Kişilər niyə xəyanət edir?

Kişilər niyə xəyanət edir?
29 mart 2024
# 09:00

Kulis.az Björn Rungenin "Arvad" filmi haqqında Orxan Adıgözəlin yazsını təqdim edir.

“Qadın öz ərində gücü görür, hansı ki, onu sındırmaq olar və eyni zamanda zəifliyi də görür, hansı ki, onu qorumaq olar.”
(Jean Rostand)

“Qadın böyük qüvvədir” ifadəsi elə-belədən yaranmayıb. Feminin enerjisi o qədər müdhiş bir enerjidir ki, bu, kişiləri, zirvələri fəth etməyə, dayanmadan işləməyə, daim fəaliyyətdə olmağa təşviq edir. Sevən kişilər öz qadınlarını xoşbəxt etməyi ən böyük amal sayırlar.

Onların aşkar məmnuniyyəti kişilərə sonsuz sevinc gətirməklə yanaşı, emosianal səviyyədə hədəfə çatmaq deməkdir. Bu hal sevən kişi üçün kainat boyda sevinc, ecazkar həzzdir. Hətta kişinin xəyanət motivi də bir çox hallarda yanındakı qadını məmnun, xoşbəxt edə bilmədiyi üçün baş verir. O, hətta gözəllik, zəka cəhətdən daha yoxsul qadınla gizli münasibətə girir, hansı ki, həmin qadını məmnun edir. Məşuqə xoşbəxtliyini büruzə verərkən, kişi hüzur içində olur və amalına nail olduğunu anlayır.

Əlbəttə, burada da istisnalar olur. Bəzən kişi öz kariyerist və sənət sarıdan yaranan eqosunu hər şeydən üstün tuta, ondan göylər qədər razı olan arvadını ikinci plana keçirə bilir.

İsveçli kinorejissor Björn Rungenin 2017-ci ildə çəkdiyi ‘’The Wife’’(“Arvad”) filmində bir qadının istedadının öz əri tərəfindən sırf sənət ambisiyasının formalaşdırdığı eqoya görə istismar edildiyi göstərilir.

40 il ərzində Joan Castelman öz razılığı ilə ərinə özünü, ən əsası istedadını qurban verir.

Joseph arvadının yazıçılıq talantının misilsiz işığını öz adına, imzasına çevirir və bir başqasına məxsus bu fövqalədə işığın ona aid olduğunu bildirməkdən çəkinmir.

Joseph Castelman imzası ilə çıxan kitabların əsl müəllifi Joan niyə bu alturizmə yol verir?!

Bunun üçün filmə baxmaq lazımdır. Əgər Joanın bu davranışının 1960-cı illərinin Amerikasının yazıçılıq sənayesində kişilərin adminstrativ iyerarxiyanı zəbt etdiyi səbəbi ilə əlaqəli olduğunu bildirsək, bunun film barədə spoiler olduğunu demək olmaz.

Joan həmin dövrün patriarxatlığının güdazına gedir və kitablarını öz adına buraxmaqdan ona görə imtina edir ki, onlar kitab rəflərində qalıb tozlanmasın. Demək, Joan qadının cəmiyyətdəki yerini nəzərə alaraq addım atır.

Digər tərəfdən onun seçimi çox sevdiyi ərini xoşbəxt etmək olur. Qadın bu niyyətinə nail olur, sadəcə, nəticədə özü əriməyə başlayır və bu ərimə prosesi əri ədəbiyyat üzrə Nobel mükafatına layiq görüləndən sonra sürətlənir.

Bütün hallarda ağrının şiddəti şəxsi seçimin təbii nəticəsində doğulur. Bu istəksiz, zorla baş tutan mənəvi cinsi akt deyildi. Dəyəcək qamçının ağrısını, buraxacağı izləri, sonradan da davam edəcək yandırıcı göynəməsini onu dadmamış da təsəvvür etmək çətin deyil. Həyat seçimlərdən ibarətdir və hər bir seçimin öz nəticəsi və dəyəri olur.

“Arvad” filmi çox maraqlı, qəlbin sarı simlərinə toxunan olsa da, orada böyük bir dərinlik yoxdur. Hər şey o qədər aşkar və ortadadır ki, izləyici onu bişmiş şəkildə qəbul edir. O, tamsız, duzsuz da deyil, əksinə, hər şey öz yerindədir və ləzzətlidir. Bir şey var ki, onu yesən də, həzm etmək asan olmur. Bu dadlı təam insanı çox təsirləndirir və kədər neştərinin acısını təkcə mədəndə yox, öz ruhunda da hiss edirsən.

Əslində, hər şeydən niyə dərinlik umuruq ki?!

Bəli, “Arvad” filmindən hər hansı sirli-ələmli dərinlik sezilmir, ancaq ona “pis” də demək olmur. Elə həyatın özü də həmişə sirli dərinliklərlə əhatələnmir.

Filmdə iki insanın seçimi və o seçimlərin gətirdiyi ağır nəticələr göstərilir. Hamı sona qədər seçimlərinin nəticələri ilə barışıq yaşaya bilmir.

Film hayqırır ki, biz çox sevdiyimiz adamı belə daimi boynumuzda daşıya bilmərik. Bir yerdə qırılma baş verir və insan mütləq ki, bezir. Bu sayaq fədəkarlıq heç vaxt proqressiv, işıqlı nələrsə vəd etmir. O yolu seçənlər qaranlığın sərhədsiz tündlüyü ilə qarşılaşmağa hazır olmalıdırlar.

“Arvad” filmi mənə rejissor Tim Burtonun “Big Eyes” filmini xatırlatdı. Real hadisələrə əsaslanan həmin dramatik filmdə də rəssam Marqaret Kinin rəsmləri onun əri Uolter Kin tərəfindən mənimsənilir və tablolar Marqaretin yox, Uolterin əsərləri kimi satılır.
Həyatda belə hallar az yaşanmır. Buna “zənci ədəbiyyatı” (nègre littéraire) adı verilib.

Ədəbiyyat zəncisinin işi başqalarının əvəzinə kitab, müsahibə, məktub və s. yazmaqdan, tərcümələr etməkdən ibarətdir. Bura əsasən – pop ulduzlar, siyasətçilər, iş adamları və yazıçı kimi tanınmaq istəyən aventüristlər daxildir.

Düzdür, nə “The Wife”, nə də “Big Eyes” filmindəki qadınlar çəkdikləri zəhməti ədəbiyyat zənciləri kimi maddi ehtiyac ucbatından etmirlər, proses könüllü baş verir, ancaq nəticədə onlar kabus müəllifə dönüşürlər.

“Arvad” filmi öz rəngarəngliyi və sakit keçən atmosferi ilə məni xeyli məmnun etdi. Ən çox ləzzət edən isə Joan rolunu canlandıran Glenn Closenin performansı oldu. Qadın mimikaları və baxışları ilə izləyiciyə öz dərin kədərini peşəkarcasına çatdırır.

Filmi izləyəcək kəslərə şəxsi seçimlərində xeyirli nəticələr arzu edirəm.

# 2886 dəfə oxunub

Müəllifin son yazıları

# # #