Ded Xasanı kimlər öldürdü?

Ded Xasanı kimlər öldürdü?
30 yanvar 2014
# 09:00

“Ded Xasan” kimi tanınan kriminal avtoritet Aslan Usoyanın Moskvada öldürülməsi xeyli müddətdir ki, ciddi şəkildə müzakirə edilir.

Kim öldürüb Usoyanı?

Versiyalar:

Güc strukturları, yoxsa Aleksey Suvorov? Merab Canqveladze? Bəlkə Rövşən Canıyev? Bəlkə Rudik Bakinskinin adamları, bəlkə də başqaları?

“Vne zakona” jurnalı və MBN mətbuat agentliyi yazırdı ki, Usoyan Rusiyada Yaponçikin ölümündən sonra “mafiyanın ən məşhur xaç atası” hesab edilirmiş.

Kriminal aləmin 2013-cü ildə qanlı döyüşə hazırlaşması barədə Moskva KİV-də yer alan xəbər Aslan Usoyanın ölümü ilə təsdiqlənmiş oldu. Qeyd edək ki, kriminal aləmdə gözlənilən müharibə barədə məlumatlar hələ dörd il öncə və 2012-cü ilin sonlarında yayılmışdı.

Variant 1

Güc strukturları

“Novaya qazeta”nın müxbiri Sergey Sokolovun versiyasına görə, qətlin hazırlanması güc strukturlarının bilavasitə yaxından iştirakı ilə həyata keçirilib: “Mən güman etmirəm ki, hər hansı polis zabiti kimi isə qətlə yetirib, amma onların Ded Xasan haqqında topladıqları informasiyanı xırdalıqlarına varmadan maraqlı dairələrə, hətta killerlərə ötürmək imkanları olub. Bizlərdə belə hallar çox olub. Belələri “narujka”da çalışırlar. Belə bölmələrin əməkdaşlarını sifətdən kimsə tanımır. Onları “razvedçiklər” adlandırırlar. Onların ad və familiyalarını heç idarənin rəisləri də bilmir, maşınlarını QAİ işçiləri saxlamaq, yoxlamaq iqtidarında deyillər. “Neproveryayka” adlandırılan “narujka”nın “razvedçik”ləri yalnız birbaşa tabe olduqları rəislərinə hesabat verirlər. Əgər həmin faktlar cinayət xarakterlidirsə, iş “soverşenno sekretno” qrifi ilə möhürlənir. Belə işlər heç vaxt adi müstəntiqin əlinə düşə bilməz. Onların qırmızı xətlə işarələnmiş vəsiqələri Lyubyanka meydanındakı FSB-nin xüsusi kartotekasında saxlanılır və adətən hər maşın ekipajı “vodilo” və iki “taptun”dan ibarət olur. “Obyekt”in kimliyindən asılı olaraq ona bir, yaxud bir neçə ekipaj təhkim olunur. Rəhbərlik çalışır ki, “razvedçiklər” “obyekt” haqqında mümkün qədər az məlumatlı olsunlar. “Taptunlar” günəmuzd işləyir, hər gün üçün 150 dollar qazanırlar. “Obyektlər” haqında sual vermək qadağan olunub, “az bilirsənsə-çox işləyəcəksən” prinsipi hamıya aiddir.

“Novaya qazeta”nın digər reportyoru Sergey Kanev də Aslan Usoyanın güc strukturları tərəfindən qətlə yetirilməsini sübut etməyə çalışır. Onun dediyinə görə, Ded Xasan Moskvaətrafı şəhər və qəsəbələrdə “haqq” yığarkən prokurorluq orqanları, istintaq komissiyaları və FSB zabitləri ilə yaxından əməkdaşlıq edir, onlara küllü miqdarda rüşvət verirdi. Kanevin versiyasına görə, 2000-ci ildən başlayaraq Moskva vilayətinin prokurorları tərəfindən çoxpilləli rüşvət sistemi yaradılmışdı. Prokurorların “adamı” kimi vilayətdə böyük nüfuz sahibi olan biznesmen-kommersant Valeri Kazakov tanınırdı. Kazakov haqq verənlərdən pulları yığır, Moskvada daşınmaz əmlak, Qara dəniz sahillərində və xaricdə torpaq sahələri, mənzillər alırdı. Prokurorlardan savayı qubernator Boris Qromovun məsləhətçiləri, Moskva vilayəti deputatları, QUVD zabitləri və rayonunu tanınmış çinovnikləri Kazakovun xidmətlərindən faydalanırdılar.

2008-ci ildə Puşkin şəhər prokurorluğunun qapısı kənarında Kazakova bir neçə güllə vurulduqdan sonra boğazını da kəsdilər. Killerlərin Dmitri Lesnyakovun ( Les) banda üzvləri olduğu hamıya bəlli idi. Les 1999-cu ildən axtarışda olsa da, Andrey Seniçev və Ruslan Valentinovun adlarına aldığı saxta pasportlarla elə Pukin şəhərindəcə yaşayır və hətta bəzi şoulara sponsorluq da edirdi.

Puşkin qruplaşmasının digər profi-killeri “Verşina” ayamalı Andrey Verşinin isə Konstantin Qriqoryevin adına satın aldığı pasportla yaşayır, Ded Xasanın obşakından verilən “məvacib”lə dolanırdı. Tam araşdırılmamış siyahıya görə, lesin qruplaşması iyirmiyə yaxın qərl törətmiş, bir düjindən çox kommersantı əlilə çevirmişdilər. Tutulmuş banda üzvləri sifarişçilərin adlarını çəkmədilər, dörd killer isə aradan çıxaraq “dibə” oturdular. Güc strukturları əməkdaşları və prokurorluq işçiləri banda üzvlərinin əməllərindən agah olsalar da, tam başqa məsələlərin həlli ilə məşğul idilər – pullarını qazanırdılar.

Onların arasında sabiq Tuşino prokuroru Boris Nersesyan (hazırda axtarışdadır) və bu yaxınlarda Polşadan deportasıya olunaraq “Lefortovo” kamerasına oturdulan Moskva vilayət prokurorunun müavini Aleksandr İqnateko öz işdəkləri ilə nəzəri daha çox cəlb edirlər.

Kanevin araşdırmalarından görünür ki, Moskva vilayətindəki şəhərlərində çalışan prokurorların əksəriyyəti korrupsiya girdabında çabalayan rüşvətxorlar idilər və daha çox qazanmaq xatirinə hətta qanunu oğrularla əlaqə yaradırdılar. İşləri çətinə düşəndə isə daha çox informasiyası olanları aradan götürür ( Kazakov kimiləri), qaynayan qazanın qapağını qaldırmaqla nəzər diqqəti başqa səmtə yönəldirdilər.

Bu baxımdan Ded Xasan istər Moskvada, istərsə də paytaxtın ətrafındakı rayonlarda güc strukturları barədə olduqca böyük informasiyaya malik idi...

Variant 2

Qətldə slavyan əli

İş burasındadır ki, 2004-cü ildə Usoyan tərəfdaşı olan Avtandil Kobaşevidzeyə tapşırmışdı ki, “Uralmaş” və “Sentr” qruplaşmasının əməlləri ilə maraqlansın. Həmin qrupların liderləri Aleksandr Xabarov və Aleksandr Varaksin “xaç atası”nın konfrantasiyada olduğu qanuni oğrular – Karo və Trofa ilə isti münasibətdə işləyir, Dedi saya salmırdılar. 2005-ci ildə Xabarov mentlərin tikdiyi “torba” ilə tutulur və az müddət sonra SİZO-nun kamerasında özünü tavandan asmış halda tapılır. Məhbusların dediyinə görə, bir gün əvvəl Saşa kamerada deyib-gülür, yeyib içirmiş və onda intihar əhval-ruhiyyəsi hiss olunmurdu. Xabarovun yaxın ətrafı onun ölümündə Aslan Usoyanı təqsirkar sayırdı. Lakin nədənsə, prokurorluq Uralmaş qruplaşmasının liderinin ölüm işini araşdırmadan dayandırdı.

Arutyunovun araşdırması:

“İzvestiya” qəzetinin əməkdaşının (Aleksandr Arutyunov) apardığı araşdırmalarda qətldə slavyan barmağının izi olduğu barədə yazılırdı. Qeyd olunurdu ki, slavyan zakonniklər arasında böyük çəkiyə malik Aleksey Suvorov (Petrik) və onun yaxınları üç il əvvəl güllələnərək qətlə yetirilən İvankovun ölümünü məhz Usoyanın təşkil etdiyini dəfələrlə bildirmişdilər.

Operativniklər və jurnalistlər “xaç atasının” Troyekurovsk qəbiristanlığında baş tutan dəfnində və sonradan təşkil olunan “pominka”da slavyan avtoritetlərin iştirak etməməyinin səbəbini də məhz bu amildə görürlər. Ded Xasanla vidalaşan zakonniklərin böyük əksəriyyəti qafqazlılar idi. Slavyanlardan yalnız Vasya Voskres və Viktor Sezar mərhumun ruhuha dualar səsləndiriblər.

Verilən xəbərlərə görə, slavyan avtoritetlərin qəbristanlığa getmələrinə “zapret” qoyanlar – Petrik, Yuriy Esin (“Samosval”), Aleksey Zabavin (“Zabava”) və Sergey Aksyonov (“Aksen”) olub.

Qeyd eləmək lazımdır ki, Petrik hələ 2009-cu ildə Yaponçik qəbrə qoyulanda məzar başında: “ Söz verirəm ki, qətlin sifarişçisini tapacam və onun əvvəlcə qarnını, sonra beynini güllə ilə dolduracam” – demişdi. Bir il sonra Tver küçəsində killer Usoyanın başını deyil, məhz qarnını nişan almışdı. Yara ölümcül olmamışdı.

Bir il öncə Yunanıstanda Ded Xasanın tərəfdarlarınn iştirakı ilə keçirilən sxodkada çıxış edənlər Petriki oğru əqidəsinə riayət etməyən biri kimi “tərifləmişdilər”. Onlar Suvorovun Usoyan klanına qarşı duranlarla yaxın əlaqələrini tənqid atəşinə tuturdular.

Buna baxmayaraq, məsələ Petrikin tacının əlindən alınması həddinə çatmadı, çünki “Hiyləgər tülkü” İvankovdan sonra slavyan oğrular arasında nüfuzuna görə “nömrə bir” hesab edilirdi.

Versiyaların birinə görə, ehtiyatı heç vaxt əldən verməyən Petrik uzun müddət Yaponçikin qətlində günahkar bildiyi Usoyandan qisas almaq üçün lazımi anın yetişəcəyini gözləyirdi.

Belə fikirlərə səbəblər də az deyildi. İvankovla Ded Xasanın yaxınlığına baxmayaraq, söhbətlər gəzirdi ki, Yaponçik kriminal aləmin patriarxı Deduşka üçün əncəlli fiqur sayılırdı. İvankov daim Usoyandan yuxarı müstəvidə dayandığını hiss etdirmək naminə obşakdan düzgün istifadə olunmadığını xatırladır, başqalarının cəsarət etmədiyi iradlarını bildirirdi.

Petrikin fikrincə, Yaponçiki güc strukturlarının xüsusi təyinatlı əməkdaşı olan killer aradan götürmüşdü. Ded Xasanın DİN-də və FSB-də çalışan yüksək çinli zabitlərlə yaxın əlaqəsi isə kriminal aləm adamlarına sirr deyildi. Usoyan sadəcə, İvankovla Tariyel Oniani klanı arasında əlaqələrin kəskinləşəcəyi anı gözləyirdi. Həqiqətən də 2009-cu ildə Yaponçikə olunan sui-qəsddə bütün şübhələr Taronun üzərinə yönəlirdi.

İstina deyil ki, 50 yaşlı Petrik də analoji kombinasiyadan istifadə edərək Ded Xasanı aradan götürüb. Bu halda bütün əsas versiyalar Oniani qrupunun liderləri sayılan Merab Canqveladze ilə Rövşən Canıyevin üzərinə yönəlmiş olurdu.

Qətl haqqında mülahizələrini söyləyən xəfiyyələrdən biri MBN informasiya agentliyinə deyib:

- Petrik – çox ağıllı və ehtiyatlı adamdır. O, qrossmeyster kimi bir neçə gediş əvvəli fikirləşir. Təsadüfi deyil ki, onun daha bir kliçkası ( ayaması ) var – “Hiyləgər Lençik”.

Maraqlıdır ki, Suvorov (əsl soyadı Petrovdur) hələ 1990-cı illərdə “qafqazlı çernomazı”lara qarşı “müharibə”də Orexovski Silvestrlə birləşərək çeçenlər və digər “qaralar”ı Moskvadan qovmağa can atırdı.

Petriklə bağlı versiyada qətlə doğru uzanan xətlər çox olsa da, istintaqda barmaq ilişdirəsi dəqiq faktlar yoxdur. Kim öldürüb ...Usoyanı? Cüc strukturları, yoxsa Merab Canqveladze, bəlkə Rövşən Canıyev? Bəlkə Aleksey Suvorov, bəlkə Rudik Bakinskinin adamları, bəlkə də başqaları? Biz yəqin ki, heç vaxt patriarxın kim tərəfindən öldürüldüyünü bilməyəcəyik, – yazırdı “İzvestiya”.

Ümumiyyətlə, bu qətllə bağlı versiyalar həddən ziyadə çoxdur.

Qruplararası müharibə

Oğru aləmindən xəbərsiz adamlar bu cəmiyyətin monolit qaya kimi parçalanmaz olduğunu düşünürlər. Əslində belə deyil. Hələ lap 40-50 il əvvəl də qruplararası konfliktlər, bıçaqlaşmalar, ölümlə nəticələnən atışmalar olub.

Xarici turistlər üçün fəaliyyət göstərən “Yalta” mehmanxanasında baş verən məşhur bıçaqlaşma 80-ci illərdə cinayət aləminin avtoritetlərinin yaddaşlarından silinməyib. Moskva obşakına nəzarət edən Paşa Sirul “Yalta”nın barında çoxdan bəri nifrət etdiyi Vasya Oçko ilə rastlaşır. Bir neçə söz atışmasından sonra Paşa cibindən çıxardığı şvaykanı ( uzun tiyəli nazik bıçaq) Oçkonun sinəsinə saplayır. Təcili olaraq xəstəxanaya çatdırılsa da, Vasyanın həyatını xilas etmək mümkün olmur.

Variant - 3

“Xaç atası”nı Rudik Bakinskinin adamları qətlə yetiriblər”.

1996-cı ildə Ded Xasanın bu vaxtadək çox yaxın saydığı Rudolf Ohanovla konfliktləri yarandı.

Moskvanın Leninqrad prospektində yerləşən və erməni MCQ-nin döyüşçülərinin toplaşdığı Rudikə məxsus “Pomidor” restoranınn qarşısındakı inomarka maşınlar sırasına X482AA78 nömrə nişanlı “QAZ 31029” “Volqa” yaxınlaşdı. Sürücü tələsmədən avtomobildən düşüb arxadakı sağ qapını açdı və ordan çıxmağa çalışan qocaya əl verərək köməklik göstərdi. Ətrafda toplaşan idmançı bədənli cavan oğlanlar arasında pıçıltı eşidildi – “Ded Xasan!! “Yaponçik”in sağ əli!

Aslan Usoyan Rudik Bakinski ilə görüşə gəlmişdi. Digər zakonniklərdən fərqli olaraq Ded Xasan hay-küylü restoranlarda vaxt öldürməyə meylli olmadığından onu yalnız sxodkadan sxodkaya belə yığıncaqlarda görmək mümkün idi. Ohanyanın ətrafina toplaşan avtoritet və cangüdənlərin çoxu bu sakit yerişli, üzundən təbəssüm əksik olmayan “Qoca şir”i (Rudik onu öz aralarında belə - “Starıy Lev” adlandırırdı) ilk dəfə görürdülər. Haqqında çox eşidib, üzünü görmədikləri Yaponçikin “sağ əli” sayılan Aslan zakonnikdən daha çox universitet pedaqoquna, yaxşı halda isə ortabab kommersanta bənzəyirdi. O, ətrafdakılara hündürdən salam verdi, Rudikin irəli uzatdığı qolundan ikiəllı yapışaraq ehmalca silkələdi və içəri keçdi.

Ayrıca kabinetə çəkilərək pıçıltı ilə danışan dostların söhbəti dəqiqələr ötdükcə ucadan səslənməyə başladı. Daha doğrusu, səsini qaldıran Rudik idi. Daha on dəqiqə keçdi və kürd avtoritet stolun üstünə düzülən təamlara, hətta çox sevdiyi qara kofeyə toxunmadan ayağa qalxdı. Köhnə dostlar arasında mübahisənin nə üstə baş verdiyini kimsə bilmədi. Usoyan restorandan çıxarkən yenə üzündə təbəssüm cilvələnirdı. Sürücüsünün qapısını açdığı “Volqa”ya çatanda Ded qanrılaraq ətrafdakı adamlara “salamat qalın!” dedi və maşına əyləşdi.

Bir saat sonra hər iki “oğrun”un adamları bilirdilər ki, Rudiklə Ded arasında mübahisə deyil, münaqişə və bəlkə də müharibə baş verib.

Rudolf Ohanov bu vaxtadək Xasanla bölüşdüyü Krasnodar vilayətindəki nüfuz dairəsini ələ keçirmək, buradakı biznesə yalnız özü nəzarət etmək iddiasında idi. Aslan bu təklifə gülümsəyə-gülümsəyə və qətiyyətlə “yox!” demişdi. Münaqişə bir ilədək davam etdi və tərəflər razılığa gələ bilmədiklərindən düşmənə çevrildilər. 1997-ci ilin noyabrında Rudik elə həmin restoranda əksəriyyəti öz tərəfdaşları yığışan sxodka çağıraraq Usoyanın “oğru” adına ləkə gətirən əməllərlə məşğul olduğunu bildirdi. İclas Dedin zakonnik statusunun əlindən alınması haqqında qərar çıxardı.

HAŞİYƏ:

Belə sxodkalar çağırmaq, bu cür qərarlar çıxarmaq Rudikin köhnə şakəri, daha doğrusu taktikası idi. Hələ yetmişinci illərin axırları, səksənincinin əvvəllərində Bakıda at oynadan Ohanov qardaşları yaxınlarını ətraflarına yığaraq onları taclayır, bununla da iclaslarda özlərinə lazım olan səs çoxluğu əldə edirdilər. Həmin dövrdə Bakıda Göygöz Sabir, Korzubıy Vaqif, Yetim Hüseyn, Məşədi Səfər oğlu Cavanşir, Kutuzov (Razboynik) Çingiz, Dağlı Ələddin, Kolya Bıçok, Tolik Taraburov və sair kimi İttifaqda tanınan oğrular söz sahibi olsalar da, sxodkalarda Rudikin dəstəsi daha çox səs toplayırdı. Rudik dediyinin əleyhinə çıxan oğrunu özünə tabe etdirmək üçün dərhal iclas çağırır və həmin adamın adının alınması məsələsini gündəmə gətirirdi.

ardı var...

# 7078 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #