"Biz ona görə yazmağa başladıq ki, narazıydıq..." - Tanınmış ispan yazıçının essesi Anarın tərcüməsində

"Biz ona görə yazmağa başladıq ki, narazıydıq..." - Tanınmış ispan yazıçının essesi Anarın tərcüməsində
30 sentyabr 2026
# 15:00

Kulis.az tanınmış ispan yazıçı, əllincilər ədəbi nəslinin məşhur nümayəndəsi Anna Mariya Matutenin "Biz ona görə yazmağa başladıq ki, narazıydıq..." essesini Xalq yazıçısı Anarın tərcüməsində təqdim edir.

Mənsub olduğum yazıçılar nəslini bütünlüklə, bütün mürəkkəbliyi və əhəmiyyəti ilə əhatə etməyi qarşıma məqsəd qoymuram. Həm də “nəsil” məfhumunun özü çox qeyri-müəyyən anlayışdır, bu anlayışı müxtəlif cür yozmaq olar.

Mən ancaq yaxşı tanıdığım bir dəstə ispan yazıçısı haqqında danışa bilərəm. Bu dəstə sayca kiçik olsa da, siqləti böyükdür. Mən onlarla birlikdə yaşamış, mübarizə etmiş, ümid bəsləmişəm. Bizi dostluq və qardaşlıq hissləri bağlayıb. Mən nə tənqidçiyəm, nə tədqiqatçı. Onları mühakimə edə bilmərəm. Onlar mənə çox yaxındır. Mən özüm də onlardan biriyəm. Mənim məqsədim amansız Vətəndaş müharibəsi illərindən və bu müharibədən sonra böyüyüb yetkinləşmiş bir dəstə oğlan və qız haqqında söhbət açmaqdır.

Mən bu yazıçılardan danışmaq üçün onların uşaqlıq illərinə qayıtmalıyam. Uşaqlıq bizi daima təqib edir və yazdığım bütün əsərlərdə bunu görə bilərsiniz. O gün – 1936-cı ilin 18 iyulunda bizim səkkiz-on, on iki yaşımız var idi. Vətəndaş müharibəsi ağır bir yara idi. Bizim nəsil yazıçı həyatının sağalmaz yarası... Biz uşaq idik. Bir qədər ürkək, narahat və hər şeyə maraq göstərən tamaşaçılar idik. Qarşımızda isə böyüklərin faciəsi oynanırdı. 1936-cı ilin 18 iyulunda dünya gözlərimiz qarşısında dəyişməyə başladı. Bizə sabit görünən varlıq birdən-birə parçalandı. Biz, bir dəstə uşaq eyvanlardan, pərdəli pəncərələrin arxasından ürkək-ürkək, heyran-heyran küçələrə, silahlı adamlara baxırdıq. Onları indiyədək görməmişdik. Bu qəzəbli adamların sifətlərində aclıq və nifrət izləri vardı.

Onların tüfəng və pulemyotları varlı evlərinə tərəf tuşlanmışdı. Əvvəllərdən bizə yaxşı və pis deyə təqdim edilən şeylər, indi şübhə doğururdu. Həqiqət, ədalət harda idi? Onları bizə kim göstərəcək? Bütün bu suallar dəyişməz, sabit, məntiqli görünən keçmiş dünyaya ittihamnamə kimi səslənirdi. Radionun səsi gecə sükutunu parçalayırdı. Mikrofonlar qarşısında kişilər, qadınlar sanki eyni bir sözü tələffüz etməkdə bəhsə girişmişdilər. Bu söz bizim üçün təzə və anlaşılmaz idi. Bu söz “azadlıq” – “hürriyyət” sözü idi. Mütəhərrik, amansız, titrək, həqiqi həyat gözlərimiz qarşısında açıldı. Və dərhal bizim qarşımızda yüzlərlə suallar durdu. Nə üçün? Nəyə görə? Nə səbəbdən? Biz anladıq ki, dünyada aclıq mövcuddur, bərabərsizlik mövcuddur. Habelə eqoizm, qorxu, zülm və ölüm mövcuddur. İnqilabın və müharibənin təlatümə gətirdiyi şəhərlərin həyatı külək kimi pəncərələrimizdən içəri dolurdu. Müharibə qurtardı və biz böyüdük.

Biz pıçıltılı, xısın danışıqlar və boğuq qışqırıqlar mühitinə düşdük. Biz başqa bir vahiməni, başqa bir nigarançılığı duyduq. Nəhəng, qeyri-müəyyən bir sükutu əsgi parçası kimi min-min ağıza, gözə, qulağa və nəhayət, şüura tıxayırdılar. Biz, sükut səhrasının içinə pərakəndə dağılmış cavanlar idik. Zülmət və yalanlar, aldanışlar və uydurmalar dünyasında həqiqətə yol tapmaq üçün narazılığımızı, ümidimizi və cavabsız suallarımızı aləmə bağırmaq üçün yazırdıq. Biz yalnız sükutla və laqeydliklə üzləşirdik. Ətrafımızdakı bütün dünya gözlərini yummuş və qulaqlarını bağlamışdı. O, nə bərk danışırdı, nə yavaş. O yalnız küt-küt eyni bir şeyi təkrar edirdi. Ancaq biz axtarırdıq. Liman rayonlarında, şəhər kənarında, kəndlərdə və şəhərlərdə biz xalqımızın nəbzini və ürəyini axtarırdıq.

Bizə onun sözləri lazım idi. Əgər bir şeyi inadla axtarırsansa, mütləq tapacaqsan. Bizim yetişdiyimiz vaxt ispan ədəbiyyatının ən ağır günləri idi. İspan romanı cürbəcür mürəkkəb hisslərin təsviri ilə məşğul idi. Romançılar müharibə mövzusuna müraciət edəndə isə, yalnız təntənəli və təmtəraqlı ədayla danışırdılar. Mələklərin iblislər üzərində əbədi qələbəsindən dəm vururdular. Bizim uşaqlıq nağıllarımızda olduğu kimi, yenə də yaxşılar mütləq pislərə üstün gəlirdi. Biz romanı yeni əsaslar üzərində qurmağa başladıq. Müharibədən danışarkən biz onu nə “müqəddəs qiyam”, nə də “zəfər yürüşü” adlandırırdıq. Biz onu “Vətəndaş müharibəsi” adlandırırdıq. “Vətəndaş” sözü dərhal qadağan olundu. Gərək “müqəddəs qiyam”, ya da “zəfər yürüşü” deyəydin. Bizim kitablarımızdan “hürriyyət” sözü kənar oldu.

Odövrkü ispan ədəbiyyatı üçün müəyyən yasaq mövzular vardı. Bu yasaqların nəticəsində belə çıxırdı ki, guya İspaniyada heç kəs intihar etmir, ailədə ər ya arvad heç vaxt bir-birinə vəfasız çıxmır. Senzura bu cəhətdən sayıq idi. Biz belə kəsif havalı bir mühitdə yazmağa başladıq. Bizim on səkkiz-iyirmi yaşımız var idi. Çətin idi. Beş-on il ərzində biz hələ “pis uşaqlar” sayılırdıq. Vaxt keçdikcə biz düzələcəkdik, düzəlməliydik. Ancaq bizimlə bir qədər sərt davranmaq lazımdır. Biz mübarizə aparırdıq. Bizim ən dəhşətli düşmənimiz tənqid deyildi, hətta senzura da deyildi. Ən amansız düşmənimiz bizi əhatə edən laqeydlik, etinasızlıq, biganəlik idi.

Ümumiyyətlə, ədəbi və hər növ intellektual, zehni fəaliyyətə həqarətlə baxılırdı. Heç kəs ədəbiyyatla maraqlanmırdı. Lakin biz yazmaq istəyirdik. Nə qazanc xatirinə, nə məşğuliyyət naminə. İfşa etmək, təəccüblənmək və suallar vermək üçün yazmaq istəyirdik. Yadımdadır, necə yazırdıq. Yadımdadır, qadağan olunmuş kitabları necə kəşf edirdik. Bukinistlərin tozlu mağazalarında indiyəcən bilmədiyimiz adları və ədəbi cərəyanları açırdıq. Bizi yalnız sükut, səssizlik əhatə edirdi. Biz artıq öz həyat məqsədimizə yol tapmışdıq. Başımızla rədd, qadağa divarlarını döyməyə hazırdıq. Senzura kitablarımızı çarmıxa çəkirdi. İdeyalarımızı pərdələnmiş bir şəkildə ifadə etmək üçün dolayı yollar və cığırlar axtarırdıq. Bu axtarışlar şüurumuzu gərginləşdirir, qurudurdu. Bizdə tənqid yox idi. Ortabab tənqidin biganə və laqeyd nümayəndələri anlamadığı və dərk etməyi bacarmadığı bir ədəbi hadisəyə “ekzistensializm” adı verirdilər.

Biz isə dönə-dönə müharibə illərinə qayıdırdıq. Axı müharibə mövzusu bizim üçün birdən açılıb həyatı bizə göstərən və yenidən qapanan yeganə pəncərə idi. Biz yalnız onun uzaq əks-sədasını eşidirdik. Hürriyyət və insan azadlığı kimi sözlər bizim əsərlərdən pozulmuşdu. Kitablarımızdan çıxarılmışdı. Ancaq pəncərədən bizə yavaş-yavaş yeni adlar, fikirlər süzülməyə başlayırdı. Axı bizim nəsil ədəbiyyatsız böyümüş bir nəsildi. Onu deyim ki, Dostoyevskinin bütün əsərləri, “Anna Karenina”, Balzakın əsərləri qadağan olunmuşdu. Müasir Fransa, İtaliya, Amerika yazıçılarının kitablarını oxumaq qanunsuz hərəkət sayılırdı. Bizim öz ispan yazıçılarımızın əksəriyyətinin kitabları qadağan olunmuşdu. Senzuranın izn verdiyi kitablar belə təhrif olunur və dəyişdirilirdi. Bizim gənclər mənəvi axtarışlardan uzaq idi. Onlar yalnız futbol həvəsləri ilə yaşayır, yalnız idmanla maraqlanırdılar. Gənclik nə ədəbiyyatdan danışırdı, nə siyasətdən.

Gənclik bu sözlərin mənasını belə başa düşmürdü. Yadımdadır, biz bir-birimizi korlar kimi axtarır və tapırdıq. Bizim məsləkdaş axtarışlarımız, bizim qardaşlığımız, bizim ehtiraslı yığıncaqlarımız – hamısı, hamısı sükut səhrasının içində idi. Biz sanki yox idik. Bizləri oxuyan az idi. Oxuyanlar da ya məzəmmət, ya da rişxənd edirdilər. Biz çətin uşaqlar idik. Dəb idik. Ətrafımızda keçilməz sərhədlər var idi. Fransaya getmək – xariqəvi yuxu idi. Piraneyləri aşmaq xoşbəxt bir macəra idi. Qadağan olunmuş kitabı almaq – cəsarət tələb edirdi. Biz bu sükut içində bağırır və yalnız öz səsimizin əks-sədasını eşidirdik. İndiki nəsil bizim ovaxtkı həsrətimizi bilmir. Rəsmi senzuralardan daha ağır, başqa bir senzura vardır. Bizim hekayələri oxuyan bəzi adamlar redaksiyalara belə məktublar yazırdılar: “Belə xoşagəlməz yazıçıları jurnalınızın səhifələrinə buraxmayın. Mən evimə qayıdıb qəhvə içirəm. Ancaq sizin jurnalın səhifələrini vərəqləyəndə başqalarının aclığı, kasıblığı mənim evimə də daxil olur. Mən bütün bu şeyləri bilmək istəmirəm. Mən rahat yaşamaq istəyirəm”.

Bəli, belə oxucular da vardı. Bizə hücum edirdilər. Əsərlərimizi oxumağı qadağan edirdilər. Amma bütün bunlar bizim əzmimizi daha da qüvvətləndirirdi. Çünki biz mövcud idik. Biz laqeydliyi və arxayınçılığı sarsıtmışdıq. Biz nə isə deyirdik, nə isə qışqırırdıq və yavaş-yavaş bizi dinləməyə başlayırdılar. Ətrafımıza baxıb camaatın yavaş-yavaş qəflət yuxusundan oyandığını görürdük. Müharibə yaraları, bütün tənziflərə baxmayaraq, açıq qalmışdı. Bu yaralar xatırladırdı ki, “yaxşılar” və “pislər” məfhumu yalandır. Əslində hələ heç bilmirdik, yaxşı kimdir, pis kimdir. Ancaq bunu bilmək imkanı yaranmışdı. Cavan yazıçılar uydurma fərdlərdən deyil, real adamlardan, hər gün küçədə gördüyümüz, həyatın çətinlikləri ilə çarpışan adamlardan yazmağa başladılar.

Bizim yazıçılarda açıq maraq, qorxmazlıq və ədalət eşqi oyandı. İspan romanı unudulmuş və arxivlərə təhvil verilmiş problemlər üzərində düşünməyə başladı. Biz məzmun haqqında düşünməyə başladıq. Yazıçı dostlarımın romanlarının birinin qəhrəmanı deyir:
– Biz yalan dünyasında yaşayırdıq. Bizim bütöv varlığımız saxtakarlıqdı. Biz mühitimizin yalanına, riyakarlığına, laqeydliyinə qarşı mübarizəyə başladıq. Biz ona görə yazmağa başladıq ki, narazıydıq. Məhz buna görə də müharibədən neçə il sonra biz yenə də o illərdən yazırıq. Çünki biz nə uyumuşuq, nə də təslim olmuşuq. Biz nə kor, nə də ölüyük. Biz yazırıq. Çünki bizim əsərlərimiz etiraz formalarından biridir. Nə qədər ki biz sağıq, nə qədər ki qüvvələrimiz var, biz istismara, riyakarlığa və ədalətsizliyə qarşı mübarizə aparacağıq.

# 48 dəfə oxunub

Oxşar xəbərlər

"O gecə şorba cəsəd dadırdı..." - Holokostdan sağ çıxan yazıçının "Gecə"sindən sitatlar

"O gecə şorba cəsəd dadırdı..." - Holokostdan sağ çıxan yazıçının "Gecə"sindən sitatlar

13:00 30 sentyabr 2026
Tülsünü sevmək - Əziz Nesinin hekayəsi

Tülsünü sevmək - Əziz Nesinin hekayəsi

10:00 30 sentyabr 2026
"Şamı söndür, düşüncələrimin necə göründüyünü görmək istəmirəm..." -  Emil Zolya

"Şamı söndür, düşüncələrimin necə göründüyünü görmək istəmirəm..." - Emil Zolya

16:00 29 sentyabr 2026
Qaraçı qızı - Migel de Servantesin hekayəsi

Qaraçı qızı - Migel de Servantesin hekayəsi

14:30 29 sentyabr 2026
Derbi - Vüsal Bağırlının yeni hekayəsi

Derbi - Vüsal Bağırlının yeni hekayəsi

12:00 29 sentyabr 2026
"Əsl güc gözəlliyi heç vaxt zədələmir..." - Herman Melvillin "Mobi Dik" əsərindən sitatlar

"Əsl güc gözəlliyi heç vaxt zədələmir..." - Herman Melvillin "Mobi Dik" əsərindən sitatlar

14:30 28 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər