Sözümüzün Cahangiri - Müşfiq Şükürlü yazır

Sözümüzün Cahangiri - Müşfiq Şükürlü yazır
22 iyun 2021
# 11:30

Əsəd Cahangirin 55 illiyinə

Çağdaş Azərbaycan ədəbi-tənqidinin ən qüdrətli simasından danışacam bu gün…

“Qarışıqlıq içində oyanış”, “Bir əvvəl var, bir axır var deyirlər”, “Babil qülləsi”, “Söz”, “Səs”, “Dəmirbaşlar”, “Aprel tezisləri” - esselərinin;

“Minillərin ayrıcında”, “Yeni əsrin ibtidası”, “Kim yatmış, kim oyaq”, “Dionisin sağlığına”, “Bir de görüm “a”, “Bəhramnamə”, “Ölüm-dirim”, “Mademuazel Oskarı niyə Fərhadiyə verdilər”, “Bir çarə var ancaq – yeniləşmək” məqalələrinin;

“O Adam”, “Namaz”, “Xarıgülnar” poemalarının;

“Qədim türk ədəbiyaytının poetikası”, “Ağ saç, qara saç”, “Kim yatmış, kim oyaq”, “On üçüncü gecə” kitablarının;

Artur Rembo, Robert Minnullin, Con Patrik, müasir amerikan şairlərindən bədii tərcümələrin müəllifi;

Postmodernizm və postinsan anlayışlarını ədəbi-bədii düşüncəmizə gətirən;

İlk tənqid dərgimiz “Körpü”nün, ilk teatr dərgimiz “Teatral”ın baş redaktoru, ümumən çoxsaylı “ilk”lərə imza atan;

“Qızıl kəlmə”, “Cəlaləddin Rumi”, “Aydın Məmmədov”, “Yaşar Qarayev”, “Şahmar Əkbərzadə” mükafatları laureatı

- Əsəd Cahangirdən…

Onun ovsunlu nitqi, aydın, iti zehni arxasında hansı sirli qüvvə dayanır, bilmirəm. Sözə hakim olmaq deyilən şey yoxdur, bəlkə də, söz özü-özünə hakimdir. Sadəcə, bu hakimiyyət hər əqlə nəsib olmur. Əsəd Cahangir sözlərin və fikrin estetik kamilliyə çatdığı nadir insanlardandır.

Onu ilk dəfə Yazıçılar Birliyində görmüşəm. Yaxından tanış ola bilmədim o zaman. Eləcə natiqlik bacarığına tutulub qaldım. Onun nitqində mikroskopik dəqiqlik var. Zahiri keyfiyyətlərinə görə bunu səliqəli nitq adlandıraq. Fikirlərindəki mənalılıq, ifadəlilik və zənginlik isə intellekt əsəridir.

İlk görəndə nələr danışdığını dəqiqliklə xatırlamıram. Əlbəttə, söhbət ədəbiyyatdan gedirdi. Natəvan klubunda dəyirmi masada çıxış edib gənc şairlərin şerlərini təhlil etdiyi yadımdadır. Onu 5 ildən çoxdur yaxından tanıyıram. Məntiq və bədiiyyatın qələbə çaldığı bu təsirli zehnin söz süfrəsində çox oturmuşam. Əsəd Cahangirdən eşitdiyim tənqidi və bədii analizlərin ardıcıllığını unutmağa, bəlkə də, haqqım var.

Mənə elə gəlir, çoxları etiraf edərdi ki, müasir ədəbiyyatımız Əsəd Cahangir istedadda ikinci söz adamı yetişdirməyib və görməyib. Onun istedadını və ədəbi fikirdə rəqibi olmadığını, yəqin ki, bədii sözə bələd hər kəs ən azından öz qəlbində etiraf edər.

Əsəd Cahangiri, bəlkə də, əksəriyyət daha çox televiziya çıxışlarından tanıyır. Amma açığı Əsəd müəllimdə heç vaxt məşhurluq eyforiyası görməmişəm. Təvazökar, təmkinli, bəzən emosional və hər fürsətdə yaxşılıq eləməyi bacaran insandır.

Əsəd Cahangirdə ən çox bəyəndiyim iki xüsusiyyət var. Birini dedim. Təvazökarlıq! İkincisi isə bədii analiz qabiliyyətidir. Təkcə bədii yox. Həm də bənzərsiz. Əsərin ideyasını tapmaq, onu mənalandırmaq asan işdirmi? Kənardan göründüyü qədər də yox.

Əlbəttə, olur. Bəzən Əsəd Cahangirlə bədii zövqlərimizdə fərqliliklər də müşahidə edirəm. Amma demək olar, bədii zövqlərimiz üst-üstə düşür. Buna görə özümü şanslı hesab edirəm.

Onunla nələrdən danışmamışıq! Faulzdan, Nabokovdan, Bulqakovdan, Kutzeedən, Markesdən, Tolstoydan, Dostoyevskidən, Kafkadan, İsa Hüseynovdan, Sabir Əhmədlidən, Maqsud İbrahimbəyovdan… Üstəlik, təkcə ədəbiyyatdan da yox. Yeri gələndə, dindən, insan münasibətlərindən, tarixdən, bugündən. Əsəd Cahangirin istedadından və intellektindən bacardığım qədər faydalanmağa çalışmışam. Ona yazılarımı, hekayələrimi göstərib tövsiyələrini dinləmişəm. Məncə, Əsəd Cahangir hər kəslə dil tapmağın yolunu bilir. Çünki anlayışlıdır. Amma ondan nələrsə götürüb-götürməmək artıq intellekt məsələsidir.

Mən postyazıçı Əsəd Cahangiri ədəbiyyat günəşi adlandırardım. Bu günəş artıq 55 ildir ki, öz şüaları ilə ətrafını işıqlandırır. Yaradıcılığa 20-25 yaşlarında başladığını düşünsək, təqribən 30 illik yaradıcılıq yolu edir. Arzu edək ki, bu yol uzun bir yol olsun və bizi istedadın təəccübləndirdiyi yeni postməkanlara aparsın.

Yüz yaşa və yarat, əziz Əsəd Cahangir

Dünyaya gəlişin mübarək!

# 5248 dəfə oxunub

Oxşar xəbərlər

İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

14:00 8 oktyabr 2026
Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

18:40 6 oktyabr 2026
"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

15:00 6 oktyabr 2026
Eybəcər - Samirə Əşrəfin hekayəsi

Eybəcər - Samirə Əşrəfin hekayəsi

15:00 5 oktyabr 2026
Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

14:00 5 oktyabr 2026
“Xoşbəxtlik — bir təlxəyin söyüşsüz keçən günü” - Elçin Məhərrəmin yeni şeirləri

“Xoşbəxtlik — bir təlxəyin söyüşsüz keçən günü” - Elçin Məhərrəmin yeni şeirləri

14:00 4 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər