Kulis.az-ın suallarını toylar əleyhinə müraciət müəlliflərindən biri Salam Sarvan cavablandırır.
- Toy əleyhinə müraciət ideyası kimdən gəldi?
- Bu barədə əvvəllər də düşüncələrimiz vardı, dəfələrlə köşə yazılarımızda öz narahatlığımızı ifadə etmişik. Müraciət isə mən, Murad və Aqşinin birgə söhbətlərimizin nəticəsi olaraq ortaya çıxıb. Bu o qədər qabarıq problemdir ki, istər-istəməz söhbətlərdə üç mövzudan birinə çevrilir. Axırıncı dəfə bu barədə danışanda belə qərara gəldik ki, bunu hansısa formada özümüz üçün həll etməliyik. Niyə deyirəm özümüz üçün? Biz bu müraciəti imzalayanda bunun ictimai ajiotajına, ictimai faydasına iddia eləməmişik. İlkin niyyət özümüzü xilas eləməkdən ibarət olub: biz getmirik, bizi dəvət etməyin. Bunu fərdi şəkildə də etmək olardı. Qohumlara, yaxınlara deyə bilərdik ki, toylarla qurtarmışıq, bizi toya dəvət etməyin. Amma düşündük ki, bəlkə özünü xilas etmək istəyən başqa insanlar da var, buna görə ictimailəşdirmək qərarına gəldik. Həm də zəif də olsa bir ümidimiz də vardı ki, bəlkə bu müraciətin ictimai effekti də oldu. Bu, olacaqsa lap yaxşı, olmayacaqsa, yenə də deyirəm, bizim özümüzü başdan ayağa saxta olan bu prosesdən yayındırmamız da kifayətdir.
- Reaksiyalar sizi qane etdimi?
- Rayona getmişdim, indi gəlmişəm və görürəm ki, müəyyən effekt verib. Bu hamını narahat edən məsələdir. Ancaq bir iş var: Facebookda səhifə açacağıq, görək, bu məsələdən adi halda narahat olanlar peal əməldə özlərini necə aparacaqlar.
- Öz yazılarında toyları tənqid edənlərin bir çoxu müraciətə qoşulmayıb. Bu, sizi narahat etmir ki?
- Bu problem haqqında təkcə yazarlar yox, hamı danışır. Biz yaxın günlərdə insanların nə qədər səmimi olduğunu görəcəyik. Müraciətə daha çox adam imza atsa, ictimai faydası da çox olar. Bu cür problemlərin həll etməyin bir yolu da nəyisə dəbə salmaqdır. Biz ümumiyyətlə toylardan imtina etmirik ki... Toyların indiki xarakterindən, indiki fəlsəfəsindən imtina edirik.
- Bəzi insanlar deyirlər ki, ideya yaxşıdır, ancaq heç bir faydası olmayacaq, buna görə də müraciətə imza atmaq istəmirik...
- Bunun ciddi ictimai effekti olmaya da bilər, bu, bizi narahat etmir. Bizim problemi kökündən həll etmək inamımız və iddiamız yoxdur. Sadəcə biz özümüzü problemlərdən kənara çəkirik. İctimai effekt sonrakı məsələdir, olsa, lap yaxşı.
- Lap yaxın qohumun toyuna necə getməmək olar?
- Sabah mənim əmim oğlunun toyudur. Əmimin bu müraciətdən xəbəri var deyə məni toya dəvət eləmədi. Zəng elədi, gülə-gülə dedi ki, “Salam, zəng elədim sənə deyəm ki, səni oğlumun toyuna dəvət eləmirəm...”
- Bir müddət öncə “Mərasimlər haqqında” qanunun qəbulu gündəmdə idi. Necə düşünürsünüz, qadağalar qoymaqla bu məsələni həll etmək mümkündür?
- Məncə bu problemi qanunla həll etmək çətin məsələdir. Bu, cəmiyyət üzvlərinin öz münasibətindən asılı olan məsələdir. İradə göstərmək lazımdır. Təəssüf ki, ortaya qəribə şeylər çıxır. Görürsən, cavan oğlandır, bir müddət sonra özünün toyu olacaq, ona görə gözləmə mövqeyindədir. Olmadı ki bu... Gözümüzün qabağında modelllər var. Toya əlli nəfərdən artıq qonaq dəvət etmirlər. Toylar bizimki kimi dəbdəbəli deyil. Dəvət olunanlardan da nəmər ummurlar. Ürəyi istəyən hədiyyə alıb gətirir. Türklər bizim toylarda iştirak edəndən sonra dəhşətə gəlirlər ki, ”Bizdə bu cür toyları ancaq Koç və Sabançı ailəsi keçirərdi”. Həyatımızın ağır vəziyyətində onu öz əlimizlə bir az da ağırlaşdırmağın nə anlamı var axı? Ömrü boyu görmədim ki, kimsə toydan razı getsin. Keyfiyyətsiz akustika, biabırçı və şablon ssenari, repertuar bayağılığı kimə xoş gələr? Bir şeyi də deyim, yanlış başa düşülməsin. Bəzən elə hal olur ki, bir toplumun canından virusu çıxarmaq üçün maarifçilik effekt vermir. Yəni, topluma zor tətbiq etmək lazım gəlir. Yəni pozitiv vərdişlərin zor tətbiq edəndən sonra yaranması da mümkündür. Mən bir neçə il əvvəl bir yazı yazmış Vasif Talıbova təşəkkür etmişdim, yas məclisləri ilə bağlı atdığı addımlara görə...
- Ayda nə qədər toya gedirsiniz?
- Bu ay yeddi toya getmişəm. Minimum 50 manat da pul yazdırmışam. Gəlirim ayda yeddi toya getməyə imkan vermir axı. Bu, nə zülümdü, bir-birimizə eləyirik?
- Müsahibəyə başlayanda dediniz ki, rayondan gəlirsiniz. Deyəsən müraciətə imza atandan sonra toya getmişdiniz...
- Bu dəvətnaməni müraciəti imzalamamışdan üç gün qabaq almışdım. Və gələcəyimə də söz vermişdim. Bu, iştirak etdiyim axırıncı toydur. Yenə deyirəm biz könüllü və səmimi mövqe ortaya qoymuşuq. Həm maddi, həm də mənəvi baxımdan öz xeyrimizə olan mövqe... Qaldı prinsipiallığa, məsələnin qoyuluşu belədir: əgər söhbət ictimai faydadan gedirsə, müraciətə qoşulan vədinə əməl etməli, heç bir toya getməməlidir. İstisna hal ola bilməz.
- Belə çıxır ki, şair Qismətin bu günlərdə baş tutacaq toyuna getməyəcəksiniz?
- Yox. Bu müraciətdən sonra Qismət yəqin ki bizə dəvətnamə göndərməyəcək. Çünki biz artıq xahiş etmişik ki, bizi toya çağırmayın. Görürsünüz, bəzi məsələlər öz-özünə necə rahat həll olunur ... Heç kim də heç kimdən incimir. Qisməti çox istəyirəm, ancaq yəqin ki məni başa düşər. İnanıram ki, toyundan sonra Qismət özü də bu müraciətə qoşulacaq, mütləq qoşulacaq. Qismət də bu cür düşünən adamlardandır, ancaq indiki halda onu başa düşürəm, yəqin toy təşkilatçılığı əvvəllər başlayıb, indi geriyə addım mümkün deyil. Amma bizim gənc yazarlar arasında xeyli subay var, yaxşı olardı ki, nümunə göstərsinlər. 50 nəfərdən çox adam dəvət eləməsinlər. Əgər o 50 nəfərin içində mənim də adım olarsa, sevinərəm, toyda məmnuniyyətlə iştirak edərəm, təbii ki, nəmərsiz...
- Sizin öz toyunuzda 50 nəfər iştirak etmişdi?
- Bunu elə-belə deyirəm, postmodernizmin prinsiplərindən biri də ironiyadır. Əslində şadlıq evindəki toy çadır toyuna ironiya etməli idi. Amma indi, əksinə, çadır toyları şadlıq evlərindəki toylara ironiya edir. İndi “post” çadır toylarıdır. Kənd toylarında dəbdəbə bu qədər deyildi. İki cür yemək verilirdi: sulu yemək və plov. Salat adına bir turşu qoyurdular, bir də göy-göyərti. İki mağar qurulurdu: qonaqlar yeməklərini yeyib keçirdilər o biri mağara. Hər halda çadır toyu şadlıq evindəki toydan qat-qat maraqlı idi. Ancaq bu model də model deyil. Ümumən, bunlar detallardır. Söhbət ondan gedir ki, azərbaycanda evlənmək hadisəsinin bütövlükdə mahiyyəti saxtadır. Sadəlövh deyiləm, bilirəm ki, biz bu biabırçı ənənəni laxlada bilməycəyik.
Biz hələ detallardan danışırıq ki, nəmər məsələsi ilə qurtarmaq lazımdır. Böyük toyu başa düşdük, bəs sünnət toyu nədir? Dəhşətli vəziyyət yaranıb, insanlar özünə ad günü keçirir və yenə də nəmər yığırlar. Kiminsə uşağı birinci sinfə gedir, banket düzəldir, yenə də nəmər yığır.
Ağa Cəfərli
“Müraciətə imza atandan sonra toya getdim”-MÜSAHİBƏ
31 oktyabr 2012
14:32
3366 dəfə oxunub
Oxşar xəbərlər
Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri
14:00
10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor
13:00
9 dekabr 2024
Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə
09:00
9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi
10:00
7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi
17:00
6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü
12:00
6 dekabr 2024