Şəbnəm Tovuzlu niyə mühafizəçi ilə gəzir?

Şəbnəm Tovuzlu niyə mühafizəçi ilə gəzir?
13 oktyabr 2023
# 12:28

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Şəbnəm Tovuzlu və ətrafında mühafizəçilər...

Sən Allah, səhər-səhər qabağıma çıxan videoya bax.

Yox, tiktoka-filan girmirəm. Çünki ehtiyac yoxdur. Onsuz da “tiktok əxlaqımızı pozur” deyənlərin hamısı oradakı videoları hər gün öz feysbuk profilində paylaşır, biz də baxıb feyz alırıq.

Səhər durub gözümü ovuşdura-ovuşdura pəncərəni açıram ki, ciyərlərim təmiz havadan nuş eləsin.

Girirəm feysbuka ki, görüm ölkədə vəziyyət necədir?

Nə görsəm yaxşıdır?

Sən demə, ölkənin tək dərd-səri Şəbnəm Tovuzlunun mühafizəçilərlə gəzməsidir.

Bu ölkənin başqa heç nəyə əşhədü-ehtiyacı yoxdur.

Qıraqdan baxan deyər ki, ey dadi-bidad, gör necə gözəl yaşayırlar ki, tək azarları hansısa toy müğənnisinin mühafizəçi ilə gəzməsidir. Adamın imkanı ola, gedə orda yaşaya.

Deyəsən, Çaplin deyib ki, həyat yaxından baxanda faciədir, uzaqdan baxanda komediya.

Bax, Çaplinin “həyat”ı elə bizim yaşadığımız məmləkətdir.

Videoya baxırsan, dodağın qaçır.

Hələ rəylər. Hamı zarafat tutuzdurmaq istəyir uşaq saflığı ilə.

Ancaq yaxınlaşırsan, yaxınlaşırsan, yaxınlaşırsan... Ölkəndəki mövzulara baxırsan. İstəyirsən, heç kimin tanımadığı, bilmədiyi bir otağa çəkilib hönkürüb-ağlayasan.

Şəbnəm səhərdən-axşamacan toylardadır. Boş günü yoxdur.

Deyəcəksiniz ki, bəs milyonerlər çağırır.

Yox, adamlar boğazında kəsib onu toyuna çağırır.

Tək onu yox, guya bəyənmədiyi hər kəsi.

Bu yaxınlarda tiktoker Nianın da bənzər görüntüsü yayılmışdı.

Ona da təxminən eyni reaksiya verilmişdi. Halbuki canlısına minlərlə adam yığılır, o da oturduğu yerdən onu guya bəyənməyənlərin sayəsində həyatını yaşayır.

Yaxşı yaşayanlara baxsanız görərsiniz ki, hamısı xalqın üzdə kin qusduğu, məzələndiyi adamlardır.

Yəni xalq sevmədiyini, nifrət etdiyini yaxşı saxlayır. Arada da söyüb-batırır, amma yola vermək olar.

Bu, bütün sahələrdə belədi. Məsələn, otur, əziyyət çək, gecəni gündüzünə qat, yaxşı bir tərcümə elə, ver sayta, üzünə baxmayacaqlar, Allahın bir quru çoxsağolunu da deməyəcəklər.

Amma götür mənasız bir yazı yaz, gəlib oxuyacaqlar, çək-çevir eləyib dişlərinin dibindən çıxanı deyəcəklər.

Ona görə də bizdə insanların nə dediyinə çox da fikir verməyə dəyməz.

Dediklərinə yox, elədiklərinə baxmaq lazımdır.

Şəbnəmi də, digərlərini də o vəziyyətə gətirənlər guya onları bəyənməyənlər deyil?

Onlardı!

Toylarda başlarından pul səpirlər, sonra gəlib belə şeylər yazırlar.

Qısası, Şəbnəmin yerində kim olsa, mühafizəçi ilə gəzər.

Bacardığı qədər bu ikiüzlü insanlardan uzaq olar.

O bu insanlara üstdən-aşağı baxmaqda tam haqlıdır.

Çünki hamını yaxşı tanıyır.

Bilir ki, bu gün söysəniz də, sabah toyunuza çağırıb necə lazımdı yola salacaqsınız.

Guya siz onun yerində olsanız, sadə gəzib, sadə dolanacaqsınız?

Vallah, elə adamlar elə reaksiya verir ki, adamın əli üzündə qalır.

İnanın, fürsəti olsa, bir qaşıq suda boğar milləti, amma kiminsə mühafizəçi ilə gəzməyinə pis baxır guya.

Pulu var, mühafizəçi tutub yaşayır həyatını.

Bundan kimə nə?

Paylaşanların çoxu o həyatı yaşamaq üçün əldən-ayaqdan gedir.

Qarşısında seçim olsa, böyük məmnuniyyətlə o həyatı seçər.

Di gəl ki, özünü peyğəmbər övladı kimi aparır.

Bir az səmimi olun. Çox demirəm ha, bir az.

# 6225 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #