Xəyanətə görə ərindən boşandı, oğlu ölkədən birdəfəlik getdi, onu gözləyə-gözləyə  dünyasını dəyişdi - Rəşid Behbudovun sevimli bacısından maraqlı faktlar...

Xəyanətə görə ərindən boşandı, oğlu ölkədən birdəfəlik getdi, onu gözləyə-gözləyə  dünyasını dəyişdi - Rəşid Behbudovun sevimli bacısından maraqlı faktlar...
7 dekabr 2020
# 14:38

Bu gün Əməkdar artist Nəcibə Behbudovanın anım günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

Nəcibə Məcid qızı Behbudova 6 yanvar 1914-cü ildə Tiflisdə anadan olub. Əslən qarabağlıdır. Atası Məcid Behbudov el xanəndəsi kimi tanınıb. Anası Firuzə Vəkilova isə müəllimə işləyib. Ailədə 3 uşaq olublar. Ən böyük övlad Ənvər Behbudov, ortancıl Nəcibə Behbudova , evin kiçiyi isə Rəşid Behbudov olub. Nəcibə altı yaşında olanda Tiflisdəki əmək məktəbinə gedib. Doqquz yaşı olanda məktəbdə oxumaqla yanaşı, Nəriman Nərimanov adına klubun dram və rəqs dərnəklərinə üzv olub. Məktəbi 1930-cu ildə bitirib.

***

“Bəyin oğurlanması”nda Bibixanım, “Ulduz”da Tamam xala, “Fəryad” filmində erməni axçısı kimi obrazlarla yadda qalan aktrisa dünya şöhrətli müğənni Rəşid Behbudovun bacısıdır.

Aktrisa 1931-ci ildə Bakıya gəlib və burda Hidrologiya Texnikumuna daxil olub. Dinləyici kimi Bülbülün Konservatoriyadakı sinifinə gedib və vokal ifaçılığının müəyyən peşəkarlıq xüsusiyyətlərinə yiyələnib. Hətta konsertlərdə müğənni kimi çıxış edib.

***

1933-cü ildə anası rəhmətə getdiyi üçün Tiflisə qayıdıb. Bir müddətdən sonra Mirzə Fətəli Axundzadə adına Tiflis Azərbaycan Teatrının truppasına daxil olub. Əvvəlcə tamaşalara dəvətli aktrisa kimi çıxış edib. 1 noyabr 1937-ci ildən 9 may 1939-cu ilə kimi isə teatrın aktyor ştatında olub. Bir müddət osmanlı türklərinin və azərbaycanlıların məskunlaşdıqları Gürcüstanın Adıgün rayonunda Kolxoz Teatrında çalışıb. Sadə bir insanla ailə həyatı qurub. İkinci dünya müharibəsi başlananda onun həyat yoldaşı müharibəyə gedib. Bir müddət sonra isə aktrisa ərinin qara kağızını alıb. Nəcibə xanımın bu evlilikdən heç bir övladı olmayıb.

Aktrisa yenidən Tiflis teatrına dəvət edilib. 1941-1945-ci illərdəki Böyük Vətən müharibəsi dövründə həm teatrda aktrisalıq edib, həm də bir sıra mədəni-maarif müəssisəslərində yeniyetmələrin incəsənətə yiyələnmələri sahəsində səmərəli işlər görüb. Nəcibə Behbudova Tiflis teatrının repertuarındakı əsas və sanballı tamaşalarda çıxış edib.

***

1947-ci ildə Tiflis Dövlət Azərbaycan Teatrı bağlanıb. Nəcibə Behbudova Bakıya gəlib və Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul edilib. Dram teatrının səhnələrində kifayət qədər sənət təcrübəsi toplamış aktrisa truppanın yaradıcı heyətinə tez və uğurla daxil olub. Ömrünün sonuna kimi bu teatrda çalışıb.

***

Teatr sənətdəki xidmətlərinə görə 1 iyun 1974-cü ildə Azərbaycan SSR Əməkdar artisti fəxri adı ilə təltif olunub. Rus Dram Teatrında işləyən teatr rejissoru Ağaəli Məstanovla ailə həyatı qurub. Bu evlilikdən oğlu Cəfər və qızı Firuzə dünyaya gəlib.

Oğlu Cəfər Behbudov vaxtilə Azərbaycan estrada sənətində parlayan ifaçılardan olsa da, sonradan Ukraynaya köçüb və orada yaşayıb. Müsahibələrinin birində o, Azərbaycandan küsdüyünü və ona görə də vətəni tərk etdiyini açıqlayıb. Cəfər Behbudov iki dəfə evli olub, Viktoriya və Səidə adlı qızları var. Müğənni 2019-cu il sentyabrın 26-da səhər saatlarında Ukraynada dünyasını dəyişib.

***

Aktrisanın qız nəvəsi Ülviyyə Ələkbərova Nəcibə Behbudovanın son anlarına kimi yanında qalan yeganə şəxs olub. Nəcibə Behbudovanın övladları ilə münasibətləri yaxşı olsa, mərhum aktrisa nəvəsi Ülviyyə xanımı daha çox sevirmiş:

“Mən Nəcibə Behbudovanın yanında qalan yeganə nəvəsi idim. Təəssüf ki, bacı-qardaşım nənəmi görməyiblər. Əvvəlcə anam, mən və nənəm birlikdə eyni evdə qalırdıq. Anam ikinci dəfə ailə həyatı qurandan sonra evdə yalnız ikimiz yaşamağa başladıq – nənəm və mən. O, mənim anam, atam, hər şeyim idi. Nənəm həm qızını, həm də oğlunu sevirdi. Amma adətən analar oğul övladlarına daha çox düşkün olurlar. Nənəm də tez-tez Cəfərin adını çəkirdi. Anamla isə normal münasibətləri var idi”.

***

Aktrisanın Ağaəli Məstənovla qurduğu ikinci ailə həyatı uğursuz olub. O, həyat yoldaşı ilə yola getmirmiş. Onlar müəyyən müddətdən sonra yollarını ayırıblar. Aktrisa hər zaman onunla olan şəkillərinə baxanda əsəbiləşirmiş. Ayrılıqlarına səbəb kimi isə həyat yoldaşının qadınlarla çox gəzməsini, xeyli sevgi məcarası yaşamasını əsas gətirib. Aktrisa sonrlar hətta keçmiş əri ilə olan şəkillərdən özü olan hissəsini kəsib çıxarırmış. Buna baxmayaraq həyat yoldaşı ilə ayrılıq onun həyatına o qədər də ciddi təsir etməyib.

Nəvəsi Ülviyyə Ələkbərovanın sözlərinə nənəsinin Rəşid Behbudovla münasibəti hər zaman yaxşı olub. Nəcibə xanım qardaşı Rəşidi çox istəyib və aralarında heç zaman problem olmayıb. Ancaq qardaşı ilə hər görüşündə oğlu Cəfərə kömək etməsini xahiş edib. Oğlu Azərbaycanı tərk edəndən sonra o, həmişə onun geri qayıtmasını istəyib. Hər gün oğlunun divardakı şəklinə baxaraq onun nə zamansa geri qayıdacağına ümid edib. Və ömrünün sonuna kimi, ölənə qədər oğlunun yolunu gözləyib.

***

Nəcibə Behbudova son illərini evdə keçirib. Ara-sıra teatra gedib kolleqaları ilə görüşən aktrisa həm də yaxşı evdar, deyib-gülən qadın olub. Dadlı xörəklər bişirib. Xüsusilə səbzili plovu məşhur olub. Bəzən evdə belə hansısa obrazını xatırlayır və oxumağa, oynamağa başlayırmış.

***

Aktrisa kinoteatra gedib hind filmləri izləməyi xoşlayıb. Məşhur hind aktyoru Rac Kapuru çox sevib. Evdə ən çox qardaşı Rəşid Behbudovun mahnılarını oxuyub. Qardaşı rəhmətə gedəndə çox üzülüb, tənha qaldığını deyib. Sonralar televiziyada Rəşidi görəndə ağlayırmış. Ona kimsə “ağlama” deyəndə, “dözə bilmirəm, onun yoxluğuna alışa bilmirəm” - deyib.

“Fəryad” filmi aktrisanın iştirak etdiyi sonuncu film olub. Nəcibə xanım Ceyhun Mirzəyevlə yaxın dost olub. Ceyhun Mirzəyev hər zaman yeni kinoya başlayanda aktrisanı mütləq dəvət edirmiş. Aktrisa öz xatirərlərində qeyd edir ki, Ceyhun Mirzəyev “Fəryad” filmini çəkən zaman o qədər həyəcanlanırdı ki, ona görə infarkt keçirib öldü. Onlar tez-tez teatrda görüşür, yaxud qastrol səfərlərinə bir yerdə gedirdilər.

***

Son zamanlarda aktrisanı filmlərə ancaq Ceyhun Mirzəyev dəvət edib. Başqa heç kim çağırmayıb. Hətta yaxınlarının sözlərinə görə Nəcibə xanım uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktrisası olduğu halda, teatrda işləyən bütün aktyorların şəkli divardan asılsa da, aktrisanın şəkli ora vurulmayıb.

Aktrisa həmişə “Qadın baxımlı olmalıdır. Kişilər dağıdandı, amma qadınlar toplayandı” - deyirmiş. O, hər səhər yuxudan duran kimi özünü səliqəyə salar, saçını düzəldib daha sonra nahar edərdi. O, həm də qırmızı rəngli dodaq boyasını sevirdi. Bir dəfə nəvəsi xəstələnəndə həkim çağırır. Birdən qapı döyülür, onun isə yadına düşür ki, dodaq boyası vurmayıb. Tez otağına keçib qırmızı dodaq boyasını vurub sonra qapını açır.

***

Aktrisa iki dəfə insult keçirib. Birinci dəfə öhdəsindən gələ bilsə də, ikincidə xəstəliyə məğlub olub. Nəvəsi Ülviyyə Ələkbərova həmin günləri belə xatırlayır:

“O qədər güclü insan idi ki, ilk dəfə insultdan sonra özünü tez toplaya bildi. İkinci insultdan sonra isə cəmi 5 gün yaşadı. O hətta ayıla bilmirdi. Bilirsiniz, mənə təsir edən həkimlərin insanlar üçün mübarizə aparmaqdan imtina etməsidir. Nəcibə Behbudova insult keçirəndən sonra “o artıq ayılmayacaq” deyirdilər. Mən bunu qəbul edə bilmirdim. 5 gün uzandığı müddətdə mən də onun yanında uzanırdım, ayrılmırdım ondan. 5-ci gündə anamgil molla ilə bir yerdə gəlmişdilər. “Onu burax, o artıq can verir” deyirdilər. Düzdür, hər şey Allahın əlindədir. Onu məndən ayırıb aparanda 5 gündən sonra ilk dəfə gözünü açıb son nəfəsini verib öldü. Yəni əziyyət çəkmədən rahat ölüb. O öləndə elə bilirdim ki, mən də öləcəm. Amma yaşayıram. Hərdən qəbiristanlığa gedəndə deyirəm ki, “nənəm, yaşayıram”. Həmişə ən çətin zamanlarımda nənəmin yanımda olmasını arzulamışam. Sadəcə qucaqlayıb öpsəydi, kifayət edərdi...”.

# 22908 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
#
#
# # #