Kulis.az Nihat Pirin DİM-in bunkerindən APA üçün hazırladığı reportajı təqdim edir.
“Bunker” deyiləndə ağlınıza nə gəlirsə, mənim də ağlıma o gəldi. Baş redaktorumuz “Cümə günü Dövlət İmtahan Mərkəzinin bunkerinə gedə bilərsən?” sualını verincə cavab əvəzinə məndə daha bir sual yarandı: niyə məhz gedirsən yox, gedə bilərsən? Cavab çox sadə idi: üç günlük gedirsən, ora girdinsə, vaxtından əvvəl bayıra çıxmaq yoxdur.
“Hə” dedim...
Səfərimizdən bir gün qabaq Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının Sədri Məleykə Abbaszadə bizi təlimatlandırmaq üçün Mərkəzə dəvət etmişdi. Heç gözlənilmədən aldığım səfər qərarı, olmadığım bir mühitin əvvəlcədən təsəvvürü üzərinə, bir də Məleykə xanımın özünəməxsus imtahan həyəcanlı diksiyası ilə verilən təlimatlarını isə ifadə eləmək çətindir.
Xülasə, Məleykə xanımın bizi təlimatlandırmasından sonra, sözün əsl mənasında, bunker macəramız başlayır...
Bura Dövlət İmtahan Mərkəzinin binasıdır. Bunkerin məhz burada yerləşməsi qətiyyən ağlıma gəlməzdi. Amma irəlidə – bu üç gün ərzində ağlıma gəlməyən elə şeylərə şahidlik etdim ki, bu onların yanında adidən də adidir.
Bəs deyirdilər, bunker yerin altında olur?
Bizi birinci mərtəbədə Xanlar Xanlarzadə qarşılayır. Təhlükəsizlik baxımından, üzərimizdə olan bütün cihazlar – telefon, qulaqlıq, yaddaş daşıyıcıları, wifi ötürücüləri və bu kimi digər bütün əşyalar yığılır. Özümüzlə bunkerə aparmaq istədiyimiz ötürücülük qabiliyyəti olmayan əşyalar isə şəffaf sellofanlara yığılır. Bütün bunlara əməl etdiyimizdən tam əmin olduqdan sonra lazımi protokola imza atırıq və Xanlar müəllimin rəhbərliyi ilə bunkerə qalxırıq. Xanlar müəllim yolüstü bizi irəlidəki prosesə hazırlayır:
“Bunkerin girişində əməkdaşlarımız sizi yoxlayacaq. Ola bilər, yoxlama sizə bir az sərt gəlsin. Amma nəzərə alın ki, bu, hamıya eyni sərtlikdə şamil edilir”.
Liftlə qruplara bölünərək Mərkəzin yuxarı mərtəbələrindən birinə qalxırıq. Bizi bunkerin girişində detektorlu DİM nümayəndələri qarşılayır. Şəffaf sellofana yığılmış əşyaları, əynimizdəki paltarları, çantamızı, ayaqqabılarımızı detektor müayinəsindən keçirəndən sonra bunkerə daxil oluruq. Vəssalam. Artıq bizim olduğumuz yer “Qapalı zona”dır. Bundan sonra, üç gün ərzində həyatımızda nə baş verəcəksə, məhz burada – “Qapalı zona”da baş verəcək.
Bunkerdə aparılan bütün proseslər üçün ana şüar: Şəffaflıq
Testlərin hazırlanması prosesini həmin üç günə uyğun ardıcıl yazacağam, bu öz yerində, amma bəri başdan bunkerin necə qapalı bir yer olduğunu göstərmək üçün ekspert müəllimlər və üç gün ərzində bunkerdə baş verəcək bütün prosesə cavabdeh şəxs DİM-in Test Bank Şöbəsinin müdiri Rəhman Mehralıyevlə arabir söhbətləşməmizin bir neçə nəticəsini qeyd edim. Məsələn, Rəhman müəllim deyir ki, əgər bunkerdə olan kiminsə səhhətində hər hansısa bir nasazlıq yaranarsa və ona buradakı tibbi ləvazimatlarla kömək kifayət etməzsə, təcili tibbi yardım çağırılır. Lakin bir şərtlə: təcili tibbi yardım əməkdaşları bunkerə daxil olurlarsa, onlar da yalnız imtahan bitdikdən sonra bizimlə bərabər buradan çıxa bilərlər. Belə bir halın olub-olmadığını soruşduqda isə: “Olub, təbii”, – deyir Rəhman müəllim.
Ekspert müəllimlərdən biri isə deyir ki, bir dəfə bunkerdəki müəllimlərdən birinin böyrəyindəki problemlə bağlı onu buradan çıxarmalı olublar. Belə olan halda isə, bütün proses sıfırlanıb və hər şey təzədən başlayıb...
Bunker dediyimiz yer, əslində, dar və uzun koridor, yataq otaqları, mətbəx, asudə vaxt üçün ayrılmış otaq, idman, ekspertiza və kompüter otaqlarından ibarətdir. Burada təyinatından əlavə başqa məqsədlər üçün istifadə oluna biləcək hər şey möhürlənib. Məsələn, pəncərə: nəzərə alsaq ki, pəncərələrin açılması qadağandır, yaxud, elektrik qovşaqları, yanğın şiti, kondisioner: nəzərə alsaq ki, adları çəkilənlərin içində kimsə nəsə yerləşdirə bilər və s. Üstəlik, yataq otaqları və sanitar qovşaqları xaricində bütün məkanlar fasiləsiz formada kamera nəzarətindədir.
Bunker müəllimi kimdir?
Bunkerdə olan ekspert müəllimlərlə olan söhbətimizdən çıxardığım nəticə “bunker müəllimi” anlayışının olmamasını deməyimə əsas verir. Ona görə də aşağıda yazacağım abzas “bunker müəllimi mifi” anlayışını darmadağın etmək üçündür. Çünki bunkerdə olan ekspert müəllimlər həmin həftənin sonunda keçiriləcək imtahan üçün sualları hazırlamaq üçün yox, ağıllı sistem tərəfindən onlara təqdim edilən ikiqat sayda olan test tapşırıqları içərisindən vahid nümunə hazırlamaq və onu imtahan gününə qədər dəfələrlə oxuyub redaktə etmək, hər hansısa bir problem varsa, yerində həll etmək üçün çalışırlar.
Hər bir imtahan prosesi üçün bazadan sualların seçilməsində DİM-in Direktorlar Şurasının sədri Məleykə xanım da iştirak edir. Məleykə xanım bazadan seçiləcək sualları təyin etmək üçün “təsadüfi rəqəm”ini bunker rəhbərinə təqdim edir. Fərz edək ki, bu rəqəm 417-dir. Daha sonra bunkerdə olan ekspert müəllimlər də müəyyən bir “təsadüfi rəqəm” seçirlər. Budəfəki prosesdə biz də iştirak etdik və mənim “təsadüfi rəqəm”im 25 oldu. Həmin bu “təsadüfi rəqəm”lər üç-üç komplektləşdirilərək ardıcıllıqla məhz imtahan prosesi üçün, bazadan sualların seçilməsi üçün yaradılan proqrama daxil edilir (Yeri gəlmişkən, proqramın müəlliflərindən biri elə məhz Rəhman Mehralıyevdir). Məsələn: 417 257 459 098. Proqram məhz bu rəqəmlərə əsasən, özünə müəyyən bir alqoritm təyin edir və həmin alqoritm test bazasından müəyyən sayda test sualı seçir. Əgər imtahanda, məsələn, iştirakçıya X adlı fəndən 30 sual düşəcəksə, 60, 40 sual düşəcəksə, 80 sual bazadan proqram vasitəsilə seçilir. Yəni seçilmiş suallar sırf yuxarıdakı “təsadüfi rəqəm”lərdən alınan şifrin nəticəsi olaraq formalaşdırılır. Orada hansısa bir rəqəmi dəyişsək, o zaman suallar tamamilə fərqli çıxacaq. Bura qədərki prosesdə, göründüyü kimi, bunkerdə olan müəllimin sual seçiminə müdaxiləsi, oradakı sualları bilməsi qəti şəkildə mümkün deyil.
Bəs bunkerdə olan müəllimlərin bundan sonrakı funksiyası nədir?
Fərz edək ki, imtahanda X adlı fəndən 30 sual olacaq. O halda yuxarıda da qeyd etdiyimiz kimi, proqram 60 sual seçir və bu 60 sualı 30-30 iki ayrı variantda qruplaşdırır. Ekspert müəllimlərin işi, birinci növbədə, həmin 60 sualdan 30 sual tərtib etməkdir. Sualların ardıcıllığını pozmamaq şərti ilə ekspert müəllimlər 60 sualı yuvarlaqlaşdırıb 30-a salırlar. Məsələn, hər iki 30 suallıq nümunədə 1-ci sual üçün A nümunəsindən test məqbul sayılıbsa, dərhal B nümunəsindəki 1-ci sualın üzərindən xətt çəkilir. Çünki həmin sual məhz bu imtahan üçün artıq yararsızdır.
Yeri gəlmişkən, onu da qeyd edək ki, bu mərhələdə bütün test suallarının cavabı “A” variantı olur. Prosesin davamında isə vahid test kitabçasındakı doğru cavabların seçilməsi də eyni qaydada “təsadüfi rəqəm” sayəsində alqoritmin seçimi ilə müəyyənləşir.
Beləcə 30 suallıq test formalaşdırılır. Bundan sonra isə ekspert müəllimlər həmin sualların yoxlama və redaktə prosesinə cəlb olunurlar. Ola bilər ki, tapşırıqlarda hər hansısa bir hərf səhvi, yaxud norma pozuntusu olsun. Və yaxud da nəzərə alsaq ki, suallar bazaya müxtəlif illərdə, müxtəlif vaxtlarda – Bu proses barədə birazdan danışacağıq – göndərilib, ona görə də müəyyən qayda dəyişikliklərinin də olması mümkündür.
Bunkerin ikinci ana şüarı: Yüz ölç, bir biç
Test tapşırıqlarının redaktə prosesi davamlı şəkildə təkrarlanır. Yəni suallar artıq imtahan üçün “hazır vəziyyətə gətirilənə” qədər, ən azı, 3-4 dəfə ekspert müəllimlər tərəfindən redaktə edilir. Hətta bunkerdə yekun təsdiq almış sualların kağız variantı gətiriləndə belə, müəllimlər tərəfindən pdf variantla kağız variant müqayisə edilib yoxlanılır.
Fürsət ikən Azərbaycan dili ixtisası üzrə ekspert müəllimləri ilə ümumi gedişat barədə həmsöhbət oldum.
Müəllimlərdən Aynurə İsmayılovanın sözlərinə görə, heç bir müəllim bunkerə gəlib-gəlməyəcəyini əvvəlcədən bilmir:
“Bu il mən, ya başqası olacaq və s. biz bütün bunların heç birini bilmirik. Bunu bizə ən tezi imtahana 2-3 gün qalmış məlumat verirlər. Üstəlik, məsələn, biz bu həftə olacaq imtahan prosesində ekspert müəllim kimi iştirak etmişiksə, bir neçə il bu prosesdən kənarda qalacağıq”.
Azərbaycan dili üzrə DİM-in əməkdaşı Mehriban Cəfərsoy isə deyir ki, hər bir imtahan öz fənninə görə, müxtəlif şöbələrin tabeliyində olur: “Məsələn, Aynurə xanım rus bölməsində Azərbaycan dilini tədris etdiyi üçün o budəfəki imtahan prosesinə ekspert kimi dəvət olunub. Çünki Aynurə xanım o proqramı bilir”.
Peşəkar Mühasib Sertifikatı üzrə bağlı imtahanlarda isə, digərlərindən fərqli olaraq, adətən, eyni ekspert müəllimlərindən istifadə edilir. Bunun səbəbini isə PMS üzrə ekspert müəllimi Elsevər İbadov açıqlayır: “Çünki mühasiblik sahəsi elədir ki, bu sahə üzrə kifayət qədər yüksək qonorarlı iş var. Yəni bu sahənin əməkdaşları, bir növ, imtahan prosesinə cəlb olunmaqda, testlərin redaktəsində iştirak etməkdə o qədər də maraqlı deyillər. O vaxt bizimlə bir müəllim gəlmişdi, amma o cəmi bir imtahan prosesində iştirak etdi, sonra gəlmədi. Dediyinə görə, burada olduğu 3 gün ərzində o, ən azı, 750 manat “itirib”. Bizim buraya il ərzində təxminən 60 dəfə gəlməyimizə səbəb maddi məsələ deyil”.
Digər ekspert müəllimi Elvin Həsənov isə imtahan sualları üçün lazım olacaq pdf materialları və kitabların əvvəlcədən bunkerə gətirildiyini, buradakı kompüterlərin yaddaşına köçürüldüyünü deyir: “Çünki buradakı kompüterlərin internetə çıxışı yoxdur”.
Yekun imtahan suallarının çapı və bölgələrə göndərilməsi mexanizmi
Yekun imtahan sualları bölgələrdə keçilən imtahan binalarına bir gün qabaqdan, şənbə günü saat 14:00-dan etibarən yola salınır. Bakıdakı imtahan binalarına isə imtahan sualları imtahan günü səhər göndərilir. Hər bir imtahan binası üçün DİM xüsusi maşın ayırır. Eləcə də imtahan yekunlaşdıqdan sonra imtahan rəhbərinin nəzarəti altında cavab kartları olan qovluq, sual kitabçaları və protokollar xüsusi möhürlənmiş qutularda xüsusi maşınlarla DİM-in binasına gətirilir.
İmtahandan sonra
İmtahanın səhəri günü növbəti ekspert müəllimlər tərəfindən DİM-in binasında imtahanda istifadə olunmuş suallar yoxlanılır, cavab etalonları müqayisə edilir.
Açıq tipli suallar isə marker müəllimləri tərəfindən yoxlanılır. Burada eyni sual eyni anda bir neçə müəllim tərəfindən yoxlanılır. Hər suala uyğun şablon qiymətləndirmə olur. İştirakçının cavabının əhatəliliyinə görə, ona həmin şablon qiymətləndirməyə uyğun bal verilir.
İmtahan üçün sualları kim hazırlaya bilər?
“Hamı”.
Bu cavab qəribə səslənsə də, bunu DİM-in Yoxlama-ölçmə Materiallarının İşlənməsi Departamentinin müdiri Natiq Əliyev deyir: “Bizdə hazırda bazada təxminən 500 min sual var. O suallar indiyə kimi ilin müxtəlif vaxtlarında müxtəlif müəllimlər tərəfindən göndərilir. Suallar işçi qrupu tərəfindən təsdiq olunan proqrama uyğundursa, qəbul olunur”.
Beləliklə, DİM-in bunkerində gedən prosesi açıq formada təqdim etdik. Nəticə etibarilə, DİM-in əməkdaşları və ekspert müəllimlərin sual seçimi prosesinə müdaxilə edə bilməməsi ən böyük reallıqdır. Reallıqlara inanmayanlar və qaçanlar üçünsə yekun sual: bəs sizin tanış bunker müəlliminiz var?
Yazı Dövlət İmtahan Mərkəzinin “Bunker müəllimi: illüziya və reallıq” mövzusunda təşkil etdiyi müsabiqəyə təqdim olunur.