Ərindən başqa bütün həqiqətlərə xəyanət edən qadınlar

Ərindən başqa bütün həqiqətlərə xəyanət edən qadınlar
14 noyabr 2023
# 12:00

Kulis.az Rəna Nevzatın "Bizim analar" adlı yeni köşəsini təqdim edir.

Yazın axırlarıydımı, yayın əvvəliydimi, üzr istəyirəm, gecə qonşudan qəribə səs gəldi.
Düşdüm səsin dalınca mən. Qulağımı divarda sürüşdürə-sürüşdürə, sürüşdürə-sürüşdürə - gah tavana çıxdım, gah döşəmədə süründüm… Deyərdin, kiminsə ətini kəsirlər. Şillə-təpik səsinə də oxşatdım, heyvan zingiltisinə də. Belə başqa cür, başqa dildə.

Sonra öyrəndim ki, gənc alman ailəsidir, üzr istəyirəm, qadın evdar, ər şirkətdə mühəndis. Bir də iki yaşı ola-olmaya Helma - bunların izdivac meyvəsi, sapsarı bir qız.

O biri qonşu da, - Mahmudla Svetanı deyirəm - qonum-qonşunun, qohum-əqrəbanın “bi şey-mi şey var?” sualından bezib bir uşaq düzəldib. Elə təxminən, Helma yaşında, bir az boyu kəm, amma ətli-qanlı, yupyumru. Adı gözəl, özü gözəl Şəfiqə.

Keçən həftə eyvanda kitab oxuyurdum, qəfil gördüm, bizim Helma, əlində alma, o tərəfdə Sveta bacı Şəfiqəylə - həyətdə üzbəüz oturublar.

Sonra uşaqlar cükküldəşdilər, fingildəşdilər, biri “qa” dedi, biri “quu” - yaxınlaşdılar, güldülər. Deyərdin, çəmənlikdə güldürlər.
Görünür, uşaqlardan ötrü bir təfavütü yoxdur. Dil ayrı, din başqa, hərənin öz dünyası, hərənin öz mayası. Uşaqdı da, nurdu qayəsi.

Üzr istəyirəm, mən baxışlarımı tilov tək qadınların üstə atıb tüstülənmirdim, - lap elə Sveta bacı olsun, bir Allah şahidimdir, uşaqlara baxırdım, yan-yörədə onlar da dəyirdi gözümə hərdən. Bir bacı kimi, doğma kimi – alman qadındı, görürsən, budun-sinəsini çöldə qoyur, siqaret çəkir, amma mənim niyyətim tamamilə saf, duru!

Baxdım, baxdım və bir həqiqət hasil oldu məndən ötrü: dünyanın hər yerində uşaqlar eynidir, analar fərqli.

Xülaseyi-kəlam, müşahidəmi bölüşmək üçün anaları şərti iki yerə bölürəm: Almanka - Avropa analarının ümumiləşmiş adı, Sveta - tipik azərbaycanlı.

1) Sveta tezcanlıdır. Uşaqlar üçün nərdivan olmurmu, bu yandan çıxıb, o yandan düşürlər rezin topların üstə, - fikir verdim, imkan vermədi uşağa. Ki, uşaq özü çıxsın axıracan, qucaqlayıb sürüdü hər dəfə. Amma almanka gözlədir, yalan olmasın, uşaq 30 dəfə yıxıldı, yumalandı, o da səbirlə baxdı. Nəhayət, uşaq nərdivana köməksiz çıxdı. (Fikir verin, 18 yaşında yerlimiz bir çiyin olmasa, əlindən tutanı yoxdursa, həyatın enişində-yoxuşunda təngnəfəs olacaq, başını itirəcək, itirəcək, itəcək...)

2) Svetaya görə, uşaq ona tabedir, almankaya görə uşaqlar da fərddir, azaddır. (Fikir verin, bəzən valideynlərimiz bizi fərd olaraq unudurlar. Onların dedikləri aksiomdur, yerimizə qərar verirlər, yerimizə seçirlər)

3) Sveta özünə sərf edəndə, ya da uşağı sakitləşdirməkdən ötrü qoyduğu qadağalardan vaz keçə, onları dəyişdirə bilər. Məsələn, televizor izləmək, telefonla oynamaq, komputer və sair. Almanka israrlıdı, qətidi, dəqiqdi. Sveta ürəyiyuxadı, uşaq ağlasa, qıymaz ona, yumşalar. Almanka daş qəlblidi, soyuqqanlıdı. Uşaq ağlamaqla, sızlamaqla onu manipulə edə bilməz. (Fikir verin, dost-düşmən tanımırıq, ürəyimizin ağzı məscid qapısıtək həmişə açıq).

4) Sveta uşağı nədənsə çəkindirmək üçün qorxudur: “Cızzza”, “Xoxuduuuu, hap eliyər səni”... Almanka isə izah edir. (Fikir verin, polisdən də, Allahdan da qorxumuz genetikdir, əslində, səbəblər aydın deyil. O qədər “olmaz” deyiblər ki, sorğulaya bilmirik, eləcə vərdiş halında təzim edirik...)


5) Sveta elə bilir ki, dünyanın ən yaxşı anası odu, amma almankanın elə bir iddiası yoxdu. (Fikir verin, sonra ərindən, valideynlərindən başqa bütün həqiqətlərə xəyanət edən adam yetişir. Yaxşı insan olmaq əvəzinə, yaxşı ana olur Sveta...)


6) Sveta uşağı kələm kimi qat-qat geyindirər, papaq, əlcək öz yerində. Hələ belindəki əskini demirəm. Almanka çox da qorxmaz soyuqdan. (Fikir verin, bir yüngül meh əssə, qrip olar, xəstə düşər bizim tifil. Aşıq demiş, azərbaycanlıya həmişə soyuqdur...)


Bu, mənim iki siqaretlik müşahidəmdir.

Unutmayaq, valideyn uşağı necə tənbehləsə, hansı cür cəza versə, o tifil də kuklasına eyni cür cəza verəcək, eyni cürə tənbehləyəcək.

# 3757 dəfə oxunub

Müəllifin son yazıları

# # #