Sürgündə vəfat edən Cümhuriyyət naziri - Onu nədə ittiham edirdilər?

Sürgündə vəfat edən Cümhuriyyət naziri - Onu  nədə ittiham edirdilər?
14 iyun 2026
# 11:30

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinın 4-cü və 5-ci hökumət kabinetlərində poçt və teleqraf naziri, ictimai-siyasi və dövlət xadimi, teatr tənqidçisi və sənətşünas Camo bəy Hacınskinin doğum günüdür.

Kulis.az tarix üzrə fəlsəfə doktoru İltifat Əliyarlının "Azərbaycanın ilk rabitə nazirləri" yazısını təqdim edir.

Azərbaycanın ilk rabitə nazirləri Camo bəy Hacınski (1888-1942) Görkəmli ictimai-siyasi və dövlət xadimi, teatr tənqidçisi və sənətşünas Camo bəy Hacınski Azərbaycan Xalq Cümhuriyyətinin 4-cü və 5-ci hökumət kabinetlərində poçt və teleqraf naziri olmuşdur. O, 1888-ci il iyunun 14-də Azərbaycanın dilbər guşələrindən biri olan Qubada anadan olmuşdu.

O, xalqımızın digər görkəmli ictimai-siyasi xadimi Mehdi bəy Hacınskinin ( Mehdi bəy Süleyman oğlu Hacınski (1879-1941) teatr xadimi, aktyor, publisist, ictimai-siyasi xadim idi. 1917-ci ildən “Müsavat” partiyasının, Zaqafqaziya Seyminin , "Müsəlman fraksiyası"nın üzvü olub. Milli Şuranın Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul etmiş 26 (24+2) üzvündən biridir. Hələ gənc yaşlarından Bakıya köçən Camo bəy burada gimnaziya təhsili almışdı.

Gimnaziyanı bitirib 1907-ci ildə Bakıda rus dilində nəşr olunan “Kaspi ” qəzetində müxbir kimi fəaliyyətə başlamışdı və bu qəzetlə əməkdaşlığını 1915-ci ilədək davam etdirmişdi . 1914-cü ildə Peterburq Universitetinin hüquq fakültəsini bitirən Camo bəy Hacınski sonralar iqtisadçı ixtisasına da yiyələnmişdi. 1915-ci ilin dekabrından 1917-ci ilin aprelinədək Batum Vilayətində (Gürcüstan) Dənizkənarı rayonda Birinci dünya müharibəsində zərər çəkənlərə yardım göstərmək məqsədilə yaradılmış Müsəlman Qaçqın Komitəsinin müvəkkili vəzifəsində çalışmışdı.

1917-ci ilin aprelində Camo bəy Hacınski Rusiya Müvəqqəti Hökumətinin Zaqafqaziya Komitəsinin vəkili təyin edilmiş, həmin ilin iyulunadək bu vəzifədə çalışmışdı. İyul ayında isə Zaqafqaziya Kəndli Deputatları İcraiyyə Komitəsinin sədr müavini seçilmiş və oradan nümayəndə kimi Rusiya Məclisi-Müəssisanına yeni seçkilər üzrə Zaqafqaziya Mərkəzi Komissiyasının sədri vəzifəsinə göndərilmişdi 1918-ci ilin fevralında C. Hacınski Zaqafqaziya Seyminin “ Müsəlman fraksiyası ”nın üzvü seçilmişdi. O, həmin il fevralın 28-də Seym tərəfindən təsdiq olunmuş “ Müsəlman Sosialistlər Blokuna ” da daxil idi. C. Hacınski 1918-ci il Mayın 28-də Azərbaycan Milli Şurası tərəfindən qəbul olunmuş İstiqlal Bəyannaməsinə səs verən 26 “24+2) nəfər deputatdan biri idi.

1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olunduqdan sonra F . Xoyskinin başçılığı ilə yaradılan birinci milli hökumət kabinetində sosialist Camo bəy Hacınski dövlət müfəttişi vəzifəsini yerinə yetirmişdi (286). Həmin il iyunun 17-də F. Xoyskinin 1-ci hökumət kabineti istefaya gedəndə C.Hacınski də tutduğu vəzifəsi- ini tərk etmişdi . 1918-ci il dekabrın 7-də Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin təntənəli açılışı olmuşdu.Həmin vaxt Camo bəy Hacınski Azərbaycan Milli Şurasının 1918-ci il 19 noyabr tarixli “Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanuna ” əsasən Parlamentin tərkibinə daxil edilmişdi .Camo bəy Parlamentin 4-cü-“Sosialistlər fraksiyası”nda təmsil olunurdu. Fraksiyaya 13 nəfər daxil idi. C. Hacınskinin adı Parlamentə təqdim oxunuşunda 13 nəfərin içərisində sayca 6-cı çəkilirdi . Camo bəy Hacınski Parlamentdə Maddi-Ləvazimat Komissiyasının üzvü idi. O, Parlamentin elə ilk iclaslarından təqdim olunan qanun layihələrinin müzakirələrində bir qayda olaraq özünü fəal, təşəbbüskar de- putat kimi göstərirdi. Məsələn, Parlamentin 1918-ci il tarixli ikinci iclasında intizamı pozan millət vəkilləri haqqında belə bir təkliflə çıxış etmişdi : “... Parlament iclasına gəlməyən məbuslara (deputatlar nəzərdə tutulur-İ.Ə.) həmin günün əmək haqqı verilməsin” .

1919-cu il martın 14-də Azərbaycan Cümhuriyyətinin 4-cü hökumət kabineti təşkil olundu. Bu kabinetdə A. Səfikürdskinin ədliyyə və əmək naziri təsdiq edilməsilə əlaqədar poçt və teleqraf naziri vəzifəsinə Parlamentdəki “ Sosialistlər fraksiyası ”nın üzvü Camo bəy Hacınski təyin olundu.

Camo bəy Hacınski bu vəzifədə sələfi A . Səfikürdskinin respublikada rabitəni inkişaf etdirmək sahəsindəki fəaliyyətini nəinki zəiflətmədi, əksinə, gücləndirdi və bu sahədə daha təsirli tədbirlər həyata keçirdi. Təsadüfi deyil ki, Camo bəy Hacınski Nəsib bəy Yusifbəylinin 5-ci hökumət kabineti dövründə də poçt və teleqraf naziri vəzifəsini tutmuş və bu vəzifədə 1920-ci il aprelin 9-dək səmərəli fəaliyyət göstərmişdi . Camo bəy Hacınskinin Azərbaycan Xalq Cümhuriyyəti dövründə rabitəni inkişaf etdirmək sahəsindəki təqdirəlayiq fəaliyyəti barədə görkəmli Azərbaycan tarixçi-iqtisadçısı M . H . Baharlı (Məhəmməd Həsən Nəcəfquli bəy oğlu Baharlı ( Vəliyev ) (1896-1937) müsavatçı idi. Buna görə sonralar həbs edilərək 1937-ci il iyulun 26-dan 27-nə keçən gecə Azərbaycan SSR XDİK Üçlüyünün qərarına əsasən güllələnmişdi. Bu zaman onun cəmi 41 yaşı vardı) 1921-ci ildə geniş məqalə yazmışdı.

1920-ci ilin aprelində hökumət böhranı zamanı Nəsib bəy Yusifbəylinin 5-ci kabinetinin üzvləri istefaya getdikdən sonra Parlament yeni hökuməti təşkil etməyi Məmməd Həsən Hacınskiyə həvalə etmişdi . Bu zaman “Sosialistlər fraksiyası” yeni yaradılacaq hökumətdə daxili işlər naziri vəzifəsinə Camo bəy Hacınskinin namizədliyini irəli sürmüşdülər . 1920-ci il 27-28 aprel “hadisələrindən” sonra Camo bəy Hacınski Azərbaycan SSR Xalq Ədliyyə Komissarlığında İnzibati-Maliyyə Şöbəsinin rəisi təyin olunmuşdu ( Sovet hakimiyyətinin Camo bəy kimi kadrlara ilk vaxtlar xüsusilə bərk ehtiyacı vardı – İ .Ə.) .

C.Hacınski bir müddət həmin vəzifədə işləmiş və ona hələ toxunmamışdılar. Bu vəzifədə çalışarkən Camo bəy Hacınski mədəniyyət və maarif sahəsində də fəaliyyətini dayandırmamışdı. Belə ki, o, Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin işində yaxından iştirak etmiş, qədim mədəniyyət abidələrimizin qorunması məsələləri ilə də məşğul olmuşdu... Lakin bədxahları Camo bəy Hacınskilnin Xalq Cümhuriyyətinin görkəmli xadimi olduğunu və gördüyü işləri unuda bilmirdilər. Buna görə tezliklə onu narahat etməyə başladılar. Məhz keçmişinə görə təqsirləndirilən Camo bəy 1922-ci il aprelin 7-də Azərbaycan FK əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində bir qrup “eser” (sosialist) içərisində həbs olundu. Azərbaycan SSR Fövqəladə Komissiyasının operativ hissəsinin əməkdaşı Morozun imzaladığı informasiyada bildirilirdi : ”Aprelin 7-dən 8-nə keçən gecə Bakıda 51 nəfər, Bakıdan kənarda isə 17 nəfər eser həbs edilmişdir. Həbs edilənlərdən artıq 15 nəfəri dindirilmişdir...”

İlkin dindirilənlər arasında Camo bəy Hacınski də vardı. 1922-ci il mayın 29-da Azərbaycan FK-nın müvəkkili Valik onu yenidən dindirmişdi . ... 1922-ci il dekabrın 10-da Camo bəy Hacınskiyə və onun məsləkdaşı sosialist Aslan bəy Səfikürdskiyə 3 il həbs cəzası kəsdilər. Moskvanın Butırski və Çelyabinskdəki həbs düşərgələrində üç illik əzablı məhbəs həyatından sonra, onu SSRİ-nin şimalına Arxangelsk Vilayətindəki məşhur Solovetski həbs düşərgəsinə göndərmişdilər.

Ağ dənizdə yerləşən Solevetsk minlərlə günahsız insanların olmazın əzab-əziyyətə dücar olduğu xüsusi həbs düşərgəsi idi . Əsası 1919-cu ildə qoyulmuşdu və nəinki SSRİ-nin, habelə dünyanın ilk konslagerlərindən biri ( dəhşətlisi – İ .Ə.) sayılırdı. Camo bəy Hacınski Solevetski həbs düşərgəsinin ilk məhbuslarından saymaq olardı.

1937-ci ildə Camo bəy Hacınski yenidən həbs olundu. Həmin il oktyabrın 25-də müstəntiq Martirosov Camo bəyi sorğu-suala tutmuşdu...1938-ci il mayın 21-də C. Hacınski yenidən dindirilmişdi. Ona qarşı belə bir ittiham irəli sürülürdü ki, güya o, Moskvadan gəlmiş fəal eser Osintsev tərəfindən Azərbaycanda yaradılan gizli eser təşkilatının üzvü imiş... 1938-ci il noyabrın 24-də Camo bəy Hacınskini cəzaçəkmə yerinə, bu dəfə Moskvaətrafı Kirov Vilayətinə sürgün etdilər... Sonra isə Sibirə gönrərdilər.

Camo bəy orada Vyatka xüsusi həbs düşərgəsində vəfat etmişdi... Camo bəy Hacınski 1956-cı ilin iyununda bəraət almışdı. Belə ki, SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 1956-cı il 26 iyun tarixli 1878 nömrəli qərarı ilə ona bəraət verilmişdi. Bu haqda oğlu Camo Hacınskiyə xüsusi kağız (bəraət haqqında arayış) göndərilmişdi.

Arayışda bildirilirdi ki, SSRİ Ali Məhkəməsinin Zaqafqaziya Hərbi Dairəsinin Hərbi Kollegiyasının Camo bəy Süleyman oğlu Hacınski və onun məslək yoldaşı Firuz bəy Ordubadski barədə çıxardığı 3 dekabr 1938-ci il tarixli cinayət tərkibi olmayan hökmü ləğv edilmiş və onlar bəraət almışlar.

Qeyd etmək lazımdır ki, C. Hacınski əslən Tiflisdən olan Mariya Pavlovna ilə ailə qurmuşdu. Öz adını oğlu Camoya vermişdi. Oğlu Camo 1926-cı il mayın 2-də Ukraynanın Poltava şəhərində dünyaya gəlmişdi. Mariya xanım 1983-cü ildə Bakıda dünyasını dəyişmişdi. Oğlu Camo isə görkəmli tarixçi-alim , tarix elmləri doktoru, professor olmuşdu. O, uzun illər Bakı Ali Partiya Məktəbində Sov.İKP tarixi kafedrasının müdiri və həmin Məktəbin prorektoru vəzifələrində çalışmışdı. Baba Camonun iki nəvəsi (oğlu Camonun övladları)- Emin və Nigar bu gün Bakıda yaşayırlar.

Emin hazırda Bakı Dövlət Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsində çalışır. Emin hər iki babası ilə fəxr edir. Onun ata babası görkəmli ictimai-siyasi və dövlət xadimi Camo bəy Hacınskidirsə, digəri - ana babası da məşhur teatr-kino xadimi, mərhum bəstəkarımız Şəmsi Bədəlbəylidir.

2011

# 159 dəfə oxunub

Oxşar xəbərlər

Hidayət Orucov vəfat etdi

Hidayət Orucov vəfat etdi

23:50 13 iyun 2026
Flora Kərimova xəstəxanaya yerləşdirildi

Flora Kərimova xəstəxanaya yerləşdirildi

21:00 13 iyun 2026
"Baharın 17 anı" filminin tanınmış aktyoru vəfat etdi

"Baharın 17 anı" filminin tanınmış aktyoru vəfat etdi

16:00 13 iyun 2026
Bakıda "Son zəng" - FOTOLAR

Bakıda "Son zəng" - FOTOLAR

13:50 13 iyun 2026
YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açıldı

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açıldı

12:30 13 iyun 2026
Heteronimləri ilə məşhur olan ədib - O, sevdiyi qadına nə məsləhət görmüşdü?

Heteronimləri ilə məşhur olan ədib - O, sevdiyi qadına nə məsləhət görmüşdü?

11:30 13 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər