Xalı toxuduğu dəzgahı almanlara satmaqdan imtina edən azərbaycanlı xalçaçı-rəssam

Xalı toxuduğu dəzgahı almanlara satmaqdan imtina edən azərbaycanlı xalçaçı-rəssam
29 oktyabr 2025
# 16:55

Kulis.az Əməkdar müəllim İmran Verdiyevin “SSRİ Rəssamlar İttifaqının üzvü olmuş azərbaycanlı xalçaçı qadın” yazısını təqdim edir.


Onun adı Mərmər Mustafa qızı Dəftəzanovadır. 1917-ci ildə Oğuz (keçmiş Vartaşen) rayonunun Baş Daşağıl kəndində anadan olub.

Digər sənətkarlıq növləri ilə yanaşı xalçaçılığın da geniş inkişaf etdiyi bu kənddə çoxlu məşhur xalçaçılar yetişib. Onların bir qismi nəinki Azərbaycanda, həm də bir sıra digər ölkələrdə də tanınıblar.

M.Dəftəzanova da onlardan biri idi. Onun toxuduğu xalılar bir çox beynəlxalq sərgilərdə, o cümlədən dəfələrlə Bakıda və Moskvada nümayiş etdirilib. M.Dəftəzanova SSRİ Rəssamlıq İttifaqının üzvü olub. (P.Yaqub: “Baş Daşağıl ensiklopediyası”, “Zərdabi LTD” MMC, Bakı-2012, səh:53). Mənbələrdə onun hətta İttifaqın ilk xalçaçı azərbaycanlı qadın üzvü olduğu da göstərilir. (N.Hüseynli: “Oğuz soraqlı, Vətən sevdalı insanlar”, “Elm və təhsil”, Bakı-2025, səh: 42)
Onun haqqında rayon qəzetində və respublika mətbuatında dəfələrlə yazılar verilib.

“Azərbaycan xalçaları” jurnalının 2015-ci il tarixli 5-ci sayında verilmiş “Baş Daşağıl xalçaları” məqaləsində, rayon qəzetində dərc olunmuş “Xalça ustası”, “İlmələrdə döyünən ürək” və digər yazılarda M.Dəftəzanova haqqında da geniş məlumatlar, özünün və toxuduğu xalçaların foto-şəkilləri qoyulub. “Baş Daşağıl xalçaları” məqaləsində qeyd olunur ki, Mərmər xanım xalça toxumağı 7-8 yaşlarından anası Nurcahandan öyrənib. Nurcahan xanım peşəkar xalçaçı olub, bu sənətin sirlərini öz övladları ilə yanaşı kəndin qız-gəlinlərinə də sevdirib.

M.Dəftəzanovanı məşhur xalçaçı edən doğma kəndinin misilsiz gözəlliyə malik təbiəti olub. Mərmər xanıma hər bir əsərin mövzusunu təbiət özü verirdi. Qədim Dədə Qorqud yurdu olan bu diyarın bənzərsiz mənzərələri – cürbəcür çiçəklərlə, güllərlə süslənmiş çəmənləri, yamyaşıl dağları, çayları və bulaqları, ulu nənələrindən bu yana nəsildən-nəslə keçən xalçaçılıq sənətinə olan məhəbbəti onu da məşhur xalçaçı edib.

Oğuzun tanınmış müəllimlərindən, əslən Baş Daşağıl kəndindən olan İmarət Aşurova deyir ki, “Mərmər xala xalça toxumaq üçün işlətdiyi ipləri yundan qədim cəhrə aləti ilə əyırıb hasil edər, özü hazırladığı rəng vasitəsi ilə boyaq edərdi. Rəngləri güllərdən, ağac qabıqlarından hazırlayırdı. İlmələrin sayını əzbər bilərdi. Çox böyük həvəslə və səliqə ilə işləyirdi. Əsl rəssam kimi”.

SSRİ Rəssamlar İttifaqının üzvü olan bu məşhur xalı ustası qəzetlərin birinə verdiyi müsahibədə müxbirin “Siz xalçaların eskizini hardan götürürsünüz? Yəqin əvvəlcədən necə toxuyacağınızı ölçüb-biçir, təxmini çertyoj cızır, sonra işə başlayırsınız?” sorğusuna belə cavab verir:

- Yox, mənim iş üslubum heç də sizin fikirləşdiyiniz kimi deyil. Əvvəlcədən toxuyacağım xalça haqqında heç də fikirləşmirəm. Hər şey sonradan yaranır. Naxışlar da, rənglər də. Elə ki işə başladım, ətrafdakı hər şeyi unuduram. Xəyalımda ancaq bir vaxt uşaqkən oynadığım çəmənliklərdəki güllər, çiçəklər canlanır. Toxuduğum hər bir xalı da öz rəngini, naxışlarını ondan alır. Yaşımın çoxluğuna baxmayın, o çəmənləri indi də tez-tez gəzib dolaşıram.

O, öz xalqının milli-mənəvi dəyərlərinə bağlı, milli-mədəni irsinin təəssübünü çəkən insan olub.

Rayon qəzetinin foto-müxbiri işləmiş E.Süleymanov söyləyir ki, 1983-cü ildə qəzetin tapşrığı ilə Mərmər xanımın şəklini çəkmək üçün Baş Daşağıl kəndinə getmişdim. Evlərinə gələndə onun tərcüməçi vasitəsilə Almaniyadan gələn bir xalçaçılıq mütəxəssisi ilə söhbətinin şahidi oldum. Qonaq ondan xalça toxuduğu dəzgahın qiymətini soruşdu, hansı qiymətə olsa da, onu almaq istədiyini bildirdi. Mərmər xala dedi ki, mən toxuduğum xalçaları sata bilərəm. Amma bu dəzgah mənə ulu nənələrimizn yadıgarıdır, onu heç kimə və heç bir qiymətə satmaram. Hazırda həmin dəzgah Oğuz Rayon Tarix-Diyarşünaslıq Muzeyində qiymətli eksponat kimi qorunur.

Anası Nurcahan kimi Mərmər Dəftəzanovanın da peşəsinin sirlərini öyrətdiyi onlarla həmyerlisi xalçaçı kimi yetişərək fəaliyyət göstərmiş və onların bir çoxu bu gün də bu ecazkar sənətin nəsildən-nəslə ötürlməsində mühüm rol oynamaqdadırlar.

Mərmər xanımın kəndçisi və qohumu, uzun illər icra orqanlarında işləmiş Tahir Musayev söyləyirdi ki, “Mərmər xala çox yaxşı insan, həm də çox gözəl bir sənətkar idi. Zarafatcıl, çox mehriban insan idi. Mənim anamın doğmaca xalası idi. Evimizdə anamla birgə toxuduğu xalılar ondan və anamdan qalan yadigarlardır. Belə insanlar tək-tək doğulur”.

M.Dəftəzanova 13 mart 1985-ci il tarixdə dünyasını dəyişmişdir. Amma onun toxuduğu xalçalar hələ də evləri, muzeyləri bəzəyir. Hələ neçə illər boyu da bəzəyəcək və görənləri valeh edəcəkdir.

# 221 dəfə oxunub

Oxşar xəbərlər

Özü güllələnən, ailəsi sürgün olunan jurnalist - Onu adını niyə hər yerdən silirdilər?

Özü güllələnən, ailəsi sürgün olunan jurnalist - Onu adını niyə hər yerdən silirdilər?

18:10 29 oktyabr 2025
Tanınmış cazmen Bakıda master klass keçdi

Tanınmış cazmen Bakıda master klass keçdi

17:15 29 oktyabr 2025
Pasternak “İçərişəhər” Qoruğunun Aparat rəhbəri təyin edildi

Pasternak “İçərişəhər” Qoruğunun Aparat rəhbəri təyin edildi

16:50 29 oktyabr 2025
“Sovetski”dəki tarixi bina sökülür? - Rəsmi açıqlama

“Sovetski”dəki tarixi bina sökülür? - Rəsmi açıqlama

16:30 29 oktyabr 2025
Fırçayla edilən səyahət - Bob Ross necə rəssam olmuşdu?

Fırçayla edilən səyahət - Bob Ross necə rəssam olmuşdu?

15:55 29 oktyabr 2025
Bakıda “Rok-n-roll kralı”nın mahnılarından ibarət müzikl təqdim edilib

Bakıda “Rok-n-roll kralı”nın mahnılarından ibarət müzikl təqdim edilib

15:20 29 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər