Dünyanın ən məşhur qadın yazıçısı necə yoxa çıxdı?

Dünyanın ən məşhur qadın yazıçısı necə yoxa çıxdı?
15 sentyabr 2019
# 10:10

15 sentyabr onun doğum gündür

“Meri çox istedadlı qızdır”, - Aqata Kristi onun haqqında deyirdi - “Öz dünyası var və özünü ancaq yazılarıyla ifadə edir”.

Bəs cəmiyyətə görünmək istəməyən müəmmalı Meri Uestmakott kim idi? Oxucular deyirdi ki, Aqata Kristi bu yazıçını himayə etməkdə yanılmayıb; o, həqiqətən də yaxşı yazırdı. Aqata Kristi onu tərifləməkdən usanmır və bir sözü dönə-dönə təkrar edirdi: “Çox şükür, o, detektiv yazmır”. Əlbəttə Aqata bunu rəqabətdən qorxduğu üçün demirdi, çox şükür ki, detektiv ədəbiyyatının kraliçası öz “krallığında” indiyə qədər rəqib tanımırdı.

…Aqata Kristi (qızlıq soyadı Miller) 15 sentyabr 1890-cı ildə İngiltərədə, imkanlı ailədə doğulmuşdu. Onun ata-anası Amerikadan köç etmişdi. Üçuşaqlı ailənin sonbeşiyiydi. Atası çox erkən dünyasını dəyişmişdi, uşaqların tərbiyəsi ilə ana özü məşğul olurdu. Aqata təhsilini evdə almışdı.

1906-cı ildə onu musiqi təhsili almaq üçün Fransaya göndərirlər. “Parisdə keçirdiyim iki il mənim həyatımın ən xoşbəxt illəri idi”, - sonralar o deyəcəkdi - “Babamın amerikalı dostlarından birinin qızı operada “Faust”u oxuyurdu, biz onu dinləməyə gedirdik”.

Aqata özü də pianoda əla ifa edir və oxuyurdu. Yaxşı musiqi duyumu vardı. Amma çox utancaq idi, bu da onun səhnədəki çıxışına mane olurdu. Əgər səhnə xofu olmasaydı, bəlkə də yazıçı deyil, musiqiçi olacaqdı.

1912-ci ildə ziyafətlərin birində Hava yolları korpusunun təyyarəçisi Arçibald Kristi ilə tanış olur. İki gənc arasında romantik duyğular baş qaldırır. Amma ailə qurmaq üçün maddi vəsaitləri yox idi. Həm də Arçi yay kursları üçün Sol-Pleynə yola düşməliydi. Miller ailəsinin maddi vəziyyəti yenidən ağırlaşmışdı. Bir tərəfdən də Birinci Dünya müharibəsi yaxınlaşırdı...

Aqata hospitalda tibb bacısı kimi işləyir, axşamlar isə əzcaçılıq fakültəsində oxuyurdu. Eyni zamanda, fasilələrdə detektiv yazırdı.

24 dekabr, 1914-cü ildə, Aqata Arçiyə ərə gedir. Toy mərasimindən dərhal sonra Arçi Fransaya getməli olur, Aqata isə hospitala qayıdır, onu əzcaçı işinə keçirirlər.

İndi Aqatanın roman yazmaq üçün daha çox vaxtı vardı. Tibbi biliklər ona yeni ideya verir, yaxınlıqda yaşayan Belçika qaçqınlarının həyatı isə obraz yaratmaq üçün onun köməyinə gəlir. Beləliklə, “Staylıza sirli səyahət” adlı yeni roman dünyaya gəlir. 1915-ci ildə yazılan roman 5 il nəşriyyatlarda “sürünür”.

İlk romanın işığı

1920-ci ildə, nəhayət, nəşriyyatlardan biri onun romanını qəbul edir. Kitabın nəşri üçün ona 25 funt təklif edirdilər. Aqata kişi təxəllüsüylə çap olunmaq istəyir, belə ki, düşünür ki, detektiv janrında yazan qadını oxucu ciddi qəbul etməz. Amma naşir onu sakitləşdirir və əmin edir ki, belə nadir təxəllüsü olan müəllifi oxucu asanlıqla yadda saxlayacaq.

İlk romanın uğuru Aqata üçün stimul olur. O, bu işə daha ciddi yanaşmağa başlayır. Bəs romanlar necə ərsəyə gəlirdi? Aqatanın sözlərinə görə, o, nə isə toxuyanda, qonaqlarla söhbət edəndə, hətta qab yuyanda belə yazacağı roman haqqında düşünürdü. Bəzən hər hansı bir ideya gələndə unutmamaq üçün bloknota qeydlər edir, sonra əsərində istifadə edirdi. Romanı başlayanda artıq süjetlər onun beynində hazır olurdu.

Onun detektivləri heç kiminkinə bənzəmirdi. Oxucular bu əsərləri nəfəs çəkmədən oxuyurdular. Hadisələrin kələfi isə yalnız son dəqiqədə çözülürdü. Bu onun əsərlərinin məziyyətlərindən biri idi. Son dəqiqəyə qədər hər şey gizli qalır və oxucu sonda böyük sürprizlə qarşılaşırdı. Əsərin təəssüratı illər keçsə də oxucunu tərk etmir, təkrar-təkrar o süjetlərə qayıtmağa vadar edirdi.

Onun əsərlərinin sirrini çözməyə çalışanlardan biri belə bir versiya irəli sürmüşdü; Aqata Kristi əsərini adi qaydada yazır, lap axırda qatili müəyyən edib başa qayıdır və əsərə bir qədər düzəliş edir. Bu fikrin özü belə onun əsərlərinin bütün dövrlərdə maraqlı və aktual olduğunu təsdiq edirdi.

Bir çox istedadlı insan kimi Aqata Kristi disqrafiyadan əziyyət çəkirdi. Özü müstəqil mətn yaza bilmirdi, onun bütün əsərləri diktə edilərək yazıya alınıb.

Ən ağır sınaq

1926-cı il Aqata Kristinin həyatında ən çətin illərdən biri olur. Sevimli anası dünyasını dəyişir, qardaşı isə narkotikaya qurşanır. Bundan başqa, nəşriyyatlarla Aqata Kristi arasında münasibətlər soyuyur. Məsələ burasındadır ki, onun yenicə çapdan çıxmış “Rodcer Ekroydun qətli“ kitabında hadisələr qatilin öz dilindən verilirdi. Bu isə, bir çox tənqidçilərin fikrincə, detektiv janrının ənənələrini pozmaq demək idi.

Bütün başına gələnlər az imiş kimi, həyat yoldaşı Arçi də başqa qadına aşiq olduğunu bildirərək Aqatanı tərk edir.

1926-cı il dekabrın 3-dən 4-ə keçən gecə Aqata Kristi yoxa çıxır. 10 gün ərzində məşhur yazıçını axtaran polis yalnız onun boş avtomobilini tapır. 14-cü gün yazıçının pərəstişkarları rahat nəfəs alır: Aqata Kristi evinə qayıdır. Bu vaxt ərzində o dincəlmiş, ona əzab verən düşüncələrdən xilas olmuşdu. Təravətlənmiş üzündə təbəssüm oynayırdı.

Yorkşir qraflığındakı sanatoriyanın administratoru qəzet müxbirlərinə sübut etməyə çalışırdı ki, bu vaxt ərzində Aqata Kristi “Tereza Nils” adı ilə onlarda qalıb. Aqata Kristi özü isə suallardan yayınırdı. Müxbirlər suallarıyla onu lap təngə gətirəndə isə deyirdi ki, onda stressdən müvəqqəti amneziya yaranıb və heç nə xatırlamır.

Həmin ərəfədə ədəbi aləmdə Meri Uestmakott adlı qadın peyda olur. Onu Aqata Kristi himayə edirdi. Bu sarışın cazibədar qadın Aqatanın gəncliyinə çox bənzəyirdi. Aqata onun haqqında deyirdi: “Meri yaxşı ailədən çıxıb, heykəltəraş Riçard Uestmakottun uzaq qohumudur. Çox gözəl tərbiyə alıb, yaxşı da yazır, çox şükür ki, bircə detektiv yazmır”.

Missis Uestmakottu heç kim görməmişdi, bu faktın özü də onun şəxsiyyəinə maraq oyadırdı...

Ən yaxşı təsəlli

1930-cu ildə Aqata Kristi yaşadığı mənəvi sarsıntılardan sonra ovuna bilmək üçün səyahətə çıxır. Bu səyahətlərin birində Aqata Maks Mallouenlə tanış olur. Maks arxeoloq idi və yazıçını qədim şəhərlərə ekskursiyalarda müşayiət edir, abidələrlə tanış edirdi. Arxeoloji qazıntıların “mövsümü” başa çatdıqda isə o, Aqatayla bərabər İngiltərəyə yola düşür.

“Mən onda düşündüm ki”, - Aqata Kristi sonralar deyəcəkdi” - o necə də gözəl insandır. Sakit, başa düşən, anlayışlı... Təsəlli verməyə çalışmır, canfəşanlıq eləmir. Amma lazımi məqamda elə bir söz deyir, elə bir jest edir ki, bu, ən yaxşı təsəlliyə çevrilir...”

Londona qayıdanda Maks ona evlilik təklifi edir. Aqata bir az tərəddüd edir. İlk evliliyinin uğursuzluğu və aralarındakı yaş fərqi (Maks ondan 14 yaş kiçik idi) onu düşünməyə vadar edir. Amma Maks təkid edir və 1930-cu ildə (təbii ki, qızı Rozalindanın da razılığı ilə) onlar evlənirlər.

Aqata Kristi ərini bütün başlanğıclarda dəstəkləyir, qədim dilləri öyrənir və arxeoloji qazıntılarda iştirak edirdi. Aqatanın dəstəyi sayəsində Maks Melloun dünya şöhrətli alimə çevrilmişdi. İraqdakı arxeoloji qazıntılarda aşkar etdiyi fil sümüyündən olan nadir kolleksiyaya görə Britaniya muzeyi ona 1,2 milyon funt sterlinq ödəmişdi... Aqata Kristinin kitablarını isə o, boş yerə vaxt itirmək hesab edir və onları oxumağa vaxt sərf etmirdi.

1939-cu ildə ikinci dünya müharibəsi başlayan illərdə Aqata Kristinin məşhur “On zənci balası” romanı çapdan çıxır. Maksla Aqata Qrinver – Hausdakı malikanədə yerləşirlər.

Əslində, İkinci Dünya müharibəsi yazıçı üçün birincidən heç nə ilə fərqlənmirdi. O yenə tək idi (Maks tərcüməçi kimi Əlcəzairə göndərilmişdi), yenə hospitalda işləyir, ərzaq kartları ilə mağazada növbəyə durur, gecələr mərmi səsləri eşidəndə isə heç nə olmamış kimi o biri böyrü üstə çevrilirdi.

1943-cü ildə nəvəsi Metyu dünyaya gəlir. “Onun qeyri-adi məziyyəti var”, - Aqata deyirdi- “o, mənə özümü xoşbəxt hiss etdirir”!

Meri Uestmakott kimdir?

1945-ci ildə Aqata Kristi ilə Maksın məktubları əsasında yazılan “Danış mənə görüm, necə yaşayırsan” adlı kitabı işıq üzü görür. Kitabın müəllifi Meri Uestmakott ilk dəfə olaraq özünü cəmiyyətə təqdim edir: Aqata Kristi etiraf edir ki, Meri Uestmakott o özüdür! Amma yazıçı onu niyə və necə uydurdurmuşdu? Aqata susur və bu barədə açıqlama verməyə tələsmirdi.

1955-ci ildə Aqata Kristinin “İttihamın şahidi” pyesi Edqar Po mükafatına layiq görülür. Amerika Detektiv Yazıçıları Birliyi öz tarixində ilk dəfə “Detektiv ədəbiyyatın ustadı” mükafatını təqdim edir. Bu mötəbər mükafata Aqata Kristi layiq görülür. Elə həmin il Aqata və Maks öz gümüş toylarını qeyd edirlər.

1957-ci ildə Aqata ən yüksək mükafatını alır - Britaniya İmperiyasının Ordeni ilə təltif edilir.

60-cı illərdə Aqata Kristi ən çox çap olunan ingilisdilli yazıçı kimi şöhrət qazanır. 1965-ci ildə “Aqata Kristinin avtobioqrafiyası” əsərini yazıb bitirir. Əsər bu sözlərlə qurtarırdı: “Allahım, mənə bəxş etdiyin gözəl həyata və bu böyük sevgiyə görə sənə minnətdaram”.

1971-ci ildə yazıçının səhhəti xeyli pisləşir. Buna baxmayaraq, 80 yaşlı yazıçı təslim olmur və yazıb- yaratmağa davam edirdi.

1975-ci ildə o ən uğurlu əsəri - “Siçan tələsi”nin müəllif hüquqlarını nəvəsi Metyu Priçarda verir. Bundan başqa, Metyu Aqata Kristi Fondunun rəhbəri idi.

İngiltərənin simvoluna çevrilmiş böyük yazıçı 1976-cı ildə dünyasını dəyişir. Maks, Rozalinda və Metyu bu itkiylə barışa bilmirdlər, amma Aqata Kristinin bir vaxtlar dediyi sözlər onlar üçün təsəlli idi: “Ölüm insan oğlunun başına gələ biləcək ən böyük macəradır”.

O, son günlərinə qədər yumor hissini qoruyub saxlamışdı və hər yeni günə uşaq kimi sevinə bilirdi:

“Mən həyatı sevirəm və əminəm ki, hətta ən ağır sınaq belə insana nəsə xoş bir sürpriz gətirir”.

Aqata Kristi yanılmırdı; axı illər öncə o tərk edildiyi ağır günlərdə, 10 gün ərzində polisin hər yeri ələk-vələk edib onu aradığı vaxt, həmin o məşhur, gənc və nikbin Meri Uestmakott doğulmuşdu...

# 5694 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
#
#
# # #