Gənclər yaltaqlığa meyllidir

Orxan Saffari, yazar

Orxan Saffari, yazar

26 avqust 2022
# 10:00

Kulis.az Orxan Saffarinin “Yaltaqlıq haqqında” yazısını təqdim edir.

Yaltaqlıq dərin mövzudur. Haqqında çox da geniş danışmaq olmaz. Yəni, danışmaq üçün nədi, necədi hər şeyi bilməli, ən azı 3-5 dəfə yaltaqlanmalısan. Ona görə, özüm də ötəri danışacam. Mənim ötəri danışmağım, həm də yaltaqlıqdan başımın çox çıxmamasıdır. Başım çox çıxmır deyə də, bilmədiyim məqamlar var (Xüsusi yaltaqlar əlavə məlumat verə bilərlər).

Məsələn, adam var, görürsən ki, babat yaltaqlıq edir, bununla da özünə nə şərait desən qurur. Kiminsə qabağında əyilməyinə dəyir. Adam da var, quru-quru, heç nədən, durduq yerə, ondan tələb olunmadığı halda başlayır yaltaqlığa. Elə yaltaq var, onun özünə də yaltaqlıq edirlər. Yəqin, bu, artıq öz sənətini dərindən bilməkdir. Dediyim digər adamlar isə dəxlisiz yaltaqlardır. Onlar heç kimə lazım deyil. Heç yaltaqlandığı adama da.

Cəmiyyətimizin ədəbi-ictimai, siyasi sferasında belə adamlar itə tökdür. İndi elə zəmanə gəlib ki, artıq yaltaqlıq da moddan düşüb, bununla da qabağa getmək olmur və bu, açıq-aşkar olanda adamı da gözdən salır, iyrəndirir. İndi burda ona görə adlar çəkə bilmirəm ki, kiminsə yaltaqlığını sübut edə bilməyəcəm. Durub kimə deyim ki, sən filankəsdən danışmaqla, yazmaqla ona yaltaqlıq edirsən? Həmin adam bunu əlində bayraq edib, həmin adama bir daha dərindən yaltaqlanmaq üçün məni birtəhər edər.

Belə baxanda, yaltaqlıq insanın mayasıdır. Sən istər-istəməz yaltaqlıq edirsən. Təbii ki, şirin yaltaqlıqlar. Məsələn, ana-ata, bacı-qardaşa, ən çox da kişilər sevdiyi qadına. Bu, insanda təbii instikdi. Bu cür yaltaqlığın kökündə səmimi sevgi dayanır. Biri də var, müdirə, idarə rəisinə və s. Bunun da kökündə nifrət var.

Adam ən çox yaltaqlıq etdiyi adama nifrət edir. Müdirinə yaltaqlanan işçi, əlbəttə, həm xislət, həm məcburiyyət olduğundan, ilk fürsətdəcə onu özü vurar.

Bugünkü gənclik əksərən yaltaqlığa meyillidir. Neyləmək olar, tam qınaya da bilmirsən. Həyat, yaşam şərtləri ağırdı, adamlar çörəklə sınanır. Hamını, hardasa başa da düşmək olur. Nə qədər qəbul edilməz bir hal olsa da, qəlbimin dərinliyində deyirsən ki, “Neyləsin e!? İşinin xətrinə edir”. Çünki sən də bilirsən ki, indi hər şey necə çətindir.

Mən gəncləri qoyuram qırağa, tuturam ağsaqqalların boğazından. Görəsən, sayılıb-seçilən yaşlı adamları yaltaqlıq etməyə nə vadar edir? Baxırsan, hər şeyi var. Ailə-uşaq yerində, pul cibində, babat da ömür sürüb. Di gəl, əl çəkmir. Gənclərə də yol vermir e, heç. 90 yaşında da adam yaltaq olar? 60-70-80 yaşında adam kiməsə məhdiyyə edər? Axı, həm də bu adamlardan bu cür gözlənti yoxdu. Qədim peşələrini unuda bilmirlər, ya nə? Adam bilmir nə desin.

Bugünkü gəncliyin yaltaq olmasında elə daha çox yaşlılar günahkardır. Çünki onlar bizə mübarizə aparmağı öyrətmədilər. Çünki onlar mübarizə apara bilmədilər, bizə görə də qorxdular. Azərbaycanda neçə ata öz oğluna “mübarizə apar, haqqını deməyə çəkinmə” kimi sözlər deyir? Onları da bu məsələdə qınamaq olmur. Valideyndi, qorxur. Amma belə olmalı deyildi ki. Vallah, deyildi. Bizə başını aşağı salmağı öyrətdilər. Bizə dedilər, susub oturun, haqqınız tapdalansa da, bir tikə çörəyinizi qazanın. Demədilər ki, haqqınız olan ikinci tikəni də sökə-sökə alın. Nəticədə də necə oldu? Bu de ha, belə.

Şəxsən mən bir gün yaltaqlıq edəcəyimdən qorxuram. Gözümüz qabağında elə oğlanlar sınır ki, deyirsən, bunu bu günə qoydularsa, məni nə edərlər? Buna bunu edən həyat mənə nələr edər?

Normal insan təmiz yaşamalı olduğu halda, heç bir insanın qabağında əyilməməli olduğu halda, indi belə olan insanlara qibtə edirlər. Məsələn, filankəs sınmır, ac olsa da, əyilmir zad. Normal olan budur, sadəcə, bizdə sınma prosesi o qədər sürətlə və sərt keçir ki, indi təmiz adam görəndə adam istəyir öpüb-qucaqlasın, təşəkkür eləsin. Hətta edirik də.

# 3123 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #