O qadın madam Korin idi. Şəhid kapitan Ömər Lütfi Bəyin dul qadını. Kapitan Balkan müharibəsində şəhid olmuşdu. O, Mustafa Kamalın çox yaxın dostu idi.
İtaliyanın Cenova şəhərində doğulan, ailəsi ilə Türkiyəyə köçən və türk vətəndaşlığını qəbul edən Korin, “Ləyaqət medalı” almış tərcüməçi Luqi bəyin qızı idi. Türk ordusunda xidmət edən və Fərid Paşa kimi tanınan general Ferdinand isə onun əmisiydi.
Atatürk ilə madam Korin arasındakı münasibətdən onların məktubları vasitəsilə xəbərdar oluruq. Bu məktublaşma 1913-cü ildən 1917-ci ilə qədər davam edib. Birinci məktub 12 yanvar 1913-cü ildə Atatürk tərəfindən yazılır. Sonra Çanaqqala, Diyarbəkir və Siirtdən daha bir neçə məktub yazır. Əslində bu məktubları konkret olaraq eşq məktubları adlandırmaq da düzgün olmazdı. Amma Atatürkün madama göstərdiyi diqqət, meyl də hiss edilir. Məktublardan bəziləri imzasız olsa da, “Mustafa Kamal, ”M.Kamal”, ” Kamal” imzası ilə göndərilən məktublar da vardı. Və onlar “Çox əziz dostum”, “Əziz Koren”, “Səmimi və əsl dost” sözləri ilə başlayır.
Bəs bu məktublar necə üzə çıxdı?
Atatürkün yazdığı məktubları Korinin oğlu 1953-cü ildə yazar Pəyami Səfaya verib. Madam Korinin Atatürkə yazdığı məktublar isə Çankaya Köşkündə Atatürkün gizli kitabxanasında saxlanılır.
İngilislərin madam Korinin İstanbuldakı evinə basqın etməsindən sonra o, İtaliyaya qaçmaq məcburiyyətində qalır. İngilislər divardakı Atatürk rəsmini endirməyi Korindən tələb edirlər, o bundan boyun qaçırdıqda isə ona Mustafa Kamal ilə əlaqəsinin davam edəcəyi halda nəticənin pis olacağını söyləyirlər. Və Korin İtaliyaya üz tutur. Bundan sonra Atatürklə əlaqəsinin davam edib-etmədiyi, bir də görüşüb-görüşmədikləri məlum deyil. 1941-ci ildə İstanbula dönən Korin 1946-cı ildə dünyasını dəyişir.
“Məni unutmayın, Korin, hətta bu savaşda ölsəm belə”. Bu cümlələr müharibənin ən çətin günlərində Çanaqqala Maydos Qərargahından yazılmışdı. Tarix 17 may 1331(1915).
İmza: Komandir Kamal.
Fransızca yazdığı məktubların birində isə Mustafa Kamal madam Korinin ona tutduğu iradın məxsusi izahını verir:
”Mənə yazırsan ki, son məktubumda əvvəlkilərdə olduğu kimi orfoqrafik səhvlər olmadığı üçün onun bir başqası tərəfindən yazıldığı nəticəsinə gəlmisən. Bu kiçik diqqəti sənin tərəfindən bir lütf kimi qəbul edirəm, çünki fransız dilini bir o qədər də yaxşı bilmirəm. Əgər bu dili türk dili kimi bilsəydim, sizə daha tez-tez məktub yazardım, hətta sizə qarşı olan səmimi bağlılığımı daha incə və xüsusi bir formada ifadə edə bilərdim”.
Sofiyadan yazdığı başqa bir məktubunda isə Mustafa Kamal, hər məktub alanda keçirdiyi həyəcanı ifadə edir: “Son məktubun da ondan əvvəlkilər kimi məni sevindirdi. İçimdə böyük bir sevincin oyanması üçün sənin yazını görmək kifayətdir".
Sizə Atatürkün Madam Korinə yazdığı iki məktubun tam mətnini təqdim edirik:
Birinci məktub:
“Doğrudan da, cəhənnəm həyatı yaşayırıq. Çox şükür ki, əsgərlərim çox cəsur və düşməndən daha mübarizdirlər. Bundan başqa inancları onları ölümə yollayan əmrlərimi daha asan yerinə yetirmələrinə kömək edir. Onlara görə iki səmavi nəticə mümkündür. Ya qazi, ya şəhid olmaq! Bu nədir, bilirsən? Cənnətə getmək. Orada Allahın ən gözəl qadınları, huriləri onları qarşılayacaq və əbədi olaraq onların arzusuna tabe olacaqlar. Böyük səadət!
Madam, mənim əsgərlərim şəhid olmağı arzulayarkən belə axmaqca davranmırlar. Peyğəmbərimiz necə də müdrikmiş. İnsanların əsl arzularını necə düz bilirmiş. Mənə gəldikdə isə təəssüf ki, bu inanclı insanlarda olan Allah vergisi məndə yoxdur.
Sizin məntiqli nəsihətlərinizi gözləyərək indiki hadisələr üzündən qazandığım sərt xarakteri yumşaldacaq romanları oxumağa və beləcə həyatın xoş və yaxşı tərəflərini hiss edəcək şəkildə olmağa qərar verdim.
Çox qəribə hesab etdiyim bir şey var. Kişilərə hurilər və başqa gözəl əyləncələr vəd edən Həzrəti Məhəmməd qadınlar üçün heç bir təəhhüdə girmir. Bununla da öldükdən sonra kişilərin cənnətdəki qadınlara sahib olub xoş vaxt keçirəcəkləri halda, qadınların dözülməz halda olacaqları anlaşılır. Elə deyilmi?
Gördüyünüz kimi, Madam, gurultulu və qanlı bir yaşayışa öyrəşdikdən sonra belə insan cənnət və cəhənnəmdən danışmaq və hətta “uca Tanrını tənqid etmək” üçün belə vaxt tapır. Madam, əgər Tanrını tənqid edərək günaha girməyimə mane olmaq istəyirsinizsə, vuruşmalardan geriyə qalan zamanımı hansı məşğələlərlə keçirə biləcəyim haqda, lütfən, mənə yol göstərin”.
İkinci məktub:
“Əziz Korin,
Polkovnik leytenant olmağım münasibətiylə yolladığınız təbriklər məni çox dərindən mütəəssir etdi və bu vəsilə ilə də mənə yazdığınız xoş sözlər ürəyimdə özünə yer tapdı. Öz-özümə izah edə bilmədiyim sükutumun bir neçə səbəbi var idi. Son zamanlar Sofiya, Belqrad və Petinyaya təyinatım səbəbiylə xeyli məşğul idim. Mənə o qədər iş yükləndi ki, o iki şəhərə də gedə bilmədim. Məni xüsusilə Sofiya ilə bağlı maraqlandıran bəzi məsələləri araşdırmaq lüzumunu hiss edirəm. Bundan başqa böyük məşğuliyyətlərimdən biri də mənə böyük sıxıntı və rahatlıq verən bu otellərdəki həyatımdan qurtulmaq üçün bir ev axtarmaqdır. Mövsüm ortasında burada olduğumuz üçün modern həyata aid vəzifələr vaxtımın çox hissəsini alır.
Sənə geniş yazmağıma mane olan səbəblərin xülasəsi budur. Bir neçə cümləlik açıqca yollamaq səni qane etməməklə yanaşı təəccübləndirərdi. Həm də bu üsulu yalnız məni az maraqlandıran və bir neçə nəzakət cümləsi sərf etməyə məcbur olduğum adamlara qarşı istifadə edirəm.
Kiçik və sevimli Editin mənim uzun və iradəmdən kənarda baş verən sükutum səbəbiylə sənə bəzi şeylər deməyi məni təəccübləndirdi. Haqqımda düşündüyü xoş fikirlərə görə ona təşəkkür edirəm. Kiçik nəsihətləri göstərir ki, sənin dostunun mənə etimadı azdır, həyat təcrübəsi də elə çox deyil.
Hər halda kiçik Edit əmin ola bilər ki, mən onun avstraliyalı dostu kimi əsl və fədakar dost olmağa qadirəm. Yenə kiçik Edit əmin olsun ki, bəzi insanların təbiətləri etibarı ilə məcbur olduqları iltifatları etməyə, əgər zəhməti gözə alarsam, mən də qadirəm. Həm bunu da nəzərə alsın: Sənin mənim gözümdə çox böyük mövqeyin var. Elə bir təbiətə maliksən ki, başqasının sözlərinə qulaq asmazsan və məndən qəlbimin diktə etmədiyi kəlmələri, əlbəttə, istəməzsən.
Əziz və sevimli bacına bu sətirləri oxuduqdan sonra, ona asan silinməyəcək bir xatirəsi olduğunu da söyləməyinizi rica edirəm. Eyni zamanda ata və anana hörmətimi çatdırmaqda vasitəçi olmaq lütfündə bulunun.
Səmimi və əsl dost
M. Kamal”
Aytən Nəsibbəyli