“Yafəsə gerçək bir etiraf, alqış, tərif lazımıydı, onu alan kimi rahatlaşıb öldü…” - Nadir Yalçın

“Yafəsə gerçək bir etiraf, alqış, tərif lazımıydı, onu alan kimi rahatlaşıb öldü…” - Nadir Yalçın
21 iyun 2024
# 18:04

Kulis.az Nadir Yalçının yeni yazısını təqdim edir.

Ötən bahar dünyadan ayağını üzməmişdi tanıdığımız bəzi insanlar. Gələn bahar indi ülfətimiz olan bəzilərini arayıb-axtarıb tapmaycağıq. Ən kədərlisi elə bu bahardı — ötənlərin ağrısı, gələnlərin qorxusu…


Baharla vidalaşıb yaya qədəm qoyduğumuz bu gündə nədənsə birdən-birə Yafəs Türksəs yadıma düşdü…


İki il əvvəlki bahar — İlham Əzizin 50 illiyində Yafəs də masa arxasındaydı. Sakit, təmkinli, qaradinməz əyləşmişdi, dindirsən dinərdi, dindirməsən hay-küy hardan çox gəlirdi, ora boylanardı. 100, 150, 200… Qramlar artdıqca Yafəsin də sinəsi açılırdı, qırışları itirdi, səsi adda-budda qulağa dəyirdi. Yafəs özü də adda-budda adam idi, tam rahatlığı, tam xoşbəxtliyi yox idi, biri vardı, biri yox misalı ömür sürürdü. Baməzə söhbətləri, onunla bağlı maraqlı əhvalatlar söz camiyəsində dillər əzbəri olsa da, özünə yer tapa bilmirdi Yafəs…


Həmin məclisin gur yerində ayağa qalxıb söz istədim. Fəxri Uğurlu, Yusif Rzayev, Seyfəddin Hüseynlidən tutmuş Şərif Ağayar, Mübariz Örənə qədər sözün qiymətini bilən insanlar fikrini-zikrini mənə yönəltdi. Yafəs Türksəsin “Oğlum Şəhriyara” şeirini dedim. O şeir necə yana-yana yazılmışdısa, elə yana-yana da dedim. Mən də kövrəldim, sözün qiymətini bilənlər də. Amma Yafəs kövrəlmədi, o qabarlı, iri əllərini üzünə tutub ağladı. Yafəs birdən-birə çevrilib əynindəki boz pencəyinə bənzədi. Hamı bir ağızdan şeirin gözəlliyindən danışdı, bir ağızdan “Sağ ol, Yafəs!” dedi.


Seyfəddin Hüseynli Yafəs öləndən sonra o məclisi yada salıb dəhşət və dəqiq bir cümlə işlətdi: “Yafəsə gerçək bir etiraf, alqış, tərif lazımıydı, onu alan kimi rahatlaşıb öldü…”


“Oğlum Şəhriyara” şeiri gözəldi, kədərlidi, həyatidi… Bəlkə də, məsələn, həmin şeiri filologiya fakültəsində oxuyan 3-cü kurs tələbəsi Nərminə oxusan, bəyənməyəcək, çünki Yafəsi tanımır. Yafəs o şeirdə öz həyatını birəbir yazıb, özü də yana-yana. O üst-üstə düşən daşlardı bizim ”Oğlum Şəhriyara” sevgimizi artıran.


Baharın yayla əvəzləndiyi bu gündə Yafəsi rəhmətlə anıram. Allah günahlarını bağışlasın!


Oğlum Şəhriyara


Oğlum Şəhriyar necə də mənə oxşayır
Dünyaya təzədən gəlmək istəyimdən yaranıb o.
Arxada buraxdıgım səhvlərin çoxlugundan
yaranmışdı bu istək.
Ən xırda səhvlərin üstündə möhkəmcə döyərdim kiçik qardaşımı.
Çox hikkəliydim o zamanlar
Hikkəmi yelə verdi zaman
Əzə-əzə muma döndərdi məni.
İndi özündən kiçik qardaşını döyməyi qadagan eləmişəm oglum Şəhriyara.
Bənna atamın divara uygun axtardıgı qara daşın ən gözəlini mən tapardım,
Amma, həyatda yerimi tapa bilmədim.
İlk sevdiyim qızı qaçırmaq istəmədim,
Əvəzində bəxtimi əlimdən qaçırdım.
Anamın son tikəsini də əlindən alardım
Sanardım gizlində çoxlu yeməyi var!
On yaşlı bacımla xəstə anamın
xalça toxumaqla qazandıgı çörək
acı dadırdı boğazımda!
Kasıbçılıqdan xilasımıza yeganə ümüdümüz olan
Son kurs tələbəsi qardaşımın
Qəfil vəfatından sonra
Uçdu bu dünyanın bənnasına
bəslədiyim inam divarı!
Sevdiyim qızların heç birini ala bilmədim
əlim çörəyə çatanacan uçub getdilər.
Dünyanın ən aşılmaz səddiymiş kasıbçıçıq.
Oglumla eyni ölçülü paltar geyəndən
əynim sevinməyib,
Özümə aldıgım təzə paltarları,
birinci ona uzadıram.
Anası onun cibindəki
sevgi məktubunu cıranda
İçimdə qırıldı nəsə..!
O qədər yalanımı tutdu ki,
düzlüyü öyrədə bilmədim ona.
Neyləyim söz verdiyimi
edə bilmirdim..!

# 3172 dəfə oxunub

Oxşar xəbərlər

Modern təfəkkürlə qədim köklərin kəsişdiyi nöqtə - "İmereti – Anam mənim" tablosu

Modern təfəkkürlə qədim köklərin kəsişdiyi nöqtə - "İmereti – Anam mənim" tablosu

14:30 20 avqust 2026
İmpressionizmin ən böyük kolleksioneri - Paris Salonu onun əsərini niyə rədd etmişdi?

İmpressionizmin ən böyük kolleksioneri - Paris Salonu onun əsərini niyə rədd etmişdi?

18:30 19 avqust 2026
"Ana, həyat yenicə başlayırdı..." - Məşhur "Bohemian rhapsody" necə yarandı?

"Ana, həyat yenicə başlayırdı..." - Məşhur "Bohemian rhapsody" necə yarandı?

16:30 19 avqust 2026
Baş mələk Mikayılla İblisin təsvirini çəkən rəssam - Qvido Reninin məşhur əsərləri

Baş mələk Mikayılla İblisin təsvirini çəkən rəssam - Qvido Reninin məşhur əsərləri

18:00 18 avqust 2026
"Niyə məni bəyənmirsən?.." - "Grace Kelly" necə yarandı?

"Niyə məni bəyənmirsən?.." - "Grace Kelly" necə yarandı?

15:30 18 avqust 2026
Kubizmlə futurizmin sintezi, sənətdə sənayeləşmə...- Umberto Boççoninin məşhur əsərləri

Kubizmlə futurizmin sintezi, sənətdə sənayeləşmə...- Umberto Boççoninin məşhur əsərləri

18:30 17 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər