Əli Novruzov: "Aqşin Yenisey yuxarı instansiyaları babat aldada bilir"

Əli Novruzov:  "Aqşin Yenisey yuxarı instansiyaları babat aldada bilir"
29 oktyabr 2025
# 17:59

"25 ildir əsədcahangirlər, əlinovruzovlar hər yerdə məni tənqid, bəzən təhqir edirlər"

Bu fikirləri Aqşin Yenisey son polemikalarla bağlı "Şərq" qəzetinə açıqlamasında bildirib.


Kulis.az Əli Novruzovun mövzu ilə bağlı fikirlərini təqdim edir.

Aqşin Yeniseyin problemi budur ki, çox ciddi şəkildə fəlsəfə və sosiologiyaya iddiası var, amma bu sahələrin heç birində fundamental təhsili yoxdur. Bizim Anversdə yaşayan tərəkəmə yoldaşın təbiri ilə desək, metodologiyaya sadiqliyi yoxdur. Çünki intellektual fəaliyyət, istənilən sahədə, mütləq və mütləq metodologiyaya sadiqlik istəyir. Bu isə öz növbəsində müvafiq sahədə fundamental təhsildən gəlir.

Aqşin Yenisey ən yaxşı halda avtodidaktdır və oxuduğu kitablar da geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş "non-fiction" ədəbiyyatdır. "Non-fiction" oxumaqla intellektual olmaq mümkün deyil. "Non-fiction" ədəbiyyat Qərb insanına ümumi dünyagörüşü vermək üçün çeynənilmiş və həzmə hazır vəziyyətə gətirilmiş informasiyaları ehtiva edir. Parisdən Strasburqa gedən ikisaatlıq TGV qatarında açıb oxuyursan ki, məsələn, qədim Romada qladiator döyüşləri necə olurdu. İntellektual fəaliyyətlə məşğul olmaq üçün isə birbaşa olaraq əsas mənbələrlə tanış olmaq müstəsna şərtdir.

Məsələn, Nitsşedən hamı danışa bilər, bizim ixtiyarımız yoxdur ki, kiməsə Nitsşe haqqında danışmağa qadağa qoyaq. Fəqət amma və lakin bir həqiqi intellektual Nitsşedən danışarkən, ən azı özü üçün, onu XIX əsrin Lebensphilosophie cərəyanı kontekstinə qoymalı, Şopenhauer və Kyerkeqorla varislik əlaqələrini nəzərə almalı, Diltey, Zimmel və Berqsonla müqayisədə ona baxa bilməli, həmçinin onun erkən, orta və son dövr yaradıcılığındakı kəskin fərqləri bilməli—ağıllı adam sizə deyəcək ki, ən azı üç fundamental fərqli Nitsşe var, nəhayət BAŞA DÜŞMƏLİDİR ki, niyə Nitsşe filosof deyil, filosof hesab olunmur.

Bütün bu yuxarıda saydıqlarıma isə Bizans türkcəsində "non-fiction" kitablar oxumaqla nail olmaq mümkün deyil. Bunlar üçün fundamental təhsil nəticəsində əldə edilmiş metodologiyaya sadiqlik lazımdır, onda sonra isə gərək davamlı olaraq, fundamental mətnləri, mümkünsə orijinaldan, mümkün deyilsə, yaxşı tərcümələrdən oxumaq lazımdır. Yaxşı tərcümə də nəyə deyirlər, məsələn, SSRİ Elmlər Akademiyasının buraxdığı Aristotelin rusca kritik nəşrində belə bir qeyd var ki, Aristotel irsinin ən yaxşı tərcüməsi W. D. Ross-un redaktəsi ilə buraxılmış ingiliscə nəşridir. Yəni qədim yunanca bilməyənlər nəyisə daha dəqiq bilmək üçün yaxşı olar ki, həmin nəşrə istinad eləsin.

Qərb tərzində intellektual ənənənin üç dili var: ingilis, alman və fransız. Hətta rusca da bu kateqoriyaya daxil deyil. Bir də fikirləşin ki, Azərbaycan dilindən başqa dil bilmədiyi üçün məcbur qalıb türkcə ancaq "non-fiction" oxuyan bir şair bizə fəlsəfə və sosiologiyadan mühazirələr oxumaq istəyir. Cemil Meriçin bir klassik sözü var. Deyirdi ki, aydınların aydınlatamadığı halkı, soytarılar aldatır. Aqşin bəy də bu aldatma işində çox mahirdir, hətta yuxarı instansiyaları da babat aldada bilir. Aldada bilmədiklərini isə təhqirdə və təhdiddə ittiham edir. Nə demək olar. Bazar olsun.

# 4562 dəfə oxunub

Oxşar xəbərlər

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

16:30 1 may 2026
"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

12:00 1 may 2026
"Ağ maral düzənliyi"  - Bir xalqın epik yaddaşı

"Ağ maral düzənliyi" - Bir xalqın epik yaddaşı

14:00 29 aprel 2026
"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

12:00 28 aprel 2026
"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

17:48 24 aprel 2026
Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

14:20 24 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər