Tofiq Quliyev öz oğlu ilə işləməkdən niyə imtina etdi? - "Babək" filminin pərdəarxası

Tofiq Quliyev öz oğlu ilə işləməkdən niyə imtina etdi? - "Babək" filminin pərdəarxası
8 yanvar 2021
# 08:55

Kulis.az Eldar Quliyevin “Babək” filminin təhlilini təqdim edir.

Bu ekran əsərində görkəmli sərkərdə, siyasi xadim, Xürrəmilərin azadlıq hərəkatına başçılıq edən Babəkin bioqrafiyasının əhəmiyyətli hissəsi-əsasən ərəb işğalçılarına qarşı mübarizəsi təsvir olunur. 1979-cu ildə lentə alınan filmdə ictimai-siyasi-mədəni mühitin təsvirindən başqa, daxildə gedən siyasi mübarizələr də əksini tapıb.

"Mosfilm" və "Azərbaycanfilm" kinostudiyalarının birgə istehsalı olan “Babək” milli kinomuzun ən yaxşı tarixi filmidir. Əslində Azərbaycan kinematorafiyasında tarixi kinonun ənənəsi güclü və zəngin deyil. İstər sovet, istər müstəqillik dönəmində çəkilən tarixi-bioqrafik filmlərin əksəri bədii-estetik, özəlliklə dramaturji, ssenari, elə rejissor işi baxımından da uğursuzdur. Çox təəəssüf ki, müstəqillik qazandığımız dönəmdə “Babək” kimi irimiqyaslı, uğurlu film çəkilmədi.

Yeri gəlmişkən, “Babək” kinomuzun ən bahalı filmi, müasir dillə desək, blokbasterdir. Ümumi büdcəsi 1 milyon 650 min rubl olan filmə Moskva 650 min, Bakı 1 milyon rubl ayırmışdı. Və birinci kateqoriya alan “Babək”ə bir il ərzində 35 milyon tamaşaçısı baxıb, üstəlik, o, 60-a yaxın ölkə tərəfindən alınıb.

Filmin vizual üslubunda poetik təsvirlər, dialoqlarında pafos üstünlük təşkil edir. Lakin bütün situasiyalarda- istər siyasi müzakirə və döyüş səhnələrində, istər sevgi münasibətlərinin, istərsə də ata-oğul konfiktinin təsviri zamanı qəhrəmanlıq və dramatik pafos filmin strukturunda təbii şəkildə əriyir və bu zaman pafos saxtalıq kimi yox, personajların gündəlik nitqinin, həyatının zəruri parçası kimi meydana çıxır.

Heç şübhəsiz ki, qaldırdığı problemlərə görə “Babək” bütün dövrlərimizlə səsləşir. Amma əlbəttə ki, məsələ təkcə filmin mərkəzində dayanan problemlərdə deyil. Ona qalsa, müstəqillik dövrümüzdə lentə alınan, “Cavad xan”ın, “Hökmdarın taleyi”nin də ideya problematikası müasir tariximizin gerçəklilkləri baxımından aktualdır. Ancaq adı çəkilən ekran işlərinin bədii keyfiyyəti aşağıdır. Bu filmlərdəki aktyor oyunlarının (xüsusən də baş rolların ifaçıları Nurəddin Mehdixanlını, Fəxrəddin Manafovu nəzərdə tuturam) keyfiyyətindən isə danışmağa dəyməz. Əgər biz real Babəki Rasim Balayevin parlaq (sözün həqiqi mənasında) ifasındakı Babəklə eyni səviyyədə qəbul ediriksə, bu sözləri Cavad xanın, İbrahimxəlil xanın ifaçıları haqda demək olmaz.

“Babək” filmində daha önəmli məsələ Eldar Quliyevin, operator Rasim İsmayılovun hekayənin adekvat ekran həllini, ifadə vasitələrini, estetikasını tapmasıdır. Bundan başqa ssenari (Ənvər Məmmədxanlı) də yığcam, səliqəli işlənib. Babəkin siyasi mübarizəsi ilə yanaşı digər paralel xəttlər-onun qadınlarla münasibəti, oğlu ilə münaqişəsi, idarəçilik bacarığı əsas xəttlə bütünləşir. Vacib bir məqamı qeyd edim ki, “Babək” filmini Həsən Seyidbəyli çəkməliydi. Kino tədiqiqatçısı Nəriman Əbdürrəhmanlının sözlərinə görə, Həsən Seyidbəylinin “Babək” filmindən imtinasının səbəblərindən biri ssenarist Ənvər Məmmədxanlı ilə arasındakı fikir ayrılığı olub, bundan başqa Mərkəzi Komitənin mədəniyyət şöbəsinin müdiri Azad Şərifov da imkan verməyib ki, Seyidbəyli ssenarinin strukturunu dəyişsin: “Həsən müəllim öz konsepsiyasını qoymağa, ssenarini dəyişdirməyə çalışıb. Ənvər Məmmədxanlının ssenarisi əslində tarixi faktlara söykənmirdi. Seyidbəyli Ziya Bünyadovu film istehsalata buraxılanda məsləhətçi kimi dəvət etmişdi. Ziya Bünyaov müsahibələrində deyir ki, mən çox çalışdım ki, ssenari müəyyən ərəb mənbələrinə söykənməsin, çünki onları çox saxtalaşdırıblar. İkinci konflikt filmə hazırlıq mərhələsində maliyyə yeyintisi ilə bağlı olmuşdu və Seyidbəyli buna etiraz etmişdi”.

Nəticədə Seyidbəyli filmdən imtina edib. Bir müddət filmə rejissor tapılmayıb. Kinostudiyanın sədri Cəmil Əlibəyov onu bir neçə rejissora təklif etsə də, razılaşmayıblar. Kinostudiya rejissor üçün Moskvaya müraciət edib. Ordan isə Eldar Quliyevə həvalə etməyi məsləhət görüblər. Eldar Quliyev öncə, “Babək”in onun mövzusu olmadığını desə də, sonradan çəkməyə razılaşıb. Və o vaxt xəstəxanda müalicə alan Seyidbəyli ilə məsləhətləşərək onun xeyir duasını alıb. Rejissorun atası, bəstəkar Tofiq Quliyev buna görə “Babək”də oğlu ilə işləməkdən imtina edir. Çünki o, Seyidbəylinin əksər filmlərində onunla əməkdaşlıq etmişdi. Və Seyidbəylinin imtinasından sonra “Babək” də bəstəkar qismində çalışmağı etik saymır.

Rejissor Ziya Şıxlinskinin sözlərinə görə, Seyidbəyli ssenaridə ilk epizodu dahiyanə işləmişdi: “İlk səhnə Babəkin uşaqlığından başlayır, zədrüştlüklə bağlı bayram keçirilir. Onda nə islam, nə xristianlıq dini qəbul edilmişdi. Bu zaman ərəblər hücuma keçərək vəhşilik törədir və Babək baş verən qəddarlıqların şahidi olur. Yəni ondan sonra o, Babək olur”.

Bu mənada “Babək” filmində müəyyən dramaturji boşluqlar olsa da, yəni Babəkin mübarizəsinin səbəbi yetərincə əsaslandırılmasa da (yeri gəlmişkən, Pərvinlə Babəkin ilk tanışlıq epizodları çəkilsə də, xoronometrajın uzunluğu səbəbində ixtisara salınıb. Və Pərvinin sonrakı səhnələrdə Babəklə həmin tanlşlıq epizodunu xatırlatması da əhvalatda müəyyən anlaşılmazlıq yaradır), bütün hallarda film kino tariximizdə layiqli yeri tutur və tamaşaçı onu sevir.

Sözsüz ki, “Babək” hər şeydən əvvəl ideya filmidir. İdeyalılıq filmin hər epizodunda əksini tapır. Təsadüfi deyil ki, filmdə səslənən çox fikirlər aforizmə çevrilib: “Lakin sən analamadın ki, bu dünyada bircə gün azad yaşamaq 40 il boyunduruq altında sürünməkdən daha üstündür. Azadlıq verilmir, alınır, qan bahasına, qurban bahasına. Qorxaq yüz dəfə ölür igid bir dəfə.”
Vurğulanan məsələlərdən biri ölkədaxili daxili konflikt səbəbindən milli birliyin alınmamasıdır. Cavidanın (Şahmar Ələkbərov) Əbu İmranla (Yaşar Məmmədov) düşmən münasibətini Babək yoluna qoymağa, onları milli birliyə çağırsa da buna nail ola bilmir. Onların təkbətək döyüşün xarakteri və bir-birini qətlindən sonra, meyitlərin mizanı ilə müəllif aktual mesaj verir: hakimiyyət uğrunda ambisiyalardan, lazımi məqamda güzəştə getməməkdən heç kəs fayda götürmür və bu mübarizədə qalib tərəf yoxdur.
Emosional və məzmunca güclü, təsirli səhnələr, dialoqlar təkcə peşəkar akyor oyununun yox, eyni zamanda dəqiq seçilmiş planlar, rakurslar, montaj həlli, mənalı pauzalar, rəssam işi (Mayis Ağabəyov) və s. sayəsində baş tutur. Babəki sevən iki qadının ilk tanışlıq səhnəsində Babəklə Zərnisənin (Amaliya Pənahova) lakonik dialoqu, effektiv, dolğun portret planları, psixoloji mizanlar sevgi üçbucağının mahiyyətini dəqiq xarakterizə edir. Belə epziodlardan biri də ata ilə oğul Buğday (Məmməd Verdiyev) arasındakı münasibətin təsviridir. Ata-oğul konflikti tədricən sərkərdə-döyüşçü müstəvisinə keçir.

Filmin əsas ağırlıq mərkəzi sözsüz ki, Babək rolunun ifaçısı Rasim Balayevin öhdəsinə düşür. Rasim Balayevlə “Nəsimi” filmində işləyən Seyidbəyli onu “Babək”ə baş rola təsdiq edir. Bəziləri “Nəsimi”dən sonra rejissorun bu addımı risk kimi qəbul edir. Lakin Eldar Qulyevin də onun seçimini dəyişməməsi, alınan nəticə Seyidbəylinin rejissor intuisiyasının dəqiqliyini və aktyor seçimindəki peşəkarlığını göstərir.

Rasim Balayevin qəhərmana, cəngavərə xas xarizması, duruşu, ikinci plandakı mükəmməl oyunu, çətin psixoloji vəziyyətlərdə sükutuyla, bədən diliylə təmkinli ifası, gözləri ilə danışması, səsinin, intonasiyasını gücü, soyuqqanlı və emosional vurğuları doğru zamanlaya bilməsi oyununun uğurunu təmin edir.

Fikrimi arqumentləşirmək üçün iki epizodu misal çəkmək istəyirəm. Yuxarıda qeyd etdiyim bir epizodda oğluyla konfliktdə o, ata statusundan sərkərdə kimliyinə orqanik keçdiyi kimi, oğlunun ölümünə reaksiyası zamanı da sərkərdə statusundan ata kimliyinə keçiddə hisslər ardıcllığını dəqiq oynayır. Və ya qəddar, paranoik təbiətli xəlifə Mötəsim (Hamlet Xanızadə) əsir Babəki sındırmağa çalışdığı epizodda da o, sadəcə təsvirin diliylə reaksiya verir.

Filmdə ədalət və müabrizlik simvolu kimi təqdim olunan Babəkin tədricən çöküşünü görürük: dostlarının ölümünün, bəzi silahdaşlarının xəyanəti, sevdiyi qadın tərəfindən tərk edilməsi, oğluna olan məyusluq üzündən dərinləşən kədəri, ağırısı. Lakin yenə də onun daxili müqaviməti sarsılmır. Son epizodlardan birində həmişə qələbəlik olan masanın arxasında Babəkin təkliyi onun tənhalığının və məğlubiyyətinin vizual şərhidir.

Əsgərləri ilə Həmədana kömək məsələsi müzakirə olunan səhnədə məkanın atomosferində, kompozisiyada Leonardo da Vinçinin məşhur “Sonunu şam yeməyi”nin əsərinin estetikasında istinad olunur. Yeri gəlmişkən belə bir məkan atmosferi ayrı-ayrı səhnələrdə də işlənir. Milsaçün, Afşinin (Həsənağa Turabov) ittifaq təklifini çatdıran elçinin Babəkin nəhəng kölgəsi fonunda kiçilmiş vücudü epizodu. Gah lirik, gah döyüş ruhlu, gah folkor musiqisi (bəstəkar Polad Bülbüloğlu) epizodları tamamlayır.
Sovet dönəmində çəkilən filmlərdə açıq səhnələrə məhdudiyyətlər vardı. Ona görə o dövr rejissorlalmızın filmlərində erotizm eyhamlı, incə estetika ilə işlənir. “Babək” də istisna deyil. Və erotizm təkcə Zərnisənin ehtiraslı baxışlarında təcəssüm olunmur. Burda rəssam işi də önəmli yer tutur. Qədim interyerdə qırmızı rəng xüsusi vurğulanır, məkanda dekorlarla, onları dnüzümü və rənglərlərə intimlik şəraiti yaradılır.

Uğurlu epizodlardan biri Babəkin Pərvinlə (Tamara Yandiyeva) sonradan qarşılaşması səhnəsidir. İbn Bəisin (Səməndər Rzayev) düzənlədiyi məclisdə şəhvətli fraqmentlərlə Pərvinlə Babəkin baxışlarındakı dərin sevgi paralel verilir və bu məzmun, vizual ziddyyətini ortaya qoyur.

Çəkilişlər Naxçıvandan başqa, Ramana qalasında, kinostudiyanın pavilyonunda, Surxanıdakı "Atəşgah" məbədində aparılıb. Bəzz qalası çəkilişləri Naxçıvanla Culfa arasında olan məkanda lentə alınıb. Bəzz qalası Mayis Ağabəyovun tərtib etdiyi dekorasiya əsasında hazrılanmışdı.

Döyüş səhnələrinə "Mosfilm"in "Kavaler polku"nun diviziyası, əsgərləri, həmçinin Naxçıvan sərhəd qoşunlarının əsgələri cəlb olunub. Azərbaycandan başqa, Gürcüstanda, Daşkənddə, Moskvada 16 fabrik film üçün 1500 dəstdən artıq paltar tikib.

Babək roluna Aleksandr Abdulov, Həsənağa Turabov, Mikayıl Mirzə sınaq çəkilişlərinə dəvət olunsa da, nəticədə Rasim Balayevin üzərində dayanılır. Seyidbəylinin qurluşunda isə Zərnisəni Şəfiqə Məmmədova, Pərvini isə Həmidə Ömərova oynamalıydı.

# 12448 dəfə oxunub

Müəllifin son yazıları

# # #