Nitsa terrorunu o rejissorlar əvvəlcədən necə bilmişdi?

Nitsa terrorunu o rejissorlar əvvəlcədən necə bilmişdi?
20 iyul 2016
# 13:14

"Sadə sürreal akt odur ki, əlində tapança küçəyə çıxıb düşünmədən, ağına-bozuna baxmadan kütləyə güllə atasan. Və əgər kiminsə, hazırda fəaliyyətdə olan kiçik alçaltma və təhqiretmə sistemi ilə bir dəfə də olsun haqq-hesab çəkmək arzusu olmayıbsa, demək, onun özünün həmin kütlədə dəqiq müəyyənləşmiş yeri var və qarnı tapançanın lüləsi altındadır.”

Ötən həftə Nitsada Bastiliyanın alınmasını qeyd edən insanları məhz ağına-bozuna baxmadan güllələlənməsi aktına sosial şəbəkədə dostlardan biri bu sitatla münasibət bildirmişdi.

Andre Bretonun “Sürrealizmin ikinci manifesti”ndən sitatı oxuyandan sonra sürrealizmin tarixini yenidən gözdən keçirdim.

Bəzən məni terminlər işlətməkdə qınayan, tanımadıqları isimləri oxuyanda əsəbləşən, məlumat almaq üçün Google-da axtarışa ərinən tənbəl oxucu qismini maarifləndirmək üçün qısa bilgi verim.

Andre Breton (1896-1966) fransızdır, ixtisasca həkim olub, şeir, nəsr yazıb və sürrealizmin ideoloqudur.

Freydin psixoanaliz nəzəriyyəsindən təsirlənən sürrealizm 1920-ci illərdə formalaşmış sənət cərəyanıdır, mənası realizmin fövqü deməkdir. Sürrealistlər insanın altşüurundakı düşüncəni əsl həqiqət, gerçək sayırdılar. Onlar əmindilər ki, yuxu ilə reallıq arasında sərhəd yoxdur, başqa cür desək, yuxunu reallığın bir vəziyyəti kimi qəbul edirdilər. Sürrealistlər altşüuru incələməklə insanın deməyə cəsarət eləmədiyi intimliyi əsərlərində açıq göstərir, reallığın, şüurun əsarətindən qurtulmaq istəyirdilər.

Narahatlıqlarını, mənəvi eybəcərliyə uğramış dünyanı göstərmək üçün absurd, ziddiyyətləri birləşdirmək, irassionalizm, ironiya, fantasmaqoriya kimi ifadə formalarından yararlanır, xaosu metod kimi seçir, ondan görünən gerçəkliyi dağıtmaq üçün bəhrələnirdilər.

İlk baxışda Bretonun tükürpədici “ağına-bozuna baxmadan güllələmək” sitatıyla Nitsadakı qətliamın mahiyyəti arasında fərq yoxdur. Amma görünən hər şey mütləq həqiqət deyil. Çünki Bretonun məqsədi ilə Nitsadakı terrorun məqsədi arasında fərq sözsüz ki, mövcuddur.

Sol düşüncəyə yaxın sürrealistlərə görə dünyanı dəyişməkdən ötrü öz şüurundan başlamalısan. Və ən əsası sürrealizm insanın hüdudsuz azadlığı üçün vasitəydi, onlar insanın sosial, mənəvi azadlığının tərəfdarı idi. Təsadüfi deyil ki, Breton “Sürrealizmin birinci manifesti”ndə “məni ruhlandıran tək şey “azadlıq” sözüdür” yazırdı.

Bretonun “kütləni ağına-bozuna baxmadan güllələmək” azadlığını özünə icazə verməsi (nəzəri olaraq) fərdin mütləq azadlıq israrından, məhdudiyyətlərə, qadağalara etirazdan doğurdu. Nitsadakı qətliam isə əksinə, fərdin azadlığını məhdudlaşdıran akt idi. Bunu Erkin Qədirlidən dəqiq analiz edə bilməyəcəm: “Terrorun məqsədlərindən biri dövləti toplumda azadlıqları məhdudlaşdırmağa təhrik etməkdir. Çünki, dövlət, təhlükəsizlik məqsədləri üçün azadlıqları məhdudlaşdırmağa başlayarsa, vətəndaşların özəl həyatlarına və onunla bağlı haqq və maraqlarına müdaxilə etməli olacaq. Vətəndaşlar, təbii ki, bundan narazı və narahat olacaqlar, dövlətin legitim gücünə şübhə etməyə, ona qarşı çıxmağa başlayacaqlar. Dövlət də çox çətin seçim qarşısında qalacaq - terrorçuların qanunsuz gücünə qarşı özünün qanuni gücündən istifadə etməklə vətəndaşların qanuni azadlıqlarını azaltmaq. Problem ondadır ki, vətəndaşların azadlıqlarını azaltmaqla, dövlət öz gücünü də azaltmış olur. Terroristlərin istədiyi də budur.”

Bretonun sitatının Nitsadakı qətilamla əlaqəsi olmadığını anlamaq üçün bu cərəyanın meydana gəlmə səbəblərinə də nəzər salmaq yetərlidir. Sürrealizm Birinci Dünya Müharibəsinin fonunda meydana gəlmişdi. Breton müharibəyə getmişdi, amma döyüşçü kimi yox, həkim kimi. Müharibə onun dünyagörüşündə mühüm rol oynamışdı, şairlər Giyom Apolliner, Filipp Supo, Lui Araqonla tanış olmuşdu. Bu tanışlıq dünya incəsənətində inqilabi hərəkatın - sürrealizmin əsasını qoymuşdu.

Bu, o dövr idi ki, müharibənin dəhşətlərindən sivilizasiya, insanlıq böhran keçirirdi, yaşam mənasını itirirdi. Və böhranda ruhun sınmasından qorunmaq üçün dəyərlərin yenidən dəyərləndirilməsinə, yeni istiqamətdə fəaliyyətə, yeni baxışa ehtiyac vardı. Biz bunu öz təcrübəmizdən də bilirik. Sınmamaq üçün ətalətə, sükunətə boyun əyməmək, var-gücünlə fəaliyyətə özünü təhrik eləmək, həyata tutunmaq, yaşamağında, mövcudluğunda məna tapmaq üçün irreal ideyalara belə yönlənmək, nəyin bahasına olursa-olsun hərəkətdə olmaq. Belə bir siyasi, sosial, mənəvi böhran dövründə sürrealizm gəncləri sınmaqdan, ətlalətdən qorumaq vasitəsinə çevrildi. Onlar aqressiv idilər, qiyamları epataj xarakteri daşıyırdı - kapitalist dəyərlərini ələ salırdılar, burjua tədbirlərində dava salırdılar, azadlığa qoyulan hər cür qadağaya etinasızdılar. Hətta o qədər sinik idilər ki, Anatol Frans öləndə “Meyit” adlı təhqiramiz pamflet yazmışdılar. “Fransız ədəbiyyatının sonuncu qoca yazıçısı öldü” deyib sevinirdilər, Bretona görə, bununla da onlar “məkri, ənənəçiliyi, opportunizmi, skeptisizmi, realizmi və vicdansızlığı dəfn elədilər”.

Bretonun yozumunda “güllələmək” fiziki məhvdən çox, bu anlamlara gəlirdi.

“Ağına-bozuna baxmadan kütləyə güllə atmağı” təklif edən Breton qan tökməmişdi, Hind-Çində və Əlcəzairdəki müstəmləkəçiliyə qarşı fəal mübarizə aparmışdı. Digər fransız intellektualları kimi Fransanın Əlcəzairdə azadlıq hərəkatının boğmasını ifşa edən “121-lər Manifesti”ni imzalamışdı.

Hərçənd, fakt budur ki, Breton manifestin mahiyyətinə varmayan şüurları təxribata çəkəcək, digər sürrealistlərlə fikir ayrılığına səbəb olmuş “Sadə sürreal akt odur ki, əlində tapança küçəyə çıxıb, düşünmədən, ağına-bozuna baxmadan kütləyə güllə atasan” təhlükəli fikrin müəllifidir. Demək istəmirəm ki, terrorçular sürrealizmdən təsirləniblər, 1929-cu ildə yazılmış bu manifestdən xəbərdardırlar. Bu, yəqin absurd olardı.

Fransa həmişə fərqli, azad düşüncəyə görə başqa cəmiyyətlərdən qovulanların, epataj kimi qarşılanan elmi ideyaların hərəkətvericisi, məkanı olub. Avropa tarixində dönüş nöqtəsi olan Böyük Fransa İnqilabının “azadlıq, bərabərlik, qardaşlıq” şüarına Bastiliyianın fəthi günüdə güllə atılır, azadlıq terror edilir. Sürrealizmin prinsiplərinə əsaslansaq, terrorçuların məqsədi - antiislam dünyası ilə haqq hesab çəkməkdən çox, onların alt şüurundakı gerçəyi - azadlığa nifrətini üzə çıxarır, əməlin əsasında azadlığı insanın kabusuna çevirmək ideyası dayanır.

Kinoda sürrealizmin şəksiz lideri Luis Bunuelin “Azadlıq kabusu” adlı filmi var. 1974-cü ildə çəkilib. Filmin bir səhnəsində terrorçu Parisin küçələrində kimi gəldi güllələyir. Nitsadakı terrorçu kinodünydan reallığa gəlir.

O, insanların yaşamaq, seçim azadlığını kabusa çevirir, xofu təlqin edir.

Bunuelin “Sizin azadlığınız yalnız kabusdur” öncəgörməsi 42 il sonra Nitsada reallaşır.

Və Nitsada həm də Bretonun “Sadə sürreal akt odur ki, əlində tapança küçəyə çıxıb, düşünmədən, ağına-bozuna baxmadan kütləyə güllə atasan” fikri maddiləşir.

Nitsadakı qətliam da sürreal aktdır: əlinə tapança alan biri, kimi gəldi güllələyir. Sürrealizmdə ziddiyyətlərin birgəliyi, uyğunluğu motivi - yəni Bretonun “azadlığa görə güllələmək” və Nitsadakı terrorçunun “azadlığı məhdudlaşdırmaq üçün” güllələməsi kimi ziddiyyətli uyğunluq nə qədər kədərli olsa da, XXI əsr sürrealizmində ideal həllini tapır.

Bunuel amansızca “Azadlıq kabusu” filmində hər şeyi baş-ayaq edir, azadlığı güllələyən terrorçu həbs olunmur, əksinə kütlə onu sevgiylə qucaqlayır, avtoqraf alır, şəkil çəkdirir.

“Azadlıq kabusu” günümüz üçün təhlükəli mesajını verir: Fərdin qorxudan onun azadlığını kabusa çevirən qüvvənin köləsi olması..

Dünyaya qarma-qarışıq, qarabasma kimi baxan, realizmin fövqünü görən sürrealistlərin əndişələri – Dalinin “Vətəndaş müharibəsinin duyulması”, Rene Maqrittin “Zorakılıq” tabloları, Bunuelin filmləri XXI əsrdə sürətlə, hər gün hər yerdə daha dəhşətli, daha əcaib formada reallaşır.

Və daha dəhşətlisi - çıxış yolu görünmür...

# 1140 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #