Daşnakların qara siyahısındakı daxili işlər naziri - Onun qatili Torlokyan cəzadan necə yayındı?

Daşnakların qara siyahısındakı daxili işlər naziri - Onun qatili Torlokyan cəzadan necə yayındı?
18 fevral 2026
# 10:00

Kulis.az publisist İradə Əliyevanın "Cavanşir nəslinin nazir oğlu" yazısını təqdim edir.

Azәrbaycanın istәnilәn şәhәrindә, bölgәsindә elә nәsillәr, sülalәlәr var ki, onları çox vaxt mәnsub olduqları soyadları ilә tanıyırlar. Mәşhur «Cavanşir» soyadı da bu qәbildәndir. Behbud xan Cavanşir hәmin nәslin sayılıb-seçilәn övladlarındandır: Azәrbaycan Xalq Cümhuriyyәtinin qurucularından biri, ictimai-siyasi xadim, AXC dövrünün daxili işlәr naziri, parlamentin üzvü... Bir sözlә, dövrünün tanınmış iş adamı, eyni zamanda siyasәtçisi olmuş bu şәxsiyyәt Azәrbaycan tarixinә dövlәt xadimlәrindәn biri kimi düşmüşdür.

B.Cavanşir «Müsәlman Xeyriyyә Cәmiyyәti»nin rәhbәrlәrindәn idi. Elәcә dә Müsәlman Milli Şurası Müvәqqәti İcraiyyә Komitәsinin üzvü kimi fәaliyyәt göstәrmişdir. Vaxtilә «Rusiya Texniki Cәmiyyәti»nin işindә yaxından iştirak etmiş, elmi fәaliyyәtlә dә mәşğul olmuşdur. Cümhuriyyәt hökumәtindә isә iki nazir vәzifәsini yerinә yetirmiş, Azәrbaycan Milli Şurasının «Azәrbaycan Mәclisi-Mәbusanının tәsisi haqqında qanunu»na әsasәn Cümhuriyyәt parlamentinә üzv seçilmişdir.

Bunlar qısa avtobioqrafik mәlumatlardır. Əslindә isә Behbud xan Cavanşir keşmәkeşli bir ömür yaşamış, gücünü, potensialını, bilik vә istedadını xalqının rifahı naminә tam sәrf edә bilmәmişdir. Bunun sәbәbi tәkcә ömrünün qısa olmasında deyil, hәm dә yaşadığı dövrün çәtinliklәrindә idi. Behbud xan Cavanşirin hәyatına, keçdiyi yola nәzәr salandan sonra belә bir qәnaәtә gәlirsәn ki, onun ölümü namәrd ermәnilәr tәrәfindәn xalqımıza vurulan saysız-hesabsız ağır zәrbәlәrdәn biridir. Belәliklә, cümhuriyyәt dövrünün bir çox vәzifәli şәxslәri, mәmurları, görkәmli insanları kimi, onun da hәyatı ağır vә faciәli olmuşdur. B.Cavanşir 1877-ci ildә Tәrtәr qәzasının Azad Qaraqoyunlu kәndindә doğulmuşdur. O, Qarabağ xanlığının әsasını qoymuş Pәnahәli xanın nәticәsi, Azad xanın oğlu idi.

Behbud 13 yaşında alman dili tәmayüllü Tiflis realnı mәktәbinә daxil olmuş vә o zaman şәhәr mağazalarından birinin ermәni әsilli xidmәtçisinin oğlu ilә eyni sinifdә oxumuşdur. Bu, gәlәcәk «inqilabçı», әslindә isә amalı-mәslәki müәmmalı olan Stepan Şaumyan idi. 1902-ci ildә Behbud xan Cavanşir Almaniyaya gedir vә Frayberq Dağ-Mәdәn Akademiyasına qәbul olunur. Burada mükәmmәl biliklәrә yiyәlәnәrәk akademiyanı fәrqlәnmә diplomu ilә bitirib mühәndis ixtisasına yiyәlәnir. Qeyd edәk ki, B.Cavanşir hәmin akademiyanı bitirәn ilk azәrbaycanlı mәzun idi. Behbud xan sonra Londona yola düşür. Bir il orada tәkmillәşdirmә kursları keçir vә 1907-ci ildә vәtәnә qayıdıb Şubayevin neft mәdәnlәrindә işlәmәyә başlayır. Qәrbi Avropada tәhsil alması Behbud xan Cavanşirin ictimai-siyasi dünyagörüşünә güclü tәsir göstәrir. Alman, ingilis, fransız, rus, gürcü vә ermәni dillәrini mükәmmәl öyrәnir. Behbud xan Bakının neft müәssisәlәrindә baş mühәndis işlәmәklә yanaşı, xalqın maariflәnmәsi yolunda da ciddi işlәr aparır. Bakı Müsәlman Xeyriyyә Cәmiyyәtinin rәhbәri seçilir, Rusiyada vә Avropada ali tәhsil alan bir neçә azәrbaycanlı gәncә öz vәsaiti hesabına tәqaüd verir, Azәrbaycan dilindә nәşr olunan mәtbuat orqanlarına yardımlar göstәrir. Çox keçmir ki, onun fәaliyyәti çar xәfiyyәlәri tәrәfindәn izlәnmәyә başlanır.

1920-ci ildә Bakıda rus dilindә çapdan çıxan «Zaqafqaziyada rus siyasәtinә dair sәnәdlәr» kitabından mәlum olur ki, Behbud xan Cavanşir Əhmәd bәy Ağayevin 1905-ci ildә gizli yaratdığı «Difai» partiyasının Mәrkәzi Komitәsinә daxil idi. O, hәm dә «Nicat» Cәmiyyәtinin vә «Rusiya Texniki Cәmiyyәti»nin Bakı şöbәsinin üzvü seçilmişdi. Bu cәmiyyәtin elmi әsәrlәrindә onun xeyli mәqalәsi çap olunmuşdu. Əslindә Behbud xan xәfiyyәlәrin diqqәtini çoxdan cәlb etmişdi. Hәlә 1907-ci il avqustun 28-dә Cavanşir uyezdi rәisinin Daxili İşlәr Nazirliyinә yazdığı raportda deyilirdi ki, «xeyriyyә cәmiyyәti» pәrdәsi altında gizli fәaliyyәt göstәrәn «Difai» antidövlәt komitәsinin rәhbәrlәri Əhmәd bәy Ağayev, Qarabәy Qarabәyov, Mәmmәdhәsәn Hacınski, İsabәy Aşurbәyov, Behbud bәy Cavanşirski vә Niftalı bәy Behbudovdur. Bu fakt da göstәrirdi ki, çarizm xәfiyyәsi hәmin ziyalıların Behbud xanın Azad Qaraqoyunlu kәndindәki evinә yığılmasından xәbәrdar idi. Yeri gәlmişkәn, Behbud xanın tәrcümeyi-halında «Cavanşir qәzası» coğrafi adına tez-tez rast gәlinir. Bu, cümhuriyyәt dövründә Yelizavetpol (Gәncә) quberniyasının tәrkibindә inzi bati-әrazi vahidi idi. 1873-cü il qanununa әsasәn tәşkil edilmişdi. Mәrkәzi Tәrtәr mәntәqәsi idi. Burada qәza idarәsi fәaliyyәt göstәrirdi.

Qәzada çar idarә üsuluna vә sosial әdalәtsizliyә qarşı müntәzәm çıxışlar baş verirdi. Çarizmin devrilmәsindәn sonra ermәnilәr burada möhkәmlәnmәk vә azәrbaycanlılara qarşı soyqırımına başlamaq mәqsәdilә tәdbirlәrә hazırlaşırdılar. Ermәni silahlı dәstәlәri hәlә 1917-ci ilin sonlarından Kolanı vә digәr kәndlәrә basqınlar edir, aran vә dağ kәndlәrinin bir-biri ilә әlaqәsini kәsirdilәr. Tәdbirlәr görülәnә qәdәr xalq arasında böyük nüfuza malik olan «Difai»nin sәyi nәticәsindә ermәni terroru ilә üz-üzә qalan çox sayda günahsız insan ölüm tәhlükәsindәn xilas olmuşdu. Dövrün salnamәsindәn mәlum olur ki, Behbud xanın sinif yoldaşı olmuş Stepan Şaumyan onun kölgәsindә pәrdәlәnәrәk Bakıda «Daşnaksutyun» partiyasını möhkәmlәndirmәyә çalışırdı. O, Behbud xanın sayәsindә hәtta «Xalq evi»nin müdiri tәyin edilmişdi. Bu mәsәlәlәrә sonralar Dubinski-Mexadzenin «Şaumyan» kitabında aydınlıq gәtirilmişdir. Kitabda bildirilirdi ki, bu gәnclәri bir-birindәn çox şey ayırırdı – ictimai vәziyyәti, hәyat amalları, siyasi baxışları...

B.Cavanşir fevral-burjua inqilabından sonra yaranmış Milli Müsәlman Şurası Müvәqqәti İcraiyyә Komitәsinin tәrkibinә seçilir. 1918-ci il martın 18-dәn 20-dәk S.Şaumyanın başçılığı altında bolşeviklәr tәrәfindәn milli mәsәlәnin düzgün qoyulmaması nәticәsindә törәdilәn qırğında otuz minә yaxın azәrbaycanlı hәlak olmuşdu. Bu qırğının qabağını almağa çalışanlardan biri dә B.Cavanşir idi. O, hәm dә barışıq komitәsinә üzv seçilmişdi. 1918-ci il iyunun 17-dә Behbud xan Cavanşir Gәncәdә Fәtәli xan Xoyskinin yaratdığı hökumәt kabinetindә daxili işlәr naziri vәzifәsini tutur. Müavini general-mayor Sadıx bәy Ağabәyov olur. O zamanlar neft mәdәnlәrini mühafizә edәn Bakı şәhәr polisinin maaşları mәhz Behbud xanın kömәyi ilә neftdәn gәlәn gәlirin üç faizi hesabına ödәnilirdi. B.Cavanşir polis әmәkdaşlarının problemlәrinә yaxından bәlәd idi. Elә onun daxili işlәr naziri tәyin olunmasında da bu mәsәlәlәrin rolu az olmayıb. Belә ki, yeni yaradılan nazirlik vә onun tәrkib hissәsi olan polis dövlәtin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynayırdı. Behbud xan Cavanşirin tәqdimatı ilә Azәrbaycan hökumәti 1918-ci il iyunun 2-dә Gәncә quberniyasının 9 qәzasında polis orqanlarının tәsis edilmәsi barәdә qәrar qәbul edir.

Behbud xan Cavanşirin daxili işlәr naziri olduğu dövrdә Bakı ermәni daşnak vә bolşevik qüvvәlәrindәn tәmizlәnir. Azәrbaycan Xalq Cümhuriyyәtinin paytaxtı Gәncәdәn Bakıya köçür. Daxili İşlәr Nazirliyi «Metropol» mehmanxanasının binasında fәaliyyәtә başlayır vә ölkәnin asayişi buradan idarә olunur. Behbud xan daxili işlәr naziri işlәdiyi dövrdә İçәrişәhәrdә polis müdavimlәri hazırlayan mәktәb açılır. Mәktәbdә 1200 müdavimin tәhsil alması nәzәrdә tutulur. Behbud xan Cavanşirin nazirliyә rәhbәrlik etdiyi dövrdә ölkәdә anarxiyaya son qoymaq, qanunvericiliyi vә vәtәndaş tәhlükәsizliyini tәmin etmәk mәqsәdilә әmәli işlәr görülür. 1918-ci il oktyabrın 6-da hökumәtin tәrkibindә kabinetdaxili dәyişikliklәrdәn sonra o, hәm dә sәnaye vә ticarәt nazirini әvәz edir. B.Cavanşir yerli sәnayenin inkişaf etdirilmәsinә vә Azәrbaycanın xarici ölkәlәrlә ticarәt әlaqәlәrinin yaradılmasına önәm verir vә buna çalışır.

1918-ci il dekabrın 26-da Azәrbaycan Xalq Cümhuriyyәti ilә Gürcüstan Respublikası arasında mal mübadilәsi haqqında müqavilә imzalanır. Azәrbaycan tәrәfindәn bu müqavilәlәri Behbud xan Cavanşir imzalayır. Hәmin sәnәdlәrә görә, tәrәflәr dәmir yolu ilә daşınan yüklәr üçün bir il müddәtindә azad tranzitә, yәni gömrük rüsumu alınmamasına razılıq verirlәr. Partiya mәnsubiyyәti sarıdan bitәrәf olan B.Cavanşir hәmin il dekabrın 7-dә Azәrbaycan parlamentinә üzv seçilir. Parlamentdә fәaliyyәt göstәrәn fraksiyalardan biri Behbud xan Cavanşirin dә daxil olduğu bitәrәflәr fraksiyası idi. 1919-cu ilin oktyabrından fraksiyada parçalanma baş verir. Bәhram bәy Axundov, Behbud xan Cavanşir vә Əbdülәli bәy Əmircanov müstәqil olaraq bitәrәflәr qrupu yaradırlar. Hәmin vaxt Fәtәli xan Xoyski hökumәti ilә birgә Behbud xan da tutduğu vәzifәdәn istefa verir. Ancaq o, parlamentdәki fәaliyyәtini davam etdirir.

1919-cu il iyulun 18-dәn «Dәyanәt» kommersiya şirkәti açır vә xarici ticarәtlә mәşğul olmağa başlayır. Bu sahәdә uğurlar әldә edir. Behbud xan Almaniyada oxuduğu illәrdә oranın aqrar sahәsinә yaxından bәlәd olmuşdu. Onun sonralar hәmin ölkәdәn yumşaq buğda növlәri gәtirәrәk Qarabağda әkib-becәrmәsi öz bәhrәsini vermişdi. Bu diyara ilk avtomobilin gәtirilmәsi dә, yolların abadlaşdırılması da Behbud xanın adı ilә bağlıdır. O zaman «Müsavat» da sol qanadda formalaşmışdı. Onun fәaliyyәti istәr partiya daxilindә, istәrsә dә parlamentdә vә cәmiyyәtdә sabitliyin pozulmasına sәbәb olurdu. Parlamentdә Q.Qarabәyovun «İttihad»ı sağlam müxalifәt sayılırdı. Sol qanadın әsas lideri M.Hacınski idi. Bitәrәf qrupun rәhbәri Behbud xanın M.Hacınskiyә qoşulması burada ciddi platforma yaradırdı. Çünki Behbud xan böyük nüfuza malik idi. Hәtta vaxtilә bәzi tәdqiqatçılar Əhmәd Ağaoğlu ilә birlikdә «Difai»ni yaratmış Qarabәy Qarabәyovun, Mәmmәdhәsәn Hacınskinin, Behbud xan Cavanşirin Sovet Rusiyası ilә diplomatik münasibәtlәr qurmaq tәlәbini tәftiş etmişdilәr. Onların bu mәqsәdә görә günahlandırılmasının isә әsası yox idi. Azәrbaycanda Sovet hakimiyyәti qurulduqdan sonra bolşeviklәr peşәkar mühәndis kimi tanınan vә xariclә әlaqәlәri olan Behbud xana toxunmurlar.

1920-ci ilin sonlarında Behbud xan Cavanşir Xalq Komissarları Sovetinin sәdri Nәriman Nәrimanovun tapşırığı ilә neft-mәdәn avadanlığı almaq üçün bir müddәt Almaniyada yaşamalı olur. O, bu tapşırığı Cәnubi Qafqaz Soveti xarici ticarәt tәmsilçisi kimi yerinә yetirirdi. 1921-ci ilin yayında Behbud xan Cavanşir hәyat yoldaşı Tamara, qardaşları Surxay vә Cümşüdlә İstanbula, Əhmәd bәy Ağaoğlugilә qonaq gedir. Yazıçı-alim Vilayәt Quliyev 1998-ci ildә nәşr olunmuş «Ağaoğlular» kitabında bu mәqama da toxunur. Orada Əhmәd bәyin qızı Sürәyya xanımın xatirәlәrindәn sitat gәtirir: «Atam Maltadan qayıtdıqdan sonra ermәni dostlarından bir professor bizә gәlәrәk atamın ermәnilәrin qara siyahısında olduğunu, atamı sevәn dost kimi onu xәbәrdar etmәyi özünә vәzifә bildiyini vә buna görә dә hәrәkәt etmәk lazım gәldiyini söylәdi... Azәrbaycanın daxili işlәr naziri Behbud xan Cavanşirin dә ermәnilәrin qara siyahısında olması xәbәrini almışdıq. O arada Cavanşir xanımı vә iki qardaşı ilә Parisә getmәk üçün İstanbula gәlmişdi. Özü vәziyyәtә tez uyğunlaşan adam idi vә bizim Şahzadә bağındakı evimizdә beş gün gizli yaşadı. Ancaq rus әsilli xanımı bu hәbs hәyatına dözә bilmәyәcәyini söylәdiyindәn onlar evimizi tәrk edib «Pere Palas» mehmanxanasında yerlәşdilәr. Ertәsi gün sәhәr tezdәn Behbud xanın axşam «Pere Palas» mehmanxanasına gәlәrkәn bir ermәni tәrәfindәn vurulduğunu eşitdik».

Belәliklә, 1921-ci il iyulun 17-dә axşam saat 23-dә Behbud xan Cavanşir arvadı vә qardaşları ilә «Tәpәdaşı» ailә kazinosunun italyan sәfirliyinә baxan qapısından çıxaraq «Pere Palas» hotelinә gedәrkәn «Daşnaksutyun» partiyasının üzvü, Ermәnistan ordusunun keçmiş әsgәri Misak Torlokyan tәrәfindәn üç güllә ilә qәtlә yetirilir. Qatil hәbs olunur. Hadisә iyulun 17-si gecә baş verdiyindәn bәzi mәnbәlәrdә bu tarix iyulun 18-i kimi dә göstәrilir.

Behbud xan Cavanşir 1921-ci il iyulun 20-dә, ölümündәn üç gün sonra Beşikdaşdakı Yәhya әfәndi dәrgahında dәfn olunur. Bәzi qüvvәlәrin müqavimәtinә baxmayaraq, onun dәfn mәrasimi kütlәvi nümayiş halını alır. Bu zaman onun qatili Misak Torlokyan İstanbuldakı «Kroker» hotelindә, ingilis hәrbçilәrinin qәrargahında saxlanılmışdı. Mәhkәmә isә Misakın törәtdiyi terror hadisәsini araşdırmaq әvәzinә millәtlәrarası münaqişәni qızışdırmaqla, baş vermiş hadisәni siyasilәşdirmәklә mәşğul idi.

Behbud xan Cavanşirin ölümü Murat Çulcunun «Ermәni intriqalarının pәrdәarxası: Torlokyan davası» kitabında da öz әksini tapıb. Belә ki, üç dәfә dalbadal açılan atәşdәn sonra yaralı Behbud xan qatilin üzәrinә yeriyәrkәn üzü üstә yerә yıxılır. Tamara vә Cümşüdün qatilin silah tutan әlindәn yapışmalarına baxmayaraq, növbәti güllә Cümşüdün sol yanağını sıyırır. Qalatasaray mәrkәzi karakolunun polis mәmuru Əli әfәndi hadisә yerinә çatır, Misak Torlokyanın qollarını qandallayır. Behbud xan xәstәxanaya çatdırılır. O, hәmin vaxtadәk dә rus inqilabı vә hәrc-mәrclik dövründә dәfәlәrlә sui-qәsdlәrә mәruz qalmışdı. Lakin özünü soyuqqanlıqla qoruya bilmişdi. Bәlkә dә payına düşәn ömür hәlә bitmәyibmiş... Bu dәfә isә vәziyyәt başqa cür idi. O, hәyatının sona çatdığını dәrk etmişdi. «Cәnablar, pәncәrәni açın, hava çatışmır, mәn ağırlaşıram» – demişdi. Belәliklә, o, xәstәxanaya çatdırılandan 35 dәqiqә sonra heç bir tibbi müdaxilә edilmәdәn dünyadan köçdü...

O zaman İstanbul ingilis işğalı altında idi. Odur ki, cinayәt hadisәsindәn 20 gün sonra cani ingilis hәrbi tribunalında mühakimә edilir. Lakin ermәni hiylәgәrliyi burada da özünü göstәrir. İşi elә qururlar ki, cinayәtkar cәzasından qurtarır. Əhmәd Ağaoğlunun qızı Sürәyya xanım mәhkәmәnin iştirakçısı kimi sonralar yazdığı «Bir ömür dә belә keçdi» memuarında qeyd edir: «Nәhayәt, mәhkәmә bitdi. Prokuror qatil üçün ölüm cәzası istәdi. Bu tәlәb hәtta bizi çaşdırdı. Lakin prokuror 24 saat içәrisindә Türkiyәdәn uzaqlaşdırıldı. Yerinә gәlәn prokuror isә müttәhimә bәraәt istәdi vә qatil Torlokyan gecә ikәn qaçırıldı».

Mәhkәmә prosesindә qatil Torlokyan az qala millәt qәhrәmanına çevrilir. Mәhkәmә hәqiqәtәn siyasi bir iclasa, tәdbirә çevrilir. Vәkil Hasruyan Behbud xan Cavanşirin mәtbuatda yayımlanan bәyanatına müraciәt edir. Onun bolşeviklәrlә әlaqәsi mәsәlәsi gündәmә gәtirilir.

«Azәrbaycan» qәzetinin baş redaktoru olmuş Şәfi bәy Rüstәmbәyli Behbud xan Cavanşirin qatilinin mәhkәmәsindә şahid qismindә çıxış edir. Şәfi bәy sözlәrinin tәsdiqi kimi Behbud xanın qәzetlәrdә dәrc olunmuş müraciәtini xatırladır. Yazıdakı «bәzi mәsuliyyәtsiz şәxslәrin soyğun vә qәsdlәrә yol verdiyi, onların hәrbi mәhkәmәlәrdә cәzalanacaqları» fikrini yada salır.

Qara Ağazadә Bakıda mart qırğınları zamanı şәhәrdә iki böyük binadan biri olan, müsәlman mәdәniyyәtinә dair nadir kitabların saxlanıldığı «İsmailiyyә»nin yandırılmasını xatırladır. Əhmәd Hәmid ermәni Mirzabekyanın binasının toxunulmaz qaldığını söylәyir. Qacar nәslindәn olan Ziba xanım silahları yığılmış müsәlmanlara ermәnilәrin hücumu barәdә danışır: «Ermәni mәhәllәsindәn güllәlәr yağırdı. Qәtliamın üçüncü günü küçәyә çıxıb bizә yaxın olan yanğın yerlәrinә getdim. On sәkkizә qәdәr qadın vә uşaq cәsәdlәri gördüm. Qarnı yarılmış hamilә qadının körpәsi qarnından çıxarılaraq parçalanmışdı. Yaşlı bir kişinin damarları kәsilәrәk hәyatına ağır-ağır son qoyulmuşdu. Qәtliam bizә paralel olan küçәyә qәdәr gәlib çatmışdı. Orada dayandırılmışdı».

Şahid Yusif bәy Qasımov divara mıxlanmış uşağı, parça-parça edilmiş qadını xatırladır, Tәzәpir mәscidindә tәqribәn 600-ә qәdәr cәnazәnin dәfnә hazırlandığını bildirir. Bakıda bir çox evlәrin yandırıldığını söylәyir. Lakin bütün bunlar mәhkәmә üzvlәri tәrәfindәn soyuqqanlıqla qarşılanır.

Şәfi bәy mәhkәmәnin gedişinә kәskin etirazını bildirir vә işin düzgün aparılmasını tәlәb edir. Bütün bunlara baxmayaraq, mәqsәd qatili cәzasız qoymaq idi. Cinayәt sübut edilsә dә, tribunalın qәrarı әdalәtsiz vә sarsıdıcı olur. M.Torlokyan bәraәt alır. 44 illik ömründә Behbud xan çox çәtinliklәrdәn çıxmış, çox imtahanlardan keçmiş vә ölümlәrdәn qurtulsa da, namәrd ermәni güllәsinә tuş gәlmişdi.

Ölüm ayağında ikәn son sözlәri belә olub: «Mәnim şәxsi düşmәnim yoxdur. Mәni ancaq ermәnilәr vura bilәrlәr» – demişdi. Behbud xanın ölümündәn sonra qardaşları Cümşüd vә Surxay hәmişәlik Türkiyәdә qalırlar. Tamara isә ömür-gün yoldaşını itirәndәn sonra yenidәn ailә qurmur. Ömrünün sonunadәk Moskva şәhәrindә tәnha yaşayır. Behbud xan Cavanşirin adı gәlәndә gözlәrimiz önündә tarix vәrәqlәnir. Onun yaşadığı dövrün çәtinliklәri, keşmәkeşlәri haqqında düşünürük...


# 109 dəfə oxunub

Oxşar xəbərlər

Çürümüş cəsədə tac qoyub əlini öpdürən kral - Sevgililər Gününün bilmədiyiniz qanlı tarixi

Çürümüş cəsədə tac qoyub əlini öpdürən kral - Sevgililər Gününün bilmədiyiniz qanlı tarixi

12:00 14 fevral 2026
"Ya rüşvət verməliyəm, ya da fahişəlik etməliyəm..." – Stalinə yazılan məşhur məktubun gizlinləri

"Ya rüşvət verməliyəm, ya da fahişəlik etməliyəm..." – Stalinə yazılan məşhur məktubun gizlinləri

14:50 12 fevral 2026
"Bizə hüquq verməyən istibdadınızı yıxacağıq" - 1917-ci ildə kişilərə meydan oxuyan o qadın kim idi?

"Bizə hüquq verməyən istibdadınızı yıxacağıq" - 1917-ci ildə kişilərə meydan oxuyan o qadın kim idi?

10:00 12 fevral 2026
İntihara aparan monoqrafiya - Bağırovun hansı sözündən sonra ona qarşı  düşmәnçilik kampaniyası başlanmışdı?

İntihara aparan monoqrafiya - Bağırovun hansı sözündən sonra ona qarşı düşmәnçilik kampaniyası başlanmışdı?

10:00 11 fevral 2026
Atasından gizli rus gimnaziyasına verilən mühacir... - İran şahı hansı әsәrinә görә ona qiymətli üzük bağışlamışdı?

Atasından gizli rus gimnaziyasına verilən mühacir... - İran şahı hansı әsәrinә görә ona qiymətli üzük bağışlamışdı?

10:00 9 fevral 2026
Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu, yoxsa öldürülmüşdü?

Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu, yoxsa öldürülmüşdü?

16:00 4 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər