Prezidenti ölümdən xilas etməyə gəlmiş müəllim - "11.22.63" nə deməkdir?

Prezidenti ölümdən xilas etməyə gəlmiş müəllim - "11.22.63" nə deməkdir?
8 yanvar 2024
# 15:00

Kulis.az Orxan Adıgözəlin məşhur roman haqqında "Prezidenti ölümdən xilas etməyə gəlmiş müəllim" adlı yeni yazısını təqdim edir.



Elə romanlar var ki, onları oxuyub bitirəndən sonra baş qəhrəmanlarından ötrü darıxıram. Roman başa çatanda - axırıncı səhifəni gözlərimlə yeyib, kitabı bağlayandan sonra ürəyimdə nisgil yaranır. Sanki çox sevdiyim dostumla dəmir yolu vağzalında vidalaşıram.

Bu adi vidalaşma deyil, yox. Könlümdə yaranmış qubar səbəbsiz baş qaldırmayıb; bu “sağ ol” yox, “əlvida, dostum” deməkdir.

Əlbəttə, hər romanı yox, məhz gözəl işlənmiş, həyat saçan, mənə məni xatırladan bədii əsərləri nəzərdə tuturam.


Bu yaxında növbəti dostumla vidalaşdım. O, “11.22.63” romanın qəhrəmanı Ceyk Eppinq idi. Kitabın adı cəlbedicidir, hə?

Adı, özü, müəllifi - heyranedici cazibədarlıq, dünyamızı gözəlləşdirən tandem.

Kitabın müəllifi ədəbiyyatsevərlərə tanışdır. Budur, oxucularının qəlbini riqqətə gətirən yazıçının adını zikr etməkdən məmnunluq duyuram: STİVEN KİNQ!

Kinqin özü ən xoşladığım yazıçılardandır. Onu özümə ustad sayıram. “Yazı sənəti” adlı memuarı stolüstü kitabımdır. Dəfələrlə müraciət etdiyim həmin əsərdə yazıçılıqla bağlı qiymətli tövsiyələr, həm də maestronun həyat və iş sahəsindəki təkamülü təsvir edilib.

İndi “Yazı sənəti”ndən yazmayacağam. Bir məqamı bölüşməyi özümə borc bilirəm ki, Stiven Kinqin yaratdığı obrazların çoxu köhnə dostlarımdır. Hətta onun qəhrəmanlarına da mütaliə zamanı şəfqət hissi yarana bilər. Kinq yaşayan korifeydir. Arzu edirəm ki, dilimizdə onun daha çox kitabı çap edilsin. Amin!

“11.22.63” romanı Ceykob Eppinqin dilindən nəql edildiyi üçün qəhrəmanla dostluğum daha da dərinləşdi. Ceykoba qısa olaraq, “Ceyk” deyəcəyəm.

Mütaliə etdikcə özümü dostumun həyat hekayətinə qulaq asırmış kimi hiss edirdim. Kitabın 800 səhifədən çox olması bu münasibəti yüksək məcraya daşıdı. Sonda “görəsən, bundan sonra dostumun həyatı necə olacaq” - düşündüm də.

Yaxşı, bəs roman nə haqdadır? Spoyler verib, əclaflıq etməyəcəyəm, rahat olun. 11.22.63 – bu rəqəmlər sizə nəsə deyir? Bu, məşhur və qalmaqallı sui-qəsd aktının tarixidir. Amerikada ay birinci gəldiyi üçün buradakı “11”-i noyabr kimi qəbul edin. Belə ki, bu, 22 noyabr, 1963-cü il, saat 12:30 Amerika Birləşmiş Ştatlarının 35-ci Prezidenti Con Kennedinin Texasda, Dallasda sui-qəsd nəticəsində öldüyü tarixdir.

Xatırladım ki, Kennediyə - həyat yoldaşı Jaklinlə Elm-Stritdən keçərkən - tüfənglə atəş açılmış, ölümcül yaralanmış və elə həmin gün vəfat etmişdi.

Romanın qəhrəmanı Ceyk Eppinqin əlinə zamanda səyahət imkanı düşür: 2011-ci ildən 1958-ci ilə düşə bilir. Burada o, beş il yaşayır.

Qarşımızda 800 səhifədən çox olan kərpicə bənzər, qalın kitab var və orada beş ili əhatə edən sərgüzəştlər yer alıb.

Stiven Kinq qorxu, vahimə janrının ustadlarından olsa da, bu əsəri həmin janrda deyil.

Beləliklə, zamanda səyahət kimi qeyri-adi şansı Eppinq məhz ona görə istifadə edir ki, Prezident Kennedini ölümdən xilas etsin.

Bacaracaqmı-bacarmayacaqmı, bilmək istəyən, tapıb kitabı oxuyanda biləcək.

Zamanda səyahət ədəbiyyatda bol istifadə olunur. Oxuduqlarım arasında ən yetkini və maraqlısı “11.22.63”-dür.

Sizin əlinizə belə bir imkan düşsəydi, keçmişə qayıdıb Prezidenti, ya da “yaxşı” hesab etdiyiniz şəxsləri ölümdən, ciddi xəsarətlərdən xilas edərdiniz?


Əlbəttə, söhbət vicdanlı, xalqını sevən, ölkəsi və dünyası üçün sülh və rifah gətirən dövlət başçısından gedir.

Con Kennedi o cür Prezidentlərdən idi. O, milyonların sevgisini qazanmışdı. Onun ölümündən sonra Amerikanın çətin günləri başlandı. Bu çətinlik, özü ilə başqa ölkələrə də fəlakətlər gətirdi. Con Kennedinin ölümü 20-ci əsrin faciəvi cinayətlərindən sayılır. Məhkəmənin qərarına görə, Prezidenti Li Harvi Osvald öldürüb. Ancaq yenə də buna çox adam inanmır. Prezidentin qətli bu gün də müəmma olaraq qalmaqdadır. Hətta sorğuya əsasən, Amerika vətəndaşlarının 70 faizi Kennedinin Osvald tərəfindən öldürülməsinə inanmır.

Romanda bu müəmma araşdırılır, onun həqiqət olub-olmadığına dair mühakimələr yeridilir və müəllifin misilsiz, şahanə fantaziyası hesabına qarışıq hisslər yaşayır, şübhəyə düşür, gerçəklərin hiddətindən nigaranlıq duyur, qəhrəmanlara qarşı şəfqətlə yanaşırıq.

Çox şükür, Kinq konspirasiya nəzəriyyəsinə əl atmayıb.



Kitabların telepatik qüvvəsi var. Bunun hesabına Kinqin yaratdığı obrazla birgə səyahətə çıxdım, onunla birgə addımladım, sevindim, kədərləndim, təhlükələrdən keçdim, sevginin şəfalı olduğunu bir daha anladım.

İdeyanın, dəyərlərin necə işıqlı nəsnə olduğunu ədəbi kosmosa yüksəlməklə təkrar duyaraq, məmnun oldum. Keçmişə səyahət vaxtı qəhrəmanın əlimdən tutduğunu hiss etdim və bununla bizim dostluğumuz başlandı. Macəra füsunkar idi. Bu ləzzətə görə sevimli yazıçıma təşəkkür etdim.

Ceyk keçmişdə olduğu müddətdə də ingilis dili müəllimi kimi məktəbə işə düzəlir. Məktəbdə o, bir çox adamın qəlbində özünə taxt qurmağı bacarır. Bu, müəllimin öz mərhəmətli, vicdanlı təbiəti hesabına baş tutur. Həmin məziyyətləri hesabına onu mələk kimi qəbul edənlər tapılır. Mübaliğə deyil. Ceyk ürəkdən çalışır. Yazıçı onu “Səfillər”dəki Jan Valjan kimi asketik və hiperhumanist kimi də göstərmir. O, hirslənir də, səhvlər də edir, ehtiras və hiddət də yaşayır.

Ceyk məktəbə yeni işə düzələn kitabxanaçı Seydi Danhillə şənlikdə tanış olur. Onların arasında məhəbbət yaranır. Seydi və Ceykin romantik münasibəti ayrıca roman ola bilərdi. Yazıçı kitabda bu sevgi dastanına geniş yer ayırıb. Yaxşı da edib. Müxtəlif dövrlərdən olan qəhrəmanların sevgi münasibətləri haqda olan romandakı təsvirlər, onların bəndənizdə yaratdığı təəssüratlar maraqlı və təsirli idi.

Həmin münasibət məni coşdurmaqla yanaşı, qayğılandırırdı da. Həmin məhəbbət bəzək-düzəkli, hind filmlərindəki kimi fövqəl, türk seriallarındakı tək məsum klişelərlə əhatəli deyildi. Ceyk və Seydinin münasibəti kifayət qədər realist təsvir olunmuşdu. Onlar Şeksprin əsərlərindəki sevgililər kimi eşqdən başını itirib, məst olmuş, ancaq “can” deyib, “can” eşidən cütlüklərdən deyildilər, yox.

Oxucu “11.22.63”-də insan, həyat görür, duyur. Sevgililər mübahisə də edir, bir-biri ilə razılaşmır və sevib-sevişirlər də. Qarşımızda təmtəraqsız, real və gözəl sevgi münasibəti canlanır.

“Keçmiş inadkardır. O dəyişmək istəmir” – bu fikir romanda dəfələrlə işlədilib. Keçmişinizə gedib, nələri dəyişmək istərdiniz? Artıq təcrübəyə çevrilmiş ya sizin təcrübə hesab etdiyiniz keçmişdən qalma həmin hal bu gün sizin üçün nə ifadə edir? Qoy bunlar oxucunu düşündürsün.

“11.22.63” romanı həm də göstərir ki, keçmişi dəyişmək istəyi, ciddi müqavimət və mübarizə ilə qəlibləşib. Mübarizə apardığımız, müqavimət göstərdiyimiz şeylər qalıcı olur və dəyişmir. Bu, müəyyən mənada Sizif əməyinə dönüşür. Söhbət o mübarizədən gedir ki, o keçmişdən bəri səni izləyir və nə qədər əlləşib-vuruşsan da, ondan xilas ola bilmirsən. Belə olan halda, nə etməli? Qərarı özünüz verəcəksiniz. Romanda biz həmin çoxsaylı müqavimət və əngəlləri də görürük və qəhrəmanın halına acımaya bilmirik.

Kitabı öz dilimizdə oxudum.

“Qanun” nəşriyyatında çap olunmuş kitabın tərcüməsini həssas, diqqətli oxucu qənaətbəxş saymaya bilər. Qüsurlar var. Məni şəxsən elə də narahat etmədi. Tərcümənin müəyyən hissələrin bəyəndim də. Ancaq tez-tez gözə dəyən, narahatlıq yaradan iki söz əməlli-başlı bezdirdi: “ilk öncə” və “qulaqcıq”. “İlk” də, “öncə” də eyni mənaya gəlir də. İkisinin bir arada işlənməsinə lüzum yoxdur. Qulağa taxılan səs cihazına dilimizdə “qulaqlıq” deyirlər. “Qulaqcıq” – qulağın içində olan anatomik hissədir. Bunları yazmalıydım, yazdım da.

Romanın serialı da məşhurdur. Dişimi sıxıb, üç-dörd seriya izlədim və qətiyyən bəyənmədim. Əlavələr N qədərdir və çox eybəcərdir. Serialpərəstlər bəyənə bilər. Həmin serialda baş rolda xoşladığım aktyor Ceyms Frankonun oynaması belə, zövqümü heç cür oxşamadı.

Gözəl, həyəcan doğuran, həyat dolu atmosferə köklənmək istəyənlər üçün “11.22.63” romanı çox yaxşı tapıntı olacaq.
Xoş mütaliələr və səyahətlər!

# 1266 dəfə oxunub

Müəllifin son yazıları

# # #