Yanlış adamı seçənlər klubu

Yanlış adamı seçənlər klubu
27 yanvar 2014
# 15:40

Rəfiqə Məmmədova yazır...

Oğlan seçimində həmişə yanılanlardansınız? Həyatınızın böyük bir qismi eşq yolunda itirilib? Bu suallara “hə” cavabı verirsinizsə, klubumuza xoş gəldiniz. Partnyor seçimində həmişə istisnasız səhvlərə yol verirsiz? Yaşadığınız münasibətlərin sonunda əziyyət çəkən, ağlayan tərəf siz olursuz? Doğru adamla rastlaşmamağınızın səbəbini qismətə və şansa bağlayırsız? Bu sualların cavabında başınızı təsdiq əlaməti olaraq yelləyirsizsə, kluba xoş gəldiniz. Siz “Yanlış Adamı Seçən Qadınlar Klubu”na aidsiniz. Bu klubun üzvlərinin özünəməxsus xüsusiyyəti isə özləri ilə tanış olmamalarıdır. “Adam da özünü tanımaz?” – deyə bir sual keçdisə könlünüzdən mən cavab verim – çətin tanıyar...

Özünüzü sorğulayırsız?

Bir qadın müntəzəm olaraq “yanlış” oğlanlarla birlikdə olursa, günahı nə bəxtdə, nə də “alın yazısı”dan şikayətlənmədən öncə oturub düşünməlidir. Bu klubun qadınları adətən baş verən uğursuzluqlarda kişiləri günahlandırır, xoşbəxt saydığı qadınları yüngülcə qısqanır və onların özünə nisbətən qürursuz, daha şanslı və hər şeyi bilən ifritə olduğuna inanır. Özünü sorğulamaq isə ağlına da gəlməz. Yaxşı bəs bu yanlış seçimlərin altında yatan etiket nədir? Bunun iki cavabı var: həddindən artıq özgüvən və ya tam əksinə güvənsizlik. Çox qəribədir elə deyil? Özünə çox güvənən xanım ətrafındakılar tərəfindən çox da sevilməyən, ideal obraza çox uzaq olan adamları seçəndə belə deyir: “mən onu adam eləyərəm” . Özünü başqalarından artıq sayan, öz ağlına və gözəlliyinə güvənən bu üzvümüzün sonda əlində qalan isə göz yaşları olur.

Buz kraliçasına dönmək

Özünə inamlı qadın bir müddət sonra yorğun, əldən düşmüş, doğru qərarlar vermək qabiliyyətini itirmiş, kinli, inadçı bir qadına çevrilir. Nəticədə öz quyruğunu tutmağa çalısan bir pişik kimi öz ətrafında dönməyə, bütün kişilərə nifrət etməyə, sevgiyə inanmamağa başlayan bir buz kraliçasına çevrilir.

Özünə güvənməyən qadın kişini uzaqlaşdırır

Klubumuzun üzvlərindən olan özünə inanmayanların bir həyat şüarı var: “Məni ondan başqa kimdi bəyənən?”, “Başqa şansım yoxdu” və sairə. Bu xanımların ən böyük problemi özlərini bəyənməməyi və kifayət qədər sevməməyidir. Adətən bədənlərindən şikayətçi olan bu xanımlar mütləq hansısa bədən üzvlərindən narazıdırlar - boyu, çəkisi, burnu, gözü, əlləri... Əllərində olsa onlar mütləq hanısa orqanını dəyişdirmək istəyərlər. Amma bu üzvlərimizin fərqi ondadır ki, onlar sevilməyə layiq olmadıqlarını düşünürlər. Bu düşüncə onları elə sarsıdır ki, mənliklərini, düşünmə qabiliyyətlərini, xanımlıqlarını üstələyir. Geyindiyi paltardan tutmuş istifadə etdiyi sözlərə, qurduğu cümlələrə qədər ötürdüyü tək mesaj budur - "məni seçməyin, mən bədbəxt qadınam, sizi də bədbəxt edərəm".

Belə olduğu halda da istədiyi və birlikdə ola biləcəyi adamlar bu mesajı alır və qaçırlar. Yerdə qalanlar isə bədbəxt bir eşq macərasının təqvimdə qırmızılanmış günlərlə harmoniyasından başqa bir şey olmaz. Hər alınmayan münasibətdə özünə inanmayan öz düşüncələrinin təsdiqini tapar, onda heç vaxt alınmayacaq, sevgiyə layiq deyil və s. kimi cümlələrlə süuraltını doldurar, dama-dama göl olar deyib, öz yaratdığı göldə boğular.

Dəyişməyə özünüzdən başlayın

Əgər bu klubun üzvü olduğunuzu düşünürsüzsə, dərhal hərəkətə keçin. Özünüzlə üzləşin! Ruhunuzu, beyninizi və ürəyinizi müalicə edin. Lazım gələrsə, professional yardım alın. Dəyişməyə kişilərdən deyil, özünüzdən başlayın. Görəcəksiz onda bəxtiniz də, qismətiniz də düzələcək və bir gün qapı döyüləcək – “salam, mən Mr. Ideal”.

# 2812 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #