Nemət Pənahlının qızının səhvi...

Nemət Pənahlının qızının səhvi...
19 yanvar 2023
# 16:00

Elə bir dövrdür, adam ən yaxın adamını da müdafiə etməyə qorxur. Sabah bilinmir nə olacaq. Heç kim heç kimə “özünü yaxşı aparacağı” barədə təminat vermir.

Nemət Pənahlı haqqında dünən yazdım. Belə bir çətin dövrdə onu müdafiə etdim. Onu təpəsi üstə dayanmağına görə heç kim ittiham edə bilməz, dedim. Özü bilər, öz işidir. TV-lərdəki biabırçılıqlara, “ata ocağı, ana qucağı, nənə örpəyi” janrındakı verilişlərə, seriallara, səviyyəsiz toyxana müğənnilərinə bəh-bəhlə əl çalan, ağzının suyunu, burnunun seliyini axıdan camaat, bir internet kanalında, aparıcının xahişi ilə yoqdan bir hərəkət göstərən adamı söyür, ələ salır.

Məni də ona qatıb, nə qədər söydülər, abırdan saldılar. Yaxşı elədilər. Vecimə də olmadı. Söyürlərsə, deməli, doğru deyirəm. Bunları niyə yazıram? Ona görə ki, Nemət Pənahlının qızı dünən bir status paylaşdı və mən Nemət bəyi müdafiə etməyimə görə peşman oldum.

Statusun son hissəsini sizinlə paylaşıram:

“Bəlkə də, elə bilirsiniz ki, biz ailəcə matəm elan etmişik ki, niyə atamızın bu videosu paylaşılıb. Əsla. Şəxsən, öz adıma deyirəm ki, mən ömrüm boyu atamın əxlaqı ilə fəxr etmişəm ki, onun nə özünün, nə də ailəsinin əxlaqına toz belə qondurmaq mümkün deyil. Buna bu gün bir daha əmin oldum. Üzülmədim, üzülmürəm. Üzülürəm, sadəcə millətim üçün ki, nədən özünün, ailəsinin 18+ görüntüləri paylaşılan adamlar bu qədər gündəm olmur. Əcəba bizdə artıq əxlaqsızlıq, yoqadan daha sıradan bir halmıdır. Bax bunu düşünürəm”.

Sən saydığını say, gör fələk nə sayır.

Camaatın uşaqlarına demokratiya, azadlıq vəd edən Nemət bəyin övladına baxın. Çevrilib olub “məhəllədə tum çırtlaya-çırtalaya gələnin qabağına, gedənin arxasına baxan” arvad.

Belə şey olar?

Xatirə xanım elə bilir, 18+ videosu çıxan adamlar əxlaqsızdır, gərək seks videosu çıxan adamlar daha çox gündəm olaydılar, daha çox qınaqla üzləşəydilər.

Nə əcəb, Nemət bəy övladlarına öyrətməyib ki, 18+ videosu yayılan adamlar əxlaqsız deyil? Onlar tərbiyəsiz iş görmürlər. Kiminsə intim videosunu yayan şəxsdir əxlaqsız.

Olsun, öyrətməyib, öyrətməyib, biz öyrədərik. Öyrənməmək ayıbdır, bilməmək yox.

Milli-mənəvi dəyərlər, mentalitet insanların cinsi həyatını elə nəzarətə götürüb ki, adam kimi rahat seks həyatı yaşaya bilmirlər. Valideynlər, qonşular, qohumlar adamı güdür. Mentalitet qızlardan, adamların sevgililərindən, nişanlılarından bakirəlik tələb edir. Sevdikləri qadınla toysuz, zaqssız, sənədsiz, kağız-kuğuzsuz sevişə bilmirlər.

Adamlara başa salmaq olmur ki, su içmək, yemək yemək, hava almaq kimi zəruri və normal ehtiyaclardan biri də cinsi yaxınlıqdı. Burada ayıb, çirkin, iyrənc, vulqar heç nə yoxdur. Vulqar, iyrənc, ayıb, çirkin olan sizin seksə münasibətinizdi. Vaxtında normal, azad, insanca yaşaya bilmədiyiniz üçün, əlinizə imkan düşəndə heyvan kimi, bunu sonralar qəhrəmanlığa çevirmə, öyünmə cəhdinizdi. Cinsi partnyorunuza münasibətinizdi. Onu gözdən salmaq, yaxınlığınızı telefonlara çəkib, internetə yerləşdirmək, bu yaxınlığı o qadının yaxınlarına çatdırmaq və bununla da guya onların üzərində çaldığınız məzlum, düşük «qələbəniz»di.

Xatirə xanım bilmir ki, bizim konstitusiyamız var və həmin konstitusiyada belə bir maddə də yazılıb:

“Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır”.

Yəqin, bilmir ki, belə danışıb. Yaxşı olar ki, Nemət bəy yoqa ilə məşğul olmadığı boş vaxtlarında övladlarına azad düşünməyi, heç kimin şəxsi həyatına toxunmamağı, insanları özlərindən asılı olmayan səbəblərdən yaranan səhvlərinə görə mühakimə etməməyi təklif edərdim. Nemət bəyin başı üzərində dayanmağını ələ salmaqla, söyməklə, 18+ videoları çıxan şəxsləri qınamaq, az müzakirə olunmasına üzülmək eyni şeydir. Heç bir fərqi yoxdur. İnanın, heç bir fərqi yoxdur. O azadlıq haqqı.

# 3176 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #