Ölüm şeirləri ilə ömür sürən Xalq şairi - Gənc yazar Ramiz Rövşəni sərt tənqid etdi

Ölüm şeirləri ilə ömür sürən Xalq şairi - Gənc yazar Ramiz Rövşəni sərt tənqid etdi
12 aprel 2021
# 10:57

Əvvəla-vilvila onu deyim ki, bu yazının yazılmağına səbəb olaraq heç bir ciddi amil yoxdur. Ol səbəb, bu yazının altqatında nəsə axtarmağa da dəyməz. Çünki heç nə tapmayacaqsınız. Nə paxıllıq, nə də xalq təbirincə desək, “ilişib” məşhurlaşmaq hissi. Əslində, bunları izahat təki verməyə borclu da deyiləm, amma qaramatlığınızı nəzərə alaraq, həm də ehtiyac duydum.

Bu yazı, bir az sərt keçəcək!

Bunları həm də ona görə qeyd edirəm ki, bizdə adətən kimisə tənqid etdik də (söhbət tanınmış insanlardan gedir) ortaya bu kimi məsələlər çıxır ki, guya paxıllıq edirmişəm(ik), ilişib tanınmaq istəyirəm(ik).

Yalançını Ramiz Rövşənin “qara paltarlı qadın” şeirindəki qadına möhtac qalsın elə!

Ona görə də bu amillərin olmadığına qətiyyən şübhə etməyiniz. Özünü tərifləmək kimi çıxmasın, mən bu məsələlərdə bir az pakam. Edəcəyim ancaq özümə ola bilər.

Ramiz Rövşənin şeirlərindən danışmaq çox çətindir. Çətindir deyəndə, tənqid eləsən, təhqir olunacaqsan. Bu qədər çətindir yəni. Travmalı insanlara, xalqa, ümumiyyətlə, ağlamağa meyilli adamlara daim "ağlamalinski" şeirlər verən adamı tənqid edirsənsə, çox şeyi gözə də almalısan. Kişi damar tutub, niyə üstünə baxırsan?!

Amma gəlin, bir şeyi etiraf edək. Ədəbiyyat eşqinə. Ramiz Rövşən ümumiyyətlə, pessimizmdən, melanxoliyadan başqa heç nə yazmır. Şeirləri daha çox reputativ şeirlərdir. Əslində, pessimist olmaq, yazmaq da ciddi bir problem deyil. Amma daim bu cür şeirlər ümumi ortamı dəyişir, psixologiyaya da təsir edir. Ramiz Rövşən bununla ədəbiyyatda bir cığır açdı və onlarla adam da o cığırla getdi. Buna görə də böyük bir şeylər yarada bilmədik. Ramiz intonasiyasi, Ramiz estetikası hələ də ədəbiyyatımızda hökm sürür. Yeni şeir düşüncəsinin formalaşmasına imkan vermir və.s

50 il ölüm şeirləri ilə ömür sürən dissident xalq şairi...


Ramiz Rövşən şeirləri mən deyim 30 il, siz deyin 40 il əvvəl maraqlı və aktual idi. Müasir dövr üçün onun "qəbrli", "mollalı" şeirləri keçərli deyil. O şeirlərin fatihəsi verilib, ehsanı da yeyilib. Amma oxucuların gözü doymur ki, doymur. Çox təəssüf ki, uca xalqımız ağlaşmanı da sevir. Çünki xalqımızın toyda “Şıdırğı” rəqsini kəs, qəfil ana muğamı səsləndir, ağlamaq tutacaq. Düşünürəm, belə xalq niyə də Ramiz Rövşəni sevməsin?!

Açığı, bu barədə çox geniş yaza, danışa da bilərəm. Amma indi bunun izahını vermək qədər mənasız heç nə yoxdur. Bir nəfər belə dinləməyəcək. Əsas odur, toxumu atım, yavaş-yavaş özü cücərəcək.

Özümü intellektual göstərmək olmasın, adam gedib Mayakovski, Brodski kimi şairlərin şeirlərini oxuyandan sonra gəlib Ramiz Rövşən şeirlərini oxuyanda bərk qəribsəyir. Ən azından mən qəribsəyirəm. Təklif edirəm ki, Anna Axmatovanı oxuyub, yenidən Ramiz Rövşəni oxuyasınız. Bəlkə, tanış misralar da gördünüz…

Ona görə də, artıq zamanla Ramiz Rövşən şeiri də tamamilə aktuallığını itirəcək. Təbii ki, Ramiz böyük şairdir, ədəbiyyatın özüdür, amma elə məhz Azərbaycan səviyyəsində. Mən qələt edərəm, başımı da Axmatovanın başına döyərəm, Ramizə "şair deyil" desəm. Amma yenə də nə bilim, bunları deməyə ehtiyac duydum. Bəlkə düşünməyinizə bir kömək olar deyə.

Elə bir zamanda yaşayırıq ki, istər siyasətdə, istər məişətdə, istər cəmiyyətdə, istərsə də elə ədəbiyyatda elə hadisələr, adamlar var ki, onlara əvvəlcə uşaq olub aldanırıq, inanırıq, sonra da böyüyüb bunun fərqinə varanda görürük ki, sən demə, biz buna - o hadisələrə də, adamlara da məcburuq. Ömür, beləcə özümüzü aldada-aldada, ahəstə-ahəstə keçib gedir. Bu sarıdan düşünürəm ki, Ramiz Rövşənə məsələnin ədəbiyyat tərəfindən yamanca aldanmışıq. Bu, elə bir aldadılmaqdır ki, hələ də ayıla, yarış atı kimi düz baxmaqdan çıxa bilmirik. Nə edirsən et, xeyri yoxdu. Hamımız bu şirinmi deyim, nə deyim, yalanın "yalançılarıyıq"

Azərbaycanda yeganə şair Ramiz Rövşəndir ki, sabah çıxıb xalqı təhqir belə eləsə, ən azından "qoca kişidir, eybi yox, olan şeydir" deyəcək böyük bir kütlə var.

Bu, həmin o kütlədir ki, az qala danışmağı unudan, keçən əsrdən susan bir şairi müxalifətçi, dissident adlandırır. Gəlin, əvvəlcə bu məsələni aradan qaldıraq, şairə müxalifətçi adını verməyək. Çünki şair özü bu adı istəmir, bu addan qaçır, qaçıb, qaçacaq. Belə olduğu halda niyə bir xalq şairinə dissident desin ki, niyə? Bu həmin kütlə, bu həmin xalqdır ki, məhz həmin kütlədir ki, Ramiz Rövşəndən başqa susan heç bir şairi bağışlamır.

Məhz həmin kütlədir ki, ondan başqa əli qələm tutan hər kəsdən danışmağı, ziyalı mövqeyi, vətəndaşlıq tələb edirlər. Bircə Ramiz Rövşəni dindirmirlər ki, dindirmirlər. Mənə elə gəlir, Ramiz Rövşən danışsa belə onu görməzdən gələcəklər. Mənə elə gəlir, dünyanın ən susqun şairi adını təsis edib, mükafat hazırlayıb, Ramiz Rövşənə təqdim etmək lazımdır. Amma onda da çıxıb heç nə danışmasın. Eləcə sussun. Susduğu kimi. Pis də çıxmasın, adam var, susanda da səsi başına düşür...Ramiz Rövşən elə bir şəkildə susqunluğu seçib ki, sabah dil açıb danışsa, ən birinci özüm təkərə düşəcəm. Deyəcəm, görəsən, nə olub, nə olacaq ki, Ramiz Rövşən belə dilə gəldi? Yəni, vəziyyət bu qədər kritikdir?

Bu, həmin o kütlədir ki, ona denən, "Ramiz Rövşənə dövlət hər şey verib, Ramiz Rövşən iqtidarın yanındadır, 90-lardan sonra mövqeyini dəyişib, indiyə qədər də belədir." İnanın, yenə də mütləq müsbət nələrsə tapıb deyəcəklər. Deyəcəklər, dövlət şairi ac saxlamır da, ürəyi nə istəyir, verir. Bunun nəyi pisdir? Razılaşıb, ardınca deyəcəksən ki, bəs, niyə başqa şairə də ev veriləndə söyürsən, mükafat verəndə yaltaq deyirsən? Düşünüb-düşünüb söhbətdən çıxmaq üçün ən azından "əşşi, o başqa, bu başqa" deyəcək. Yəni, hazırda Ramiz Rövşəni heç cür "məğlub" etmək mümkün deyil. Ona edilən ən haqlı iradlar, tənqidlər belə yapışmır, hələ uzun müddət yapışmayacaq da. Sanki Ramiz Rövşənin ayrıca bir Allahı var və o Allah onu elə bir şəkildə qoruyur ki, yaxın durmaq mümkün deyil. O dəqiqə cəhənnəmə vəsilə olacaqsan. Səbəbsiz, qarşılıqsız sevginin tək ünvanıdır Ramiz Rövşən.

Bütün bu yazdıqlarıma baxmayaraq, Ramiz Rövşənin hələki indiki vəziyyətinə kölgə sala bilməyəcəyimi də bilirəm. Bəs, kölgə salmaq istəyirəmmi?! Yox, əlbəttə. Amma düşəcək. Ümid edirəm ki, Azərbaycan oxucusu bir gün bu qəflətdən ayılacaq və olanları özü də görəcək. Hələki Ramiz Rövşən dövrüdür. Sağlıq olsun. Ədəbiyyat gec-tez hamının yerini göstərəcək.

# 7869 dəfə oxunub

Müəllifin son yazıları

# # #