Kulis.az Nəriman Həsənzadənin şeirlərini təqdim edir.
Nazim Hikmətlə görüş
Şairlə bir görüş, ya adi söhbət,
Allaha xidmətdi, bəndəyə hörmət.
Nizami muzeyinin direktoru, akademik Rafael Hüseynov böyük türk şairi Nazim Hikməti şəxsən tanıyan, ünsiyyətdə olan və haqqında yazan ziyalıların əksəriyyətini dəvət edib, yadda qalan, gözəl bir tədbir keçirdi.
Salon əl çalırdı Nazim Hikmətə,
Tanrı töhfəsiydi bu görüş ona.
Üz tutub Bakıdan bəşəriyyətə,
natiq,
and içirdi türk dünyasına.
Natiqin imkanı olsaydı, inan,
Nazimi dünyayala barışdırardı.
Çıxardıb Bursadan -
həbsxanadan,
dustaq dostlarını danışdırardı.
Dəyişdi səmtini söz də, şeir də,
ayrıldı yollardan o yolun, yolu.
O yolun yolçusu oldu gənclər də,
Nazimin yoluydu,
Rəsulun yolu.
Hər könül havası bir səsdə keçdi,
bəlkə də çəkmədi, sonra heç aya, -
Vaqif Səmədoğlu sərbəstə keçdi,
Anar sadiqiydi
yenə hecaya.
Füzuli verdiyi salamı bir vaxt,
rüşvət deyil deyə alan olmadı.
Nazim Füzulidən salam alaraq,
Bakı torpağında,
ilk salamladı.
Şəklinin önündə durdu farağat,
Nazimlə birlikdə dayandı zaman.
Aldı salamını:
- Əssalam, Ustad!
Beş yüz il sonraydı, bəli, sonradan!
Nazim sual verdi özü də o gün,
susdu Türkiyədən gələn bir qonaq.
Yer susdu,
göy susdu,
o dəmdə bütün,
mən özüm ordaydım, o zalda, o vaxt.
Nazim, Türkiyədən gələn o qonaq,
sənin salamını nə vaxt alacaq?
Onda
ürəyimdə deyirdim bunu,
bilmirdim dünyanın kar olduğunu.
Demə, ən ağır şey mənəvi yükmüş,
demə,
dahilərin səbri böyükmüş.
Təhsil illəriydi, çıxmır o yaddan,
gördüm Moskvanın buz nəfəsini, -
Biri də mən oldum
yerdən qaldıran.
o canlı tarixin cənazəsini.
Oğlu gəlməmişdi onda Polşadan,
orda tələbəydi, bilmədik niyə.
Nazim bu dünyadan getdi nigaran,
oğlum Mehmet, - deyə,
Türkiyəm! - deyə.
Nazimi, Rəsulu unutmamışam,
iki canda bir ilahi məhəbbət.
Allahım,
İndi də Ərdoğan, İlham,
iki qardaş: bir millət, iki dövlət.
Orda Çanaqqala, burda Qarabağ,
qan-qana qarışdı, səngər-səngərə.
Qoşa: Ay-ulduzlu,
Üçrəngli bayraq,
əbədi sancıldı o gündən yerə.
Burda xatırladım Ulu Öndəri,
sizə də qoy deyim
bu şad xəbəri:
Füzulinin İraqdakı nəşini,
Nəsiminin Hələbdəki nəşini
Qoca Şərqin bu iki günəşini
gedib yazıçılar gətirsin gərək,
onları
Vətəndə ziyarət edək.
Öndərin növbəti bir töhfəsiydi,
Yerdə gülümsəsin paklıq, gözəllik.
Səddam Hüseynin zəmanəsiydi,
özü asılınca qaldı,
hələlik.
Bakıya gələndə dəyişdi həyat,
boyu uca şair, ucaldı, getdi.
Ünvanı könüllər olan o ustad,
bir gənc şairə də,
ev aldı, getdi.
Dünya maraqlıdır, nə xeyir, nə şər,
həyatın hər anı bir hikmət imiş.
Mən indi bildim ki, çoxdu görüşlər,
şairlə hər görüş
bir qismət imiş.
Yox, şair Bakıdan getdi, - deməyin,
onun hər addımda bir izi qaldı.
Hikmətli sözləri -
Nazim Hikmətin,
bir də Nazim Hikmət sevgisi qaldı.
Kişilər
"Kişiləri dəmir özü çağırır"
Homer
Kişilərin torpaq andı, şüarı
qəlbindədi bütün elin-ulusun.
Kişiləri dəmir niyə çağırır,
kişiləri Allah özü qorusun.
Kişilərdən nə istəyir bu dünya? -
tez açılsın qoy günəşli bir səhər.
Bayraq altda himn oxuya-oxuya,
gedir hərbi nümayişə kişilər!
Kişilərin - Vətən boyda səngəri! -
hər fəsilin qışı-qışdı, yazı-yaz.
Kişilərin sayı qədər, əsgəri, -
sərhəd boyda bir sərhəddi, basılmaz!
Ayağıyla yol axtardı kişilər,
əlləriylə Qalaya dırmaşdılar.
"Gözəl Şuşa, sən azadsan!" dedilər,
orda Vətən bayrağını sancdılar.
Kişilərin torpaq andı, şüarı,
qəlbindədi bütün elin-ulusun.
Kişiləri qılınc, qurşun çağırır,
kişiləri Allah özü qorusun.
"Şükriyyə!.. Şükriyyə!.."
"...Mən yaza bilmədim, əllərim bağlı
yoxmu, bu dərdimi yazan, ay ellər?!"
Əhməd Cavad
1924-cü il, yanvar
Xalq artisti Azər Zeynalova
Mən, ağlım kəsəndən o nalə susmur,
"Şükriyyə... Şükriyyə..." çağırır o səs.
Kimi çağırırsa, o qulaq asmır,
harda buza dönüb
o isti nəfəsi?!
Ayıla bilmədik biz hələ yerdə,
şair ürəyindən qopan o səsə.
Yeri silkələyir o nalə, yerdə,
göyə də üsyandı,
göy biganəsə!
Mənim müasirim xəcalət çəkir
onun əvəzinə,
öz yerinə də.
O səs - Diktatorun üstən xətt çəkir,
o səs - lənət deyir o birinə də.
Varaqla tarixi, haqq səsi susmur,
üz-üzə dursa da şər ilə xeyir.
Ekranda "Şükriyyə" naləsi susmur,
yerdə bir sağlığa,
kimsə "dost" deyir.
Bu dünya qəribə bir əyləncədir,
nə sevinci artıq, nə qəmi yersiz.
Bəla da,
görürsən, gələndə gəlir, -
səndən xəbərsizdi, məndən xəbərsiz.
Deyirlər, şairin düşməni olmur,
yalnız qatili var - öz istedadı!
Misalmı göstərim: bax, biri budur,
Cavadın həyatda -
qanlı həyatı...
Dünya yuxuydu
O necə sadəydi, necə mülayim, -
o qadın ölürdü məndən ötəri.
Gözü üstümdəyidi daima mənim,
özü də Tanrının
bir şah əsəri!
Hamıdan safıydı, hamıdan böyük,
mənlə danışardı mənim dilimdə.
Ona bağlanmışdım mən də ömürlük,
oydu sevdiyim də,
istədiyim də.
Mənim nəfəsimlə nəfəs alardı,
başı götürərdi səs-küyümü də.
Hər yerdə, hər zaman yada salardı,
mənim,
unutmazdı ad günümü də.
O nəfəs olmasa, mən üşüyərdim,
düşmüşdüm o duman, o çən yollara.
Mən daş əvəzinə söz döşəyərdim
o gedən yollara,
gələn yollara.
Deyirdi ölərəm səndən ötəri,
o qədər dedi ki, söndü həyatı.
Gəldi,
əsgəriydim,
ölüm xəbəri.
Qaçdım mən, dilimdə ana fəryadı.
Daha məndən ötrü ölən yoxuydu,
onda ayıldım ki, dünya yuxuydu...
"İslam"a töhfə
Nərminə xanıma
Deyirlər, sərtiymiş o ilki payız,
çöllər bürünübdü yağışa, qara.
Yüz il sonra gəlib dünyaya o qız,
Seyid Həmzə Nigaridən
O, sonra.
Deyirlər, gözündən qaçıbmış yuxu,
gecəni-gündüzü o, unudubmuş.
Xədicənin, Ayişənin pak ruhu
o qızın,
qəlbində qərar tutubmuş.
Amaysa, Türkiyə, doğma bir ocaq,
demə kimdən ötrü, ya nədən ötrü? -
qızın fəhminə bax, diqqətinə bax,
yerdə də -
yer seçib Türbədən ötrü.
Deyirlər, yuxuymuş onun əvəzi,
özü tək - həyatda öz yiyəsiymiş.
Amasyada Seyid Həmzə Türbəsi,
o qızın,
"İslam"a bir töhfəsiymiş.
Tökülüb gəliblər ziyarətgaha,
bu istək, bu sevgi hardandı, nəydi?
Türklərin dilində qədim bir dua, -
Həzrət Peyğəmbərin şərəfinəydi.
Səni dostun-yadın tanıyır, - desəm,
sözümə səpdiyin duz kəm olardı.
Mən səni özünə tanıda bilsəm,
mənim də,
"İslam"a töhfəm olardı.
Gördüm səadəti
Oğlum Nazimə
Alməhəmməd - körpə nəvəm,
bu körpə Qibleyi-Aləm,
atasını qucaqladı,
o, ağladı.
Bir damcı da kirpiyindən
düşdü yerə.
Elə bildim, sarmaşıqdı,
sarılmışdı, o, çəpərə.
Qarşımda bir ata-bala
abidəsi.
O körpənin əlindəydi,
bu dünyanın
bir qitəsi!
Mən ilk dəfə gördüm, nədir
səadəti, -
körpələrin tanrısına
itaəti.
Arzum mənim
"O güllərin gülü hanı?"
Başımızın şərəf tacı,
Boyu-şah çinar ağacı.
Həm anadı, həm də bacı,
Gülnarədi qızım mənim.
Elə ki, gəlir, görünür,
Bir ətirli bağa dönür.
İpəyə-şala bürünür,
Qışım mənim, yazım mənim.
Gül ol, çiçək ol, bulaq ol,
Yatan görsən, sən oyaq ol.
Arifdən də göz-qulaq ol,
Bircə budur arzum mənim.
19.09.2022
Gör kimlərin varisiyik!..
Mir Cəlalı xatırladım, Ələddin,
sənin əmin mənə ata əvəzi.
Onun sənə - bir doğmalıq ülfəti,
onun mənə -
mən özüməm, töhfəsi.
Mən görmüşəm, götürmüşəm, Ələddin,
həyat məni silkələyib, əsdirib.
Sirrini də açıb şerin-sənətin,
sonra məni
könül-könül gəzdirib.
Həyat nədir? Mən gördüyüm xeyir-şər,
İnsan nədir? Bir qayadır o mətin!
Sənə Miri, mənə Müşfiq deyiblər,
gör kimlərin
varisiyik, Ələddin.
Alovlardan, tufanlardan keçdilər,
qərar qəti, mənzil uzaq, yol çətin.
Vaxtsız əcəl şərbətini içdilər,
içmədilər,
içirtdilər, Ələddin.
Dünya gördü əsrimizə bu qəsdi,
mən də gördüm, sən də heyrət elədin.
Unutma ki,
"Bir gəncin manifesti", -
bir nəsilin üsyanıydı, Ələddin.
Həyat nədir? Mən gördüyüm xeyir-şər,
İnsan nədir? Bir qayadır o mətin!
Sənə "Miri",
mənə Müşfiq deyiblər,
gör, kimlərin varisiyik, Ələddin.
Özünə tək demə
"Nəriman müəllim, siz atam Cümşüdün yasına da gəlmişdiniz. Onda sizi qardaşımla
qarşılamışdıq. İndi tək qaldım..."
Elçin
Özünə tək demə, tək demə, Elçin,
dünya elədir ki, xeyir-şər gəlir.
Yasa el tökülüb,
son vida üçün,
dilində, könlündə bir Mahir gəlir.
Allahım, bu qəmlər nəydi bu qədər,
candan can ayrılıb, neçə can gedib.
Yerdə, yerdəkilər oyana bilər,
onsuz da gedənlər
nigaran gedib.
Nə deyim mən, Elçin, özün müdriksən,
deyirlər, taleyin bir əli qəsddi.
İnsan var, yanında həmişə təksən,
amma insan da var,
tək adı bəsdi.
Bir tanış görəndə gülümsəyirdi,
gün kimi doğardı üzünə birdən.
Qardaşsız olana qardaş deyərdi,
yıxılanı,
qaldırardı o, yerdən.
Dost-tanış yanında başı ucaydı,
dünya çoxmu gördü bunu Mahirə?!
Püstə xanım, Rəna xanım bacıydı,
gah o, layla deyib,
gah bu, Mahirə!
Cümşüd müəllimin öz aurası,
sinəsi doluydu, deyərdi bəzən.
Farsdan tərcüməydi son əlyazması,
çapa verməliydi,
qaldı deyəsən.
Bir elin-obanın ağsaqqalıydı,
dili şirin idi, üzü də gülər.
O səndən halıydı, məndən halıydı,
hayıf, o kişilər,
çıxıb getdilər.
Özünə tək demə, tək demə, Elçin,
dünya elədir ki, xeyir-şər gəlir.
Yasa el tökülüb,
son vida üçün,
dilində, könlündə "bir Mahir" gəlir.
Seyid
(hörmətlə, ehtiramla)
Seyid, sənin Nigarın var,
mənim də Nərminəm, Seyid.
Onun Tanrı paklığına
yerdə mən əminəm, Seyid.
Durur Amasya dağları,
Türkiyə - qardaş diyarı!
Türbənin odur memarı,
şairi də mənəm, Seyid.
Körpə Həmzə nəvəsidi,
ərənlərin əvəzidi.
O da - sənə töhfəsidi,
sənə and içirəm, Seyid.
26 noyabr, 2022