[b]Ha billah elədim, özümü saxlaya bilmədim...[/b] – Samir Sarı yazır...

[b]Ha billah elədim, özümü saxlaya bilmədim...[/b] – Samir Sarı yazır...
27 iyul 2017
# 13:20

Kulis.az Samir Sarının “Yaltaq gopçunun “dissidentliyi” hekayəsini təqdim edir.

Həmsöhbətlərim üzümü yumşaq görürlər, ya da hər nədirsə, mənimlə hansısa xeyir-şər məclisində söhbət edən dost-tanışlar ciddi şəkildə basıb-bağlayırlar. Bəzi qırmızı adamlar var, basıb-bağlayanların söhbətinə qulaq asmırlar, ya üzlərini o tərəfə döndərirlər, ya da birbaşa üzlərinə “gopa basma” deyirlər, hətta bəzən bu ifadənin daha vulqar, daha biədəb variantını (təbii bağırsaq qazıyla bağlı olanı) seçirlər, amma elə etməyə, deməyə mənim üzüm gəlmir. İstəmirəm adamlar belə xırda şeyə görə pərt olsunlar, dinc-dinməz qulaq asıram, arada başımla təsdiqləyir, cuvar suyun rahat axması üçün axının qarşısını təmizlədiyi kimi, mən də onları daha rəvan gopa basması üçün söhbətlərinə yön verirəm. Bu, bəlkə də mənim böyük minusumdur, amma hesab edirəm ki, onlarınkı daha böyük minusdur.

Əslində bu adamların basıb-bağlamaqla nə əldə etmək istədiklərini bilirəm. Böyük şey istəmirlər. İstəyirlər ki, məndə onlar barədə müsbət rəy yaransın, hesab edim ki, onlar vurub-tutan, qabağından yeməyən, öz sözünü deyən, heç kəsə əyilməyən, yeri gələndə vəzifəli adamları belə yerində oturda bilən şəxslərdir. Əlacım kəsilir, sifətimə onların məhz bu cür adam olduğuna inandığımı göstərən ifadə verib qulaq asıram. İnanırlar ki, onlara inanıram. Nəhayət, işgəncə bitir, məclisdən çıxırıq. “Mübarizlər”, “dissidentlər”o tərəfə gedir, “sadəlövhlər” isə bu tərəfə gəlir.

Özümdə bu istedadı ilk dəfə uzun illər öncə, əsgərlikdən yeni gələn sinif yoldaşımla söhbətləşəndə kəşf eləmişəm. Qardaş Qazaxıstanda qulluq edib qayıtmışdı, əsgərlik xatirələrini danışmaqdan doymurdu. Düzdür, o, söhbətinə “ilk altı ayda bizi necə lazımdır mindilər” deyə başlamış, söhbətin ortasında “çastımızda bir çeçen vardı, kopolun gədəsi çınqıydı” deyə davam etmişdi, amma söhbətin mabədində öz xeyrinə dastanlar bağlamağa başlamışdı.

“Çınqı” sözünü oxuyub kərəvəngə qalanlar üçün deyim ki, bizim kənddə bu, “od-alov” kəlməsinin sinonimi olaraq işlədilir. Sinif yoldaşımın qulluq etdiyi hərbi hissədə olan yeganə çeçenin çınqı adlandırılması o demək idi ki, sağ olmuş bunlara əlinin duzunu vaxtaşırı göstərib. Amma bu, üstündən tez keçiləsi epizodlar idi. Əsas məsələ o idi ki, dediyinə görə, sinif yoldaşım özü də çox blatnoy olub, vaxtlı-vaxtında “samovolka”ya qaçıb, rus qızlarıyla, özü demişkən, “kazaşka”larla gəzib, bir dəfə ona tualet yuduzdurmaq istəyən serjantı eşşək sudan gəlincə döyüb, az qala “disbat”a düşürmüş, amma kombatın onu çox istəməsi hesabına qurtarıb, əkələri çurban eləyib, hissədə barmaqla göstərirlərmiş, hətta həmin o yeganə çeçen də onunla hesablaşırmış və sair və ilaxır.

Onun bu söhbətinə təbii ki, inanmırdım, çünki belə söhbətləri çox eşitmişdim. Heç ola bilməzdi ki, bizim kəndçilərin hamısı qürbət ellərə, uzaq diyarlara düşən kimi çınqı olsunlar. Xüsusilə də öz məhəlləsində heç kösöv ola bilməyənlərin gedib Permdə, Arxangelskdə, Voronejdə, Poltavada “blatnoy” olması ağlabatan deyildi. Amma bunu onlara necə deyəsən? Üz lazımdır. Ona görə də özümü sinif yoldaşımın sözlərinə inanırmış kimi göstərirdim, ikimiz də razı qalırdıq.

Üstündən bir neçə il keçdi, tələbəlik illərində tanış olduğum bir oğlan söhbət əsnasında haralı olduğumu bildi, həmin sinif yoldaşımın adını çəkdi, dedi, onu tanıyırsanmı, əsgərlikdə bir qulluq eləmişik. Dedim, tanıyıram, sinif yoldaşım olub, qohumluğu da çatır. Söhbət zamanı birdən-birə sinif yoldaşımın gop dolu əsgərlik xatirələri yadıma düşdü, onun xidmət yoldaşından sakitcə soruşdum ki, deyəsən, sizin əsgərliyiniz yaxşı keçib ha, qızlar-filan...

Tələbə qardaş səmimi oğlan çıxdı, dedi, qardaş, nə yalan söyləyim, biz iki il əsgərlikdə olduq, qız-qadın görmədik, stepin ortasındaydıq, bircə dembel olub qayıdanda qatarda bələdçi xalalar gördük, onlara da girişmək istəyirdik, alınmadı, axırda bizə “sınok” deyə-deyə çay verdilər, başqa da bir şeyə qonaq etmədilər.

Aha. Sinif yoldaşımın bir gopu belə getdi. Bəs hissədə azərbaycanlıların blatnoy olması, əkələri çurban eləməsi? Bunu da soruşdum. Qardaş heç nəyi gizlətmədi, dedi ki, belə davalar tez-tez olurdu, amma bir dəfə biz döyəndə, iki dəfə də bizi döyürdülər.

Söhbət o yerə qədər dərinləşdi ki, axırda bəzi biabırçı faktlar açıldı: heç demə, sinif yoldaşım tez-tez döyülməsi üzündən aylarla “sançast”dan çıxmırmış, bir-iki nəfəri onu döydüklərinə görə intzam batalyonuna göndəriblər, ondan sonra günü qarnizonun haupvaxtında döşəmsilənlə, süpürgəylə keçib. Hərbi hissədə barmaqla göstərilməsinə gəlincə, bəli, doğrudan da eləymiş, daima bandajla gəzdiyinə görə.

Sonradan sinif yoldaşımla müxtəlif xarakterli məclislərdə bir neçə dəfə də üz-üzə gəldik, oturduq, söhbətləşdik, amma mən onun əsgərlik həyatı barədə bildiklərimi ona danışmadım, üzünə vurmadım, hətta əsgərlik yoldaşının israrla göndərdiyi salamları da ona çatdırmadım, dedim, deyərəm, avomatik anlayar ki, o mənə başqa şeylər də danışıb, pərt olar. O üzdəndir ki, bu saat əsgərlikdən söhbət düşəndə hamı onu misal göstərir, deyir, kişi kimi əsgərlik çəkib gələn elə olar.

Bu cür gopa basanlar çox olub, təəssüf ki, bəzilərinin yalanını sübutlarla, şahid ifadələri ilə tutmaq imkanım olmayıb. Məsələn, ona tez-tez ilişən sahə müvəkkilini güdərək, gizlicə “yar yanına getdiyi” yerdə tutan və hadisə yerindən şalvarsız qaçmağa məcbur etdiyini danışan bir nəfər vardı, hekayəti nə qədər maraqlı və məzəli olsa da, quşqulanıram ki, bu haqq-hesabda şalvarsız qaçan özü olub. Çünki bir dəfə ağzını boş qoyub zəvzəyəndə, qəfildən ağzından qaçırtdı ki, bazlıqda qorxu pis şeydir, adam kəmərdən aşağı yerinin qorxusundan köynəyini geyməyi unudub qaçası olur. Hiss olunurdu ki, adam təcrübədən çıxış edir, sadəcə, özünə sərf eləməyən detalları ustalıqla redaktə və ya montaj etmək qabiliyyəti var. “Yar yanından” köynəksiz qaçmaqla şalvarsız qaçmağın fərqi var axı, nə qədər olmasa da.

Büdcə təşkilatında 5-ci dərəcəli işdə çalışan bir simsar adam da var, nə vaxt məclisdə rastlaşsaq, məni çənəsinin altına salıb basıb-bağlayır. Bunun hobbisi də özünü mübariz dissident kimi təqdim etməkdir, eyzən dövlət qulluqçuları ilə bitib-tükənməyən qovğalarından danışır. İndiyə qədər o, artıq iki müdirlə yaxalaşıb, birinə itin sözünü deyib, o birini vurmaq istəyəndə əlindən alıblar, bir dəfə prokurora təpinib, bir yas yerində polis rəisinin üstünə qışqırıb və sair və ilaxır. Son vaxtlar isə eloğlu artıq orta ranqlı məmurlara baş qoşmur, birbaşa İH başçılarıya uğraşır, bundan əvvəlkini kabinetindəcə pis günə qoyubmuş, təzə başçını isə toplantıda pərt eləyib.

Axırıncı dəfə onunla bir ortaq yaxınımızın anasının hüzr məclisində görüşdük. Eloğlu yenə İH başçısıyla intriqasından danışdı, onu necə özünə söyməyə vadar etməsi barədə basıb-bağladı. Onun bu cür söhbətləri artıq işgəncə xarakteri almışdı, dözə bilmirdim, amma qəlbini qırmaq da istəmirdim. Ancaq hamı mənim kimi deyil axı. Yanımızda oturmuş bibioğlu dözmədi, əsl qırmızı adamlar kimi hərəkət etdi dedi:

- Əmoğlu, bu başçının əlinin altında polis rəisi, prokuror, məhkəmə yoxdurmu? Onlar onun sözünə qulaq asmırlarmı?

Adam söhbətin hara istiqamət götürəcəyini kəsdirmədən cavab verdi:

- Var. Hamısı da ondan it kimi qorxur.

Bibioğlu dedi:

- Elədirsə, sən hər dəfə başçını təhqir edəndə o, niyə onlara əmr verib səni tutdurmur? O əmr versə, sənin başını qırxıb içəri basa bilməzlərmi?

- Ona onun duxu çatmaz! - gopçu eloğlu geri durmadı.

- Niyə də? Sənin kimin var? Nəçisən? Onlar səndən niyə qorxmalıdırlar? Basarlar içəri, qalarsan çığıra-çığıra, - Bibioğlunun başı çönmüşdü, gerçəyi deyirdi.

- Başlarına oyun açaram, - eloğlu dirəşmişdi.

- Məsələn, neyləyərsən? – Bibioğlu əl çəkmirdi.

- Jurnalist qohumlarım var, onlar yazar, hoydu-hoyduya götürərlər, - o, son kozırını oynadı.

Mən son illərdə döyülən, tutulan, mühacirət etməyə məcbur olan, müxalifətə keçən, iqtidara yaltaqlanan jurnalistlərin natamam siyahısını əzbərdən səsləndirməyə hazırlaşırdım ki, mərasim zalında hərəkətlilik əmələ gəldi.

Məlum oldu ki, rayonda tanınmış nəsildən olduğu üçün hüzr sahibinin vəzifəli qonaqları gəlib.

Onları görən kimi, bayaqdan bəri bizə iki qaşıq halva yeməyə imkan verməyən həmsöhbətim irişə-irişə (yas yerində!) onların qabağına qaçdı, hamısıyla əl tutuşmağa cəhd göstərdi (bəziləri ilə üzrlü səbəbdən alınmadı, onlar ona əl uzatmadılar), yer göstərdi, yanlarında oturmağa çalışdı, müvəffəq olmadı, nəhayət, ayaq üstdə qaldığını gördü və qayıdıb yanıma gəldi.

Əvvəlcə heç nə demədik. Molla başçını tanıdığı üçün artıq dövlətçilikdən danışır, məmurların əslində iman əhli olduqlarını, çoxlu savab işlər gördüklərini deyirdi.

Nəhayət, o susduqda bibioğlu eloğlumuza pıçıldadı:

- Yenə getdin o yaramazlara dişinin dibindən çıxanı dedin, ürəyini boşaltdın?

O, yüngülcə pərt oldu, amma özünü o yerə qoymadı:

- Yeri deyildi. Sabahda-zadda görüşüb sözümü deyəcəm.

Ha billah elədim, özümü saxlaya bilmədim, onu incitmək fikrində olmasam da, dedim, eloğlu, nəinki İH başçısını, hətta onun qəsəbədəki nümayəndəsini görəndə əlini cibindən çıxaran adamlar bir az təvazökar olsalar, yaxşıdır.

- Düzdür, - o razılaşdı. – Elə turpyeyənlər çoxdur.

“Turpyeyənlər”. Yaxşı sözdür. Müasir gopçuların adının sinonimi bu olsun.

# 2571 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #