İşıqdan gözləri qamaşanlar - Məmməd Məmmədli

Məmməd Məmmədli

Məmməd Məmmədli

11 dekabr 2021
# 16:00

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Məmməd Məmmədlinin “İşıqdan gözləri qamaşanlar” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Həmin yay rayonda iki nəfərin müəmmalı ölümü hamını dəhşətə gətirmişdi. Camaat danışırdı ki, cəsədlərin üzündə donmuş vəhşət, onların qorxunc bir məxluq tərəfindən öldürüldüyünün nişanəsi idi. Amma kim bilir, bəlkə bu cinayəti sıradan bir insan törətmiş, meyitlərini də dağda, meşədə gizlətmişdi. Həm də onu deyirdilər ki, ölən adamların üstündə tüfəng vardı. Yəqin ovçuymuşlar.

Bu əhvalatı keçən il İsmayıllının Qoşakənd kəndində dincələndə eşitmişdim. Gecələr ovçuların əllərinə fənər alıb şikara çıxdığını isə öz gözlərimlə görmüşdüm. Qaldığım ev dağın başında olduğundan buradan ətraf əl içi kimi aydın görünürdü. Kənddə cürbəcür söz-söhbət dolaşsa da bu qorxunc caninin harada yaşadığını görüb-bilən yox idi.

***

Brakonyer maşına minib kənddən aralandı. Nivanı daşlı yollardan keçirərək dağın sinəsindəki yolla üzü yoxuşa sarı sürdü. Xeyli getdikdən sonra maşını həmişəki yerində saxladı. Qaranlığın bağrını dələn ay işığında maşından yüz metr aralanıb, ətrafı dinşədi. Birdən sol tərəfdən qaban donqultusu eşidildi. Səsə tərəf bir-iki addım atıb, fənərini yandıranda üzündə sarsaq bir təbəssüm yarandı. Əlinə yaxşı bir ov düşmüşdü. İşıq gözlərini qamaşdırdığından qaban yerindəcə donub qalmışdı…

Səhərdən təzəcə ötmüşdü. Telefonun zənginə ayılıb gözlərini açdı. Yuxulu-yuxulu əlini dəstəyə atdı:

– Eşidirəm.

– Salam, sizi ovçu mağazasından narahat edirəm. Dediyiniz tüfəng artıq satışdadır. Gəlib baxa bilərsiz.

– Lap yaxşı. Sizdə qırma da var?

– Əlbəttə var.

– Lap yaxşı. O zaman gəlib baxaram, - deyib, dəstəyi asdı.

Coşqun qalxıb əl-üzünü yumadan soyuducuya yaxınlaşdı. Oradan yağ və İsmayıllı bazarından aldığı cökə balını götürdü. Çörəyin üstünə yağ-bal çəkib yeyə-yeyə çaydanı qızdırdı. Səhər yeməyini bitirən kimi hamama keçdi və isti duşun altında üzünü qırxmağa başladı. Kefi kök idi, dodaqaltı zümzümə edirdi: “Sudan gələn sürməli qız, çox incidir kuzə səni balam, çox incidir kuzə səni…” Balaca dairəvi güzgüdə üzünün hər yerinə göz gəzdirərək yuyunub tələsik qurulandı. Paltarını geyinib evdən çıxdı.

Dükanda bir nəfər tapancalarla maraqlanırdı. Müştəri məzmunsuz suallarıyla satıcını bezdirmişdi. Xeyli çənə-boğazdan sonra o, balıqtutan alıb getdi. Bundan sonra Coşqun satıcıya yaxınlaşdı:

– Salam, sizə Remington brendindən qırma tüfəngi sifariş vermişdim. Deyəsən gətirmisiz. Səhər zəng etmişdiniz mənə - deyib, piştaxtaya dirsəklənərək çənəsini qabağa verdi.

Satıcı oğlanın sifarişini gətirdi. Coşqun tüfəngi əlinə alıb orasına-burasına baxdı və sonra onu satıcıya tuşladı:

– Mən bunu harda yoxlaya bilərəm?

Satıcı başının işarəsilə ona dükanın arxa tərəfini göstərdi. Coşqun da onun dediyi kimi arxa qapıdan meydançaya keçdi. Bir neçə dəfə atəş açdıqdan sonra silahı bəyəndi. Ödəniş etdikdən sonra tüfəngi götürüb dükandan çıxdı. Onu maşının arxa oturacağına atıb, yola düzəldi.

Coşqun hündürboy, arıq, qıyıqgöz bir oğlandı. Şalvar belindən düşməsin deyə, kəmərini həmişə bərk sıxırdı. İdman ayaqqabısı ilə göy köynəyi onun adi seçimi idi. Coşqunu tanıyanlar onun sakit təbiətli bir oğlan olduğunu düşünürdü. Ancaq o, heç də sakit deyildi. Daxilində özünün də baş açmadığı bir qəzəb tüğyan edirdi…

Bir saatdan sonra maşını yol qırağındakı restoranların birinin qarşısında saxladı. Həyətdə boş masaların birinə yaxınlaşıb, yerini rahatlayandan sonra əlinin işarəsilə ortalıqda gəzişən ofisiantı çağrıb, lüləkabab sifariş verdi. Coşqunun gözləri yol çəkirmiş kimi uzaqlara dikilmişdi. Səfərini necə başa çatdıracağı fikri onun beynini məşğul etmişdi… Ofisiant ona yaxınlaşıb, nimçədəkiləri səliqə ilə masanın üstünə düzdü. Müştəri ofisanta baxmadan dodaqaltı mızıldandı:

– Sizdə qaban əti var?

– Bəli var.

Coşqun bərk əsəbiləşdi, amma əhvalını biruzə vermədən yeməyini yeyib, pulu masanın üstünə atdı. Qalxıb pivədən içə-içə restorandan çıxdı və asta addımlarla maşınına tərəf getdi. Yerini rahatlayıb tələsmədən, arxayın halda yoluna davam etdi.

İsmayıllıya az qalmış çayın üstündəki körpüdən keçərək yolun qırağında dayandı. Maşından düşüb o baş-bu başa gəzişdi, sonra çayın sahilinə endi. Vaxtilə bol sulu Girdimançay indi ömrünü yaşamış qoca bir vadiyə çevrilmişdi. Coşqun çayın məcrasına enib, hamar daşların üzərində gəzdikcə xəyalında beli bükülmüş qoca bir kişi canlandı. Yırğalana-yırğalana irəliləyib vadinin düz mərkəzində dayandı. Yerdən bir daş götürüb, var gücü ilə uzağa tulladı. Bu zaman ona elə gəldi ki, qəfil gələn sel onu qamarlayaraq gəncliyinə aparacaq və o, bir vaxt düşdüyü avtomobil qəzasının qarşısını alacaq…

Günəş üfüqdə gözdən itəndə Coşqun yuxudan oyanıbmış kimi yenidən sükan arxasına keçdi. Bir qədər yol getdikdən sonra maşını ağacların arasında saxladı. Bu yolla o, maşını bir növ gizlətmiş olurdu. Gecə saat on ikini gözlədi. Fikri qarışıq olduğundan heç nə haqqında düşünə bilmirdi. Özünü uçurulmuş bir evin xarabazarlığındaymış kimi hiss edirdi. Xeyli var-gəl etdikdən sonra nəhayət, dağa qalxmağa başladı və bələdlədiyi dalda bir yerə çəkilib gözlədi. Hövsələsizlikdən siqareti bir-birinə calayırdı. Elə bu arada dağın ətəyindən bir maşının qalxdığını gördü. Dərhal özünü meşənin sıxlığına verdi. Hə, bu həmən Nivadır, qırmızı Niva. Brakonyer düz dağın zirvəsinə qalxdı. Az bilmirdi, bura açıqlıq olduğundan heyvanları ovlamaq rahat idi.

Brakonyer maşını saxlayıb, işıqlarını söndürdü və əlindəki fənərlə şikar axtarmağa başladı. Ağacların arxasında gizlənmiş Coşqun onu gözdən qoymurdu. Əyilə-əyilə arxadan ona yaxınlaşaraq məsafəni qısaltmağa çalışırdı. Onun fənərinə tuş gəlməsin deyə, aradabir yerə uzanır, kolun arxasına keçirdi. Qəflətən qarşıda bir canavar göründü. Ovçu qorxusundan fənərin işığını tezcə heyvanın gözünə saldı. Canavar da özünü itirmiş halda yerində tərpənməz qaldı. Brakonyer cəld tüfəngin lüləsini canavara tuşladı. Əlləri titrəyirdi. Bilirdi ki, canavarı məqamında öldürməsə, yırtıcı onu parçalayacaq. Atəş açılar-açılmaz canavar yerindən götürüldü. Güllə hədəfə dəyməmişdi.

Elə bu anda bir atəş səsi də eşidildi. Amma məsafə uzaq olduğundan Coşqunun da gülləsi hədəfi tutmadı. Cəld yerə uzandı ki, brakonyer onu görməsin. Nivanın sahibi atəşin haradan gəldiyini yəqin etdiyindən səs gələn tərəfə doğru addımladı. Guman etdi ki, kimsə ova çıxıb. Coşqun işlərin qəlizləşdiyini görüb, özünü yaxınlıqdakı sal qayanın arxasına verdi. Yerini rahatlayıb tüfənglə şikarını yenidən nişan aldı, ancaq bu dəfə məsafə uzaq olduğundan atəş açmadı. Bir də ki, qarşıdan gələn işıq gözlərini qamaşdırdığı üçün gözləməyi qərara aldı. Fənərin söndürülməsini gözlədi. Aradakı məsafə indi atəş açmağa imkan versə də bunu etmədi. Brakonyer ətrafa göz gəzdirdi, fəqət bir kimsəni görmədi. Bu zaman fənəri söndürüb dayandı. Sükut içində heyvanların səsinə qulaq kəsildi. Bu dəm atəş səsi eşidildi…

Coşqun ətrafı dinşədi. Hər yer sükut içindəydi. Kefi saz halda asta addımlarla dağdan enərək pəsdən zümzüməyə başladı: “Sudan gələn sürməli qız, çox incidir kuzə səni balam, çox incidir kuzə səni…” Ağacların arasında gizlətdiyi Mersedesinə çatan kimi qapını açıb, tüfəngini arxa oturacağa qoydu. Maşın Bakı yoluna istiqamət aldı…

Gecənin yarısı xəyal onu uşaqlıq çağlarına apardı. Coşqun məktəbdə oxuyanda atası onu yay tətillərində kəndə aparardı. Babası məktəb direktoru idi. O, hər səhər işə gedəndə Coşqun onun tir tüfəngini götürər, həyətdə göyərçinləri vurardı, ağaca çıxıb quş yuvalarındakı yumurtaları yerə çırpıb sındırardı, gah da raqatka ilə sərçələri öldürərdi. Bir dəfə də dənə yığışan toyuqlardan birini tutub boğmuşdu. Bir sözlə, bu balaca oğlan heyvanlara qənim kəsilmişdi. Amma böyüdükcə təbiəti sevməyə başladı. Bu istək onda elə gücləndi ki, ağacların, heyvanların, hətta ən xırda cücülərin belə xilaskarına çevrildi. Bir qarışqanı belə ayaqlamağa ürəyi gəlmirdi…

Yol boyu xəyallar onu elə çulğamışdı ki, Bakıya nə vaxt çatdığını hiss etmədi. Maşını qaraja saldıqdan sonra binanın həyətindəki kiçik marketdən pivə alıb evə qalxdı. İçəri keçən kimi paltarlı halda çarpayıya sərələndi. Çox yorğun idi. İki saata yaxın mürgülədi, sonra qalxıb hamama keçərək soyuq duş qəbul etdi.

Coşqunun musiqiylə arası saz idi. Məktəb illərində anası onu piano dərslərinə qoymuşdu. Nədənsə, pianoda çalmaq Coşqunun xoşuna gəlmirdi. Üç il məşğul olduqdan sonra özü gitara dərslərinə yazıldı. Anası oğlunun bu alətə həvəsini görüb, ona 70 manata klassık gitara aldı. Coşqun da məşqlərinə klassikadan başladı. Amma Sebastian Bax, Alonso Mudarranın musiqisini kiçik yaşlarında dərk edə bilmədiyindən tez də həvəsdən düşdü. Sonradan bluz və rok janrları ilə maraqlandı. Bu musiqi onun ürəyincə oldu. İndi də musiqi qruplarına qulaq asırdı. Daha çox Qərb musiqisini dinləyirdi. Bütün məşhur gitara ifaçılarını əzbərdən tanıyırdı…

Yataq otağına keçib, qapının arxasında divara söykədiyi gitaralarından birini götürdü. Onu səsgücləndiriciyə qoşub, çarpayıda özünə yer elədi. Not kitabını qarşısına qoydu və ən çox sevdiyi ifaçılardan Robert Kreyin “Right next door” mahnısını çalmağa başladı. Əlinə gitara alanda özünü sanki səhnədə tamaşaçılar qarşısında çıxış edirmiş kimi hiss edirdi. Belə gərginlikdə düz iki saat məşq etdi.

Başının üstündən asdığı Azərbaycanın xəritəsinə baxdı. Barmağını şimal rayonlarının üstündə gəzdirərək fikirləşdi: görəsən indi hara üz tutsun? Dərhal da qərara aldı: Gədəbəyə! Bildiyinə görə Gədəbəyin meşəli dağlarında vəhşi heyvanlar çox olur. Ovçular pul qazanmaq xatirinə təbiətin yaraşığı olan heyvanları ağına-bozuna baxmadan məhv edirdilər. Yaylağa gedən çobanlar da tez-tez dağ keçilərini ovlayırdılar. Elə buna görə son illər Qafqazda dağ keçilərinin populyasiyası xeyli azalmışdı.

Səhər obaşdan yola düşəcəkdi. Bu dəfə meşədə gecələməyi qərara almışdı. Bəribaşdan palatkanı götürüb maşının baqajına qoydu. Evə qalxmazdan əvvəl marketdən iki şüşə pivə aldı. Elə oradaca birinin ağzını açıb, içə-içə yuxarı qalxdı. Mənzilə girən kimi bel çantasını yığmağa başladı. Yol tədarükünü bir-bir gözdən keçirdi. Hər şey yerində idi.

Günəş üfüqdən boylananda tüfəngini və bel çantasını götürüb evdən çıxdı. Liftdən birbaşa qaraja enib, əlindəkiləri maşına yerləşdirdi.

Maşını asta sürürdü. Axşamın düşməsinə hələ vardı. Yolu Gəncədən keçdiyindən maşını şəhərin məşhur “Nərgiz” kafesinə tərəf sürdü. Burada hər şey ürəkaçandı. Kafenin qarşısındakı bağda səki boyu salınmış qızılgüllərin ətri adamı bihuş edirdi.

Coşqun kölgəlikdəki boş masalardan birində əyləşən kimi ofisiant ona yaxınlaşdı. O, başını qaldırıb oğlanı başdan-ayağa süzdü:

– Nəyiniz var yeməyə?

Oğlan yeməklərin adını sadaladı. Əvvəlcə qazan xörəklərindən başladı:

– Bozartma, çığırtma, dolma, - deyib, delikates yeməklərə keçdi - qaban, turac, qırqovul…

Çöl quşlarının adını eşidəndə Coşqun bərk əsəbiləşdi:

– Yox, onları istəmirəm!

– O zaman sizə yarpaq dolması gətirimmi, əladı, ağıza qoyan kimi əriyir.

Coşqun dolma sifariş edib, ofisantdan kül qabı istədi. Oğlan qarşıdakı boş masadan külqabını götürüb müştərinin qarşısına qoydu. On dəqiqə keçmədi ki, xörək dəsgahı süfrəyə düzüldü. Coşqun yarımçıq qalmış siqaretini söndürüb yeməyi qarşısına çəkdi. O qədər iştahla yedi ki, sonda çörəklə boşqabı sıyırdı.

Kafedən çıxar-çıxmaz bir siqaret yandıraraq maşına doğru getdi. Bir-iki qullab alıb sükan arxasına keçdi. Bir qədərdən sonra gözü yolun kənarında iri hərflərlə yazılmış Gədəbəy sözünü aldı. Deməli, rayonun ərazisinə girmişdi.

Dağların saf havası ciyərlərinə dolduqca dərindən nəfəs alırdı. İndi fəslin gözəl çağıydı, hər yerdə otların arasından boylanan sarı, qırmızı güllər yazın gəlişindən xəbər verirdi.

Maşın üzü yoxuşa hərəkət edirdi. O, münasib bir yer tapıb maşını həmişəki kimi ağacların arasına verdi. Yaxınlıqda gəzişərək gecənin düşməsini gözlədi. Yenə siqareti uc-uca calamışdı. Artıq şər qarışır, ətrafa qaranlıq çökürdü. Coşqun tüfəngi götürüb dağa qalxmağa başladı.

Buralarda bir kimsə belə gözə dəymirdi. Hərdən çaqqal ulartısı eşidilirdi. Elə bu arada uzaqdan, dağın ətəyindən yoxuşu qalxan maşın işığını gördü. İşıq ondan təxminən beş yüz metr aralıda dayandı. Brakonyer maşının işıqlarını söndürüb seyrək ağacların arasına girdi. Coşqun onu gözdən qoymadan arxasınca düşdü. Bu zaman brakonyer fənərini yandırıb ətrafa göz gəzdirdi. Amma Coşqun onun üçün yaxşı bir sürpriz hazırlamışdı. Qəribə bir şuxluqla düşündü ki, sürpriz brakonyeri mat qoyacaq. Arxayın bir hərəkətlə özü ilə gətirdiyi çırağı yandırdı. Çırağın işığı brakonyeri çaşdırdı. Maraq ona güc gəldi və o, işığa sarı gəlməyə başladı. Yaxınlaşanda yerdəki çırağı gördü və əyilib ehmalca onu götürdü. Ətrafa, yan-yörəyə boylandı. Bir ins-cins görmədiyindən canına qorxu düşdü. Bu zaman Coşqun tüfəngi hazır vəziyyətə gətirib onu nişan aldı. Çırağın işığı adamı aydın görməyə imkan verirdi. Atəş! Güllə hədəfi tutdu. Çıraq brakonyerin əlindən yerə düşən kimi alovlandı. Coşqun yaxınlaşıb, brakonyerin yerdə zarıldadığına bir qədər tamaşa etdi. Sonra tətiyi çəkib ikinci atəşi açdı. İndi vaxt itirmədən aradan çıxmaq lazımdır…

Tələsik dağdan endi. Ağacların arasında saxladığı maşınına çatıb tez özünü içəri atdı. Gecənin səssizliyində rahat, arxayın halda yoluna davam etdi. Amma bu arxayınçılıq uzun sürmədi. Arxadan bir işığın onu müşayiət etdiyini duydu. Amma güzgüdən geriyə boylansa da heç kimi görmədi. İşıq get-gedə gücləndi və ətraf bir anda aydınlığa qərq oldu. Hiss etdi ki, işıq başının üstündən düşür. Başını pəncərədən çıxarıb yuxarı boylananda maşının düz üstündə, təxminən ondan beş metr hündürdə adamda dəhşət doğuran böyük bir işığın saçdığını gördü. Gözləri qamaşdığından bir şey ayırd edə bilmədi. Vahimə onu basdı. Ətrafda səs kəsildi. Ona elə gəldi ki, qulaqları tutulub. Sonra xışıltı eşitdi. Səs güclənəndə əlini sükandan çəkib barmaqları ilə qulağını tutdu. Səs isə kəsilmək bilmirdi. Köməksiz və qorxaq vəziyyətə düşmüş Coşqun özünü itirdiyindən pedalı axıra qədər basdı. Maşın böyük sürətlə yolu ağzına aldı. Güclü işıq isə ondan əl çəkmək istəmir, eyni sürətlə maşını izləyirdi. Nəhayət, yadplanetli, insan irqinə tanış olmayan qurğu ondan aralandı. Hər şey əvvəlki qaydasına düşdü. Bundan sonra Coşqun rahat nəfəs aldı. Sürəti azaldıb, Bakıya doğru yoluna davam etdi. Bir qədərdən sonra fikrini dəyişdi, Gəncəyə – Göygölə tərəf yol aldı.

Axır ki, gecələmək üçün münasib yer tapdı. Maşını burada da yolun qırağında saxladı. Baqajdan çadırı götürüb özünü ağacların arasına verdi. Bura dincəlmək üçün rahatdır. Yavaş-yavaş, tələsmədən palatkanı qurdu. Bir qədər aralıda ocaq qaladı. Köz düşən kimi özü ilə gətirdiyi sosisləri nazik şişlərə keçirərək qızartmağa başladı. Yeməyini yedikdən sonra bir pivə açıb qurtaqurtla başına çəkdi. İndi yuxu ona güc gəldi. Uzandı və az keçmədi ki, dərin yuxuya getdi…

Gül-çiçəklə örtülü düzəngahda mavi geyimdə, xurmayı saçları kürəyinə tökülmüş bir qadın ona əl eliyirdi. Coşqun ona sarı qaçdı. Aralarındakı məsafə qısalanda anasını tanıdı. Sürətini artıranda anası da ondan uzaqlaşdı. Bu zaman qarşısında dar, ensiz bir yol açıldı. Ətraf zülmətə qərq oldu. Coşqun var gücü ilə doğmasını səslədi: Ana! Öz səsinə ayıldı. Həmin anda harada olduğunu ayrıd edə bilmədi. Səhərin aydınlığı gözlərini qamaşdırınca özünə gəldi. Gördüyü yuxunun təsirindən vahimələnmiş halda cəld yerindən qalxıb yır-yığış etdi və Bakıya yola düşdü…

Coşqun adətən vaxtının çoxunu evdə keçirir, dostu olmadığından heç kimlə görüşmürdü. Tək yaşayırdı. Günləri monoton keçsə də həyatına rəng qatmağı bacarırdı. Tez-tez təbiət qoynunda olur, balıq tutur, çimərliyə gedir, dağlara çıxırdı. Adamayovuşmaz olduğundan günlərini insanlardan uzaq olan yerlərdə – meşədə, çayda, düzlərdə keçirirdi. Bir də əlacı nəydi ki! Bir yaxını, doğması, qayğısına qalanı yox idi. Darısqal, ikiotaqlı bir mənzildə yaşayırdı. Pintinin də biriydi, evi zibilin, çirkabın içindəydi. Mənzil elə çirkli olurdu ki, it də başını içəri salmazdı. Köhnə, uçulub tökülən evin dib-dəhnədən təmirə ehtiyacı vardı. Ancaq bu, onun vecinə deyildi. Ona elə gəlirdi ki, ən təmiz və ən geniş evdə yaşayır…

Dünən gecə yolda onu təqib edən gur işığı – yadplanetlini xatırladı və bu hadisənin ona bir işarə olduğunu düşündü. Bəlkə bu işin daşın atsın? Əgər, insanlar vəhşi təbiəti sevmirlərsə, ona qarşı bu qədər etinasız və qəddardırlarsa, o zaman təbiətdəki heyvanları qorumaq naminə onun seçdiyi yol nə dərəcədə düzgün idi? Bir də ki, ömrünü yollarda, meşələrdə, dağlarda keçirməyəcəkdi ki?! Vəhşilərin yaşaması üçün brakonyeri – insanı öldürmək… bu nə vaxtacan davam edəcəkdi? Bu, onu məhvə aparmırdımı? Məgər o, başqaları kimi ola bilməzdimi? Yox! Vəhşi təbiət özünün qorxulu, əsrarəngiz gözəlliyini saxlamalı idi. O, tutduğu yoldan geri dönmək fikrində deyildi, daha doğrusu, xarakteri buna yol vermirdi. Harda qırıldı, qoy qırılsın…

Aradan bir həftə keçdi. İndi də Masallıya getməyi düşündü və götür-qoy etmədən evdən çıxdı.

Yolda qatar kimi düzülən yük maşınları hərəkəti iflic etmişdi. Sürət azalır, yol xeyli uzanırdı. Coşqun səbrini basıb aşağı sürətlə də olsa yoluna davam etdi.

Axşam çağı Masallı rayonunun ərazisinə daxil oldu. Əlini alışqana atıb siqaretini yandırdı. Bir qullabla tüstünü hərisliklə ciyərlərinə çəkdi. Anasının qəzada həlak olduğu günü xatırladı. O zaman Coşqunun 17 yaşı vardı. Maşının arxa oturacağında əyləşmişdi. Söhbətə müdaxilə etmədən valideynlərinin mübahisəsinə qulaq asmağa məhkum idi. Gecə vaxtı yağışlı havada uzaq səfərə çıxmışdılar. Qarşı tərəfdən şütüyən maşınların işığı düz gözlərinə düşürdü. Amma onlar bunun fərqinə varmadan elə hey didişirdilər. Heç biri də geri durmaq istəmirdi. Anasının dərdi açılmışdı:

– Yaman günümə, uşağımın adına qır-qızıl almışdım. Mən onları evliliyimizin ilk illərindən, maaşımdan qırta-qırta, əyin-başımdan kəsə-kəsə yığmışdım. Altından vurub, üstündən çıxdın. Əlim boşda qaldı. Hələ bir təpə-qapaz elədin məni…

Atası bir əli sukanda, bir əlini də arvadının üstünə silkələyərək kükrədi:

– Beynimi çöndərmə! Qoy bir mənzil başına çataq, dilini boğazından çıxardajam. Çoxdandı kötək yemirsən!

Əslində Coşqunun anasına yazığı gəlirdi, gözünü açandan atasının qızışaraq onu döyüb-söydüyünü görürdü. Elə buna görə də zəhləsi gedirdi ondan. Həmişə də düşünürdü ki, görəsən, onları bağlayan nə olmuşdu ki, həyatlarını birləşdirmişdilər…

Qarşıda yol sağa burulurdu. Amma atasının başı qızışdığından diqqətini cəmləyə bilmədi. Getdikləri zolaqdan çıxan kimi qarşıdan gələn maşınla üz-üzə gəldilər. O maşının gözlərini qamaşdıran gur işığı Coşqunun yaddaşında həmişəlik qaldı…

Maşını çınqıllıqla sürürdü. Ətraf yaşıllığın içindəydi. Hündür ağaclar, torpağı yaşıl rəngə boyayan otlar, təmiz hava Coşquna ləzzət eliyirdi. Quşların səs-səsə verib oxuması bu gözəlliyə xoş bir ahəng qatırdı. Ağacdələn yaxınlıqdakı çürümüş ağacın gövdəsində taqqataq salır, kirpi yarpaqların arasında gəzişərək özünə yem axtarırdı.

Hava qaralmağa doğru gedirdi. Coşqun qurumuş ağac budaqlarından ocaq qalamaq fikrinə düşdü. O, işini arxayın görürdü, bilirdi ki, brakonyerlər bu vaxtlar ova çıxmırlar. Nə qədər ki vaxt var, yaşıllığın qoynunda dincəlməyə, təbiətdən zövq almağına dəyər. Budaqları bir yerə topalayıb, cibindəki alışqanla aşağısından alanqı verdi. Ocaq tüstüləndi. Bir qədərdən sonra tüstü meşəni bürüdü. Coşqun anladı ki, belə getsə yerini bildirəcək. Dərhal odu söndürməyə çalışdı. Ayağı ilə tüstülənən budaqları ora-bura səpələyərək tapdalamağa başladı.

Gecənin bir yarısı tüfəngini götürüb maşından aralandı. Cığırla təzəcə getməyə başlamışdı ki, atəş səsi eşitdi. Səsin gəldiyi tərəfə qulaq verdi. İkinci atəşdən sonra brakonyerin olduğu yeri müəyyən etdi. İti addımlarla ona doğru getməyə başladı. Bir qədər sonra dayanıb, ətrafı dinşədi və meşənin sakitliyində ovçunun addım səslərini eşitdi. Asta-asta ona yaxınlaşdı və qəflətən əlindəki fənərlə gözünə işıq saldı:

– Əmioğlu, neynirsən? - Deyə brakonyer səsləndi.

Coşqun isə sakit və laqeyd halda:

– Gəlmişəm səni cəzalandıram, - deyib, tüfəngin tətiyini çəkmək istəyəndə qəflətən ürəyində ağrı hiss etdi.

Uzun illər görmədiyi, amma həyatının bir parçası olan insanla üz-üzə gəlmişdi. O, brakonyerin işıqdan qamaşan gözlərində keçmişini görmüşdü, heç zaman unutmadığı, anasını əlindən alan keçmişini. İndi onun qarşısında dayanan bu yaşlı adam gözlərini qıyaraq nə üçün tüfəngin ona tuşlandığını anlamağa çalışırdı.

– İki dovşan vurmuşam, birini verirəm sənə. Mənə bu da bəs edər.

Coşqun atasının səsindəki doğmalığı hiss etdisə də boğazınacan qalxan nifrət ona qalib gələ bilmədi və o, barmağını tətikdən çəkdi. Tüfəngi əlindən buraxıb geriyə çəkildi:

– Anam sənə görə öldü! - deyib, içindəki qəzəbi püskürdü.

Arxaya baxmadan qaçmağa başladı. Ağacların arasından elə şütüyürdü ki, sanki kabusdan yaxa qurtarmağa çalışırdı. Atası arxadan onu nə qədər səsləsə də Coşqun dayanmadı. Tələsik maşına minib onu dəli kimi qovmağa başladı. Yol boyu qarşıdan gələn maşınlar bu dəlisov sürücü ilə toqquşmasınlar deyə, siqnal verirdilər. Coşqun isə sel kimi axan göz yaşları içində atasını heç vaxt bağışlamayacağını düşünürdü. Yoldakı maşınları arxada qoyduqca tez-tez qəza vəziyyəti yaradırdı. Qarşıdakı Jiqulini ötüb keçmək istəyəndə üstünə gələn Kamazın işıqları gözlərini qamaşdırdı. Ətraf gözündə zülmətə döndü. Və bu zaman anasının buz kimi əllərini hələ soyumamış ovcunda hiss etdi…

2020

# 5150 dəfə oxunub

Oxşar xəbərlər

İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

10:00 14 dekabr 2024
Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
# # #