağlı mütləq həqiqətdən gizlənmək üçün göstərdiyi təlaş dolu cəhdlərdə insana yardım eləyir. Amma Cəmilə... Cəmilədə mən şəxsiyyətin arabir təmasa girdiyi sivilizasiyanın əsl, yeganə tərəqqisinin şüurlu surətdə ölən insanlar yaratdığını duyuram.

Məni daim başqa mövzulardakı mülahizələrində həddən artıq həssas olan adamların ölümdən söz düşəndə çox miskin fikirlər söylədikləri təəccübləndirib. Ölüm – xoşbəxtlik, yaxud bədbəxtlikdi. Mən ondan qorxuram, ya da ona gedirəm. Amma bu, bütün sadə şeylərin bizim dərkimizin fövqündə olduğuna bir daha sübutdu. Göy rəng nədi, onun barəsində nə söyləmək olar? Ölüm də bizi bu cür çıxılmaz vəziyyətə salır. Biz ölüm və çiçəklər haqqında mülahizə yeritməyi bacarmırıq. Amma məndən ötrü qarşımda uzanmış, torpaq kimi ağır insandan başqa vacib heç nə ola bilməz – bu, gələcəyimin örnəyidi. Bəs, o gələcək barədə, həqiqətən, düşünə bilərəm? Özümə deyirəm ki, ölməliyəm. Lakin bunun mənası yoxdu, çünki öz ölümümə inanmaq iqtidarında deyiləm, yalnız başqalarının ölümünün şahidi ola bilərəm. Adamların necə dünyadan köçdüklərini görmüşəm. İtlərin öldüklərinisə dəfələrlə görmüşəm. Ölümlə təmasda olmaq məni sarsıdıb. Belə məqamlarda qəlbimdə istək oyadan çiçəklər, təbəssümlər, qadınlar barədə düşünür, ölüm qarşısında duyduğum böyük ölüm qorxusunun həyata qısqanc sevgimdən qaynaqlandığını dərk eləyirəm. Sağ olanlara, çiçəkləri və qadınları bütün gerçək gözəlliklərilə sevəcək adamlara həsəd aparıram. Mən paxılam, çünki eqoist olmamaq üçün həyatı həddən artıq çox sevirəm. Əbədiyyət nəyimə gərəkdi axı? Ola bilsin, günlərin birində bu sözləri eşidəcəksən: “Siz güclü insansınız, ancaq açıq danışmalıyam: tezliklə öləcəksiniz”. Sonra uzanıb, bütün qəlbinlə qorxu duya-duya, mənasız nəzərlərini boşluğa dikmiş halda təlaşla həyatdan yapışacaqsan. Bununla müqayisədə qalan şeylərin nə əhəmiyyəti var axı? Bu barədə düşünəndə gicgahlarımın döyüntüsünü duyur, ətrafımdakı hər şeyi darmadağın eləmək istəyirəm.

Amma insanlar özlərinə, öz talelərinə verdikləri zinətə baxmayaraq ölürlər. Onlara “Sən sağalanda...” kəlmələriylə başlayan arzularını çatdırırlar, amma biçarələr dünyadan köçürlər. Mən bunu istəmirəm. Çünki təbiətin aldatdığı və həqiqəti göstərdiyi günlər olur. Bu axşam Cəmilə həqiqəti söyləyir, qüssəli gözəlliyi də insanın qəlbinə işləyir! Mən isə bu dünyanın üzünə yalan söyləmək istəmir, adamların mənə yalan danışmalarını arzulamıram. Öz aydınlıq yükümü axıradək çəkmək, labüd olana xəstə kimi, dəhşət və qıcqanclıqla baxmaq istəyirəm. Ölümdən o qədər qorxuram ki, əbədi səmaya tamaşa eləmək əvəzinə özümü bu dünyadan təcrid eləyir, taleyimi başqalarının taleyilə bağlayıram. Şüurlu surətdə ölən adamları yaratmaq – bizi bu dünyadan ayıran məsafəni qısaltmaq, əbədi itirəcəyimiz mövcudluq xoşbəxtliyini başa düşə-düşə özümüzü kədərli halda burulğanın içinə atmaqdı. Mən də Cəmilə təpələrinin kədərli nəğməsinə qulaq asa-asa qəlbimin dərinliklərinəcən bu nəsihətin sehrinə dalıram.

Axşama yaxın cığırla kəndə doğru gedirik, çatanda izahları dinləməli oluruq: “Burda bütpərəstlər kəndi yerləşir, orda, dikdəsə xristian məskəni var. Sonralar...” Bəli, bu düzdü. Burda insanlar və cəmiyyətlər bir-birini əvəz eləyiblər, fatehlər bu diyarda öz hərbi sivilizasiyalarının izlərini qoyublar. Onların əzəmət haqqında iyrənc və gülünc təsəvvürləri olub, öz əzəmətlərini qurduqları imperiyanın genişliyiylə ölçüblər. Amma sivilizasiyalarından qalan xarabalıqların idealları ilə birbaşa ziddiyyət təşkil eləməsi möcüzədi. Çünki gecəyarı, zəfər tağının ətrafında ağ göyərçinlər uçuşan bu skelet-şəhər o fatehlərin hakimiyyət və şöhrətpərəstlik nişanələrini göylərə qaldırmayıb. Dünya daim tarix üzərində qələbə çalır. Mən Cəmilənin dağlar, göylər və sükut arasından eşidilən daş fəryadının poeziyasını dərk eləyirəm: bu, aydınlıq və biganəlik poeziyası, ümidsizliyin də, gözəlliyin də həqiqi əlamətləridi. Artıq vidalaşdığımız bu əzəmət qarşısında adamın ürəyi sıxılır. Cəmilə ölgün, bomboz səması, yaylanın o tərəfindən eşidilən quşların cəh-cəhi, təpələrin yamaclarından çay kimi axan keçi sürüləri, xaraba məbədin mehrabındakı buynuzlu allahın məxməri, uğultuyla dolu toranlıqdakı simasıyla birgə geridə qalır.

# 142 dəfə oxunub

Oxşar xəbərlər

Çolaq Vəli - Qərənfil Mansurovanın hekayəsi

Çolaq Vəli - Qərənfil Mansurovanın hekayəsi

11:00 18 noyabr 2025
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

16:37 17 noyabr 2025
Musson küləkləri - Orxan Cuvarlının yeni hekayəsi

Musson küləkləri - Orxan Cuvarlının yeni hekayəsi

12:36 15 noyabr 2025
Kor Vayşa - Georgi Qospodinovun hekayəsi

Kor Vayşa - Georgi Qospodinovun hekayəsi

14:40 10 noyabr 2025
Tanrının formulu -  Xose Rodriqeş duş Santuşun romanından parça

Tanrının formulu - Xose Rodriqeş duş Santuşun romanından parça

12:00 9 noyabr 2025
Gözlənilməyən bir qətlin tarixçəsi - Ulucay Akifin hekayəsi

Gözlənilməyən bir qətlin tarixçəsi - Ulucay Akifin hekayəsi

12:00 8 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər