Dəvələr aktyorlardan yaxşı oynadı

Dəvələr aktyorlardan yaxşı oynadı
19 fevral 2013
# 11:58

”Bu yaxınlarda “Nizami” kinoteatrında premyerası olmuş, Şamil Əliyevin “Çölçü” filmini izlədim və personajlar danışmağa başlayanda düşündüm ki, bəlkə, biz filmləri hələlik səssiz çəkək? Dialoqsuz-musiqisiz. Qəhrəmanlar danışmasın, rejissor nəzərdə tutduğu fikri ancaq təsvirlərlə ifadə etsin. Əks halda personajların yerinə oturmayan, qeyri-təbii intonasiyası filmlə tamaşaçı arasında baryer yaradır. Və təəssüf ki, bu yeganə baryer deyil.

Məsələn, musiqidən ümumiyyətlə istifadə olunmasın. Digər filmlərdə olduğu kimi “Çolçü”də də analoji problem-musiqinin təsviri əzməsi, onunla orqanikləşməmək problemi var. Bu problem tamaşaçıya filmi izləmə prosesində narahatlıq gətirir...

“Çölçü” aktyor Vidadi Həsənovun ssenarist kimi debütüdür. Mal-mülkləri dəvə sürüsü və daxmadan ibarət olan ulu çölçü (Vidadi Həsənov) və cavan çölçü (Bəhruz Vaqifoğlu) çöldə ibtidai şərtlərlə yaşayır. Ulu çölçünün ölümündən sonra cavanın həyatında şəhərli qız (Salome Demurla-gürcü aktrisası) peyda olur.

Cavan çölçü mizantropdur, şəhər həyatından uzaqda, təbiətlə ünsiyyətdə tək-tənha yaşayır. Sevgilisi tərəfindən rədd edilən, həyatına qəfil daxil olan şəhərli qıza şübhəli yanaşır, ona güvənmir, həyatının ritmini pozan “yad ünsür-xaos” kimi baxır. Amma sonradan onun qaydalarına uyğunlaşan qıza vurulur.

Çölçünün əxlaqi dəyərlərinin yüksək təsviri mübaliğəli görünür. Hətta o qədər mübaliğəlidir ki, onun qadını qəbul etməməsi, ifrat skeptikliyi bir növ vəhşiyanə davranış təəssüratı yaradır.

Başqa bir epizodda isə şütüyən maşınlara çölçünün təəccüblə baxması sivilizasiyanı ilk dəfə görəndə eyni reaksiyanı verən Tarzanı yada saldı. Hərçənd hadisənin gedişatında aydınlaşır ki, çölçü insan arasına da çıxır, marketə də gedir, alış-veriş də edir. Yəqin müəllif qəhrəmanın şəhərin dağıdıcı tempinə uyuşa bilməməsini ifadə etmək istəyib. Amma alınmayıb.

Filmdə digər əsas personaj dəvələr idi. Premyeradan sonra dost-tanışlardan filmə münasibəti öyrənəndə yarızarafat-yarıgerçək bircə bunu dedilər: “dəvələr yaxşı oynadı”. Çünki film boyu dəvələr obrazların davranışına sanki reaksiya verir, hətta onların iştirakı ilə kişi və qadın arasında cinsi akt yaşanır. Daha maraqlısı, bakirliyini itirən kişinin sevincinə zalda bir qisim tamaşaçının alqışları ilə şərik olması idi.

Aydındır ki, rejissor konflikti urbanist mədəniyyətlə kənd mədəniyyətinin qarşıdurması üzərində qurur. Sovet dövründə də Azərbaycan romanlarının əsas mövzularından biri kəndlə şəhər mədəniyyəti arasındakı konflikt idi. Bir qayda olaraq yazıçıların əsərlərində şəhər obrazı, şəhər adamları aşağılanır, kənd mənəvi cəhətdən üstün göstərilirdi. Yəni şəhər dağıdıcıdır, təkəbbürlüdür, təbiətlə, torpaqla ünsiyyət isə insanı iddiasız, humanist, vicdanlı edir.

Bəlli tendensiya (eyni zamanda güvənsizlik, şübhə motivləri, “şəhər-xaos” məfhumlarının identikliyi) Yavər Rzayevin “İlahi məxluq” filmində də çözülür və Ş. Əliyevin “Çölçü”sü kontekstinə görə ümumilikdə ondan fərqlənmir.

Onların təqdimatında şəhərləşmə həm də vesternizasiyanı, yadlaşmanı, kənd çöllü-biyaban şərqi, kökə bağlılığı ifadə edir. Çox güman ki, dəvə də şərqi simvolizə edən, aza qane olan, dözümlülük metaforudur.

Əslində şəhər-kənd mövzusu tükədilib, köhnəlib və adını çəkdiyim filmlər də sovet dövrünün romanlarından fərqli nəsə demir. Məgər meqapolislərdə tənhalaşmanın, yadlaşmanın çətinliyini yaşayan, nəhəng sənayeləşmənin, texnikanın əsarəti altında əzilən insanın problemlərini danışmaq daha aktual olmazmı?

Əgər müasir kinomuzda 3-4 film məlum motivlərdən qaynaqlanırsa, deməli, stereotip əmələ gəlir, ondan ya qurtulmaq lazımdır, ya da müəlliflər mövzuyla bağlı yeni ekran həlli təklif etməlidir.

# 3167 dəfə oxunub

Müəllifin son yazıları

# # #