Aysel Əlizadənin məqsədi

Aysel Əlizadənin məqsədi
19 avqust 2024
# 11:00

Kulis.az Orxan Saffarinin "Aysel Əlizadə dolma büküb, aş dəmləyib, toyuq qızartsa, nə olar?" adlı yazsını təqdim edir.


Azərbaycanda baş tutan, amma ayaq açıb yeriyə bilməyən tək ideologiya feminizmin “liderkası” olan Aysel Əlizadəyə baxanda müstəsna şəkildə kədərlənirəm.

Baxıram və deyirəm ki, gözəl-göyçək xanımdır, amma danışdıqlarına, yazdıqlarına, etdiklərinə bax. Onu danışan və yazan görəndə bir anlıq bütün sehri itməyə başlayır. Çünki nə deyirsə, nə edirsə, boşdur.

Axı nə ehtiyac var? Üstəlik, bütün bunların heç biri ciddiyə də alınmır.

Aysel Əlizadə yeganə xanımdır ki, erotik şeir yazır, yenə heç kimə maraqlı deyil.

Aysel Əlizadə yeganə feministdir ki, feminizm adı altında kişiləri aşağılayır, yenə heç kimin vecinə deyil.

Halbuki, o istəsə, surəti gördükcə lal eylər bizi. Onun gözləri giryan, zülfi necə pərişandır... Büllur yanaqları, püstə dodaqları, saçları, can alan baxışları, dərya gözləri… Axxx, Aysel, axxx… onun əlləri…

(Bu, qadınlığına hörmət olaraq yeganə kompliment dediyim hissə idi. Bir də olmayacaq.)

Görəsən, bu xatunu niyə ciddiyə almırlar? Onun adını harada eşitmişəmsə, daim bu sözləri deyiblər:

“Əşi, Ayseldir də, işiniz yoxdur”; “Gözəl xanımdır, eybi yox, danışsın da”.

Bəs yaxşı, Aysel xanımın ona olan bu münasibətdən xəbəri yoxdur? Doğrudan, o görmür ki, onu ictimai-siyasi və ədəbi proseslərdə heç kim ciddiyə almır?

Bilmirsən, müxalifətçidir, bilmirsən, iqtidarı müdafiə edir. Heç nə, onun haqqında dəqiq heç nə bilmək mümkün deyil.

Ona olan sevgi ancaq və ancaq gözəlliyinə görədir. Doğrudur, bu onun problemi deyil, amma hal-qəziyyə belədir.

Aysel Əlizadə Azərbaycanda yeganə feministdir ki, qətiyyən feminist deyil. Əlbəttə, bu söz uyğunsuz, mənasız, qəribə qarşılana bilər. Amma neyləmək olar ki, Aysel xanım belədir?

Adama elə gəlir, feminizmi gözdən salmaq üçün Aysel Əlizadə xüsusi hazırlanıb, ya da onun içində bir Tükəzban xala var, məqsədi feminizmi gözdən salmaqdır.

Məsələn, o feminizmdən danışmasa, yazı zad yazmasa, özünü sözünü deyən, uğurlu ledi kimi göstərməsə, əslində, yaxşı dolma bükə, aş dəmləyə, toyuq qızarda bilər. Di gəl, Aysel xanım belə şeylərə pis baxır.

Mətbəx onunçün cəhənnəmdir, yerə atılan kişi corabları əl qumbarası, şalvar isə uzaqmənzilli raket.

Görəsən, Aysel xanıma necə izah eləmək lazımdır ki, heç olmasa, yazmasın, “Azərbaycanda qadın yazıçı yoxdur!” ifadəsinə səbəb olmasın?

Ona görə ki, Aysel Əlizadə feminizm haqqında, ümumiyyətlə, vikipediyadan başqa bir şey oxumayıb. Onun istənilən təsadüfi çıxışında intellektinin yoxluğu aydın görünür.

Gözəl, amma intellekti olmayan qadın…

Necə də kədərlidir.

Onun nə feminist hərəkatının dalğalarından xəbəri var, nə də dünyada feminizmin hansı leveldə olduğundan. Ona görə də, məsələn, verilişlərin birində deyir ki: “Mən Tanrı olsam, Adəmi qadından sonra yaradardım”.

Kişilərə olan nifrəti onu hər fürsətdə ələ verir, gözdən salır, gözəlliyinə söz etdirir. Məsələn, o, tez-tez qadın cinayətlərindən, şiddətlərindən, feminizmdən danışanda adam istəyir, ekrandan “abucubucu” eləsin. Doğrudan da, şirin görsənir. Bir də görürsən, əsəbiləşir, təxminən, deyir ki, “oyy, Azərbaycan qadını azad olsun, oyy, qadınlar, şiddətə dözməyin”. Vallah, danışdıqları bəzən həqiqət də olsa adamın gülməyi gəlir. Çünki yekə həqiqətləri gərək səmimi, o həqiqətə yaraşan adamlar desin. Adam da Aysel Əlizadənin dilindən səslənən həqiqətə inanar heç?

Azərbaycanda belədir, həqiqətləri elə adamlar deyir ki, həqiqət adamın gözündən düşür. İndi Aysel Əlizadə elə bir obrazdadır ki, qatığa ağ deyəndə adam şübhələnir.

Hətta bəzən elə şeylər danışır, adam lap acığa düşüb şiddət göstərmək istəyir. Bir sözlə, Azərbaycanda feminizmə Aysel Əlizadə kimi heç bir qadın zərbə vura bilməz.

Məsələn, Aysel xanım deyir:

“Kişiyə ilk andan şikar kimi yanaşmaq çox yanlışdır. Kişi bunu hiss edən kimi qaçır.”

Belə də feminist olar? Şikar nədir? Kişiyə şikar kimi yanaşmaq nədir? Bu nə təbliğatdır? Aysel xanımın niyyəti nədir? Hanı bəs bərabər hüquq?

Amma etiraf etmək lazımdır ki, adam Aysel xanımın şikarı olmaq istəyir.

Ürəyimizi nişan al, ağrıdır axı…

Aysel xanım elə bilir ki, feminizm qadınların hüquqlarının kişilərdən çox olmasını istəmək, bunun üçün çalışmaqdır. Ona bərabərlikdi-zaddı, qətiyyən maraqlı deyil. O da istəyir ki, kişi qadının emosional ehtiyaclarını ödəyə bilsin. Bunu da mən yox, özü dilə gətirir. O elə bilir ki, Azərbaycanda az maaş alan, qadının ehtiyaclarını qarşılaya bilməyən kişi yaxşı kişi deyil, ona görə də qadınlara belə mənasız şeylər tövsiyyə edir.

Yəqin ki, Aysel xanımdakı aqressiyanı hər kəs görür. Güman ki, Aysel Əlizadə özünün Azərbaycan kimi bir cəmiyyətdə alababat uğurlar qazanmasının sirrini bilir.

O bilir ki, onu bu gün beş-üç nəfər tanıyır, sevirsə, məhz gözəl qadındır deyə olur. Düzdür, gedər o gözəllik, ona da qalmaz, amma yenə də.

Təəssüf ki, Aysel xanım nəinki feminist kimi, heç yazıçı kimi də uğur qazana bilmədi.

Bilinmədi ki, onun Azərbaycan ədəbiyyatında nə işi var, niyə yazır, nə yazır?

Biri-birindən mənasız, biri digərindən uğursuz kitablarla hər nə qədər ədəbi qadın, yazıçı obrazına bürünsə də, alınmadı.

O heç vaxt anlamadı ki, gözəl qadın olmaq gözəl yazıçı olmaq demək deyil. Deyəsən, bunu ona qıyıb deyən də olmadı.

Onun doğrudan da intellekti olsaydı, hansısa ideologiyaya sığınıb alababat bir yazıçı olardı, təəssüf, gözəlliyindən başqa bir şeyi olmayan Aysel xanım bunu anlaya bilmir.

Aysel xanıma demək lazımdır ki, “Qızlar ağlamaz”, “Qadın Peyğəmbər” kimi ideologiyaya hesablanan kitabları yazanda əvvəlcə məlumatlı olmaq lazımdır. Gəlin, yığışaq, ona deyək. Deyək ki, xanım qız, əvvəlcə kitab oxu, həm feminizm haqqında məlumatlı ol ki, müsahibə verəndə özünü biabır etmə, həm də işdir-şayət, ola bilsin ki, nə vaxtsa alababat bir cümlə də yazdın. Yoxsa erotik şeirlər yazıb, burada belə səs-küyə səbəb ola bilməmək bir müddət sonra depressiyaya salacaq. Aysel Əlizadə yeganə qadındır ki, erotik şeirləri adamı ehtiraslandırmır, Allahın hansısa bədbəxti heç etiraz da eləmir ki, ay bacı, ayıbdır, bu nə şeirdir?

Aysel xanıma tərəfimizdən özünü qıraqdan görmək arzu edilir.

# 4259 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #