Murad - Elmin Həmzə

Elmin Həmzə

Elmin Həmzə

22 noyabr 2022
# 18:20

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Elmin Həmzənin "Murad" hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Hekayələrin qəbulu dekabr ayının 10-a qədər davam edəcək. Qeyd olunan tarixdən sonra göndərilən hekayələr müsabiqəyə qəbul edilməyəcək.

Murad

Oktyabr ayı olmasına baxmayaraq payız gəlməyə tələsmirdi. Xəfif küləklərin sovurduğu sarılı-qırmızılı yarpaqların fonunda günəş qürub edirdi. Balaca, bir otaqlı evin pəncərəsindən saçları vaxtından tez ağarmış ana sağ əlini çənəsinə dayayıb qürubun yaratdığı gözəlliyi seyr edirdi.Bu balaca otaq onların həm yataq, həm qonaq otağı, həm də mətbəxi idi. Artıq 29 il idi ki, burada yaşayırdılar və bu darlığa öyrəşmişdilər.
Birdən ananın yadına nəsə düşdü və çevrilib yataqda yuxulayıb qalmış oğlunu səslədi:
– Təbriz, ay Təbriz, dur bala. Dar çağı yatmazlar anan gözlərinin qarasına qurban olsun, dur. Dur bir tikə yemək yeyək, axşam oldu.
Təbriz gözlərini azca açıb, yarıyuxulu vəziyyətdə gərnəşdi. Bir anasına, bir divardakı saata baxdı və dilləndi:
– Ay ana, dar çağı nədiyee? Hər dəfə o sözü deyirsən.
– Nə bilim ay bala, biz dədə-babadan belə eşitmişik. Yəni şər qarışan vaxt, gün batan vaxt. Dur daha az sual ver.
Təbriz qalxıb əl-üzünü yudu və anasıyla birgə süfrə ətrafında əyləşdilər. Ana televizoru açıb dövlət kanalını tapdı. Artıq bir neçə vaxtdır hamı kimi Sahibovlarda da xəbərləri izləmək adət halını almışdı. Proqram başlayan kimi cəbhədən xəbərlər verilirdi. Təbriz yerindən atılıb – ana, bax, bax, əsgər, Murad, ana bax – deyib sevinirdi. Onun üçün bütün əsgərlər qardaşı Murad idi. Ana isə diqqətlə xəbərləri izləyir, arada uşağa çevrilib azca gülərək Təbrizin həyəcanını bölüşdüyünü bildirirdi. Birdən ana duruxsundu, gözləri doldu, üzündə sevinc gülüşü ilə bərabər qəribə bir ifadə yarandı, boğazı düyünləndi və hönkürtü ilə ağlayıb bayaqdan yerində otura bilməyən Təbrizi qucaqladı. Balaca Təbriz çaşqın halda anasına baxdı, azca geri çəkilib əlləri ilə anasının göz yaşını silib soruşdu:
– Ana, niyə ağlayırsan? Nə oldu? Əsgəri gördün qaqaş yadına düşdü yenə, hə?
– Yox mənim qara kişmişim, ora bax, görürsən bax, o kənd bizim kəndimizdi, bizim, bildin ağıllı balam, bizim kəndimiz – deyib Təbrizi bir də bağrına basdı, üz-gözünü öpüşlərə qərq elədi. Sevincindən az qalsın uçmaq istəyirdi.
Televizorda Xudafərin körpüsünə sancılmış bayrağın qarşısında hərbi geyimli bir neçə nəfər dayanmışdı, ən öndəki isə məruzə edirdi. Artıq görüntünün təsirindən ana sözləri eşitmirdi, elə bircə Xudafərin adını eşidib sevincindən özünü itirmişdi. Təbrizin verdiyi qəfil sual ananı sanki silkələdi:
– Ana, onda biz atanı görəcəyik hə?
Bir anlıq otağa sükut çökdü. Səssizlik və sualının cavabsız qalması Təbrizi çox narahat edirdi. O, suala cavab ala bilmədiyi üçün yenə anasına baxdı, bu dəfə isə küskün formada, dodağını sallayaraq, axı sən özün demişdin ki, ata kəndimizə gedib, gələcək, deyə anasının onu aldadıb-aldatmamasını öyrənmək istədi. Ananın sevincdən dolan gözlərində bir anda çarəsizlik, bədbinlik, boşluq ağır yük kimi sallandı. Təbrizin balaca, toppuş üzünü əllərinin arasına alıb, başını sığalladı və sakit və titrək səslə – hə, demişdim – deyə cavab verdi. Təbriz sevincdən anasını bir də qucaqlayıb onun üzünə düşən bir neçə ağ tükünü qulağının arxasına apardı və “Ana, onda Murad bizdən qabaq görəcək hə atanı? Axı o da oradadır. Onda Murad bizi aparar hə atanın yanına? Oydaaaa, onda, onda Murad qalib gəlib hə ana?” deyə heyrət içində dalbadal suallar verdi. Ana, hə balam, hə, Murad bizi hər muradımıza çatdıracaq, bütün arzularımızı gerçəkləşdirəcək, deyib Təbrizi bərk-bərk qucaqladı və yaşla dolu gözlərini divardan asılmış və Azərbaycan bayrağına sarılmış şəklə zillədi. Çərçivənin kənarında belə yazılmışdı: Unudulmayanlar 01.04.2016

# 2620 dəfə oxunub

Oxşar xəbərlər

Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

15:30 23 aprel 2024
Yol - Rüstəm Dastanoğlunun hekayəsi

Yol - Rüstəm Dastanoğlunun hekayəsi

17:30 22 aprel 2024
Sağlıq – Kamal Abdullanın hekayəsi

Sağlıq – Kamal Abdullanın hekayəsi

09:00 22 aprel 2024
Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

14:00 19 aprel 2024
4-cü cild - Mehriban Vəzirin hekayəsi

4-cü cild - Mehriban Vəzirin hekayəsi

09:00 19 aprel 2024
Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

17:00 18 aprel 2024
# # #