O gün Kərbəlada nə olmuşdu? – ARAŞDIRMA

O gün Kərbəlada nə olmuşdu? – <span style="color:red;">ARAŞDIRMA
1 oktyabr 2017
# 21:00

Proloq

Kərbəla, 680-cı il. Peyğəmbərin dizlərinin üstündə böyüyən, namaz qılanda belinə çıxan, saqqalını yolan, cənnət gənclərinin ağası sayılan sevimli nəvəsi Hüseyn ailəsi və yaxın silahdaşlarından ibarət 72 nəfərlik dəstə ilə Kufə yaxınlığında Kərbəla çölündə düşərgə qurmuşdu. Xilafətdə siyasi vəziyyət olduqca mürəkkəb və ağır idi. Onu Məkkədən bura gəlməyə vadar edən Yezidin hakimiyyətindən məmnun olmayan Kufə əhalisinin dəvəti idi.

Peyğəmbərin cəsədi soyumadan başladı

Altıncı xəlifə Müaviyənin ölümündən sonra hakimiyyətə oğlu Yezid gəlmişdi. İmam Hüseyn isə onun hakimiyyətini istəmir, bu qərarı ədalətsiz sayır, ona biət (birinin hakimiyyətini qəbul edib ona itaət etmə) etmirdi. Çoxları hələ indi də Hüseynin bu addımını hakimiyyət uğrunda mübarizə hesab edir. Hakimiyyət uğrunda mübarizə isə hələ çox-çox əvvəldən, cənabi Əzrail dünyadakı heç bir insanın canını almadığı bir yüngüllüklə peyğəmbərin canını aldığı andan dərhal sonra başlamışdı.

Allahın xəlifəsinin kim olacağı məsələsi qısa bir müddətdə şura tərəfindən həll edilmiş və ilk xəlifə Əbu Bəkr Siddiq seçilmişdi. Xilafətin ilk illərindən yaranan narazılıq raşidi xəlifə Osmanın zamanında daha geniş vüsət aldı. Etirazlar Osmanın qətlə yetirilməsi ilə nəticələndi. Osmandan sonra hakimiyyətə Əli ibn Əbu Talib gəldi. Lakin bununla narazılıqlar bitmədi, Suriyə valisi Müaviyə Osmanın qatili tapılmayana qədər ona biət etməyəcəyini ibildirdi. Bununla da xilafətdəki narazılıq daha da genişləndi. Tarixdə “İlk fitnə” adını almış iki böyük müharibə (Cəməl və Süffeyn savaşları) baş verdi.

Hz. Həsən müsəlmanları bir-birinə qırdırmaq istəmədi

Hər iki savaşın bir tərəfində Əli və onun tərəfdarları digər tərəfdə isə Müaviyə ilə yanaşı Həzrəti Məhəmmədin həyat yoldaşı Aişə, sağlığında cənnətlə müjdələnmiş sahabələrdən Ət-Təlhə və Əz-Zübeyrə kimi sahabələr dayanırdı. Belə qızğın bir zamanda guya islamdakı parçalanmanın qarşısını almaq üçün Xəvariclər- ilk məzhəb yarandı. Xəvaric rəhbərləri islamdakı bu parçalanmaya son qoymaq və üçün Həzrəti Əlini və Müaviyəni öldürmək qərarına gəldilər. Buna görə iki qatil hazırlayıb Kufə və Şama yolladılar.

Rəşidi xəlifələrin dördüncüsü sayılan Hz. Əli 661-ci ildə məsciddə namaz qılan zaman ibn Mülcəm adlı xəvaric tərəfindən qılıncla ölümcül yaralandı və bir neçə gün sonra şəhadətə yetişdi. Ondan sonra şuranın qərarı ilə Xəlifə olan oğlu Həsən Müaviyənin təzyiqlərinə davam gətirməyib (müharibə olmasını istəmədi) xəlifəlikdən əl çəkdi və aralarında müqavilə imzalandı. Şiə məktəbinin iddiasına görə müqaviləyə əsasən Müaviyədən sonra xəlifə yenidən Həsən olmalı idi. Əgər Həsən həyatda olmazsa xəlifəlik qardaşı Hüseynə çatacaqdı.

Müaviyə olduqca məkrli və uzaqgörən siyasətçi idi. O, Həsənin varlığından narahat olmaya bilmir və xəlifəliyinin onuncu ilində imamın Cudə adlı arvadını oğlu Yezidə alacağı vədi ilə aldadıb zəhərlətdirir. İmam Həsən qırx günlük bir əzabdan sonra ölür, arvadını Müaviyənin adamları dənizdə boğurlar.

Müaviyə ölümünə az qalmış oğlu Yezidi varisi elan edir. Yezid elmli, musiqini və ədəbiyyatı bilən dünyəvi adam idi. Bizansa yürüşlərdə ad qazanmışdı. Deyilənə görə sarayda içki də içirdi.

Əməvilər həmişə imamlardan ehtiyat edəcəkdilər

İmam Hüseyn və Abdullah ibn Zubeyd Yezidin xəlifəliyinə etiraz edirlər. Qardaşından sonra Hüseyn Əməvi sülaləsinin ən böyük düşməninə çevrilmişdi. Yezid şuranın seçimi ilə deyil, varisliklə hakimiyyətə gələn ilk xəlifə idi. Məhz Yezidlə xilafət səltənətə keçdi.

Yezid hakimiyyətini möhkəmləndirmək və bununla da digər etirazçıları susdurmaq üçün Hüseyndən biət tələb edirdi. Çılğın və üsyançı təbiəti ilə qardaşından fərqlənən Hüseyn isə təqiblərə baxmayaraq biət etmək fikrində deyildi. Bu vaxtı kufəlilər yüzlərlə məktub yazıb onu Kufəyə dəvət edirlər. Kufəyə getməkdən başqa yolu qalmayana imam ailəsi və yaxın silahdaşları ilə Kufəyə üz tutur.

Kərbəla faciəsi burdan başladı

Hüseynin Kufəyə yollanmasından qorxuya düşən xəlifə Yezid onun ardınca Ubeydillah bin Zeydin başçılığı ilə qoşun göndərir. Qoşun Kərbəla yaxınlığında imam Hüseynin düşərgəsini mühasirəyə alır. Hüseyn danışıqlara gedərək İraqı tərk etmək istədikdə Ubeydullah əvvəlcə onunlıa razılaşır. Lakin Yezidin hakimiyyətində xüsusi nüfuza sahib olan Şimir bin Zil-Cevşan bunun Əməvi xanədanı üçün təhlükə olduğunu düşünərək bu təklifi rədd edir. Əvəzində isə Ömər bin Sədə mühasirəni daha da daraltmaq əmr olunur. Çadırlara-xeymələrə gedən su yolları bağlanır.

Bir neçə gün sonra düşərgədəki su ehtiyatı tamamilə tükənir. Düşərgədə kimlər var idi: İmam Hüseynin arvadı Leyla və başqa arvadları, bacısı Zeynəb, qardaşı Abbas Ələmdar, növcavan oğlu Əli Əkbər, xəstə yatağında olan Zeynalabidin (imamın soyunu məhz o davam etdirəcəkdi), 6 aylıq körpə oğlu Əli Əsgər, qızına adaxlı olan qardaşı oğlu Qasım, Abdullah və başqa qardaşı uşaqları, körpə qızı Səkinə, Ruqiyyə... Xüsusən qadınlar və uşaqlar susuzluqdan əziyyət çəkirdilər.

Tasua-vəfa gecəsi

Məhərrəm ayının doqquzuncu günü Hüseynə iki yol təklif olunur: ya qeyd-şərtsiz təslim olmaq, ya da 30 minlik ordu ilə müharibə etmək. İmam bir gün artıq bu fani dünyada yaşamaq üçün yox, ibadət edib, Quran oxumaq üçün onlardan möhlət istəyir.

Onsuz Hüseyn Kərbəla çölündə şəhadətə çatacağını bilirdi. Şiə alimlərinin dediklərinə görə bu barədə hətta peyğəmbərdən də hədislər vardı. Axşam düşəndən sonra imam uzun bir xütbə oxudu. Tərəfdarlarına sabahkı qanlı döyüş barədə xəbərdarlıq edib getmək istəyənlərin azad olduqlarını dedi. Amma heç kəs yerindən tərpənmədi, susuzluqdan qurmuş dodaqları ilə bir ağızdan imama sadiq olduqlarını bəyan elədilər.

Onda imam düşərgədəki bütün məşəllərin söndürülməsini əmr elədi. Bəlkə getmək istəyənlər imamdan utanırdılar, qoy qaranlığı imamın nurundan üstün tutanlar qaranlıq gecədə əriyib yox olsunlar. Səhər günəşinin ilk şəfəqləri bütün dünyanı nura qərq edəndə, Kərbəla düzü iki dəfə artıq nura qərq olmuşdu. Heç kəs düşərgəni tərk etməmişdi. Bu nur-imamın nuru onun şöləsinə toplananları hələ neçə əsr işıqlandıracaq.

Əməyi zay olan Abbas

Susuzluqdan bağı qana dönən uşaqların, körpələrin çığırtısı bütün düşərgəni başına götürmüşdü. Bunu nalələri, fəqanları eşidib də çarəsizcə dayanmaq mümkün deyildi. O ki qaldı Abbas kimi qəzəbli insan ola. Zirehini geyinib qardaşının çadırına yollanır. Daha bu nalələrə tab edə bilmədiyini deyir. Abbas mühasirən yarıb Fərat çayından su gətirmək üçün icazə istəyir. Amma imam müharibəyə birinci başlamayacaqlarını bildirib döyüşə icazə vermir, ancaq su gətirməyə razılaşır.

Dodaqları susuzluqdan qurumuş Abbas döyüşçülərin arasından ildırım sürəti ilə sıyrılıb Fəratın sahilinə çatır. Suyun parıltısı ürəyini sərinlədir. Əyilib bir qurtum içmək istəyəndə suda beşikdə ayaqlarını döyəcləyən Əli Əsğərin əksini görür. Tez tuluğu su ilə doldurub düşərgəyə yollanmaq istəyir ki, əsgərlər qabağını kəsirlər. Kimsə qüvvətli zərbə ilə Abbasın qələm qolunu üzür, onda o su qabını o biri əlinə alır. Qüvvətli qılınc zərbəsi o biri qolunu da üzəndə Abbas dişləri ilə yapışır tuluqdan. Amma bunca zəhmətin faydası yoxdu. Abbasın qəzəbli gözlərini nişan alan namərd bir oxçu naşılıq edib tuluqu dələcək. Fəratın suyu körpə Əli Əsgərin qurumuş dodaqlarını yox, min ilin çölünü sərinlədəcək.

Hür necə hür oldu

Ərəb döyüş qaydalarına əsasən döyüşə hər iki tərəf tək-tək döyüşə girirdi. Artıq döyüşə başlamaq zamanı idi. Abbas kimi qardaşdan sonra daha itirməli nə vardı ki. Amma əvvəl imam düşmən ordu qarşısında çıxış edir. Onun çıxışından sarsılmış Yezid ordusunun sərkərdələrindən olan Hürr və başqaları peyğəmbər nəvəsinə qılınc çəkməkdən vaz keçib imamın tərəfinə keçirlər. Ömər bin Səd ordunun bütünlükdə Hüseynin tərəfinə keçəcəyindən ehtiyat edərək döyüşün başlamasını əmr edir.

İlk döyüş imamla Təmim bin Kəhta arasında baş verir. Hüseyn bir qılınc zərbəsi ilə onun başını üzür. Bundan sonra Zeyd Ebtrahi ilə arasında döyüş oldu, onu da qılıncla öldürdü. Bundan sonra Hüseynin tərəfdarlarından Hür döyüşə girir. Döyüşdə başından yaralanan Hürü qolları arasında alan imam onun yarasını əbasından kəsdiyi parça ilə sarıyır.

Şah İsmayıl şübhə etdi, Xətai oldu

Şiə rəvayətçiləri Hürün cəsədinin allahın möcüzəsi ilə çürümədiyini, imamın sarıdığı sarğının açılması təqdirdə yaradan qan fışqıracağını rəvayət edirlər. Şah İsmayıl bu rəvayətə nədənsə inanmır və Kərbəla səfəri zamanı Hürün qəbrini açdırır. Şah cəsədin başındakı sarğını açdıqda yaradan açılan qan üzünə fışqırır:

Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini

Bar ilahi, əfv qıl, tövbəkaram doğrusu.

Təkbətək döyüşdə imamın tərəfdarları fədakarca döyüşür, hər biri ancaq bir neçə düşmən əsgərini məhv etdikdən sonra şəhid olurdular. Nisbətlə götürəndə Yezidin ordusundan xeyli adam qırılmışdı.

Şəhid olmaq sırası imamın oğlu Əli Əkbərə çatır. Ardınca əmisi Həsənin oğlu Qasım şəhid olur. İmam gecə ikən çoxdan adaxlı olan qardaşı oğlunu qızına evləndirmişdi. Muradına yetməyən Qasim quru torpaqdaca qanına qəltan olur.

Düşərgədəki bütün kişilər bu qeyri-bərabər döyüşdə şəhid oldu. Düşərgədə Hüseyndən, xəstə oğlu Zeynalabidindən (imaməti o davam etdirəcəkdi) və körpə Əli Əsgərdən başqa kişi qalmamışdı.

Susuz körpəni boğazından vururlar

Susuzluqdan əziyyət çəkən körpənin ağlaması yas tutan qadınların fəğanından betər olmuşdu. Uşaq heç cür sakitləşmirdi, daha beşiyini döyəcləməyə də taqəti qalmamışdı, gücü ancaq bu dünyaya gələn hər bir insanın ilk bacardığı şeyə-ağlamağa çatırdı. Onu yalnız su, bir qurtum su sakitləşdirərdi.

İmam Hüseyn körpəsini əlləri arasına alıb qoşunun qabağına çıxır, heç olmasa yer üzünün sonuncu peyğəmbərinin nəticəsi üçün bircə qurtum su istəyir. Bu səhnədən daş da yumşalardı, amma Ömər bin Səidin daş qəlbi yumşalmır. O Hurmala bin Kahil adlı oxçusuna əmr edir ki, uşağı nişan alsın. Ox Əli Əsgərin boğazını dəlib keçir.

Başını Şümür kəsdi

Hüseyn körpəsini dəfn etdikdən sonra yenidən ordunun qarşısına çıxdı, onları allahdan qorxmağa səslədi. Onda Şümür imama hücum etməyi əmr etdi. Qoşun hər tərəfdən nizə və oxlarla ona hücum etdi. Bir anda onlarla ox və nizə bir zamanlar peyğəmbərin əlinin dolaşdığı bədənə sancıldı. İmamın cansız bədəni yerdə sərəli qalmışdı. Amma heç kəs cürət edib ona yaxınlaşa, döyüşün son aktını yerinə yetirə, imamın başını kəsə bilmir.

Şümür qabağa gəldi və qılıncını göyə qaldırıb bir daha endirdi. Peyğəmbər körpə Hüseyni əzizləyəndə həmişə boynundan öpərdi. Şümür qılıncını peyğəmbərin dodaq yerinə endirmişdi.

“Dur, Şamə gedir Zeynəbi-nalan”

İmam Hüseynin şəhadətindən sonra ordu düşərgəyə hücum elədi. Xeymələr yağmalandı, imamın ailəsi təhqirlərə məruz qaldı. Yezidin əmrini yerinə yetirmiş ordu başda imamın xəstə oğlu olmaqla qadınlarını əsir götürüb təntənə ilə Şama tərəf yollandı.

Qafilənin üstündə dalğalanan utanc bayraqlarının arasından bir baş şölələnirdi. Bu Peyğəmbər nəvəsinin nizəyə sancılmış başı idi.

# 5325 dəfə oxunub

Müəllifin son yazıları

# # #