Novxanı işğal təhlükəsi altındadırsa... DON MARLEONE FİLMİ

Novxanı işğal təhlükəsi altındadırsa... DON MARLEONE FİLMİ
3 may 2017
# 12:42

Sevda Sultanova

Elmar Bayramovun yaxınlarda ekranlara çıxan “Don Marleone”si klassik kriminal filmlərinə parodiyadır. Daha doğrusu, parodiyaya cəhddir. Nədən cəhd? Səbəblərini yazacam.

Öncəliklə bir nüansı qeyd edim. Bəzi saytlarda “Don Marleone” ilk mafiya filmi kimi təqdim olunur. Hələ sovet dövründə qeyri-qanuni yolla gəlir əldə edən, yaxşı təşkilatlanmış cinayətkar qruplardan çəkilmiş keyfiyyətli filmlərimiz olub: “Şeytan göz qabağında”, “Aşkarsızlıq şəraitində”. Ona görə sözlərə ehtiyatlı yanaşmaq gərəkir.

Rejissor Elmar Bayramov debütünə kimi sosial çarxlar, reklam çəkib. Dediyinə görə, film çəkməyə özünü hazır bildiyindən bu layihəyə razılıq verib.

Süjetə gəlincə, cinayətkar dəstə Novxanı sakinlərinin torpaqlarını ələ keçirmək istəyir, amma yerli əhalinin müqaviməti ilə üzləşir. Kənd camaatının qayğısına qalan böyük nüfuza malik Səlim (Əsgər Rəhimov), onun oğlu Xan (Rüstəm Cəbrayılov) və ətrafıdır. Əhvalat aktual məsələlərə toxunur. Sadə insanın özəl mülkiyyətini güclü qüvvələr ələ keçirmək istəyir, bələdiyyə, məhkəmə, bəzi polis işçiləri onlarla işbirliyi qurur. Sosial, ictimai, siyasi altmənalı film cəmiyyətin ağrılarını böyük ekrana cəsarətlə daşıyır.

Bir halda ki, film parodiyadır, o zaman ironiya, komik effektlər səhnələrdən əskilməməliydi. Çünki komik effekt əskiləndə əhvalat parodiyaya yox, kriminal filmlərin zövqsüz imitasiyasına çevrilir: döyüş, məhkəmə səhnəsində Mariyanın (Natəvan Əfəndiyeva) tapança çıxarması, ordakı mizanlar, Sevdanın (Zarina Qurbanova) təqib epizodu, ciddi musiqidən bol yararlanma... Məsələn, ilk epizodda Xanın tətiyi çəkəndə tapançadan su çıxması kimi komik element digər vəziyyətlərdə gözlənilməyib.

Ən çox nəzərə çarpan uğursuz cəhət musiqi həllidir. Hər situasiyada yeri düşdü-düşmədi musiqi səslənir. Xəstə Səlimin qucağındakı pişik epizodu - “Xaç atası”na allüziyadırsa, bu halda həmin filmdən musiqinin səslənməsi artıq görünür. Çünki təsvir özlüyündə hər şeyi deyir. Ayrıca, musiqi bolluğu həm təsvirləri boğur, həm də rejissorun özünəinamsızlığının ifadəsidir. O mənada ki, təsvirə əmin olmayanda musiqi görüntü ilə iç-içə keçmir, sadəcə uğursuz fon gücləndiricisi rolunu oynayır.

Digər problem əhvalatın həddən artıq ekşnlə yüklənməsiydi. Döyüş səhnələri sanki aktyorların döyüşmək bacarığının nümayişi üçün uzadılıb.

Əgər qroteskdirsə, onda əsası olmalıdır. Maraqlı epizodlardan biri Pələngin cinayətkarların meyitlərini açıq şəkildə küçəylə aparması, skamyada oturdaraq selfi çəkməsiydi. Burda qrotesk uyğundur – cəmiyyətdə ölümün adiləşməsinə, sosial şəbəkələrdə hər cürə abırsızlığın nümayişinə eyhamdır.

Uğurlu rəng korreksiyası, məkan seçimləri, kostyumlar, rəvan operator işi (Məhəmməd Ağa) filmin üstün cəhətləridir. Amma estetik təsvirlər filmin dramaturji əyər-əskiyini örtə bilmir. Əhvalat, yan süjetlər bolluğunu (ssenari müəllifi Rəşad Süleymanoğludur) rejissor vahid xətt üzərində düzməyə çətinlik çəkib. Personajların başına gələn əhvalatlarının, hekayətlərinin bir-birinə nəqlinin komiks sayağı illüstrativ təsviri ümumilikdə pinti əhvalat yığımı təəssüratı yaradır. Finalda məlum olur ki, hadisələr Xanın xəyalıdır. O, xəyalında ədaləti bərpa etməyin yolunu məcburiyyətdən qeyri-qanuni üsulla əldə etməkdə görür. Gerçəkdə isə məhkəmə təxirə salınır, son bəlli olmur.

Aktyor işinə gəlincə, yaddaqalan Nofəl Şahlaroğlu və Mahir Dərvişin oyunu oldu.

N.Şahlaroğlu buffonadasayağı manerasıyla klassik şairlərdən gen-bol gətirdiyi sitatları obrazında əridə bildiyindən bu, saxta yox, tamamilə spontan görünürdü.

Ded rolunun ifaçısı Vüsal Hacı Qədirin fakturası obraza uyğun olsa da, plastik həllini tapa bilməmişdi.

Ümumiyyətlə, aktyorların çoxu siqaret tüstülətməklə vəziyyətdən çıxmağa çalışırdılar.

Hər halda qüsurlarına rəğmən, yaradıcı heyəti təbrik edirik. Ən azı kinoya entuziast yanaşdıqlarına görə.

# 1319 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #