Sevgilimə nə verəcəm?

Sevgilimə nə verəcəm?
11 iyun 2013
# 10:27

İstisnasız, hər bir xanım hələ uşaqlıqdan öz gələcək ruh əkizinin xəyalını qurur. Bəli, hələ lap uşaqkən. Bağçada qızlarla dalaşanda, məktəbdən evə 2 ilə qayıdanda, valideynləri tərəfindən danlanıldıqda, hətta ayda bir dəfə yaşadığı həssas həftəni keçirəndə belə.

Bu ruh əkizinə çoxları ağ atlı şahzadə deyir. Qarşı cinsin dırnaqarası baxdığı bu ideal obraz axtarışı çox təbiidir, əslində. İnsan mənəvi dəstəyə ehtiyac duyan kimi başını qoyub həyatdan şikayətlənməyə çiyin axtarır. Öhdəsindən gələ bilməyəcəyi bir yükün altına girdikdə və üstəlik bunu bacarmadıqda, saçlarını sığallayıb sənə “sən hamıdan yaxşısan, gələn dəfə mütləq bacaracaqsan” deyəcək birinin olmasından daha gözəl nə ola bilər?

Yağışlı payız günlərində küçədə dolaşanda, əl-ələ xoşbəxt təbəssümlə gəzən gənclərə baxanda, romantik filmləri izləyərkən ağlayanda yaşadığımız hisslər, müxtəlif səbəblərdən rastlaşdığımız uğursuzluqlar, sonsuz sayda götür-qoy elədiyimiz problemlərimiz bizi təhrik edir ki, bu neqativ enerji burulğanından əlini uzadıb bizi dartıb çıxardacaq bir ideala inanaq.

Və bir gün səmaya baxıb düşünürsən ki, minlərlə insanın əhatəsində insan necə yalnız ola bilir. Düşünürsən ki, bu dəqiqə sənin axtardığın insan da səni düşünür və səni axtarır, amma fərqli məkanda və fərqli əhatədə.

Bu Şimali Amerika da ola bilər, Koreya Xalq Demokratik Respublikası da. Amma sən inanmaq istəyirsən ki, sənin ruh əkizin məhz sənin gəzdiyin şəhərdədi, udduğun Bakı havasını udur. Və çox qəribədir ki, buna bütün qəlbinlə inana bilirsən. Sən yolla gedəcəksən, o, qarşına çıxacaq və sizin baxışlarınız toqquşacaq...

Yaratdığımız bu utopik obraz bəzən o qədər mükəmməlləşir ki, insan real həyata, real namizədlərə qayıtmaq istəmir. Yanımızdan ötüb keçən, əlimizdən tutub gözümüzün içinə baxan insanlarda bunu axtarmağı yoxlamaq lazımdı bəlkə?

Özünüzü pis hiss edəndə bir zənglə ayağınıza qaçıb gələn, hər görüşdə əlinizi öpən, gecələr pəncərənizin altında keçirən, “playstation”da məğlub edə biləcəyiniz bir sevgili təbii ki, real olmayacaq qədər gözəldi, amma həyatınız boyu onu gözləməyinizə dəyməz.

Sadə səslənə bilər, amma xanımlar çox gözəl başa düşər ki, bu obraz real münasibətlərə hansı dərəcədə ziyan vura bilir. Özü özlüyündə “Bu o deyil” demək oyuna startdan başlamaq, eyni turları keçmək və yenidən məğlub olmaq kimidi.

Niyə yanınızda olan insanları öz əllərinizlə şahzadənizə çevirməyəsiz ki? Sadəcə dözmək, gözləmək və gülümsəmək lazımdı. Gəlin qəbul edək ki, elektrik almaq, ilk baxışdan sevgi, Eynşteyn zəkalı, Conni Depp görünüşlü, Stiv Cobs imkanlı “MR.Super- Puper” elə öz təxəyyülümüzün uydurmasıdı.

Hər şeyi mürəkkəbləşdirib 30 yaşında evdə tənha içki içmək lazım deyil. Mənəvi yaxınlıq duyduğunuz, ürəyinizə yatan istənilən bir insandan öz şahzadənizi yaradın. İki əllə ona sarılın və getməyinə icazə verməyin. Sadəcə inanın, bütün qəlbinizi açın və hər ikinizə xoşbəxt olmaq üçün bir şans verin. Alınır, inanın mənə və tələsin. Bu yaxında ağ atı sevgilimə özüm hədiyyə edəcəyəm.

# 3199 dəfə oxunub

Müəllifin son yazıları

# # #