Elis Munro: “Kim Çexovla müqayisə edilmək istəməz ki?” MÜSAHİBƏ

Elis Munro: “Kim Çexovla müqayisə edilmək istəməz ki?”  MÜSAHİBƏ
11 oktyabr 2013
# 13:09

Kulis.Az dünən Nobel mükafatına layiq görülmüş kanadalı yazıçı Elis Munronun müsahibəsini Svetlana Turanın tərcüməsində təqdim edir.

- Sizi qısa hekayələrə cəlb edən nədir? Bəlkə, bu daha qısa forma Sizə özünüzü açmaq üçün elə bir şərait yaradır ki, bunu roman edə bilməz?

- Mənə elə gəlir hətta hekayələri elə yazıram ki, qısa hekayə janrının qanun-qaydalarına xələl gətirir, romanların inkişaf xəttinə isə heç əməl etmərəm. Mən konkret bir forma haqqında düşünmürəm, daha çox bədii ədəbiyyatın özü haqqında, deyək ki, ədəbiyyatın özülü haqqında düşünürəm. Mən nə etmək istəyirəm? Hekayə danışmaq istəyirəm, köhnə tərzdə, kiməsə nəyinsə baş verməsi haqda, lakin istəyirəm ki, bu “baş vermə” kəskin müdaxilələrlə, irəli-geri dönmələrlə, qəribəliklərlə müşayiət olunsun. Mən istəyirəm ki, oxucu təəccüb kimi bir hiss keçirsin – “baş vermə” ilə bağlı deyil, baş verən hər şeylə bağlı. Ona görə də mənə ən çox bu uzun qısa hekayələr uyğun gəlir.

- Siz hər hansı bir hekayə və ya konkret bir obrazla bağlı ideyanı haradan götürürsünüz?

- Bəzən elə olur ki, mən hekayəni hansısa bir xatirə, ya da anekdotdan ilhamlanaraq yazmağa başlayıram, lakin hekayənin sonuna yaxın həmin xatirə artıq tanınmaz bir hala gəlir. Təsəvvür edin sizin xatirənizdə qatardan enən çox gözəl və eleqant bir geyimdə olan gənc qadın var. O elə gözəl görüntü yaradır ki, ailəsi onu sanki paltar asılqanından düşürür (mənimlə bir dəfə belə bir şey baş verib) və elə ola bilərdi ki, bu qadın ağır depressiyadan sonra sağalmağa doğru gedən, əri, anası və anasına qulluq edən tibb bacısı tərəfindən qarşılanan bir qadın olsun, əri isə xəbəri olmadan həmin tibb bacısına vurulub.

- Yazmaq vərdişləriniz necədir? Kompyuterdən istifadə edirsiniz? Hər gün yazırsınız? Daha çox gündüz yazırsınız, yoxsa gecə? Bir hekayəni yazıb bitirmək nə qədər vaxtınızı alır?

- Təxminən, bir ilə yaxındır kompyuterdən istifadə edirəm. Mən hər texnoloji yeniliyə gec alışan bir insanam, məsələn, mənim hələ də mikrodalğalı sobam yoxdur. Lakin mən klaviaturaya yaxınlaşmazdan öncə bir-iki uzun əlyazma hazırlayıram. Hekayə iki ay ərzində yazıla, bitə və çapa hazır ola bilər, amma bu təsadüfi hallarda baş verir. Mənə daha çox altı, səkkiz ay vaxt lazım olur, mən çoxlu dəyişikliklər edirəm, istiqaməti dəyişirəm, çək-çevir edirəm, çıxılmaz vəziyyətə düşürəm. Mümkün olduğu qədər hər gün yazıram. Yazmağa yuxudan qalxıb qəhvəmi hazırlayan kimi başlayıram və gerçək həyat məni öz ağuşuna almamış, heç olmasa, iki-üç saat işləməyə çalışıram.

- Gənc yazıçılara hansı məsləhəti verərdiniz?

- Gənc bir yazıçıya hansısa məsləhəti vermək mümkün deyil, çünki gənc yazıçıların hamısı bir-birindən çox fərqlənir. Deyə bilərik “Oxu”, amma yazıçı o qədər çox oxuyar ki, nəticədə, daha heç bir şey yaza bilməz. Ya da “Oxuma, düşünmə, ancaq yaz” deyə bilərik, nəticə isə bir dağ yüksəkliyində cızmaqara yarana bilər. Yazıçı olmaq istədikdə insan çoxlu səhv addımlar atır, sonra isə elə bir gün gəlir ki, yazmalı olduğu bir şeyi yazır, sonra onu düzəldir və düzəldir, çünki onun daha yaxşı olmasını istəyir və qocaldıqda belə “İnsanın edə biləcəyi başqa bir iş də olmalıdır” deyə düşünsə də, yenə də bu işin daşını ata bilmir.

- Sizə daha çox təsir etmiş yazıçılar hansılardır və siz hansı müəllifləri oxumağı sevirsiniz?

- Mən gənc olanda sevdiklərim Yudora Uelti, Karson Makkallers, Katrin Anna Porter, Flanneri O’Konnor, Ceyms Eyci idilər. Sonradan isə Apdaykı, Coys Karol Oatsı, Piter Teyloru və xüsusilə də, özü də birdəfəlik Uilyam Maksveli sevdim. Bir də Uilyam Trevor, Edna O’Brayan, Riçard Ford da var. Bunların mənə təsir etdiyini deyə bilərəm. Bundan başqa bir xeyli yazıçı da var ki, onları, sadəcə, oxumağı xoşlayıram. Son kəşfim holland yazıçısı Siz Nutbumdur. Əslində, bu cür ad sadalamağı sevmirəm, çünki sonradan hansısa əla bir yazıçının adını çəkməyi unutduğumu görüb özümü yeyib-dağıdıram. Ona görə də indi oxumaqdan zövq aldıqlarımı deyil, yalnız mənə təsir edənlərin adlarını çəkdim.

- Sintiya Ozik Sizi “bizim Çexovumuz” adlandırıb. Bu müqayisə sizdə necə təəssürat oyadıb?

- Mən bir müddət əvvəl Çexov yaradıcılığının xeyli hissəsini təkrar oxumuşam və bunu gərəkli bir təcrübə hesab edirəm. Mən Çexovun adını mənə təsir edənlər arasında çəkmirəm, çünki o bizim hamımız üzərində öz təsirini qoyub. Onun yazdıqları, Şekspir kimi, mükəmməl bir işıq saçır, onun yaradıcılığında yersiz əmək sərfi, gərəksiz şəxsiyyət yoxdur. Belə deyək, belə bir yazıçı ilə kim müqayisə olunmaq istəməz ki?!

- Bir sıra tənqidçilər Sizin hətta bircə vərəq üzərində də bütöv bir həyatı təsvir etmək iqtidarında olduğunuzu deyirlər. Bu dərəcədə peşəkar yazıçı olmağa necə nail oldunuz?

- Mən həmişə öz obrazlarımın bütün dərinliklərini bilməliyəm, hansı paltarı geyinməyi sevirlər, məktəbdə necə biri olublar və s. Mən onların təsvir etdiyim hissədən əvvəlki və sonrakı həyatını da bilirəm. Mən onları yalnız bir bucaqdan, hazırkı anın vəziyyətinə qərq olmuş halda görməklə kifayətlənmirəm. Bəlkə də, ona görə onları bacardığım qədər hərtərəfli təqdim edə bilirəm.

- Hekayələrinizin bir çoxunda hadisələr məhz doğma yurdunuz Ontarioda baş verir. Sizin yaşadığınız yer nə dərəcədə əlverişli zəmin yaradır ki, oradan bu qədər çox və fərqli hekayələr doğulub?

- Mən özümü yaşadığım yer – kəndsayağı Ontarionun təbliğatçısı hesab etmirəm. Mənə elə gəlir burada yaşamanın üstünlüyü odur ki, daha böyük yaşayış yerlərindən fərqli olaraq (haradakı sən daha çox öz təhsil və peşə yoldaşların tərəfindən susdurula bilərsən) burada sən daha fərqli insanları tanımış olursan. Bura mənə fiziki baxımdan daha çox uyğun gəlir. Mən buranın quruluşunu xoşlayıram, amma adi bir “mənzərə” kimi deyil, daha çox mənim yaxından tanıdığım bir yer kimi. Həmçinin, havasını, qəsəbə və kəndlərini tək gözəllik baxımından deyil, bütün xüsusiyyətlərinə görə xoşlayıram. Bəzi xırda nüansları kənara qoysaq, adət və ətrafın necə olmasından asılı olmayaraq, mənim insanlarla bağlı düşüncələrim dəyişməzdir.

- Sizin hekayələrin əsas qayəsi xatirələrinizdir. Xatirələrin gücü nə dərəcədədir və onlar bizim həyatımızı necə bir şəklə salanda sizin üçün maraqlı olurlar?

- Yaddaş – bizim öz-özümüzə daim danışdığımız hekayələrdən və başqalarına əslində olduğundan bir az fərqli nəql etdiyimiz versiyalardan ibarətdir. Biz öz həyatımızı böyük gücə sahib olan nəqletmə olmadan təsəvvür edə bilmərik. Və bunların alt qatında redaktə olunmuş, ilhamlanmış, xudbin, ya da əyləndirən bir hekayə olduqca biz hiss edirik ki, HƏQİQƏT adlanan böyük, dəhşətli, sirli bir məxluq böyüyür və bizə elə gəlir ki, bizim əsərimizə çevrilən məhz odur. İnsanın həyati məşğuliyyətindən daha maraqli nə ola bilər?! Bunu etməyimizin bir yolu da, fikrimcə, yaddaş nə ilə məşğul olması (həyatımızın fərqli anlarında çıxardığı fərqli oyunlar) və hamımızın ümumi bir xatirəsi olan insanların eyni hadisə ilə bağlı yaddaşında qalanların olmasıdır. Bu fərqli xatirələr bir-birindən nə qədər uzaq olsalar və çaşqınlıq yaratsalar, içimdəki yazıçı bir elə çox qəribə sərxoşluq hissi keçirir.

- Ürəyinizə daha yaxın olan hansısa hekayə və ya hekayələr varmı?

- Mən həmişə əhvalımın ən yaxşı vaxtında yazdığım hekayələrimi və yenicə nəşr etdirdiyim hekayələrimi sevirəm. Yeni kitabımdan daha çox “Zorlayanı xilas et” və “Anamın yuxusu” hekayələrinə çox bağlanmışam. Köhnə hekayələrdən “Sevginin inkişafı”, “İş günü naharı” və “Aparılmış” hekayələrini çox sevirəm. Sözün düzü, hekayələrimin çoxunu sevirəm.

bookbrowse.com

# 3508 dəfə oxunub

Müəllifin son yazıları

# # #