"Söhbət zamanı kiminsə adını çəkmək təsadüfi bir sığala bənzəyirdi..." - Holland yazıçıdan sitatlar

"Söhbət zamanı kiminsə adını çəkmək təsadüfi bir sığala bənzəyirdi..." - Holland yazıçıdan sitatlar
30 oktyabr 2026
# 13:30

Bu gün holland yazıçı Harri Mulişin anım günüdür.

Kulis.az onun əsərlərindən müəyyən hissələri təqdim edir.

Bu sual cavabla korlanmayacaq qədər yaxşıdır.

***

Məncə, hər bir insanın içində belə bir hiss var: o, əslində digər insanların həyatına aid deyil. Nədənsə fərqlidir, bir qonaqdır və başqaları bunu hiss etməsin deyə əlindən gələn hər şeyi edir. Bütün insanları birləşdirən məhz bu hissdir və elə buna görə də onlar bir-birinə aiddirlər.

***

Bütün insanlar, əlbəttə ki, təkrarolunmaz idilər və bunu yalnız kimsə onlara aşiq olanda, ya da heç kim onlara əsla aşiq olmayanda anlayırdılar.

***

Nifrət qaranlıqdır, bu yaxşı deyil. Amma yenə də faşistlərə nifrət etməliyik və bu, tamamilə təbii qarşılanır. Bu necə ola bilər? Məncə, ona görə ki, biz onlara işıq naminə nifrət edirik, onlar isə yalnız qaranlıq naminə nifrət edirlər. Biz nifrətin özünə nifrət edirik və bu səbəbdən bizim nifrətimiz onlarınkından daha yaxşıdır. Amma elə buna görə də bizim üçün hər şey daha çətindir. Onlar üçün hər şey çox sadədir, bizdə isə daha mürəkkəb. Onlarla döyüşmək üçün bir az onlara bənzəməliyik, deməli, bir qədər özümüzdən uzaqlaşmalıyıq. Amma onların belə bir dərdi yoxdur; heç bir tərəddüd etmədən bizi yox edə bilərlər. Biz onları məhv etməzdən əvvəl ilk növbədə öz içimizdəki nəyisə məhv etməliyik. Onlar isə yox; onlar sadəcə özləri olaraq qala bilirlər, elə buna görə də bu qədər güclüdürlər. Lakin sonda uduzacaqlar, çünki içlərində heç bir işıq yoxdur. Əsas məsələ odur ki, biz onlara həddindən artıq bənzəməməliyik, özümüzü büsbütün məhv etməməliyik, yoxsa sonda qalib gələn onlar olar.

***

Söhbət zamanı kiminsə adını çəkmək təsadüfi bir sığala, onun saçını oxşamağa bənzəyirdi.

***

İradəni və diqqətini yönəltdiyin hər şey görünməz, əlçatmaz olur, ən azı mənim təcrübəm belədir. İnsan şeyləri yalnız başqa bir şeylə məşğul olarkən, gözucu baxanda həqiqətən görür. Sanki gerçəklik həmin an unudulduğunu hiss edir, bunu qəbul etmir və özünü sənə zorla qəbul etdirir.

***

Həyatı mənasız hesab edirsinizsə, ölümü tam mənasıyla mənalı saymalı deyilsinizmi?

***

Kainatın qarşısında kiminsə özünü kiçik hiss etməsini heç vaxt başa düşməmişəm. Axı insan onun nə dərəcədə böyük olduğunu və bundan əlavə daha bir neçə şeyi bilir, bu isə o deməkdir ki, o kiçik deyil. İnsanın bütün bunları kəşf etməsi faktı məhz onun əzəmətini sübut edir.

***

Bəlkə də, deyə düşündü, bütün çiçəklər kimi həqiqi, təmiz məhəbbət də ən çox kökləri çirkab və palçıqda olanda çiçəklənir. Bəlkə də hər şeyi bir yerdə saxlayan həyat qanunu məhz bundan ibarətdir.

***

İstənilən adamla söhbət etmək olardı; sıxıntı duymadan birlikdə susmaq isə xeyli nadir tapılan hal idi.

***

Xoşbəxtlikdən, yazılan söz eşidilməyə ehtiyac duymadan duyula bilən bir şeydir. Kağıza köçürdüyüm ən təvazökar kəlmə belə, məsələn, "susmaq" kəlməsi, o daş quyudakı cəhənnəmi belə batırır.

***

Köhnə olan hər şey nə vaxtsa yeni idi və yeni olan hər şey nə vaxtsa köhnələcək. Ən köhnə olan isə indiki zamandır, çünki indiki zamandan başqa heç vaxt heç nə mövcud olmayıb. Heç kim keçmişdə yaşamayıb və gələcəkdə də heç kim yaşamır.

***

Rənglərin cuşa gəldiyi bir məqamda səma elə bir qürub nümayiş etdirirdi ki, Avropada bunu yalnız dərhal işdən qovulması labüd olan dəli bir işıq rəssamı uydura bilərdi.

***

Biz insan potensialını - həm onun zəkasının gücünü, həm də nəfsinin zəifliyini, deməli, şeytani təlqinlərə açıqlığını lazımi səviyyədə qiymətləndirmədik. Lakin nəticə etibarilə o bizim yaratdığımızdır və əslində lazımınca qiymətləndirmədiyimiz şey öz yaradıcılığımız olub. Yaratdığımız şey, düşündüyümüzdən daha artıq bir şeyə çevrildi. Deməli, uğursuzluğumuzun içində əslində bizə yönəlmiş bir tərif gizlənir: yaradıcılıq qabiliyyətimiz bizim özümüzdən daha böyükdür!

Türk dilindən tərcümə etdi: Aydan Ağayeva

# 145 dəfə oxunub

Oxşar xəbərlər

Qarabağ Milli Parkının yaradılması ilə bağlı işlərə başlanıldı

Qarabağ Milli Parkının yaradılması ilə bağlı işlərə başlanıldı

13:21 30 oktyabr 2026
"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

13:00 30 oktyabr 2026
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

13:00 30 oktyabr 2026
"The Odyssey" rəqəmsal plartformalarda - Tarixi açıqlandı

"The Odyssey" rəqəmsal plartformalarda - Tarixi açıqlandı

12:30 30 oktyabr 2026
Piter Cekson bədii kinoya qayıdır - 12 il sonra

Piter Cekson bədii kinoya qayıdır - 12 il sonra

12:00 30 oktyabr 2026
Yazıçılara saxta "Netflix" təklifləri göndərirlər – Ədəbiyyat dünyasında yeni dələduzluq dalğası

Yazıçılara saxta "Netflix" təklifləri göndərirlər – Ədəbiyyat dünyasında yeni dələduzluq dalğası

11:40 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər