Kişilərin danışdığı yalanlar

Kişilərin danışdığı yalanlar
24 iyun 2014
# 13:30

Rəfiqə Məmmədova yazır

Dürüstlük münasibətlərdə olduqca önəmli meyardı, amma hər oğlanı rahatlıqla kövrək bir romantikə çevirə bilməzsiz. Hər gün eşitdiyimiz yalanların həddi-hüdudu yoxdu, amma bunu sevgilimiz edirsə ən azından xəbərimiz olsun. Buyurun, sevgilinizin sizə danışdığı ən məşhur və sadə ağ yalanlar...

1. Ən yaxın rəfiqən çirkindi

Adətən biz xanımlar sevgilimizi yaxın rəfiqəmizlə tanış etdikdən sonra ondan soruşuruq:

– Necədi? Bəyəndin? Qəşənq qızdı, hə?

Cavabında isə rəfiqəmiz Adriana Lima olsa belə bunu eşidirik:

- Yox, nə bilim, mən bəyənmədim. Sən ondan min dəfə qəşəngsən.- Üstünə də bir dənə maç.

2. Bağışla

Sevgiliniz sizdən üzr istəyib günahkar olduğunu boynuna alırsa bilin ki, onun nə üçün üzr istəməsi ilə bağlı heç bir təsəvvürü yoxdu. İnanın mənə. Məqsəd sizin könlünüzü alıb, münasibəti əvvəlki vəziyyətə qaytarmaqdı. Bu dəfə sevgiliniz sizdən üzr istəyəndə səbəbini soruşun görün nə deyir.

3. Mamedin problemləri var

Sevgilinizin hansısa dostunun problemi var və o, sizi qoyub dostuyla görüşməlidi. İnandız? Oğlanlar heç vaxt bizim kimi saatlarla dərdləşmir. Bəli, kiminsə problemi ola bilər, amma onlar dərdləşməyə yox, pivə içib “Playstation” oynamağa yığışırlar. Nadir hallarda oğlanlar hansısa bir problem haqda söhbət edirlər. Bu da 4 dəqiqədən çox çəkmir, sonda yenə söhbət pivə və futbolla yekunlaşıb xoşbəxt sonluğa qovuşur.

4. Tıxacdayam, liftdəyəm, tuneldəyəm, e-şit-mi-rəm

Bu ən çox eşitdiyimiz yalanlardan biridi. Yox, sevgiliniz sizdən bezib və sizlə danışmaq istəmir, demirəm, məsələ burasındadır ki, bu sözlərlə qarşı tərəf heç, amma heç xoşuna gəlməyən mövzunu bağlamağa, ən pis halda ertələməyə çalışır. “Şəbəkə itib” cümləsini eşidəndə telefonu qapadın və danışdığınız mövzunu özünüz üçün götür-qoy edin.

5. Zarafat edirdim, canım

Sevgiliniz ailəniz, dostlarınız və ya özünüz haqda bəzən neqativ fikirlər dilə gətirə bilər. O, bununla sizin reaksiyanızı yoxlayıb ürəyini boşaltmaq istəyir əslində. Reaksiyanız pis olanda məcbur olub “Şrek”dəki pişik kimi zarafat edirdim, mama canı, zarafat edirdim deyəcək, siz də inanacaqsız. Məncə bundan sonra bu “Zarafat edirdim”lərdən öncəki cümlələri ciddi qəbul edin. Məsələn, səni tanımasaydım bacınla sevgili olardım, zarafatı çox ciddi zarafatdı.

6. Səni sevirəm, sənin üçün darıxmışam

Gəldik əsas məsələyə. Bunu bütün rəfiqələrimə deməkdən əldən düşmüşəm. Adam da oğlana durduq yerə “Məni sevirsən?”, “Darıxmısan? Nə boyda?” suallarını verər? Adam darıxıbsa, sevirsə onsuz da deyəcək. Siz bu sualları verəndə o yazığı süni rol oynamağa, hiss etmədiklərini dilinə gətirməyə məcbur edirsiz. Sevirsə deyər, darıxırsa axtarar, onlara da yazığınız gəlsin. Bəlkə siz zorlamasanız yalan danışmayacaq qədər məsumdurlar əslində?

# 4838 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #