"O səs yaşadıqca mənim də ilk məhəbbətim yaşayacaq..." - Səhnəmizin kişi siması haqqında

"O səs yaşadıqca mənim də ilk məhəbbətim yaşayacaq..." - Səhnəmizin kişi siması haqqında
30 oktyabr 2026
# 11:15

Kulis.az Nihat Pirin "Səhnəmizin kişi siması haqqında" yazısını təqdim edir.

İki-üç il qabaq dost məclislərindən birinə tələsirdik. Bəlkə də, elə bu aylar, bu havalar olardı. Bakının yolları. İş çıxışı. Başqa nəsə deməyə ehtiyac yoxdur, yəqin. Bir qəfil gözüm prospektlə qol-boyun qatar yoluna sataşdı. Nəsə bu mənzərə tıxacı unutdurdu mənə. Elə bildim, elə belə olmalıdır. Elə bildim, elə belə olması ən yaxşısıdır.

Səfiyar dostum qayıtdı ki, o bir mahnı var e... Sonra barmaqlarını bir-birinə sürtə-sürtə mahnının adını xatırlamağa çalışdı. Alınmadı. İfaçını tapmaq istədi. Alınmadı. Sağa vurnuxdu, sola vurnuxdu, axırı başladı zümzümə eləməyə. İki nəfəs, üç nəfəs, dörd nəfəs.

Telefonu çıxarıb ikimizin də ürəyimizdən keçən o mahnını tapmışdım artıq. Dostumun üzündə-gözündə az-az rast gəldiyim rahatlıq görmüşdüm onda.

Zaur Rzayev “Bilirəm, getmisən”.

***

İl olsun iki minlərin əvvəli. Dünyanın düz vaxtı dediyimiz həmin günlər yəni. Onda mən uşaq idim. Yeddi yaşdan, səkkiz yaşdan, on yaşdan biri olardı. Onda internet yox idi. Onda yutub yox idi, tiktok yox idi, nə bilim, nələr, nələr yox idi. İndi bəyənmədiyimiz televiziya idi qibləmiz. Oradan nə eşitsək, o idi. Orada nə görsək, o idi.

Biz tərəflərdə gündüzlə gecənin burun-buruna gəldiyi vaxta dar axşamçağı deyirlər. Adama bir darıxmaq gəlir, ilahi... Havada elə bir hüzn olur, icazə ver, burada sözün, fikrin, ifadənin aciz olduğunu deyib susum.

Bax, həmin dar axşamçağılarda televizorda klipləri göstərirdilər. Qara, ipiri bir maqnitofon görünürdü əvvəlcə. Sonra Zaur Rzayev. Sonra Zaur Rzayevin "bilirəm"i. Sonra Zaur Rzayevin "getmisən"i.

Elə bilirəm, bu mahnı haradasa, necəsə, nə vaxta qədər yaşayacaqsa, mən də o vaxta qədər uşağam. Uşaq qalaram. Uşaq kimi baxaram. Uşaq kimi düşünər, uşaq kimi görərəm. Uşaq sevgimi elə məhz uşaq kimi qoruyaram. Gizlədərəm.

Dedim axı, onda internet yox idi. Dedim axı, onda uşaq idim. Hiss elədiklərimi deməyə nə gücüm vardı, nə imkanım. Eləcə uşaq saflığımla o qara maqnitofonun fonunda səni gözləməkdən gözlərim saralıb deyirdim. Eləcə uşaq saflığımla o qara maqnitofonun fonunda bilirəm ki, yoxsan, bir günüm min günə bərabər oldu deyirdim.

***

Müsahibə üçün zəng eləmişdim. Keçən ilin baharı olardı. Danışdıq bir az. Onun səsi ilə böyüdüyümü dedim. Onu dinləyəndə ilk məhəbbətimi xatırladığımı dedim. O səs yaşadıqca mənim də ilk məhəbbətim yaşayacaq dedim.

Gülümsədi, dedi, bu qədər şeydən sonra imtina edə bilmərəm, amma bir az naxoşam, danışarıq.

Sonra soruşdu, hansı kanaldır. İzah elədim ki, kanal deyil bizdə, indi televizor dövrü deyil dedim, indi internet dövrüdür, indi sayt dövrüdür. Yenə gülümsədi, mənim başım çıxmır dedi, görüşəndə izah edərsən.

Görüşə bilmədik.

Zaur Rzayevin vəfat xəbərini də Bakının yollarında aldım. İş çıxışı. Həmin ifa keçdi könlümdən. Həmin səs. “Spotify” hesabımı açdım. “Bilirəm, getmisən”. Olmadı. Nə qədər axtardım, olmadı. Sağa vurnuxdum, sola vurnuxdum, olmadı, o ifanı tapmadım. Sonra bir qəfil onunla dialoqumuzun “mənim başım çıxmır”ı düşdü yadıma. Başa düşdüm ki, Zaur Rzayevi ya o qara maqnitofonda, ya televizorda, ya da, ən yaxşı halda, yutubda tapa bilərəm.

Bir xeyli tərifli yazılar oxudum haqqında. Siması. Xarakteri. Duruşu. O yazılardan birinə dünən rəy yazmışammış. Yəqin, məhz o mahnını dinləyə-dinləyə. Həmin rəy bayaq çıxdı qarşıma: Şərif Ağayar Həsən Məmmədova kinomuzun kişi siması deyirdi. Zaur Rzayev də səhnəmizin kişi siması idi.

Ruhu şad olsun.

# 151 dəfə oxunub

Oxşar xəbərlər

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
Silviya Platın psixiatrla qəribə  dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

Silviya Platın psixiatrla qəribə dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

13:00 27 oktyabr 2026
"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

12:00 26 oktyabr 2026
"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

10:00 25 oktyabr 2026
İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

10:00 24 oktyabr 2026
"Oğulluq borcumu yerinə yetirə bilmədim..." - Ərtoğrol Cavid hərbi xidmətdən əvvəl kimə məktub yazmışdı?

"Oğulluq borcumu yerinə yetirə bilmədim..." - Ərtoğrol Cavid hərbi xidmətdən əvvəl kimə məktub yazmışdı?

15:00 22 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər