Evlənəsi qızlar, əylənəsi qızlar

Evlənəsi qızlar, əylənəsi qızlar
20 avqust 2013
# 11:06

Rəfiqə Məmmədova yazır

Yəqin ki, qadın oxucularıma artıq məlumdur bu qruplaşma. Mövzumun adına baxan kimi reflektiv şəklində özünüzü iki qruplaşmadan birinə aid etdiyinizi bilirəm. Nəticədən nə dərəcədə razı qalıb qalmadığınızı deyə bilmərəm, amma ən optimal variant olaraq əylənərək evlənəsi qızlar qrupu yaradıb, özümüzü ora aid etmək ideyasını verə bilərəm sizə.

Kimdi bu qruplaşmanın müəllifi, ya da müəllifləri?

Gecələr makiyajımızın göz yaşlarımıza qarışıb yastığımızı çirkləndirməsinin səbəbkarları?

Səhər oyanan kimi xüsusi sevinc və yalvarış dolu təbəssümlə telefonumuza baxıb mesajını gözlədiyimiz kəslər?

Bizi arzulamağa məcbur edib, sonra qanadlarımızı qırıb göydən yerə çırpan qəhrəmanlar?

Sevgiylə ehtirası ayırd edə bilməyən quşbeyinlər?

Yataqda bizi sevib oxşayan, sonra bir sığalına həsrət qoyan “cəngavər”lər?

Bəli, düz tapdınız söhbət oğlanlardan gedir, həyatımızı həsr etdiyimiz, ya da edəcəyimiz qarşı cinsdən. Xəyanətlərini, kaprizlərini, qadağalarını “belə də lazımdı” deyib qəbul etdiyimiz, boyun əydiyimiz, tabe olmaqdan zövq aldığımız kişilərdən.

Nədir bunların dərdi bilirsiz? Özünüzə cavab verin, kənardan pis baxmasaydılar “bu yubkanı alardım”, “şortik geyinərdim”, “qıpqırmızı pomada çəkərdim”, “tatu elətdirərdim” fikirləri neçə dəfə keçib beyninizdən? “Kənardan nə deyərlər?”, “ciddi baxmazlar”, “sevməzlər”, “bəyənməzlər”lə özünüzü neçə dəfə ittiham etmisiz?

Özünüzü bu cür çox yoracaqsınız? Maço bilirsiz nədir? Yəqin bilirsiz. Bəs fahişə nədir, bilirsiz? Hə, onu da bilirsiz, yəqin. Yaxşı indi bu iki adlandırmanın bir-birindən fərqi nə oldu? Cinsi orqanlar, bəs sonra? Bu cür axmaq yanaşma və adlandırmanın müəllifi bəs kimdir bilirsiz?

Elə sənin, mənim, bizim sevgililərimiz, atalarımız, qardaşlarımız. Bizim fikrimizi soruşmadan necə hansısa qrupa aid etmək olar? Başa düşürəm, çoxu ərə getmək, ailə qurmaq, sevilmək istəyir, amma bunu saçınızı istədiyiniz rəngə boyayaraq, qısa yubkayla, tatuyla da edə bilərsiz.

Əzizlərim, sizi olduğunuz kimi sevə bilən, qəbul edən biri sözsüz ki, tapılacaq. Olduğunuz kimi daha möhtəşəmsiz, dəyişməyin, dəyişdirməyin, sadəcə olaraq tayınızı tapın.

Bilirsiz nə edin? Minin süpürgələrinizə, sərhədlərin üstündən uçub əl eləyin o tərəfdə qalanlara.

Gəlin sizə kiçik bir sirr də verim, ürəyiniz lap rahat olsun. Fevral ayının 29-u dünyanın bir çox ölkələrində xanımlar sevdikləri oğlana evlənmə təklifi edirlər. Darıxmayın, ən pis halda 2016-cı ildə evlənərsiz.

# 3676 dəfə oxunub

Müəllifin son yazıları

# # #