Bakılı şaman: “Qobustanda mənə vəhylər gəlir” - MÜSAHİBƏ

Bakılı şaman: “Qobustanda mənə vəhylər gəlir” -  <span style="color:red;">MÜSAHİBƏ
31 may 2016
# 13:03

Kulis.Az şaman Tərlan Manafovla söhbəti təqdim edir.

- Özünüz haqqında məlumat verərdiniz...

- Tərlan Manafov. Qobustanda anadan olmuşam. Bu qədər.

- Sizi şaman hesab eləmək olar?

- Olar. Mən Qobustanın sirlərini araşdırıram.

- Qobustanda anadan olmasaydınız, yəqin şaman olmazdınız...

- Hə, Bakıda olsaydım, olardım sufi. Qobustandan olduğuma görə şamanam.

- Şamana da təbiətin sufisi demək olar?

- Əlbəttə, demək olar.

- Sizi müsəlman saymaq olar, ya yox?

- Olar. Niyə olmur?

- Müsəlman və şaman olmaq bir-birinə mane olmur ki?

- Müsəlmançılığın və islamın ezoterik tərəfinə baxsaq şamançılığı görərik. Yəni onun batinində bir şamançılıq var.

- Terminlər fərqlidir yalnız...

- Bəli...

- Demək, Allaha inanırsınız.

- Metafizikaya inanıram. Gizlilik, sirli aləm hamısı şamanizmə aiddir.

- Bakı mühiti dindardır, sizin şamanlığa meyliniz necə yarandı?

- Dediyim kimi, Qobustanda anadan olmuşam, orda yaşamışam. Uşaqlığım o qayaların, qaya üstü rəsmlərin arasında keçib. Oralarda gəzmişəm, oynamışam həmişə. Oralar mistik yerlərdir.

- Maraqlıdır, nə oynayırdınız oralarda?

- Uşaqların oynadığı bütün oyunlar. Gizlənqaç-filan. Mağaralarda gizlənir, maraqlı yerlər kəşf edirdik.

- Şamançılıq haqqında nə vaxt öyrəndiniz?

- Əvvəlcə Qobustanda o qayalıqlar, dəniz, təbiət maraqlı gəlirdi bizə. Uşaqlar üçün yəni. Sonra böyüdükcə qayaüstü rəsmlərin nə olduğunu öyrəndik. Onların sirləri bizi cəlb eləməyə başladı.

- Cəlb eləyən nə idi? Nə görürdünüz?

- Nə olduğunu heç bir alim bilmir. Hərənin öz fərziyyəsi var, konkret cavab yoxdur.

- Sizin öz yozumunuz nədir?

- Mən özüm arxeologiya, antropologiya elmləri ilə maraqlanmağa başladım. Sovet çərçivəsində nə vardısa araşdırırdım.

- Təhsiliniz var?

- Tibb üzrə oxumuşam, Rusiyada bir müddət işləmişəm də.

- Onda həvəskar kimi araşdırırsınız...

- Həvəskar deyəndə, biz onsuz da həyata həvəskar kimi gəlirik, elə də gedirik.

- Bir şamanın Qobustanı araşdırmağı ilə, bir etnoqrafın, arxeoloqun araşdırmağının fərqi nədir?

- Fərq çox böyükdür. Elm bir paradiqmadan çıxış edir. Alimlər bir bucaqdan baxırlar məsələyə. Sovet materialist məktəbinin tarixə öz geopolitik baxışı vardı. Praqmatik, materialist baxışda idilər. Ancaq, dünyada başqa böyük məktəblər var idi.

- Şamana hansı daha yaxındı? Ezoterika?

- Bəli. Ezoterika, yoqa... Qərbdə, Şimali Amerikada bununla bağlı böyük məktəblər var. Onlar araşdırırlar...

- Sizcə, daşların ruhu var?

- Əlbəttə, var.

- Daşlar hiss edir?

- Bəli, bəli...

- Buna qəti şübhə etmirsiniz?

- Yox, qətiyyən. Orda böyük sirlər var. Dünyada Qobustan kimi ilk insan yaranan iki-üç yer var. Yəni insanın meymuna bənzər fiziki quruluşundan tutmuş indiki halına qədər böyük tarixi var. 100 min ildən də çox.

- Təkamülə daha çox üstünlük verirsiniz.

- Bəli.

- Yəni Qurandakı əhvalatlara deyil...

- Quranın da öz dərin mənaları var. Onu başa düşmək lazımdır. Ancaq insanın, meymuna bənzər insanın beyninə şüur gəlməyi böyük bir prosesdən xəbər verir. Ordan başladı ezoterika, mistika. Birdən-birə belə bir keçid baş verdi.

- Belə bir inam var ki, daşlar trans vəziyyətindəndir, heyvanlar yuxudadır, insanlarsa ayıq...

- Baxır hansı mənada ayıqdır. Şüur baxımından ayıqdır, bəli. İnsan elə bil özünə bir dünya yaratdı. Şüur, təfəkkür dünyası... Biz, yəni insanlar təbiətə aid deyilik. Təbiətlə bizim aramızda böyük bir sədd var.

- Bəlkə təbiət Quranda təsvir olunan cənnətdir? Biz ondan ayrı düşmüşük...

- Təbiət cənnətdən də uzaqda olan bir şeydir. Eləcə də insandan. Yəni, qeyri-kamildir. Cənnət ideyadır, insanın beynidir. Allahın və Adəm peyğəmbərin fikirləridir. Cənnət şüurdur. Yəni, Adəm şüurundan, dərk etməsindən ayrı düşüb və həmişə onu axtarıb. Öz sərbəstliyindən, möcüzəsindən ayrı düşüb Adəm.

- Sizcə, təbiət Allahın təccəlla yeridir, yoxsa Allahın özüdür?

- Cismimizi təbiət yaradıb, ruhumuz isə Tanrıdandır.

- Təbiətin özünü kim yaradıb, sizcə?

- Təbiəti böyük ruhlar yaradıb.

- Belə çıxır ki, siz Tanrı ilə təkamülün bir yerdə olduğuna inanırsınız...

- Bəli, elədir...

- Buddizmə də yaxın olarsınız. Sizdə bəs belə düşüncə var: insanın öldükdən sonra daş, çiçək kimi təzədən dünyaya gəlməsi... Reankarnasiya yəni...

- Yox, elə şey yoxdur. Hətta buddizmdə də. Necə ki, İslamda cəfəngiyat var, bu da elə cəfəngiyatdır. Sadəlövhlükdür. Buddizmdə heç insanın ruhu yoxdur. Bir var ruh, bir də var can. Allahdan gələn ruh heç vaxt qopub getmir, orda heç bir problem ola bilməz. Can isə çıxıb gedir.

- Sizə görə can təbiətdə də var?

- Bəli.

- Canı olan bir şey ölümə məhkumdur. Daş necə ölür bəs?

- Onun strukturu dağılır. Canı ölə bilməz.

- Ancaq ağac ölür, quruyur. Yeri gəlmişkən, ağaclarla aranız necədir?

- Yaxşıdır, çox yaxşıdır.

- Ağacla daş bir-birini hiss edə bilər?

- Onlar başqa-başqa varlıqlardır. Başqa struktura malik olan ruhun təcəllisidirlər. Hiss edirlər, ancaq başqa səpkidə.

- Siz demişdiniz ki, 200 dəfə dəf çalsam istənilən qadını transa sala bilərəm...

- Bəli, bəli... İnsanın cismi, bədəni, beyni maddədir, materiyadır. O maddənin, materiyanın da öz kodları var. Materiya dalğalardan ibarətdir. Kvant fizikasında deyildiyi kimi. Hər şeyin öz dalğası var, hər şey səsdən yaranıb. Şüur, zəka, hər şey dalğadır, insanın bədəni də dalğadır. İnsana da öz kodu ilə, yəni o dalğanın ritmi ilə təsir edəndə həmin an insan transa düşür. Qadının, kişinin öz kodu var. Daşın, ağacın da.

- Transa düşsəniz, sizi daşlar da eşidə bilər?

- Bəli. Həmin dalğa məsələsidir. İş ondadır ki, şamanlar üçün həmin bu mistika deyilən adi bir şeydir.

- Pelevini oxumusunuz?

- Oxumuşam.

- O bir az şamanlarla zarafatlaşır. “Üst dünyanın qavalı”, “Alt dünyanın qavalı”... Münasibətiniz necədir?

- Çox yaxşı. Gözəl yazır. Pelevin başqa mənada yazır, məcazi mənada. Şamanizmə onun heç bir aidiyyatı yoxdur. Şaman “priyom”larından istifadə edib siyasi satira yazır.

- Rüstəm Behrudini tanımırsınız?

- Eşitmişəm, deyəsən.

- O da özünü şaman hesab edir.

- Oxumamışam şeirlərini.

- Sizcə, şaman millətçi ola bilər?

- Ola bilər. Niyə olmasın ki? (gülür.) Şamançılıq türkçülüklə bağlıdır. Şamançılıq göy türklərdə olub. Türklərin qanında həmin o hərəkət edən dalğalar, “vıbrasiya” var.

- Bəlkə də ona görə mahnı oxuyan xalqıq.

- Hə, yəqin ki. Həmin dalğalar bizi transa salır.

- Bax o dalğaya ən yaxın düşən xanəndələr kimlərdir?

- Bəlkə bir az Alim Qasımovda var. Qədirdə də olub, amma keçib gedib.

- Bəs dünyada?

- Əlbəttə, dünyada belə ifaçılar çoxdur. Onların işi insanı transa salmaqdır. Muğam festivallarına fikir versəniz görərsiniz. İraqdan, Hindistandan gəlirlər. Onlar oxuyan muğamı müasir muğamatçılar oxuya bilmir. Biz öyrəşmişik pop muğama. Əsl muğam insanı transa salır.

- Şəcəryana qulaq asmısınız?

- Bəli.

- Onda şaman dalğası var, sizcə?

- Var e, orda da “moment”lərdir. Tam o deyil.

- Şamançılıq müasir insana nə verə bilər?

- Nə versə şamançılıq verər elə (gülür.)

- Məsələn, buddizm hüzur verə bilər...

- İnsan öz fikirlərinin içindədir. Bizim fikrimizi ifadə edən dilimiz var. Dil də bizi idarə edir. Bizi əsarətdə saxlayırlar. Fikirlərin əsarətində. İslamda da deyilir ki, şeytan bizi yoldan çıxardır. İnsan da gerçəyi görmür, varlığı hiss etmir, varlıqdan uzaq düşüb. Şaman neyləyir? O çərçivələri açır, pəncərələri sındırır, qapıları qırır və varlığa baxır. Hərdən ora girir, hərdən də qayıdır.

- Qayıtmasa dəli hesab edərlər...

- Kimin nə düşünməsi bir şamanın vecinə deyil.

- Ağaclara yaylıq bağlamaq ənənəsi var.

- Onu niyyət eləyib bağlayırlar.

- Siz özünüz bağlamısınız?

- Hə, eləmişəm.

- Sevdiyiniz ağac hansıdır?

- Sevdiyim ağac şam ağacıdır.

- Yolda, kənddə, ya da hardasa kəsilən ağac görəndə nə hiss keçirirsiniz?

- Hansısa bir canlıya nə hiss keçirirəm, onu.

- Özünüz ağac kəsmisiniz?

- Ağac yox, budaq kəsmişəm.

- Şamançılığı öyrənmək çətindir, deyəsən. Qısaca necə izah etmək olar?

- Şamanın sosial bir rolu var idi. Hansısa qəbilədə şamanın rolu çox böyük olurdu. Həm müalicə edirdi, həm məsləhət verirdi, həm də mədəniyyətlə məşğul idi.

- Şamançılıqda bütpərəstliyin də rişələri var, məncə.

- Burda çox dərin söhbətlər var e... Qatlar var, fəlsəfi qatlar. Əslində, insan təbiətdən yaranıb. Daha sonra şüur və fikirlər ona gəlib. Yəni simvollar. Əslində insan birbaşa simvol dünyasında yaşayır. Daha dərinə getsək, görərik ki, insanlar elə o simvolar aləminə düşən vaxt təbiətdən uzaq düşüblər. Tam simvolların içində yaşayıblar. Antropoloqlar indi Amazon cəngəlliklərində ibtidai icmalar tapırlar. Bunlar sırf simvollarla, şəriətlə yaşayırlar. Biz indi postmodern dünyada nə istəyirik eləyirik, azadıq. Ancaq o insanlar hətta suyu da üfürə-üfürə içirdilər. Özləri uydurmalar yaradırdılar. Qobustanın sirri nədədir? Qobustanda və dünyada iki-üç yerdə insana vəhy gəlir. Qayaüstü rəsmlər var. Orda hər şey yazılıb. Quran, İncil kimi Qobustan da böyük bir kitabdır.

- Səmavi kitab deyə bilərik?

- Bəli. Əsl səmavi kitabdır.

- Onda məcazi mənada Qobustanı sizin Hira mağaranız adlandırmaq olar. Məhəmməd peyğəmbər Məkkədən qalxırdı ora, siz də Qobustandan...

- Bəli. Uşaqlıqdan vəhylər eşitmişəm orda.

- Səs kimi olub, ya enerji kimi?

- Fikir kimi gəlir.

- Səhhətinizdə hər hansı bir narahatçılıq olmayıb? Məsələn, Məhəmməd peyğəmbərə vəhy gələndə epilepsiya keçirirdi.

- Hə, məndə də olub. Burda transa girirsən də. Tam səmimi deyirəm, ruhun bədəndən çıxmaq söhbəti doğru söhbətidir. Mən indi elə bir enerji yaratmaq istəyirəm ki, istənilən adam şaman ola bilsin.

- Hər hansı bir təşkilatlanmağınız var, yoxsa?

- Özümüz görüşürük.

- Şamanlar çoxdur bizdə?

- Kimi özünə şaman deyir, kimi maq deyir, kimi sufi deyir. Sözlər dəyişikdir, ancaq mahiyyət eynidir.

- Yakutiyada olmusunuz?

- Hindistanda, Pakistanda, İranda olmuşam, orda yox.

- Tuvada da olmamısınız?

- Yox...

- Amma şamanların əsas məkanı ora sayılır...

- Elə də deyil. Sadəcə adı qalıb.

- Əncir ağacına münasibətiniz necədir?

- O da maraqlı ağacdır.

- Karbon buraxır, qoz ağacı kimi...

- Hə...

- Sizcə, Buddanın əncir ağacının altında aydınlanmağı ilə Adəmin əncir yarpağı arasında bir əlaqə var?

- Ola bilər. Təmiz fizionomiyadan baxsaq görə bilərik. Hipoteza ilə. Yəni oksigenin çatmamağı. Yoqada nəfəs almaq texnikalarıdır onlar. İnsan öləndə beynində trans vəziyyəti baş verir. Klinik ölümdə də həmən şey olur.

- Çox adam transla komanı qarışıq salır. Sizcə, oxşardırlar?

- Əlbəttə, oxşardırlar. Bədən də, beyin də eynidir.

- Bir var maşın səni vurur komaya düşürsən, bir də var özün özünü o hala salırsan...

- İkisində də eyni proses baş verir.

- Siz inanırsınızmı, insan transda aylarla yaşaya bilər? Yemək yemədən, su içmədən...

- Trans halında yaşaya bilər.

- Şamanlar bəzən paltarlarına mismar, ağac qırıları, heyvan buynuzları bağlayırlar.

- Öz inanclarıdır. Fərqli rituallardır. Şamanlar indi Londonda, Nyu-Yorkda oturublar. CİP sürürlər...

- Onlara müasir şaman deyə bilərik?

- Onlarda silsilə qırılıb artıq.

- Postşamanizm anlayışı yoxdur ki?

- Elə əslində mən özüm postşamanizmlə məşğulam. Postşamanam.

- Namaz qılanlar necə? Onlar transa yaxındırlar?

- İndi namaz qılmaq da o hala düşməkdir. İnsanlar yoqa ilə məşğul olsalar, halları hiss etsələr, ondan sonra namaz qılsalar həmin hissi alacaqlar. Namaz tamam başqadır. Onun da öz kodları var.

- Sizcə, insan o dediyiniz enerji, kodla təbiətə təsir edə bilər?

- Bəli, eləyə bilər.

- Məsələn, şamanların yağış yağdırmağı, ya külək əsdirməyi... Bunların elmi əsası var?

- Əlbəttə.

- O zaman ölünü diriltmək də hardasa nəzəri baxımdan mümkündür...

- Olar. Çox şey mümkündür.

- İsa peyğəmbəri həm də şaman hesab edirsiniz?

- Bəli, şaman hesab edirəm. Onun möcüzə tərəfləri şamançılığa aiddir. Peyğəmbərlərin öz yanaşmaları, dalğaları var. Öz kodları, DNK-nın kodları. Onlar çox rahat, eynən şaman kimi bu dünya ilə o dünya arasına keçib gedirdilər. Şamanın əsas vəzifəsi nədir? Bu dünyadan o dünyaya keçməkdir.

- Axı dediniz o dünya yalnız şüurda mövcuddur.

- Şüur deyəndə ki... Şüurun sərhədindədir.

- O biri dünya var? Yəni biz ora cismən qayıdacağıq?

- Cismən, yox.

- Səmavi kitablar cismən deyir. Cəza alacağıq orda...

- Yox, biz orda bərpa olunacağıq. Bizi dirçəldəcəklər yəni.

- Bizim ədəbiyyatda bu mövzularda maraqlı nəyəsə rast gəlmisiniz?

- Nağıllarda, əfsanələrdə... Nizamidə, Füzulidə... Çoxunda rast gəlmişəm.

- Müasirlərdə bəs?

- İsa Hüseynov bu barədə maraqlı şeylər yazıb. “Məhşər”, “İdeal” və s. Odər dünyası. Hətta mənə elə gəlir ki, İsa Hüseynov normal tərcümə olunub təqdim olunsa, çox populyar yazıçı olar. Koelyo kimi...

- Şaman ömrü uzada bilərmi? Əgər təbiətə təsiri varsa...

- O hala girsə min il də yaşaya bilər...

- Buna siz inanırsınız? Axı belə bir təcrübə yoxdur...

- Əlbəttə, inanıram. Xızır peyğəmbər o dünyada da, bu dünyada da yaşayır. Orda da özlərinə məskən yaradıblar, burda da. O tərəfdə də şəhərlər var, dünyalar var. Biz indi burdayıq deyə elə bilirik ora uydurma bir şeydir. Ancaq ordakılar gəlib-gedir bura. Qobustan keçid deməkdir. Yəni qəbiristanlıq. Bakıdan ölülər dünyasına keçiddir.

- Siz Qobustandan o biri dünyaya keçib informasiya almısınız?

- Gəlir informasiya.

- İstədiyiniz vaxt ala bilirsiniz, yoxsa?

- Hə, lazım olanda alıram.

- Bəs o informasiyaları sözə çevirmək olmur?

- Olur. Mən proqram yaratmışam.

- Nə proqramı?

- Dünyanı dəyişdirmək haqqında, müasirləşdirmək haqqında... Azərbaycan elə yerdir ki, bütün sivilizasiya burdan yaranıb. Dalğalar burdan keçib.

- Aldığınız informasiyalardan birini bizə deyin, mümkünsə.

- Azərbaycana neftdən daha qiymətli bir sərvət gələcəyi deyildi. Yeni bir maddi sərvət. XX-XXI əsrdə dünya iqtisadiyyatına necə təkan verdiksə, indi də bu sərvətlə elə inkişaf etdirəcəyik dünyanı.

- Nə sərvətidir?

- Enerji informasiya.

- Yəni?

- Bu gün dünyada ən tez yayılan şey informasiyadır. Bu gün ən bahalı, ən qiymətli şey informasiyadır. İnformasiya bizə sərvət kimi verilib. Bizə bu informasiyalar hamıdan birinci gəlir, kökündən, özəyindən.

- Yəni dünyanın gedişatı haqqında informasiya?

- Bəli. Necə ki neft bizə gəlir, borularla ixrac edilir. İnformasiya da gələcək və biz onu ixrac edə bilərik. Ondan sonra da biz dünyanın beyin mərkəzi olacağıq.

- Niyə informasiya məhz Qobustandan gəlir, başqa yerdən yox?

- O Məkkə daşı ki, necə göydən düşüb, Qobustan da elə yaranan bir yerdir.

- Sizin şagirdiniz var, bəs?

- Mən özüm şagirdəm.

- Şaman paltarınız yoxdur?

- Yox.

- Amma qavalınız var.

- Qobustanın qaval daşlarıdır mənim qavalım.

- Evlisiniz?

- Hə, uşaqlarım da var.

- Yəni şamançılığınızın real həyatınızla əlaqəsi yoxdur...

- Rahat insan kimi yaşayıram. Sufi, dərviş dindardırlar, onlar özlərini çərçivəyə salırlar. Ancaq şaman öz qəbiləsinin insanlarını qabağa aparan biridir. Yeni ixtiralar, kəşflər edən kəsdir.

- Qadağalar varmı şamançılıqda? Məsələn, İslam içkini qadağan eləyir. Bəs şamançılıqda?

- İçmək istəyirsə, içə bilər. Dinlərdən əvvəl şamançılıqda da qaydalar olub. Lap çoxdan.

- Mən şamançılıqla məşğul deyiləm, amma siz şamansız. Bizim realda fərqimiz nədədir?

- Mən o tərəflərə də gedib gəlirəm.

- Yalnız ruhi-mənəvi mənada fərqimiz var.

- Yox, elə realda da. Praktiki. Təcrübi olaraq gedib gəlirəm. Baxır sizin üçün həyat nədir. Oralar da mənim üçün realdır. Necə ki biz dağa qalxırıq, mən də elə o tərəfə gedirəm. Şaman hər şeyə geniş baxdığı üçün təbiətə müdaxilə də edə bilir. Real həyatda ola-ola hadisələrin gedişinə təsir edir.

- Müalicə edirsiniz?

- Xəstələri sağaldıram.

- Şamançılığın hər hansı pillələri varmı?

- İndi dediyim kimi, ənənələr qırılıb. Yakutiya, monqol şamanları necədir, heç mən özüm də bilmirəm.

- Ordakı şamanların Qobustan haqqında təsəvvürləri var?

- Əlbəttə, var. Gələnlər olur. Mən şamanlığa bir tərəfdən baxmıram. Postmodernist şamanam mən.

- Postmodernist şübhəçi olur bir az da, amma siz inanırsınız...

- Əslində, mən öz halımdan şübhələnirəm. Haydegger demiş, hər şey sualdır. Dekart da deyir, sual ver. Biz də hər şeydən şübhələnirik. Uşaqlıqdan şübhələnirdim elə.

- O dünyaya inanırsınız amma.

- İnanmaq yox, faktiki görürük ki, var.

- Söhbət üçün sağ olun.

- Siz də.

# 4450 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #