Çolaq Vəli - Qərənfil Mansurovanın hekayəsi

Çolaq Vəli - Qərənfil Mansurovanın hekayəsi
18 noyabr 2025
# 11:00

Kulis.az Qərənfil Mansurovanın "Çolaq Vəli" hekayəsini təqdim edir.

Bayaqdan bağçanı həyətdən ayıran paslı qapının dibinə bir vaxtlar maşından söküb-atdığı köhnə motorun üstündə oturmuşdu. Qapını da elə köhnə maşın hissələrindən düzəltmişdi. Açılıb-bağlananda cırıltısı kəndin o başından eşidilirdi. Qızı Xədicənin burda oturmamışdan qabaq da səsi gəlirdi. O, hələ də ağlamsınan səslə deyinirdi:
- Ay sizi öləsiz, ay sizi qırılasınız, təzəcə pöhrələnmişdi, yenə yedilər. Bu dəfə köklü-köməşdi qopardıblar, zəlil olmuşlar....
Sonra Xədicə həyət-bacada geyindiyi, ayağına bir az böyük olan qara çəkələklərini yerə çırpa-çırpa gəldi. Səs elə bil qulaqlarının içinə dəyirdi. Bir az bundan əvvəl aldığı xəbər də beləcə beyninə dəymişdi.
- Çala odun gətirməyə gedibmiş, qayıdanda maşının altına düşüb, tikəsi ələ gəlmeyif, yazıx yetimin...
Bunu Rənaya qonşu Gülgəz arvad yerə tökülmüş fındıqları yığa-yığa yavaşdan demişdi.
Rənanın sevinci daladı elə bil onu. “Bu niyə sevinir ki? Hər nə olsa da... insan ölüb axı...”
- Ata, görürsən quzular yenə güllərimi yeyiblər. Allah onları öldürsün. Boy..., ata, nə qədər siqaret çəkmisən?
Key-key ətrafına boylandı. Çoxlu siqaret kötüyü səpələnmişdi. Əlini cibinə apardı. Qutudakı axırıncı siqareti çıxarıb, köhnənin oduna yandırdı. Bunu lap ləzzətlə çəkdi. Bayaqkıların dadını hiss eləməmişdi elə bil:
- Hə, elə axırıncısıdır. Get qardaşını çağır gəlsin. Siqaretim qurtardı.
- Namiq dərsdədir...
Siqareti çəkib tənbəl-tənbəl yerindən qalxdı. Həyət qapısından çıxıb əlini gözünün üstünə qoyub, mağazaya tərəf boylandı. Qeyri-ixtiyari yavaş-yavaş dükana tərəf getdi. Bir dəstə yaşlı adam hay-küylə söhbət edirdi. Namaz kişilərdən aralanıb ona tərəf gəldi. Əl tutuşdular:
- Nə əcəb işə getmeyifsən?
- Nə bilim... İş var ki, gözləyirəm, görüm kim qapıya gəlir. Sənə bir şey lazım deyil, Şəmkir tərəfə gedəjəm. Vaqifə bir az şifer lazımdır. Elə ayağım gedir.
- Qoy görüm Lətifə bu gün aylığını alasıdı. Beş-on taxta alarsan. Pollar hələ yarımçıqdır...
Bu söhbətin elə-belə xala-xətrin qalmasın olduğunu Namaz o cür maraqlı hay-küyü qoyub ona tərəf gələndən başa düşmüşdü. Namaz kəndin başındakı balaca çayxananı işlədirdi. Çayxananı lap alatorandan açırdı.
- Sən niyə gedib samovarını qalamamısan?
- Hə, elə səni görüb ayağımı saxladım. Gedirəm. Bir az bəri gəl görüm... Ölü yerinə gedəcəksən?
Azər bayaqdan bu sualın səslənməsindən qorxurdu. Düz Namazın gözünün içinə baxdı. Elə bil orda da qorxu vardı. Uzun illər bu elin bütün xeyrinə-şərinə özünün hamıdan birinci çatdıran Namaz Rəna tərəfdən ona qohum düşürdü. Onun hesabınca Namaz indi orda olmalıydı:
- Bə sən niyə burdasan? Getməmisən?
- Nə bilim...
Namaz bir də soruşdu.
- Gedəjəksən?
- Hə... Dəfn haçandı?
- Sabah. Bakıda bacısı var onu gözləyəcəklər. Ayrı kimi var ki, yazığın. Heç pulları-paraları da yoxuymuş... Arvadı ağlaya-ağlaya dilindən qaçırıb. Bəlkə gedək əvvəlcədən yazılax... Savabdır.
Sakitcə əlini cibinə saldı. İndi yadına düşdü ki, siqareti bayaqdan
qurtarıb. Elə bura da ona görə gəlib. Cibi boş idi. O biri cibinə əlini saldı. O da boş idi.
- O biri pencəyin cibində qalıb. Neçə yazılax?
- Nə bilim. Nəbi dayım deyir ki, on manat yazılağın.
Nəbi, onun qaynatası idi. Rənanın atası. Hörmətli kişilərdən sayılırdı. Düzdü, kürəkəni ilə bir az sərin olsa da heç yerdə onun namını yerə vermirdi.
Dükanda tünlük idi. Yaxınlaşıb növbəyə duranların başının üstündən səsləndi:
- Ay Raya bajı, bir “Vest” ver.
Kəndin bütün təminatını az qala təkbaşına ödəyən dükanın həm satıcısı, həm müdiri, həm mühasibi olan Raya dərhal siqareti ona uzatdı. Növbədəkilər ötürə-ötürə siqareti ona çatdırdılar. Elə ordaca açıb birini damağına qoydu. Aralandı.
Daldan onu səslədilər
- Bəs pulu?
İndi bir də ayıldı.
- İndi uşaqdan yollayajam.
Həyətə girən kimi yenə köhnə qapının yanındakı motorun üstünə sarı getdi. Rəna yuduğu paltar dolu ləyəni gətirib bir az aralıda qoyub yaxınlaşdı. Yavaşca motorun o biri tərəfinə yanını qoydu.
- Gördün? Allaha qurban olum... Cəzasını verdi. Elə hey deyirdin hanı bə Allah? O qara yançaq arvadı da məni görəndə qanlı-qanlı baxırdı. Elə bil mən bunu şərləmişəm... Onun ucundan məni məktəbdən də çıxardın.
Bayaqdan başından qovmağa çalışsa da yenə o günün acısı üstünə yeridi, elə bil Vəlinin səsi qulağına gəldi:
- Səni and verirəm o cavan canına, öldürmə məni. Gedib cavan canını türmədə çürütmə. Bir ....... yemişəm. Şeytan məni alladıb.
Vəli yetim böyümüşdü. Anası Leyli xala indiki kimi gözünün qabağında idi. Çox insan adam idi. Vəli tək oğul olmasından, anadangəlmə çolaq olmasından evdə sui-istifadə edirdi. Kənddəki 8 illik məktəbdə süpürgəçi işləyirdi, Leyli xala. 80 manat aylığı vardı. Onunla 2 yetimi saxlamaq asan iş deyildi ki... Gözünü açandan onların evini kişisiz görmüşdü. Uşaq vaxtlarında elə bilirdi onlarda heç kişi olmayıb. Təkcə bir dəfə sinif yoldaşları Çingizi ilan vuranda qəbristanlıqda gəzişirdilər. Sinif uşaqları hamısı ora toplaşıb Çingizin cənazəsini gözləyirdilər. Bəziləri üç-üç, beş-beş aralanıb daşların üstünü oxuyurdu. Zöhrə müəllimənin oğlu Vüqar ağ daşdan yonulmuş, üstündəki yazıları az qala pozulmuş olan köhnə bir daşı göstərdi:
- Azər, bu, bilirsən kimdi? Leyli xalanın əri, Vəlinin atası. Onda bilmişdi ki, onlarda da kişi olub. Bir onu bilirdi ki, Vəliyə də, anasına da münasibəti məhz həmin gündən dəyişdi, yazığı gəldi. Vəli anadangəlmə çolaq doğulmuşdu. Leyli xala Vəlidən böyük qızını böyüdüb, min bir əziyyətlə oxutmuşdu. Ərə vermişdi. İndi Bakıdan yolunu gözlədikləri qız o idi. Orda ərdəydi. Anası mal-qoyun saxlayır, kişili evlərdən yaxşı saxlayırdı balalarını. Vəlini bir az ərköyün eləmişdi. O da həyasızlığına salıb çolaq ayağının hayıfını da bədbəxt arvaddan alırdı. Ot çalınanda, su gətiriləndə, bostan-dirrik suvarılanda anası günün altında bişə-bişə tək əlləşirdi, Vəli yaxın gəlmirdi. Haçan həyətə girsən onu üzümlü talvarın altına qoyulmuş taxtda nə isə yeyən görərdin. Ya qabağına qovrulmuş günəbaxan tumu tökürdü, ya ciblərini qoz-fındıqla doldururdu, ya qabağındakı nimçədə yuyulmuş meyvələr olardı. Axşamlar da ya çayxanadaydı, ya da kinoda.
Vəlinin onuncuda oxuyan ilisi idi. Gündüz dərsdən gələndə onların evinin qabağından keçirdi. Darvaza qapısından qonşu arvadlar iki-bir, üç-bir deyinə-deyinə çıxırdılar. O da ayaq saxladı. Leyli xalanın səsi həyəti başına götürmüşdü: - Ay evi tikilmişin balası. Neynirsən onu? Evdə bir dünya pal-paltarın var. 80 manata mən bir ay işləyirəm. Bir elə pula da şalvarmı olar?
O dəqiqə bildi ki, Vəli direktor Qurbanın oğlunun əynində gördüyü cins şalvardan istəyir. Çünki, dünən kinoya gedəndə direktor oğlu geyindiyi təzə şalvarını uşaqlara göstərib fəxrlə, atam alverçi Mehrabdan 80 manata alıb. İkicə dənəymiş. Biri hələ də durur - demişdi.

Vəlinin elə bil qəlbi də çolaq idi. Yetənə yetir, yetməyənə bir daş atırdı. Ondan iki sinif yuxarı oxuyurdu. Bir də o yadına düşdü ki, Vəli məktəbi qurtaran ilisi direktor Qurban müəllim ürəkdən bir ah çəkib – Atası heç söyüləsi kişi deyildi. Amma şükür, bu çolaq köpəyoğlundan məktəbin canı qurtardı - demişdi. Əfruz müəllimənin qızı Laləni məktəbin bağına dartıb zorlamaq istədiyi gün də yadındaydı. Onda Vəlini qızın qardaşı nətəri döymüşdüsə Leyli xala düz bir ay qonum-qonşunun uşaqlarını qəssab Bəzirin yanına göndərirdi ki, təzə quyruq aldırsın, qaralan yerlərin hoyunu çəkməyə. Bütün müəllimlərin də, şagirdlərin sevimlisi olan Lalə elə o gündən onların məktəbınə gəlmədi. Əfruz müəllimə onu rayon mərkəzindəki məktəbə dəyişdi. Lalə sonralar da Bakıda oxudu. Sabirabadlı balasına da ərə gedib elə Bakıda yaşadı. Lalə kənddən də, onun adamlarından da Vəlinin ucbatından küsmüşdü. Gec-gec gəlirdi.

...Ürəyində özünü bir az qınadı. Mən də bir az məsələni böyütdüm. Nəbi dayı da dedi ki, a bala, bəsdi, o gədə onsuz da bir az birtəhər uşaqdı. Atası yaxşı kişi idi. Deyib, deyib də. Hamı bilir ki, bu yalandır. İndi də ayırd edə bilmirdi ki, o qılınc kimi iti qısqanclıq birdən-birə onun qəlbinə necə doldu. Bir anda “Qoca bavanın yedyarı” deyilən xəncəri qapıb onun dalınca getdi. Namaz yolda rastına çıxmasaydı elə onda öldürmüşdü onu. Namaz onu çox danladı. Birdən-birə yenə qulağına Vəliyə vurduğu təpiklərin səsi, onun toz-torpaq içindən civilti kimi gələn ah-vayı, Namazın yalvartıları gəldi.

Düz on beş ildir ki, Vəli ilə düşmən kimi idilər. Nə özü, nə ailə üzvlərindən biri, nə Rənanın ata-anası, qardaş-bacısı, nə Namazın ailəsi danışmırdı onlarla. Leyli xala can verəndə də neçə dəfə Qasımın uşağını qaçırtmışdı ki, Azəri ürəyim istəyir... Getmədi. İndi hər şeydən çox ona peşmançılıq duyurdu.

Bir də o müqəddəs kitabı qoltuğuna vurub dəmyədəki dəli Osmanın dalanına getdiyi gün gəldi gözünün qabağına.
- Bu müqəddəs kitaba and içirəm ki, elə belə dedim onu. Sözgəlişi. Mənim Rəna ilə bir alış-verişim olmayıb... Bircə dəfə görmüşəm onu.
Hər şey Rənanın, Arifənin dedikləri ilə üst-üstə gəlsə də, yenə şübhələr Azəri on beş ildir doğram-doğram edirdi. Onun Qurana əl basmağına da şübhə ilə yanaşdı...
Rənanı məktəbdən istəyirdi Azər. O vaxt məktub yazmaq qızın sevgisini üzə verən tək şey idi. Bütün qızlar içərilərində qovrulsalar da heç kəs qardaşının, atasının qorxusundan əlinə qələm alıb sevdiyinə ikicə kəlmə yazmağa cürət eləmirdi. Rəna bu buzu sındırmışdı. Yazmışdı, onun çoxsaylı məktublarından birinə cavab yazmışdı: “...Gözləyə bilərsənsə... mən ancaq oxuyandan sonra ərə gedəcəm. Müəllim olmaq arzusundayam, bilirsən. Sənsə kitab dəftərin daşını eşitdiyimə görə coxdan atmısan. Amma mənə görə bunun fərqi yoxdur. Məktubu oxuyan kimi cır. Yazdıqlarına görə cox sağ ol. Sənin sözlərinə inanıram. İmza ....”
Ona elə gəlirdi ki, ad əvəzinə qoyulmuş bu dörd nöqtə elə Rənanın özüdür. Ordan onun urəyinə boylanır. Artıq əsgərlikdən də gəlmişdi. Amma Rənanın sözünə əməl edib məktubu cırmamışdı. Bu məktub onunla uzaq Kalininqrada gedib iki il əsgərlik edib gəlmişdi.

Sağ olsun Nəbi dayı da. Rənanın meylini bilirdi, saysız-hesabsız elçiləri geri qaytarmışdı. Əsgərlikdən birbaşa Bakıya gəldi qayıdan kimi. “APİ Lenin” deyilən böyük binanın qabağında çox gözləməli olmadı. Rəna bir dəstə qızla deyə-gülə yaxınlaşdı. Sonra yanındakı sarısaç qıza nəsə deyib onlardan tamam aralandı. Sakitcə salamlaşdılar. Azərin dizi qatlandı. Heç belə gözləmirdi. Elə bilirdi Rəna uzaqdan onu görən kimi boynuna sarılacaq. O isə sadəcə “xoş gəlmisən”lə kifayətləndi. Qıpqırmızı qızarmışdı. Ordan ayaqla dəniz qırağına getdilər. Rəna sumkasından kollektiv qrup şəkillərini çıxarıb bir-bir məlumat verdi. Aradabir barmağına dəyən Rənanın əlini tutub saxladı:
- Harda qalırsan?
- Kirayədə... Nizami küçəsində...
- Niyə yataqxanada qalmadın...
- Qağam qoymadı... Kirayədə yaxşıdı. Həm də Əhməd dayımın qızları Arifə ilə Kəmalə qonşu evdə qalırlar. Hər axşam ya onlar bizdədir, ya biz onlarda. Darıxmırıq. Mən də Sevinclə qalıram Səyavuşun qızı. Elə gələn gündən.
- Kəndə haçan gəlirsən?
Rəna sualdan alındı. Bir xeyli dinmədi. Handan hana – Sən məni gözləmə, - dedi- göndər.
Azər onu Nizami küçəsinə haçan apardı, ordan dəmiryol vağzalına necə qaçdı. Haçan bilet alıb kəndə yol aldı, bilmədi.

* * *
Namazın təngnəfəs özunu ona yetirdiyi gün xırda detallarına qədər yadındaydı:
- Alçaq həqiqətən deyib.
- Nə bildin?
- Özü boynuna aldı.
Azərgildən Rənagilə gedən maşın karvanının arxasınca çayxananın qabağına toplaşmış kişilər baxıb:
- Allah xoşbəxt eləsin! Kimin xeyir işidir belə? - deyənlərə kimsə - Nəbigilə gedir. Qızının nişanıdır- demişdi. Zavqar Rafiq təəccüblə:
- Bəyəm Nəbinin qızı var. Onun üç oğlu yoxdu? – söyləyəndə
çolaq Vəli yerindən - Var, Rəna - qəşəng qızdır. Bakıda mənimlə çox oturub... Gör kimə getdi - söyləmişdi.
Bunu Azərə çatdırdılar. Matı-qutu qurudu. Necə yəni gör kimə? Azər onunla hər gün rastlaşırdı. Nişan üçün lazım olan şeylərdən ötrü hər dəqiqə rayon mərkəzinə qaçanda yolda elə birinci rastına o çıxmırdımı? Özünü də bəy oğlanların dəstəsində məclisə dəvət etməmişdimi? Necə yəni Bakıda mənimlə çox oturub. Yəni, Rəna onunla gəzib? Azərin dünya başına fırlandı, nəfəsi körükləndi, ürəyi tıncıxdı. Bildiyi birinci iş Bakıya Rənaya zəng eləmək oldu: - Təcili kəndə qayıt. Rənanın qışqırtısı indi də qulağında idi - Azər, düzünü de, qağama nəsə olub?
- Yox! Təcili səhər tezdən burda ol. Vəssalam!
Azər o gecəni səhər eləyincə neçə dəfə oğlunun ah-ufuna duran anasının danlağını yedi:
- Nədi bala, yıxıl yat da... Deyib deyib də... axmağın biridir. Onu hamıdan cox sən müdafiə edərdin ki? Hamı bilir ki, yalandır da. Yat, mənim balam.
Onda anası hec Rənanın səhər tezdən gələcəyini də bilmirdi. Elə Azər özü də bilmirdi. O səhərə yaxın mürgüyə getdi. Tezdən Namaz gəlib onu səslədi: - Dur, Rəna gəlib. Nəbi dayım səni çağırır... Yenə anasının qışqırıqlı səsi:
- Aaaaaaa.... Ay öyü yıxılmışın gədəsi, qızı sən gətizdirmisən Bakıdan bura, demədim, eləmə? Sən hələ ora ayaqaçdıya getməmisən, davaya gedəcəksən? Biabır olduq Nəbi ilə Səmayənin yanında... Söz dinləməz oğlu, oxşadı oxşamışlarına...
Anası da deyinə-deyinə o ilisi Tiflisdən aldığı yun şalı başına atdı:
- Gəl görüm, mən də gedəcəm. - Yol boyu da anası hey onu danlayırdı. - Demədim çağırma qızı? Rəna anası ölmüşə də bax hələ, durub bunun sözüynən ordan bura gəlib. Dəli dəliyə qoşulsa göydən dəyənək yağar, a bala...
Anası Nəbi dayıgilin doqqazına çatınca deyindi.

* * *

Rəna atasının qarşısında oturmuşdu. Heç paltarını da dəyişməmişdi. Azərə elə gəldi ki, paravozun qara tüstüsü Rənanın paltarlarına da, üzünün dərisinə də hopub. Gözləri qıpqırmızı idi. Nəbi dayının qarşısındakı köhnə dəmir külqabı filtrsiz ucuz siqaret kötüyüylə dolu idi.

Onları görən kimi Rəna özünü anasının üstünə atdı. - Mama, nənəmin goru haqqı, mən onu heç tanımıram. Bircə dəfə Əhməd dayım Bakıya qəzlara pul göndərəndə qatar ayağında onu görüb, pulu da, bizim evin adresini də ona vermişdi. Onu Arifəgilə gətirəndə görmüşəm. Kəmalə dedi - Rəna, tanış ol - dedi - Vəli də bizim kənddəndir. Leyli xalanın oğludur. Bizim məktəbdə süpürgəçi vardı ha... Atam pul göndərib. Heç beş dəqiqə oturmadım. Onu bircə dəfə orda görmüşəm.

Azəri qəzəb doğrayırdı. Rənaya inanmadı. Telefonu bildiyindən çıxan kimi Rənanın dayısı qızlarına zəng elədi. Arifə də Rənanın dediklərini təsdiq etdi... Azərin yenə Rənanın onu Bakıda qarşıladığı gün gəldi yadına. Ona elə gəlmişdi ki. Rəna onu soyuq qarşıladı... Yenə kini ürəyini deşirdi. Evə kor-peşman qayıtmışdılar. Anasının səsi kəsmirdi. - Bizi el içində gülünc elədin. Bir dəli bir quyuya daş atıb yüz ağıllı çıxara bilməyib. Belə də iş olar.
Rənanı daha Bakıya buraxmadılar. Diplomunu da gedib Azər özü alıb gətirdi. Bir də dəmyədəki onu döydüyü gün təfərrüatı ilə yadındaydı... Vəli uzaqdan taytıya-taytıya gəlirdi. Rəngi aqappaq idi. Əvvəl elə bildi ki, Vəli sözünü danacaq. Ona görə işini ehtiyatlı tutmuşdu. Namaz kənarda idi. Qoltuğunda da “Quran”...
Vəliyə and da içdirdi. Döydü də. On beş il düşmənçilik də elədi. Yenə ürəyi soyumamışdı. Rəna Xədicənin yaşı tamam olandan sonra elə Qurban müəllimin israrından sonra öz məktəblərinə riyaziyyat müəlliməsi düzəlmişdi. İşi də pis deyildi. Evə də vaxt çatdırırdı. Amma hər gün yolu Vəlinin qapısının ağzından düşdüyü üçün Azər onu qısqanırdı. Hər dəfə Vəlinin qanlı-qanlı Rənanın dalınca baxdığını yuxusunda görürdü. 4 ay çəkən uzun dava-dalaşdan sonra Rəna məcbur olub ərizəsini yazıb işdən çıxdı.

***
Leyli xala ölən günə kimi məclislərdə deyirdi: - Azərin buna qoşulduğunu gözləməzdim. Quranın iki başı var. Oyun-oyuncaqdımı? Onu büküb uşağın qoltuğuna verəndədi günah... Gərək döymüşdü-söymüşdü, “Quran”a salmayaydı balamı.
Hamı bilirdi ki, Leyli xala molla Cəbini nəzərdə tutur. Azərə ən çox yer eləyən oydu ki, Vəli onunla yenə danışıb-gülməyə can atırdı. Gəlib-getmək istəyirdi. Onun da hirs təpəsinə vururdu. Nəbi dayı da elə kürəkənini ona görə sevmirdi. - Dəvədir o, kinlilikdə - deyirdi.

* * *
Namaz təzə damalı pencəyini evə gedib əyninə keçirə bilmişdi qapıdan onu səslədi - ə, gəl gedək. Xədicə atasının rənginin dəyişdiyini hiss eləmişdi elə bil. Gedib o da atasının palıdı rəngli pencəyini gətirdi. Bir əli ilə pencəyi çiyninə keçirə-keçirə o biri əli ilə cibini yoxladı. Portmanatı yerində idi.. Özü də bilmədi niyə yoxlayır. Onsuz da tarixi boyu onun cibini evdə heç kim qurdalamazdı. Lap kiməsə təcili pul lazım olsa da onu gözləyərdilər. Heç kim əl atıb onun cibindən bir qəpik də götürməzdi.

...Nəbi kişi yol qapısının ağzına toplaşan kişilərin arasında idi. Uzaqdan onun Namazla gəldiyini görüb kənara tərəf çəkildi. Qapıda qurulan çadıra doğru irəlilədilər. İçəri otaqda arvadların ağlaşma səsi gəlirdi. - Gorun çatlasın, ay Leyli. Bu gün tək olmayacaqsan. Yetimin yanına gəlir. Balan qurban olduğuma qurban oldu. Yüz dəfə dedik bala, müqəddəs kitabla zarafat eləmə. Eşitmədi. Bizi də yazıq elədi, balalarını da...
Vəlinin bir-birindən balaca iki oğlu qapının ağzında əli qoynunda dayanmışdı. Arvadı da yanlarında idi. Onsuz da qara olan arvadın rəngi bir az da qaralmışdı. Vəli onu qonşu kənddən qaçırmışdı. Azərgilin hadisəsindən bir-iki il sonra. Leyli xala şalını başına salıb hansı qapıya getmişdisə əliboş qayıtmışdı. Heç kim Vəliyə qız vermədi.
Birdən elə bil boynunun dalından Azəri çağırdılar. Geri döndü. Mağarın ortasında vurulmuş xalçanın üstündə Vəlinin şəkli asılmışdı. Bircə onu bildi ki, tükləri-biz-biz olub.
Özünü evə güclə saldı. Xədicənin qışqırıqlı səsi gəlirdi.

- Ata, ata, qurban olum, saa nooldu? Nəsə deyiblər sənə?
Azər titrədirdi, dişi-dişinə dəyirdi. Namazın rayon mərkəzindən çağırtdırdığı həkim ikicə kəlmə ilə:
- Çox gecdir, ürəyi partlayıb - deyib əllərini sabunladı.
Bir azdan Rənanın qışqırtısı ilə Vəlinin evindəki haray bir-birinə qarışdı...


# 190 dəfə oxunub

Oxşar xəbərlər

Cəmilənin küləyi - Alber Kamünün essesi

Cəmilənin küləyi - Alber Kamünün essesi

10:00 18 noyabr 2025
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

16:37 17 noyabr 2025
Musson küləkləri - Orxan Cuvarlının yeni hekayəsi

Musson küləkləri - Orxan Cuvarlının yeni hekayəsi

12:36 15 noyabr 2025
Kor Vayşa - Georgi Qospodinovun hekayəsi

Kor Vayşa - Georgi Qospodinovun hekayəsi

14:40 10 noyabr 2025
Tanrının formulu -  Xose Rodriqeş duş Santuşun romanından parça

Tanrının formulu - Xose Rodriqeş duş Santuşun romanından parça

12:00 9 noyabr 2025
Gözlənilməyən bir qətlin tarixçəsi - Ulucay Akifin hekayəsi

Gözlənilməyən bir qətlin tarixçəsi - Ulucay Akifin hekayəsi

12:00 8 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər