Kulis.Az yazarları Qismət və Mirmehdi Ağaoğlu Cem Yılmazın kinoteatrlarda nümayişdə olan “Pek yakında” filmini müzakirə edirlər.
Film söhbəti – LAYİHƏ
Qismət: Qoş e, qoş diktofonu, danışaq görək, necə başlayırıq, necə alınır?
Mirmehdi Ağaoğlu: Ordan-burdan danışaq də. Dayan... Hə, qoşdum. Getdik. Necə idi film, ümumiyyətlə, xoşuna gəldi?
Q.: Mənim xoşuma gəldi. Çox ləzzət elədi.
M.A.: Filmin başlanğıcındakı ciddi və məzlum çöhrəsini görəndə özümü saxlaya bilmədim. Uğundum gülməkdən. Cemi polis geyimində görmək mənə qəribə gəldi.
Q.: Belə bir fikir var ki, o, artıq stəndaplarındakı kimi güldürmür.
M.A.: Son filmlərində dramatizmə çox meyllənir.
Q.: “Pek yakında”dan göründüyü kimi, sanki öz filmlərinin çevrəsini daraldıb, işlərini daha ciddi auditoriyaya hesablayır.
M.A.: Cemin Rassel Krounun “The Wather Diviner” filmində oynadığı rol da bunu deməyə əsas verir.
Q.: Cem Yılmaz yaşa dolduqca, daha ciddi filmlərə qaçır, əvvəlki filmləri qeyri-ciddi deyildi, amma get-gedə deyəsən yaş öz sözünü deyir. Bu “Fundamentals”da və başqa işlərində də hiss olunur. İlk stəndapından bu yana onda çox ciddiləşmə gedib. Rəcəb İvedik olmaq təhlükəsindən qaçır, bu, çox yaxşıdır. “Pek yakında”da əvvəlki filmlərinə xeyli eyhamlar vurub. Cemin əvvəlki filmlərində də bunu hiss eləmişəm. Səhv eləmirəmsə “G.O.R.A.” filmindədir. Baş qəhrəman Arif keçmişi xatırlayır, fləşbəklə əski zamanları görürük ekranda: 1980-ci illərin Türkiyəsi. O dövrdə pornofilm sənayesi Türkiyədə geniş yayılmışdı. Pornofilm üçün kastinqdən, aktyor seçimindən bir kadr görürük. Bu vaxt ekranda “12 sentyabr, 1980” yazılır (12 sentyabr hərbi çevrilişi - red.) və Cem deyir: “Film bitdi”. Diqqətli tamaşaçı üçün bu artıq bir mesajdır. Bu tipli şeylər Cemin filmlərində çoxdur. Özü demiş, tamaşaçı isə onun filmlərində söyüş axtarır.
M.A.: Film içində film fəndi yeni olmasa da, “Pek yakında”da olduqca maraqlı şəkildə istifadə olunub. Kino işçilərinin ağır taleyinin tragikomik yöndə verilməsi ilə yanaşı, qarşı tərəfin, pirat film istehsalçılarının bir üzvünün də acı, ağır taleyi, çıxmaza düşməsi təsvir olunur. Filmin bir yerində hər iki cəbhənin taleyi birləşir. Bir tərəf mafiyanın qorxusundan pirat işlərini dayandıra bilmir, digər tərəf isə nəhəng kino “akula”larının ucbatından bu sektora addım ata bilmir. Çünki burda da kapital kimdədirsə, o, güclüdür. Lap əlində dünyanın ən gözəl ssenarisi olsa belə, sponsorun olmasa 40 il qapı-qapı gəzib ideyanı reallaşdırmağa bir kimsə axtaracaqsan.
Q.: Səhnələrdən birində filmin bəhrələndiyi mənbə göstərilir. Uğursuz rejissor Ahben Sonel aktyor Zeki ilə yatağa girəndə başlarının üstündə maraqlı bir afişa görünür: “Aşk filmlərinin unutulmaz yönetmeni”. Bu intertekstual işarə Yavuz Turqulun eyni adlı filminə göndərişdir. “Aşk filmlərinin unutulmaz yönetmeni”ndə də klassik film çəkmək istəyən, amma maliyyə qaynağı tapa bilməyən bir rejissordan bəhs edilir. Dəyişən dəyərlərdən, ciddi sənətlə, kütləvi sənət mübarizəsindən bəhs edir bu gözəl film. Şener Şen də bu filmdə möhtəşəmdir.
M.A.: “Pek yakında”da nəinki o dediyin filmə, ümumiyyətlə türk kinosunun yüz illik dönəminə, ayrı-ayrı aktyorlara, rejissorlara, filmlərə göndərişlər var. Özkan Uğurun oynadığı Əjdər abi obrazının mağazasında türk kinolarında istifadə olunmuş geyimlər, əşyalar yer alır.
Q.: Birinci səhnə özü elə “Eşkiya” filminə işarə ilə başlayır. Elə ilk səhnədəcə xeyirxah polis rolunu oynamaq istəyən Zəfər, sonradan pirat film işinə girsə belə, məlum olur ki, içində latent qəhrəmanlıq gizlənib. Əslində pis adam deyil. Hətta pirat disk hazırlama işi ilə vidalaşmağını tortun üzərindəki şamı üfürməklə qeyd edir. Bu, sanki insanın pis işlərdən yaxasını qurtarmaq, yenidən doğulmaq istəyidir. Həmin anda məlum olur ki, içində istək olsa da, bu dünyanın qanunlarından xilas ola bilmir. Cemin oynadığı qəhrəmanın adı da çoxmənalıdır – Zəfər.
M.A.: Xilas ola bilmir və filmin gedişatında məlum olur ki, əslində Zəfəri piratçılıqda ittiham edən ailəsi, dostları, çevrəsi sonradan çəkdikləri filmin kasetini pirat mafiyasından geri almaq üçün onlarla əməkdaşlıq edirlər. Belə çıxır ki, bu adamlar da elə Zəfərin tayı imiş, ondan fərqli deyillərmiş. Zəfər ailəsini dolandırmaq üçün bu işə baş vurursa, arvadı, dostları da çəkilmiş filmi xilas etmək üçün belə edirlər.
Q.: Hə, ikibaşlılıq var.
M.A.: Pirat işi ilə məşğul olduğuna görə Zəfərin xanımı onunla boşanmaq istəsə də, sonradan özü nəyinsə xətrinə mafiya ilə əməkdaşlıq edir.
Q.: Piratçının dilindən deyilmiş ifadəyə bax: “Koreya kinosunu sevdirdik deyə 6 il zindanda yatası deyilik ki?” Yəni, hər şeyin kopyalandığı, üzünün köçürüldüyü çağdaş dünyada film kopyalamaqla nə böyük günah etmişik? Hələ mən get-gedə özəl həyatın qalmamasını və s. demirəm. Cem piratçılığın kəskin tənqidçilərindən biri olsa da, burda yenə ikibaşlılıq var. Mənim yadıma bir müsahibə düşür. Unudulub getmiş yaşlı bir aktyor müsahibəsində bir dəfə demişdi ki, bir gün Cem Yılmaz yanıma gəlmişdi. Dedi ki, abi, bir reklam filmində 10 saniyəlik görüntüdə çəkiləcəksən. Sənə bunun əvəzində 10 min TL ödəniləcək. Amma bir şərtim var. Bu barədə heç kəsə demə. Sonradan məlum olub ki, Cem hansısa bankın reklamında çəkilmək üçün onların qarşısında o yaşlı aktyorun iştirakı ilə bağlı şərt qoyubmuş. Mən bu hadisəni “Pek yakında” filminin kontekstində belə yozardım; bir xeyirxahlığı gizlədərək eləmək, gözə soxmamaq. Məsələn, maskanın altında eləmək. Bu adam ailəsini xilas eləmək istəyir, amma özünü göstərmir, maskanın altında edir bunları. Bu elə Cem Yılmazın xarakterindən irəli gəlir.
M.A.: İslam rəvayətlərində də bu cür nümunələr var. Həzrəti Əli hər gecə gizlincə, hamıdan xəbərsiz yoxsulların qapısına un, düyü, xurma qoyurmuş. Həzrəti Əli öləndən sonra bu yardımlar kəsilir. Camaat başa düşür ki, qapılarına pay gətirən adam Həzrət Əli imiş.
Q.: Cem Yılmaz burda “Maska” filminin baş-ayaq edir, alternativ məntiq təklif edir.
M.A.: “Maska”, “Avatar”, “Matriks” kimi filmlərə göndərmələr də var. Filmdə belə bir yer var. Mafiya başçısı deyir ki, “Avatar”a baxdınmı, filmdəki o ağac mənəm. Səncə Cem bununla Gəzi hadisələrinə göndərmə etmir ki? Yadındadırsa, ötən il Orxan Pamuk da kitabının adını “Ben bir ağacım” qoymuşdu və təbii ki, açıq şəkildə Gəziyə görə bu adı seçdiyini bildirmişdi.
Q.: Hə, ona da işarə vurur. Həm də “Avatar”da hamının qoşulduğu o ağac, inklərin ömür ağacı, yaddaşı, tarixi ifadə edir. Qədim mədəniyyətlərdən gəlmə o ağac kultunu Cem parodikləşdirir. Çünki “Avatar” hamının qoşulduğu o ağac, göylərlə əlaqə yaradan, metafizik element, paklıq rəmzi olsa da, “Pek yakında”da mafiyanın, şərin rəmzidir. Bəlkə də bunun altında bir siyasi mesaj var. Yəni hamının qoşulduğu ağac mafiyadır.
M.A.: Cem filmlərində ailəsi alınmayan, həyat yoldaşı ilə boşanmaq üzrə olan, boşanmamaq üçün çarpışan bir qəhrəmanı canlandırır. “Ov mövsümü”ndə də oxşar süjet var.
Q.: Birinci filmi - “Hər şey çox gözəl olacaq”da da bu var. Yəqin bu Cemin bioqrafiyasından gəlmə elementlərdir. Özü də “Pek yakında”da ilk çəkildiyi film olan “Hər şey çox gözəl olacaq” filminə göndəriş var. Yadındadırsa, qeydiyyat otağında MFÖ qrupunun üzvü Mahzar Alanson ilə qarşılaşıb soruşur ki, bunun axırı necə olacaq, Mazhar abi? Mahzar da cavab verir: “Hər şey çox gözəl olacaq, Altan”. Altan Cemin birinci filmdə oynadığı qəhrəmanın adıdır.
M.A.: Filmin sonunda belə bir qənaət yaranır ki, əslində, izlədiyimiz film anonsdur. Əsl film, filmin içində çəkilən filmdir. Və tamaşaçı əslində o filmi gözləməlidir. Nə bilmək olar, bəlkə bir müddət sonra eşitdik ki, Cem “Şahikalar” adlı film çəkib.
Q.: Film içində çəkilən filmin adına fikir ver: “Şahikalar”. “Şahika”, ən yüksək, ən mükəmməl, zirvə, kulminasiya deməkdir, amma rejissor Ahben Sonel 40 il ərzində öz şedevri hesab elədiyi filmi çəkə bilmir. Halbuki bu illər ərzində onun büdcəsi dəyişib, film texnikaları dəyişib, modernləşib.
M.A.: “Şahikalar”ın süjeti isə 70-ci illər Yeşilcam filmlərinə, kənd romanlarına mövzularına göndərmədir. Kənddən gələn xidmətçi qız, ev sahibinin oğlunun ona aşiq olması...
Q.: Məlum olur ki, rejissor Ahben Sonelin çəkmək istədiyi filmin adı “Şahikalar” olsa da, elə klişelərdən ibarətdir və bu filmi çəkmək üçün neçə illər gözləməyə heç o qədər ehtiyac yox imiş. Fikir verirsənsə, rejissor Ahben Sonel deyir: “Filmimə çəkilmək üçün 70-ci illərdə Türkan Şorayı fikirləşirdim, 80-ci illərdə Müjdə Arı, 90-cı illərdə dedim ki, Məltəm Cumbul olar, indi də Berən Saatı fikirləşirəm”. Cem burda, təxminən bizdəki Fəxrəddin Manafovun dəyişməyən obrazlarına bənzəyən, birtipli obrazlara altdan-altdan gülür. Yəni, dəyişən üzlərdir, mahiyyət, sən demə, elə dünənki imiş.
M.A.: Filmin sonu çox qurama gəldi mənə. Sanki, bununla həyatın bir oyun, film olmasına işarə vurur. Bir də filmdə tez-tez Cemin gözünə görünən oğlanın obrazı açılmır. Mənə elə gəldi ki, bu onun vicdanının səsidir.
Q.: Hə, Zəfərin – baş qəhrəmanın alter-eqosudur.
M.A.: Adətən bu cür xarakterlər ya qəhrəmanın ölmüş dostunun, ya uşaq vaxtı itirdiyi qardaşının obrazı şəklində özünü büruzə verir. Onlar lazımı anda peyda olub təhlükə barədə xəbər verirlər. Bu filmdə isə naməlum qəhrəmanın kimliyi açılmır. Məlumatsız tamaşaçıya qaranlıq qalır.
Q.: Cemin filmində Qoqolun əsərlərində olduğu kimi, anidən filmə daxil olub sonra yoxa çıxan xeyli ikinci dərəcəli personajlar var. Bir daha “G.O.R.A.” filmini yada salaq. Orda da dəxilsiz anlarda peyda olub təhlükəli obyektin yaxınlaşdığını xəbər verən liliput obrazı var.
M.A.: Oğuz Atayın “Tutunamayanlar” əsərindəki Olric obrazı kimi. Olric də Turqut Özbenin alter-eqosudur. Qəfildən peyda olur, baş qəhrəmanla söhbət edir, amma oxucu onun kimliyini bilmir. Hətta bəzi tənqidçilər Olrici dünya ədəbiyyatında Hamlet kimi obrazlara əlaqələndirmək istəsələr də, bunu tam əsaslandıra bilmirlər.
Q.: Fikir verirsənmi həmin qəhrəman ən kritik məqamlarda ortaya çıxır. Hətta geyimi, davranışı ilə də Zəfərin keçmişini xatırladır.
M.A.: Doğrudur, Zəfərin piratçılar, mafiya ilə problemi yarananda üzə çıxıb təhlükədən xəbər verir.
Q.: Alter-eqo onu qaranlıq keçmişi ilə bağlamağa, ora qaytarmağa çalışır. Sanki, deyir ki, orada tamamlamamış işlərin var. Onları həll et. Bu kimi zədəli psixologiya elementləri türk ədəbiyyatında ilk dəfə Oğuz Atayda üzə çıxır. Məsələn, Dostoyevskinin əsərlərində zədəli psixologiya etirafla, tövbə ilə üzə çıxırsa, Atayda bu obrazların ikiləşməsində özünü büruzə verir. Cem Yılmazın sevdiyi aktyor Sadri Alışık, sevdiyi yazıçı Oğuz Ataydır. Cemin filmlərində Şahan Gökbahar və başqalarının filmlərindən fərqli olaraq intellektual ironiya, yəni lağlağılıq var. “Pek yakında” isə nə kassa filmi, nə də sənət filmidir, onların ikisinin ortasında bir yerdə qərar tutur. Bu nə Nuri Bilge Ceylan filmi, nə də Şahan Gökbahar filmidir, bu Cem Yılmaz filmidir. Tamaşaçı deyə bilər ki, bu filmə çox gülmədim. “Pek yakında”ya gülmək üçün müəyyən hazırlıq lazımdır, ya da bəlkə də heç gülmək lazım deyil.
M.A.: Orhan Pamukun “Məsumiyyət muzeyi” romanında bəhs elədiyi Pera barına yığışan o bəxti gətirməyən aktyorların, rejissorların, kino işçilərinin həyatına Cem Yılmaz filmdə işıq tutub. Yəni kinoda təkcə Şener Şenler, Cem Yılmazlar, Yılmaz Erdoğanlar, Şahan Gökbakarlar, Beren Saatlar, Özgü Namallar yox, bu cür bəxti gətirməyən, uğursuz kino xadimləri də var.
Q.: Mən başqa bir şeyi deyim. Filmə çoxlu reklam elementlərinin salınmasına baxmayaraq, reklamın özü ilə məzələnmə var. Yəni, tamaşaçıya mesaj ötürülür ki, bu reklam elementlərini bura qəsdən salmışam ki, bir filmi çəkmək üçün nə qədər qapılar döyməli, sponsorlar axtarmalı olduğumuzu biləsən. Amma başqa tərəfdən filmə şair Sunay Akının dəvət olunması, onun İstanbul Oyuncaq Muzeyinin filmdə göstərilməsi, şair Attila İlhanın adının hallanması da mədəni xidmətdir. Yəni, “Pek yakında” bir tərəfdən reklam elementlərini təqdim edirsə, digər tərəfdən mədəniyyətə də xidmət göstərir.