Pab rapsodiyası - Nihat Pirin yeni hekayəsi

Pab rapsodiyası - Nihat Pirin yeni hekayəsi
14 avqust 2023
# 14:05

Kulis.az Nihat Pirin "Pab rapsodiyası" adlı yeni hekayəsini təqdim edir.

Həmişə xoşbəxt olsan, xəyalını quracağın
heç nə qalmaz.

Dostoyevski

Boz-bulanıq Bakının boz-bulanıq payız axşamçağılarının birində yenə özünü yaddaşının ən təmiz, ən dəqiq ünvanında tapırsan – hansısa qaranlıq pabların birində.
Adətən, buralarda tək olursan. Ümumiyyətlə, tək içməyi sevirsən. Tək içəndə özünü xoşbəxt hiss edirsən. Bəlkə də, sırf buna görə dünyanın ən bəxtəvər adamısan. Ya da yox, dərhal özün özünü inkar edirsən: ən bəxtəvəri odur. Hə, o. Hər şeyə rəğmən bu qədər sevilir deyə.
Nataraz pilləkənkimiləri düşüncə cəmi on beş gün əvvələ qədər onu tanımadığın günlər barədə düşünürsən. O gün sən ilk dəfə gecə günəşi görmüşdün. O gün sən ilk dəfə gecə günəşin şəfəqlərini hiss eləmişdin, ona toxunmuşdun.
Pabın ilan kimi qıvrıla-qıvrıla ikinci mərtəbəyə pərvazlanan sürahisindən tuta-tuta həmin o məşum gecə kino lenti kimi gözlərinin önündə canlanır: o biri klubda rastlaşmışdınız, bu pabla üzbəüz olan, adını unutmusan. Nə qədər istəsən də, xatırlaya bilmirsən. Qalxdıqca yanından tələsik ötüşən ofisiantlar, piləkənin düz altında qol-boyun olub öpüşən sevgililər, iki masa irəlidə əylənən dördlüyün səs-küyü yaddaşını qurcalamağa mane olur. Amma adında qırmızı ilə bağlı nə isə var olduğu yadındadır. O da qırmızı geyinmişdi, qıpqırmızı. Həmin o günəşli gecənin sonuna yaxın özü yazmışdı, səni tanıdığına şad olduğunu demişdi. Bu etirafa qədər hər şeyi sadəcə o gecəlik yaşadığını düşünürdün, amma yox... O gecə ilk dəfə idi ki, yanıldığın üçün xoşbəxt idin.
Nəhayət, ilanın başına çatırsan, bir hərəkətlə boş masalardan birini onun başını əzirmişcəsinə yaxalayırsan. Sənə sarı gələn ağ köynəkli ofisiantın arxasınca dostlarının da gəldiyini görürsən. Və anlayırsan ki, bu gün əvvəlki günlərdən fərqlidir. Bu gün tək içə bilməyəcəksən. Masadakı dostların sayı getdikcə çoxalır, amma bütün bunlar səni narahat eləmir, içində təəssüfdən əsər-əlamət yoxdur. İki, üç, dörd… Bokalların sayı getdikcə unudulur, söhbətin məzmunu da. Rabitəsiz dialoqların ardından içkinin növü də dəyişir: viski, tekila, rom... Qalanını xatırlamırsan. Amma bu qarmaqarışıqlığın içində yenidən həmin o gecəni xatırlayırsan: necə demişdi?
– Səni tanıdığıma necə də şadam!
Ağız deyəni qulaq eşitmir. Bezdirici söhbətlərdən qurtulmağın ən gözəl yolunu tapırsan: özünü canlı musiqinin axarına buraxmaq. Musiqinin ecazı artdıqca masada yeni istedadlar peyda olur: “Hoşçakal, olacaklar sensiz olsun!” Amma sən heç nəyi onsuz düşünə bilmədiyinin fərqindəsən. Bu qədər adam, bu qədər dost, bu qədər səs-küyə rəğmən, yenə də nə isə çatmır. Əlbətti ki, O!
Qəribədir, bəlkə, onu bir daha heç vaxt görməyəcəksən. Bəlkə, bir də heç vaxt rastlaşmayacaqsan. Bəlkə, ümumiyyətlə, o gecə heç yaşanmayıb. Amma sənin üçün heç nəyin fərqi yoxdur. Onu hər şeyə rəğmən sevirsən, hər şeyə rəğmən!
Qulaq batıran musiqi, adamların nəşə dolu səsi, fərqli masalardan fərqli tamda havaya uçurulan tüstü-duman və pabın solğun işıqları arasında ümid gəzirsən, onu axtarırsan. Səndən olsa, masadan qalxıb bir-bir adamları silkələyərsən, sorğu-sual edərsən. Bəlkə, kimsə ünvanını bildi. Bəlkə, kimsə onu tanıdı. Bəlkə, kimsə onu tapmağına kömək oldu.
Və budur, bir anda bütün masalar susur, musiqi dayanır, ortalıqda o yan-bu yana qaçışan ofisiantlar donub qalır, bayaqdan bəri baş-beynini dəng edən dostların yoxa çıxır. Aşağıda, birinci mərtəbədə musiqiçilərin önündən keçib yan masaların birində əyləşən qadını görürsən. Bəlkə də, bu bir xəyaldır, onun xəyalı. Yeddi bokal, üstəgəl rom, zarafat gəlməsin.
Artıq masadakıların nə dediyi, nə oxuduğu haqqında heç bir fikrin yoxdur. Başın bədəninə ağır gəlir. Birtəhər ayağa qalxırsan, bu onların diqqətini belə çəkmir. Hərə öz kefindədir. Yenə də köməyinə başını əzdiyin ilan çatır, pilləkənin sürahisindən tuta-tuta aşağı düşürsən. Gözün ancaq onu gəzir, onu axtarır. Budur. Qarşındadır. Siqaret damağında alnını ovuşdura-ovuşdura mahnını pıçıldayır: “Beni vurup yerde bırakma!” Səni görmür, görməsi də mümkün deyil. Sənə elə gəlir ki, o, indiyə kimi ümumiyyətlə səni görməyib və görməyəcək də. Bəs o günəşli gecədə etdiyi etiraf?
– Səni tanıdığıma necə də şadam!
Məhz bu etirafın təntənəsi ilə birdən özündə bütün pabı çiyinlərinə alıb uçuracaq dərəcədə güc hiss edirsən. Amma eyni vaxtda həm də çox cılız göründüyünün fərqindəsən. Onun üçün kim olduğunu öz-özünə sorğulayırsan. Verəcək cavabın yoxdur.
Ayaqların tutulub. Dəvətsiz yanında əyləşmək istəmirsən. Bəlkə, kimisə gözləyir? Lənət şeytana, bəs sən kimi gözləyirsən? Həmin o müqəddəs gecədə necə olmuşdu hər şey? Bircə saniyənin içində, vəssalam. Bu da bir fürsətdir, bunu dəyərləndirməlisən. Cəmi yeddi addım, bəlkə də, daha az. Onun oturduğu masaya qədər tutunacaq heç nə yoxdur, bu da bir yandan qorxudur – kaş ilanın başını əzməzdin.
Bir, iki, üç, dörd, beş və… Düz qarşısındasan. Ağır-ağır başını qaldırıb gülümsəyir, az-maz təəccübləndiyini də demək olar. Qalxır. Əl uzadır. Yenə gülümsəyir. Barmaqların ovcunun içərisində qıvrılır, yanmış kibrit kimi, az qala, ovxalanıb tökülə.
– Əyləş, – deyir. Hələ də gülümsəyir. Yenə də qırmızı köynəyini geyinib. Göbəyi açıq olanı. Şalvarda, ya yubkada olduğunu görə bilmirsən, baş-beynin dumanlıdır.
– Gələndə səni gördüm, – deyir, – dedim, dostlarınlasan, səni narahat eləməyim, – özünü cılız hiss elədiyin üçün utanırsan və bu utanc hissini dünyadakı heç bir xoşbəxtliyə dəyişə bilməyəcəyindən əminsən. Göz qapaqlarını ağır-ağır endirib-qaldırır. Bu ağır hərəkətlərdən istifadə edib onu təpədən-dırnağa süzürsən. Köynəyi keçən dəfəkindən bir az solub sanki. Yəqin, yuyulub, rəngi gedib. Ya da sənə elə gəlir.
– Niyə danışmırsan? – birdən üzündəki gülüş yoxa çıxır, əvəzində ciddi görkəm alır, – həmişə beləsən sən?
– Necə? – axır ki sən də dillənirsən. Öz sualın özünü diksindirir.
– Elə belə… Sakit, utancaq… Hə? – gülüşü yenidən qayıdır. Sən onu hər şeyə rəğmən sevdiyinə yenə də əmin olursan. Hər şeyə rəğmən.
Dialoqun davamının gəlmədiyini görüb o da susmağı seçir. Barmaqlarının arasında közərən siqareti bitirmədən külqabıya basır, növbətisini yandırır. Ovuclarını çənəsində birləşdirib gözlərinə baxır. Uzun-uzadı baxır, baxır və gülümsünür.
– Nə içək? – yenə sükutu o pozur.
Heç nə haqqında düşünə bilmirsən, suallarına cavab vermək üçün nə qədər can atsan da, alınmır. Susursan. Yalnız onu düşünürsən. Cəmi bir addımlığında oturmuş və gözləri ilə gözlərini sorğu-sual edən onu.
– Yaxşı, – deyir, siqareti külqabıya basıb ofisianta işarə edir, – bizə iki tekila. Sonra yenə eynisini, birdən piyan olaram, – əlini əlinə vurub arxaya yaslanır və dərindən ah çəkir.
– Sənlə belə saatlarla otura bilərəm, – bu o günəşli gecənin ardından gələn etirafdan sonra sənə dediyi ən xoş sözdür. Ya da yox.., – o qədər doğma gəlirsən ki mənə...
– Sən də… – kaş hisslərini daha cəsarətli ifadə edə biləydin. Kaş!
Ofisiant yaxınlaşır, badələr masada yerini rahatlamadan havada toqquşdurulur. “Sənə” – deyir. “Hər şeyə rəğmən səni sevməyimə”, – deyirsən, amma çox astadan.
– Sən harada qalırsan? – bu sual baş-beynini dəng edən musiqidən də yüksək tonda kilsə zəngi kimi qulaqlarında bir neçə dəfə cingildəyir. Verəcəyin cavabı ürəyində dəfələrlə təkrarlayırsan.
– Burda, – əlinlə musiqiçilər oturan küncə tərəf işarə edirsən, – bu yaxınlarda.., – bir az da izahata ehtiyac duyursan, – bura yaxındır.
– Yenə gülümsünür, həyəcanını heç cür gizlədə bilmirsən, özünü çox pis yandırdığını düşünürsən, bəlkə də, məqsədi tamam başqa imiş.
Ofisiant daha iki tekila ilə yaxınlaşır, yenə də havada toqquşdurma və “Sənə”!
Qəfil hərəkətlə masadan qalxır, “Gəlirəm” deyib tualetə sarı gedir. İki addım atıb ucadan:
– İki tekila daha!
– Yaxşı, – deyib pabın rəngbərəng işıqlarında özünü bütün çılpaqlığı ilə göstərən ağappaq ayaqlarına dikilirsən. Yubka geyinibmiş.

***

…Masaya qayıdır. Hərəkətlərindən hiss edirsən ki, artıq piyandır.
– Sən çox yaxşı adamsan... – daha bir siqaret alışdırıb onu külqabının yarığına keçirir.
– Olar yanında oturum? – bu sual ağzından necə çıxdı, bilmirsən, amma onun baxışlarında elə havadaca əriyib yox olur. Gülümsünür. Heç nə demir. Uğursuz təklifin peşmanlığını yaşadığın vaxt ayağa qalxıb yanına gəlir. Masanı bir az geriyə itələyib dizinin üstündə oturur. Əlini boynuna dolayıb başını başına söykəyir. Bütün bədəninin titrədiyini, həyəcandan qarnına sancıların dolduğunu hiss edirsən. Özünü saxlamaqda çətinlik çəkirsən, bir anlıq onu qucağına alıb pabdan çıxdığını, taksilərdən birinə mindiyinizi, onu evə qədər apardığını, binanın piləkənlərini o qucağında ikən ildırım sürəti ilə qalxdığını düşünürsən. Yüksək musiqi səsi səni ayıldır: “Uyandım birden seninle...”
Qarşı-qarşıya oturmusunuz. Gülümsünür. “İçək” deyib yenə ofisianta işarə edir.
– Bizə iki pivə, – ofisiant “Baş üstə” deyir, – bir də limon.
– Neçə yaşın var? – ondan, ən azı, beş-altı yaş balaca olduğunu bilirsən, gizlətməyin nə faydası?!
– Yaşın nə fərqi var? – lənətə gələsən, bu nə cavabdır axı?! Özün öz cavabına gülürsən. O da şaqqanaq çəkib gülür. Ardından “Məncə də” deyib siqareti külqabıya basıb söndürür.
– Sən çəkmirsən, hə?
– Yox.
Susur. Boynunu büküb düz gözlərinə zillənir. Bu vaxt dostlarınlarından biri pilləkənləri düşüb sizə sarı gəlir. Daha doğrusu, o, tualetə gedir, sadəcə yolüstü buradan da keçməlidir. Yanınızdan keçəndə ayaq saxlayıb qoluna toxunur:
– Müəllim, yaxşısan? – gülümsünüb göz vurur və yoluna davam edir.
Başını aşağı salıb saçlarını qarışdırır. Dərhal görünür ki, kefi pozulub, amma mümkün qədər hiss elətdirmək istəmir.
– Dostun heç məndən danışmayıb sənə? – İlahi, yox… Yox! Bircə bu yox!
Cavab verə bilmirsən. Məyus-məyus gözlərinin qaranlığında itirsən.
– Əvvəllər aramız yaxşı olub, – pivəni başına çəkir, qurtultusu musiqi səsini yarıb qulaqlarında əks-səda verir. Sənə elə gəlir ki, bu anda pivənin yerində bir bokal zəhər belə olsaydı, onu da eyni rahatlıq və acgözlüklə içərdi. Boş bardağı masaya çırpıb əlavə edir:
– Çox yaxın olmuşuq, – ağız-burnunu büzüşdürüb köks ötürür, – çox!
Susursunuz. Mahnının səsi təzədən pabı başına götürür: “Beni vurup yerde bırakma!..”

***
İçki içkiyə qarışıb, yenə də ağız deyəni qulaq eşitmir. Musiqi səsi də bir yandan: “Gitmeseydin, dinlerdin!”. Oturub dostunun gözlərinə zillənirsən. Onu hər şeyə rəğmən sevdiyini düşünürsən. Hər şeyə rəğmən.

# 2777 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #