Dostoyevski türklərin qul olmağını istəyirdi

Dostoyevski türklərin qul olmağını istəyirdi
31 oktyabr 2013
# 09:00

«Rus torpağına işgəncə verən tatarlar bu torpaqlara gəlmədirlər. Amma ruslar iki yüz illik işgəncənin intiqamını onlardan almayıb və indi biz hələ ki, onları aşağılayıb alçaltmamışıq…»

F. M. Dostoyevski.

Dünya ədəbiyyatının korifeylərindən olan Dostoyevskinin bilinməyən tərəfləri çoxdur. Məsələn, nəsil şəcərəsi türk olan Dostoyevski bütün qəlbi ilə türklərə nifrət edirdi və onların assimilyasiya olunmasını rusların qarşısında duran əsas vəzifə sayırdı. Yəhudilərə qarşı da eyni nifrəti nümayiş etdirən yazıçı qatı ekstremist və millətçi fikirləri rus ictimai fikrində antitürk və antiyəhudi axınları körükləyirdi.

Öz siyasi dünyagörüşü ilə Dostoyevski indiki rus faşistləri olan skinhedlərdən fərqlənmir. Dostoyevskinin siyasi görüşləri ilə skinhedlərin ideoloqlarından biri olan Eduard Limonovun baxışları arasında demək olar ki, heç bir fərq yoxdur. Eyni şeyi «yeni rus imperiyası ideyasının müəlliflərindən biri olan» slavyanofil Aleksandr Soljenitsin haqqında da söyləmək olar…

Dostoyevski Tolstoya qarşı

1875-ci ildə Balkanlarda, əsasən Hersoqovinanın pravoslav xristianları Osmanlı xanədanına qarşı üsyan etdilər. Üsyan qısa müddət içində Serbiya, Montenoqro və Bolqarıstana qədər uzandı. Təbii ki, üsyanı körükləyən Moskva idi və üsyan başlar-başlamaz Rusiyada «vəhşi türkləri» Balkanlardan çıxarmaq haqqında yeni ictimai müzakirələrə başladı.

Eyni zamanda Moskva kilsələrində pravoslav qardaşlara kömək göstərmək üçün pul, dərman və başqa ləvazimatlar toplanır, Rusiya hökuməti isə üsyançılara silah yollayırdı. Könüllülərdən ibarət batalyonlar yaradılır və həmin batalyonlar savaşmaq üçün Balkanlara yollanırdılar.

1875-76-cı illərdə Rusiyada Yekaterina dönəmindən sonra bir daha antitürk çağırışlar rus cəmiyyətinin əsas şüarına çevrilir. Rusiya mətbuatı və ziyalıları antitürk mübahisələri ilə çalxalanır. Bu dönəmdə Lev Tolstoyun «Anna Karenina» romanının son cildi işıq üzü görür və Tolstoy romanda personajlarının dili ilə antitürk çağırışları qınayır və hesab edir ki, Rusiyanın Balkan probleminə qarışması doğru deyil. Bu digər böyük rus yazıçısı Fyodr Dostoyevskinin qızğın qəzəbinə səbəb olur.

Dostoyevski ilk gündən Balkan üsyanına ekstremist çıxışlarla dəstək verir. Hesab edir ki, Rusiya hökuməti Balkanlardakı vəziyyətə hərbi müdaxilə etməli və türkləri Avropadan qovub çıxarmalıdır. O demək olar ki, Volterin fikirlərini təkrarlayır və hesab edir ki, «vəhşi türklər» «noxtalanmalı»dır.

Dostoyevski qəzəblə Tolstoyun pasifist mövqeyinə qarşı çıxır. O, ekstremist və faşizmə meylli fikirlərini «Yazıçının gündəlikləri» adlı məqaləsində açıq şəkildə ortaya qoyur və türklərin siyasi varlığına son qoymağı, pravoslavlığın baş kəndi olan Konstantinopolun türklərdən geri alınmasını, dünyadakı bütün türklərin isə qul olunmasını və türklərin milli düşüncələrini və hegemon iradələrinin məhvini təklif edirdi. Bunun üçünsə irəli sürdüyü ideya çox sadə idi. Türklərin əlindən silah alınmalı və onlara «sabun» satmaq öyrədilməliydi…

Dostoyevski türkləri necə qul etməyi təklif edirdi?

Dostoyevskinin ekstremist çağırışlarla zəngin olan «Yazıçının gündəlikləri» məqaləsini rus ultra millətçiliyinin başlanğıc nöqtəsi kimi də dəyərləndirmək olar. Çünki məqalə qatı millətçilik və bir irqi tamamilə yox eləmək ideyası üzərində qurulub və məqaləni oxuyarkən inanmaq olmur ki, bu yazı humanist dəyərlərə tapınan, «Cinayət və cəza», «İdiot», «Karamazov qardaşları» və «Alçaldılmış və təhqir olunmuş insanlar»ın müəllifinin qələmindən çıxıb.

Əgər Volter türkləri fiziki cəhətdən yox eləməyi təklif edirdisə, Dostoyevski onların mənəvi və siyasi cəhətdən yox olmasını istəyirdi. Bunun üçün tarixdən misal gətirərək çox sadə yol da göstərirdi. Dostoyevski hesab edirdi ki, rus cəmiyyəti sağlam deyil. Sağlam olsaydı, o zaman hər bir rusun beynini ancaq Konstatinopolu və pravoslav xristianlığı türk əsarətindən azad etmək məşğul etməliydi.

Dostoyevski Kazan xanlığını və Sibiri «noxtalamağı» başaran İvan Qroznını alqışlayır və türklərə qarşı İvan Qroznının metodundan istifadə etməyə çağırırdı: «Bir müddət əvvəl xarici mətbuatda belə bir fikir səsləndirildi ki, əgər Türkiyəni yox edib türkləri yenidən Asiyaya qovsalar, o zaman türklər Asiyada yeni xaqanat, ya da xilafət yaradaraq Avropanın üstünə yürüyəcək… Mən hesab edirəm ki, heç bir türkü Asiyaya qovmaq, ya da köçürmək lazım deyil. Biz artıq bir dəfə «türk təhlükəsi» problemini həll etmişik. Qızıl Orda bitdikdən sonra birdən-birə Kazan xanlığı gücləndi. Hətta bilmək olmurdu rus torpağı kimin olacaq - xristianlaramı, yoxsa müsəlmanlaramı?...

Problem çox qəlizdi və bu problemi onda hələ Qroznı (qorxunc) olmayan gənc çar İvan Vasilyeviç bir həmlə ilə həll etdi…

Kazanı aldıqdan sonra İvan Qroznı nə elədi? Türklərin hamısını qırdımı? Onları Asiyaya köçürdümü? Yox. Heç bir tatarı öldürmədi. Heç bir türkü Asiyaya köçürmədi. Çar İvan Kazan türklərini əbədi olaraq «noxtaladı». Bu çox sadə yolla baş verdi. Şəhər alınan kimi «Müqəddəs ana ikonsı» gətirildi və Kazanda xristian ayini keçirildi.

Sonra pravoslav kilsəsinin təməli atıldı. Kazan xanını sürgün elədilər və bütün türklərin silahlarını aldılar. Bu, bir gündə baş verdi. Bir il sonra Kazan türkləri bizə xələt satmağa başladı. Bir qədər sonra isə sabun satdı. Hər şey bununla da bitdi…

Türkiyə ilə də hər şeyi eynən etmək mümkündü. Konstantnopolda, müqəddəs Sofiyada ayin keçirildikdən və türklərin silahını aldıqdan sonra onlar bizə sabun satmağa başlayacaqlar…».

Təsadüfü deyil ki, istər çar Rusiyası, istərsə də sovet Rusiyası bizə döyüşçü olmağı deyil, alverçi olmağı öyrədib və iki yüz il içində İranda, Hindistanda, Əfqanıstanda imperiyalar quran biz-Azərbaycan türkləri döyüşçüdən alverçiyə çevrilmişik…

Antisemit Dostoyevskinin ingilislərə qəzəbi

Rus imperiyasının təkbaşına Osmanlı imperiyası ilə bacarmayacağını yaxşı anlayan Dostoyevski sonralar bütün qəzəbini Rusiyaya kömək etmək istəməyən ingilis hökumətinin üstünə tökür. Dostoyevskiyə görə provaslavlığın mərkəzi olan Konstantinopolu Rusiyaya vermək istəməyən İngiltərə hökuməti əslində bununla xristianlığa xəyanət edir və bundan sonra acığını yəhudilərin üstünə tökür. Çünki İngiltərənin baş naziri yəhudi kökənlidir.

Ümumiyyətlə isə Dostoyevskinin yəhudilərə olan münasibəti Hitlerin və faşizmin yəhudilərə olan münasibətindən heç bir şeylə fərqlənmir. İliyinə qədər antisemit olan Dostoyevski sadəcə bu millətin yox edilməsini ən düzgün yol hesab edir. Ona görə də Dostoyevski yəhudilərin daha çox meyl etdiyi sosializmə bütün qəlbiylə nifrət edir və bu nifrətini uzun illər boyu SSRİ-də yasaqlanan «Əcinələr» romanında açıq şəkildə ifadə edir. Romanda yəhudi obrazı olmasa da, yəhudilər qırmızı xətlə «ilanın zəhər verəni» kimi xatırlanırlar.

Dostoyevski yəhudiləri bütün xalqların, başda da rus xalqının düşməni və problemi hesab edir. Buna baxmayaraq Dostoyevski yəhudilərin ayrı-ayrı nümayəndələri ilə münasibət qurmaqdan çəkinmir. Onun dostları arasında yəhudilər də az deyil...

Türk şəcərəsindən gələn Dostoyevski niyə türklərə nifrət edirdi?

Dostoyevskinin şəcərə ağacı knyaz Dmitri Donskoyun yaxın ətrafı, oğuz türkü olan Arslan Çələbi Mirzədən başlayır. Arslan Çələbi Mirzənin nəsli Rusiyada bir neçə qola parçalanıb və onlardan biri də Rtişevlər qoludur. Dostoyevskilər Rtişevlərdən gəlir və məşhur yazıçının əsl soyadı Rtişevdir. 1506-cı ildə çar, yazıçının ulu babası Danil Rtişevə Dostoeva kəndini əta edir. Bir müddət keçdikdən sonra isə bu kənddə yaşayan Rtişevllər el içində kəndin adı ilə Dostoyevski adlanmağa başlayırlar.

Dostoyevskinin atası Mixail həddindən artıq içir və vəhşi davranışları ilə ətrafa dəhşət saçırdı. O adətən içkili halda balaca Fyodrun və digər uşaqların gözü qarşısında təhkimli kəndliləri ölüncə döyür, bəzən isə döyüb öldürürdü. Bu, Dostoyevskilərin ailəsində adi bir haldı. Nəhayət ağalarının vəhşiliyindən cana doyan «mujiklər» öz ağalarını öldürməkdən başqa yol tapa bilmirlər…

Dostoyevski türkləri vəhşi adlandırır və çıxış yolunu öz ulu əcdadlarını qul, mənəvi cəhətdən əlil etməkdə görürdü. Halbuki, türk bəyləri öz rəiyyətlərini heç bir zaman təhkimli halına gətirməmişdi. Buna baxmayaraq Dostoyevski bu qədər qeyri-humanist olan rus cəmiyyətinin dünyaya hökm etməsini arzulayırdı. Çünki bunu «Velikorus» ideyasının və panslavynanazmin maraqları tələb edirdi.

Ya da bəlkə də atasının vəhşiliyi səbəbindən Dostoyevski əcdadlarına nifrət edirdi. Hər halda islah olunmaz qumarbaz olan Dostoyevski heç bir vaxt içki içmir və alkoqolaa nifrətini həmişə açıq şəkildə ifadə edirdi. O hesab edirdi ki, Rusiyanın ən böyük problemlərindən biri alkoqoldur və buna qarşı həmişə mübarizə aparırdı. Bu nifrəti atasının həddindən artıq çox içməsi və bu zaman vəhşiləşməsi yaratmışdı. Balaca Fyodr uşaq vaxtı sərxoş atasından çox qorxduğu üçün sonradan içkidən də qorxur və içkiyə yaxın dura bilmirdi.

Dostoyevskinin şovinizmi və panslavyanizmi əslində öz dönəmi üçün dəbdə olan bir şeydir. Artıq Avropa çoxdan millətçi ideyaların əsirinə çevrilmişdi və Yekatrina epoxası ilə ruslar yeni ideoloji təməl yaratmışdı. «Velikorus» ideyası həmin dönəmin ən dəbdə olan ideyası hesab olunurdu və təhsilli rusların böyük əksəriyyəti Konstantinopolu azad etməyin xəyali ilə yaşayırdı.

Lakin Dostoyevski öz dövrünün yetişdirdiyi şəxsiyyət olmaqla yanaşı, dövrünün ən böyük dühalarından biri idi. Bu halda onun öz dövrünün digər böyük dühası Tolstoydan fərqli düşünməsi maraq doğuran məsələdir. Hər halda bunu ancaq Dostoyevskinin və Tolstoyun fərqli mühitlərdə aldığı tərbiyə və həyat tərzi ilə bağlamaq mümkündür. Aristokrat Tolstoydan fərqli olaraq Dostoyevski həyatın dibində doğulmuş və pravoslav kilsənin fanatik ideyaları ilə nəfəs almış və demək olar ki, bütün ömrünü səfalətdə yaşamağa məcbur olmuşdu. Tolstoy isə ondan fərqli olaraq kilsədən imtina edərək dünyaya tamam başqa pəncərə açmışdı.

Dostoyevski skinhedlərin ideya atasıdır

Dostoyevskinin millətçi fikirləri bugünkü rus millətçi fikirlərindən demək olar ki, heç bir şeylə fərqlənmir. Eduard Limonovun və digər rus millətçi-idealistlərin bugünkü konsepsiyaları demək olar ki, Dostoyevskinin millətçi fikirlərinin təkrarıdır. Dostoyevski qəzəblə türkləri rus torpaqlarına gəlmə hesab edir, qəzəblə bildirirdi rus torpaqları yalnız ruslara məxsusdur: «Rus torpağı ruslara məxsusdur, ancaq ruslara. Bu torpaqlarda bir qarış da olsun tatar torpağı yoxdur. Rus torpağına işgəncə verən tatarlar bu torpaqlara gəlmədirlər. Amma ruslar iki yüz illik işgəncənin intiqamını onlardan almayıb və biz hələ ki, onları aşağılayıb alçaltmamışıq…»

Eyni şüarı bu gün skinhedlər də bağırırlar. Amma onların çoxu ideya atalarının bütün dünyada məşhur və dünyanın ən böyük fikir adamlarından biri olan Fyodr Dostoyevski olduğunu bilmirlər. Onların bir çoxunun kumiri rusları və slavyanları bir irq kimi yer üzündən silməyi planlayan Adolf Hitlerdir. Çünki Hitler onları bir irq kimi yox etməyə çalışsa da, skinhedlərə daha azad bir şəkildə «vəhşi» olmaq imkanı verir.

Və belə görünür ki, beynəlmiləlçiliyin milləti olmadığı kimi, ultra millətçiliyin də milləti yoxdur. Digərini məhv eləmək və hökmran olmaq onsuz da insanın əsas təbii xüsusiyyətidir…

# 8833 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
#
#
# # #