Kulis.az Nihat Pirin "Metroya qayıdış və ya təzə köynək bəhanəsi" adlı yazısını təqdim edir.
Nə vaxtsa metronun açılmasına bu dərəcədə sevinəcəyim ağlıma gəlməzdi. Yəni, bir insan niyə metro adına sevinsin ki? Yaxşı ki, bu sualım ritorik sual oldu, yoxsa cavab vermək üçün kasıblığıma ədəbi don geyindirib özümü əməlli başlı biabır edəcəkdim.
Ötən gün "facebook"da qarşıma belə bir status çıxdı:
"Bəs niyə metroya ən gözəl donunu geyib gəlmişdin?"
Ramiz Rövşənin şeirindən yola çıxan hansısa bir dostumuz yazmışdı. Maraqlı və bəlkə də metronun açılmasıyla bağlı olan ən yaxşı zarafat idi.
Sözüm ondadır ki, bu statusdan sonra metronun açılması münasibətilə özümə təzə köynək alacağımı yəqin elədim.
İndi də ordayam. Xanım satıcını yorduğumu ikimiz də bilirik. Hətta arabir bizə yaxınlaşıb qaş-qabağını düyünləyə-düyünləyə məni təpə-dırnaq süzən bu mühafizəçiyə oxşar bəndə də. Amma hələlik təmkin göstərir. Alıcı həmişə haqlıdır axı.
Xanım satıcı yaranmış səmimiyyətdən istifadə edib hərdən söz atmağından da qalmır. Bəyənmədiyim köynəklərin o üz-bu üzünü çevirib "sən zövqsüzsən!" deyib təzədən yerinə asır. Nə vecimə? Qoy olum zövqsüz, əsas odur ki, bu gün metro açılır. Xoşbəxtəm!
- Bu gün ilk dəfə "8 noyabr" stansiyasında olacam. İstəyirəm ki, ora uyğun bir köynək alım və gedib orda gördüklərimdən bir yazı yazım.
- Sən bu zövqsüzlüklə hətta yazı da yazırsan? Yazıq səni oxuyanlar!
Düzü, xanımın bayaqdan bəri atdığı atmacalar çox da xətrimə dəyməmişdi, amma indiki halda sarı xətti tapdaması bir az özümü itirməyimə səbəb oldu. Amma sağ olsun, qızarıb-bozarmağımı gözləmədi, "yaxşı, zarafat edirəm" deyib yoxa çıxdı.
…Budur, hardansa tapıb gətirdiyi köynəyin üstündəki at və döyüşçü formalı etiketi göstərib gülür. "Əsl sənlikdir, day bunu da bəyənməsən, sənə sözüm yoxdur!".
Düzü, mən hər şeyin ilk baxışdan yaranmasına inanan adamam. Məsələn, mağazaya girəndə ilk baxışdan bu xanım satıcıya qəribə bir simpatiyam yaranmışdı. Onunla həmsöhbət olmaq istədiyimi də desəm, yalan olmaz. Ol səbəbdən onun bu təklifini geri qaytarıb qəlbini qırmaq niyyətim yoxdur. Həm də tələsirəm axı. Uzaqbaşı, alıb bəyənməsəm, təsəlli edərəm ki, ondan mənə xatirədir. Elə bu düşüncəylə bir də onda ayıldım ki, xanım məni əməlli-başlı itələyə-itəyələ paltar dəyişilmə otağına salır.
Köynəyi geyindim, əslində, pis də deyildi. Üzərinə xanım satıcının təriflərini və "çıxarma, əynində qalsın, gecikirsən, get metroya, yazını yaz!" ərkini də əlavə eləsək, bəyəndiyimi də demək olar.
"Təzə yazımda sənin haqqında da yazacam!" dedim. Gülür. "Nədi, məni biabır eləmək istəyirsən?"
Deyəsən, inanmır. Olsun. "Axşam oxuyarsan!" deyib yavaş-yavaş sağollaşırıq.
...İlahi, bu, həmin qoxudur. Düz 226 gündür, həsrətini çəkdiyim qoxu. İllərdir ki, bu qoxuya ad fikirləşirəm, bu qoxunu nəyəsə bənzətməyə çalışıram. Və hətta bu 226 gündə onu heç olmasa, ayda bir dəfə ya hansısa səbəbdən, ya da ki, ehtiyacdan dolayı hiss eləməyə, duymağa çalışmışam. İndi yenə də həmin qoxunun ağuşundayam. Tərtəmiz metro qoxusu.
Elə sözügedən havanın dadını çıxarırdım ki, polis əməkdaşının "maskanı tax" işarəsini görüb günün şərəfinə aldığım qatı açılmamış maskamı tapıb çıxarıram.
Ətrafa göz gəzdirirəm. Adamların qarışqa kimi qaynaması, turniket ətrafındakı növbə. Və... Bu təzə sistemdir, deyəsən. Çantaları yoxlayan aparat. Ürəyimdə "bircə metroda biabır olmağım qalmışdı" deyib çantamı lazımi yerə qoyuram. İçində fenim var. Hara getsəm, özümlə fenimi də aparıram. Bir dəfə “Heydər Əliyev mərkəzi”ndə buna oxşar bir aparat feni tanımamışdı, mən də məcbur darağımı, fenimi çıxarıb növbədə dayanan 141 nəfərin təəccübünə səbəb olmuşdum. Bu dəfə yaxşı qurtardıq. Aparat səs eləmədi.
“Günün özəlliyi hər addım başı özünü hiss elətdirir...”
"8 noyabr" stansiyasına getmək istəyirəm. Niyyətim elə maska xəbərdarlığı edən polisə yaxınlaşıb istiqaməti soruşmaqdır. Və gedə-gedə özlüyümdə fikirləşirəm: polisdən soruşacam ki, "8 noyabr"a hansı yolla getmək olar? O da cavab verəcək ki, "8 noyabr"ın yolu çox uzun və məşəqqətli olub, vətəndaş! Onun üçün Cəbrayıldan tutmuş Şuşaya kimi nə qanlar tökülüb, nə canlar verilib...
"Bu qatara min!" polisin cavabı məni diksindirir. Hüsrana uğrayıram. Bu qədər eyforiyaya qapılmaq da bir şey deyilmiş.
Stansiyada seyrəklik hiss olunur. Bəlkə, mənə elə gəlir, bilmirəm. Amma adamların davranışında yaxşıya doğru dəyişikliyin olması dəqiqdir. Məsələn, daha qatara əl eləyən, "düşərsən, pulun çatıb" zarafatını eləyən də yoxdur.
Pandemiya "ənənələr"imizi də unutdurdu, ilahi...
Budur. "8 noyabr" stansiyasının elanı. Musiqini nə qədər çalışsam da xatırlaya bilmirəm. Amma qulaqlarımda özümdən aslı olmadan Xudayarın səsi eşidilir. Dastana dönən Xudayar...
Qatardan düşüb iri hərflərlə yazılmış "8 noyabr" yazısına baxıram. Qəribədir. Bu stansiyanın təməli atılanda kimin ağlına gələrdi ki, 30 illik həsrəti 44 günə həll edəcək oğullar böyüyür bu ölkədə? Hətta çox yəqin ki, stansiya üçün planda başqa ad var imiş. Tamamilə, başqa. Amma indiki ada bax. "8 noyabr". Zəfərin adı!
- qardaşım Zəngilanda şəhid oldu. Burda işləyirdi. - Yanımda dayanan orta yaşlı, arıq oğlan ürəyimin səsinə cavab verir. Bu səhnə bir az da Koreya seriallarınını xatırladır. Bir-birimizə baxmırıq, nə də danışmırıq, amma söhbət elədiyimiz dəqiqdir. Nəzərlərimi yazıdan ayırmadan cavab verirəm: - Allah rəhmət eləsin!
***
Kimsə polislərdən göz oğurlayıb "8 noyabr" yazısı və onun fonunda qatarla şəkil çəkdirir. Axşam “whatsapp” statusunda paylaşacaq, yəqin. Görəsən, başlıq kimi nə yazacaq? Mən olsaydım, nə yazardım? Yenə də ritorik sual oldu. Olmasa da, siz elə zənn edin.
Metro qoxusuna qarışmış qələbə havasını bir az da ciyərlərimə çəkib təzədən qatara minirəm. Yanımdakı qız rəfiqəsinə deyir:
- Adamların üzündəki zəhrimar üçün belə darıxmışdım!..
Yadıma Ayxanın “Metro etüdləri” düşür. Amma indi o yazını arındıracaq tək şey xanımın dediyi elə bu cümlədir, qalan hər şey başqadır. Tamam başqa. Əvvəllər metroda təbəssüm paylayan adamları əl-əl gəzərdiksə, indi onların gülümsəməsi üçün tək-tək səbəb paylanıb sanki. Bax, məsələn, üzbəüz oturduğumuz bu qoca adam. Yəqin ki, iki qızı var, ikisi də evli. Yanındakı bu balaca oğlan isə kiçik qızından olan nəvəsidir. Harasa gəzməyə gedirlər, üzlərində də axtardığım təbəssüm.
- Görəsən, hara gedirlər? - Öz-özümə sual verirəm.
- Baba, orda tanklar da var, hə? - uşağın səsi məni ayıldır. Sözün bütün mənalarında!..
Və qatardan düşüb çıxışa doğru tələsirəm. Beynimdə isə yepyeni bir bəhanə! “Hərbi Qənimətlər parkı” üçün təzə şalvar almalıyam! Özü də mütləq həmin satıcı xanımdan…