"Oturub çörək yeyərik" – Tahir Salahovun gizli səs yazısı

"Oturub çörək yeyərik" – Tahir Salahovun gizli səs yazısı
24 may 2021
# 12:21

Kulis.az Mirmehdi Ağaoğlunun “Tahir Salahovla baş tutmayan müsahibələrim” yazısını təqdim edir.

Tahir Salahovdan iki dəfə müsahibə götürmək şansım olub. Telefon nömrəsini çətinliklə də olsa tapmışdım. İldə bir neçə dəfə müsahibə üçün zəng vururdum. Buna qədər də cəhdlərim olmuşdu, lakin hər dəfə ya Moskvada, ya Bakıdan kənarda olduğunu, ya da vaxtının olmadığını deyirdi. Ən yaxşı halda müsahibəni müəyyən vaxta qədər təxirə salırdı.

Təxminən beş il əvvəl idi. Söz vaxtını çəkər, deyəsən elə may ayı idi. Bakıya gəldiyini eşitmişdim. Zəng vurdum, açdı. Yenə özümü təqdim etdim, müsahibə götürmək istədiyimi söylədim. Dedi, “Mariott” oteldəyəm, gəl.

Fotoqrafımızla birlikdə dərhal yollandıq deyilən yerə. Otelin restoranındakı masalardan birinin arxasında oturub çay, ya da qəhvə içirdi. Bilmirəm, bizim gələcəyimizə inanmırdı deyə başından eləmək üçün razılıq vermişdi, yoxsa, başqası ilə səhv salmışdı. Xülasə bizi görəndən sonra fikrini dəyişdi, müsahibə verə bilməyəcəyini dedi.

Həmən ərəfədə “Azadlıq” radiosunda onunla bağlı süjet getmişdi. Hansısa tədbirdə müxbir yaxınlaşıb siyasi sual vermiş, Tahir Salahov da mövqeyinin əksinə bir qədər kəskin danışmağa məcbur qalmış, nəticədə pis vəziyyətə düşmüşdü. Hiss etdim ki, Azərbaycandilli mətbuata uzaq olan rəssam bu hadisəyə görə müsahibə verməkdən çəkinir. Hətta müxalifət mətbuatına müsahibə vermədiyini də dilə gətirdi.

Sırf yaradıcılığı ilə bağlı müsahibə götürəcəyimi desəm də, heç cür razı sala bilmirdim. Amma əlimə düşmüş imkanı buraxmaq istəmirdim. Bir də onu harda görəcəkdim? Bir yandan da qocalıb taqətdən düşmüş, asta-asta danışan və deyəsən yaşına görə bir qədər ağır eşidən rəssamı çox yormaq da istəmirdim. Hardasa iyirmi dəqiqə çəkən bu “görüş”dən sonra fotoqrafımızla suyumuz süzülə-süzülə redaksiyaya qayıtdıq.

İstəyimdən yenə əl çəkmirdim. Bakıda olduğunu eşidəndə, ya da yadıma düşəndə ki, Tahir Salahovdan müsahibə götürməliyəm, zəng vururdum. Bir dəfə zəng çatmırdı, o biri dəfə telefon çağırır, götürmürdü, başqa bir dəfə isə vaxtının olmadığını deyirdi. Sənətkarın 90 illiyində yenə zəng vurub təbrik etdim, müsahibə götürmək istədiyimi təkrar xatırlatdım. Dedi, yubileyi ilə əlaqədar başı qarışıqdır, üstündən bir müddət keçsin, müsahibə verəcək.

Hə, yadıma düşmüşkən onu da deyim ki, müsahibə istəyəndə bir bəhanəsi də olurdu: “Mənim haqqımda hər şey ev muzeyimdə var, gedin, orda nə lazımdırsa soruşun, sizə danışsınlar”.

2020-ci il. 20 Yanvar günü. Soyuğun iliyə işlədiyi bir gün. Arabir qar da yağır. Ziyarətə gələn (və açıqlama verməyə heç də meyilli olmayan) rəsmilərdən açıqlama almaq üçün səhər tezdən Şəhidlər Xiyabanının qabağını kəsdirmişdik. Tahir Salahovu Xiyabandan çıxarkən gördüm. Yanında heç kəs yox idi. Ağır addımlarla yola tərəf gedirdi. Həmkarlarımdan ayrılıb ona yaxınlaşdım.

Salamlaşdıq. Görüşüb iri, soyuqdan donmuş əllərini iftixarla (nə yalan deyim!) sıxdım. Bir az da qocalmışdı. Bununla belə, Şəhidlər Xiyabanına ziyarətə gəlmişdi.

Kefini soruşdum. İndi daha asta danışırdı, bir tərəfdən də, deyəsən, Azərbaycanca sözləri tapmaqda çətinlik çəkirdi. Qocalıqdan şikayətləndi. Yenə müsahibə götürmək istədiyimi və ölkə daxilində hara istəsə gələ biləcəyimi desəm də, adəti üzrə boyun qaçırdı.

Yaxşı ki, budəfəki görüşümüzdə ehtiyatlı davranıb telefonun diktofonunu açmış və o qısa söhbətimizi qeydə ala bilmişdim:

- Mənim artıq 91 yaşım var. Danışmağa çətinlik çəkirəm. Bu yaşda müsahibə vermək mənə yaraşmaz. Gedin cavanları tapın danışdırın.

- Cavanlar da sizi eşitmək istəyir.

- Cavanlar heç kəsi istəmir.

- Siz bizim böyük sənətkarımızsız. Sizi eşidərlər.

- Bilirsən, vaxt keçir, gözəl rəssamlar gəlir, gözəl napravleniyalar gəlir. Bir az səbir etmək lazımdır.

Mümkün qədər söhbəti uzatmağa çalışıram.

- Hər gün çəkirsiz?

- Həmişə çəkirəm. Mən işləməsəm, məni kim saxlayar?

Bu vaxt kimsə yaxınlaşır. Tahir müəllim rusca həmin adama bayaqdan onu gözlədiyini deyir. Sonra üzünü mənə tutur:

- Sağ ol, incimə məndən. Oturub çörək yeyərəm sənlə, amma müsahibə vermək istəmirəm.

...Mənim Tahir Salahovla müsahibə üçün son cəhdim də beləcə boşa çıxdı. Yox, deyəsən, bu görüşdən sonra bir dəfə də zəng etmişdim, onda xəstə (deyəsən soyuqlamışdı) olduğunu, müalicə aldığını demişdi.

Yaxşı ki, həmən görüşdə heç olmasa böyük rəssamla şəkil çəkdirə, onun xarüqələr yaradan əllərini sıxa bilmişdim.

XX əsr Azərbaycan rəssamlığının xeyli parlaq nümayəndələri olub. Zənnimcə, Tahir Salahov onların arasında dünyada ən çox tanınanıdır. O qədər çox tanınır ki, hətta ölüm xəbərini verən rus saytları belə onu ciddi-cəhdlə daha çox Rusiya ilə bağlamaq istədilər. Yaxşıya sahib çıxan çox olur.

İstəsən, onun əsərləri ilə Qərb rəssamlarının yaradıcılığı arasında oxşarlıq taparsan. Necə ki, mən illər əvvəl Tahir Salahovun işlərində (“sərt üslub”u) Latın Amerikasının solçu (ya da solçuluğa meylli) rəssamlarının (Diyeqo Rivera, Xose Sikeyros, Kandidu Portinari) izlərini tapıb məyus olmuşdum. Hətta, bir dəfə daha dərinə gedib onun “Qara Qarayevin portreti”ni XIX əsr ingilis rəssamı Ceyms Uistlerin “Ana”sına bənzətmişdim.

Əlbəttə, mən yanıla bilərəm, bu peşəkar tapıntısı deyil, adi sənətsevərin çərənçiliyidir.

Dünən onun ölümü ilə bağlı “Kommersant” qəzetində yazılmış yazıda məşhur “Sənə, bəşəriyyət” tablosu Hitlerin sevimlisi olmuş alman rəssamı E.Tsoberberin 1939-cu ildə çəkdiyi “Qabarmalar və çəkilmələr” əsəri ilə müqayisə olunmuşdu.

Yəni, onun barəsində içimdə ziddiyyətli fikirlər heç vaxt az olmayıb.

Bütün bunlara baxmayaraq, Tahir Salahov deyəndə hər şeydən əvvəl gözümün qabağında Bakı neftçilərindən bəhs edən tabloları (“Növbədən qayıdanlar”, “Təmirçilər”, “Neftçi”) dayanır. O tablolar ki, zənnimcə, Tahir Salahov “sərt üslub”dan istifadə etməsəydi, neftçilərin üzdən romantik görünən məşəqqətli həyatını verə bilməzdi. “Sərt üslub” Tahir Salahovun fırçasında sosialist realizminin amansız senzurasından sıyrılıb Bakı neftçilərinin (xüsusilə Neft Daşları fəhlələrinin) ağır və təhlükəli həyatını verməyə xidmət edirdi. O dövrdə bu tapıntısız Bakı neftçilərinin həyatından nə çəksən karikatura alınardı.

Sənə, bəşəriyyət!” – Azlogos

Bu baxımdan Tahir Salahovun sənətkar intuisiyası misilsizdir. Görünür, bu intuisiya sayəsində 1962-ci ildə Moskvanın Manej zalında keçirilən sərgidə abstraksionistlərin əsərlərinə baxıb onlar haqqında “bu incəsənət deyil, poxdur” deyən, incəsənətdənsə hırla-zırı qanmayan mühafizəkar Xruşşovun “Sənə, bəşəriyyət” tablosunu da biədəb adlandıracağını hiss etdiyi üçün qabaqcadan sərgidən çıxarmışdı. Yoxsa, onu incəsənətdə yüksəliş, Azərbaycan Rəssamlar İttifaqının sədri, SSRİ Rəssamlar İttifaqının birinci katibi kimi vəzifələr deyil, abstraksionistlər kimi təqib gözləyəcəkdi və bu nailiyyətlərin heç biri olmayacaqdı.

Abşeron qadınları — Vikipediya

Bir də Tahir Salahovun Abşeron mənzərələrini xatırlamaq gərək. Onun “sərt üslubu” sanki burada da Bakı yayının yandırıcı günəşinə və talehsiz balıqçıları udan amansız Xəzriyə və Xəzərə (“Abşeron qadınları”) və bir də əncir ağaclarının quru budaqlarına çevrilib Abşeron koloritini bütövlükdə təqdim etmək gücü qazınır.

Əlbəttə, Tahir Salahovun “Ana” tablosunu da unutmaq olmaz. Rəssam anasını aqava bitkisinin fonunda verib. Meksika səhralarında bitən bu çoxillik bitki təbiətin sərt üzünə baxmayaraq şaxələnib boy ata və illər uzunu yaşa bilir. Tahir Salahov bu portretdə aqavanı anasının fonunda təsadüfi verməyib.

1937-ci ildə 9 yaşlı Tahirin atası sürgün olunandan sonra böyük ailəni anası təkbaşına saxlayıb (aqava kimi) onları ağ günlərə çıxarmışdı.

Tahir Salahov əsərləri ilə yanaşı mənim üçün uşaqlığında gördüyü məhrumiyyət dolu ağır həyatı ilə də dəyərli idi.

Müsahibələrinin birində Laçın rayonun birinci katibi işləmiş atasının həbs olunmağından danışan (alınsaydı mənə də danışacaqdı) sənətkar deyirdi ki, atası qandallanıb evdən aparılanda qardaş-bacılarıyla yığışıb pəncərədən onun getdiyi istiqamətə baxırlar. Atası binanın tinindən burulur və yox olur. Yetimlər (on ay sonra yetim qalsalar da, atalarının güllələndiyini 1956-ci ildə öyrənəcəkdilər) günlərlə pəncərədən asılı qalır və gözlərini atalarını son dəfə gördükləri binanın tininə zilləyirlər.

Ki, bəlkə qayıda!

Tahir Salahov sənətdə və həyatda böyük uğurlar qazandı. Bir sənətçinin qazana biləcəyi ən yüksək nailiyyətləri əldə etdi, ömrünün böyük hissəsini vəzifələrdə keçirdi, hər kəsin arzulayacağı ehtişamlı həyat yaşadı. Dünyanın bir çox məşhurları ilə dostlaşdı. Əsərləri neçə-neçə kolleksionerin kolleksiyasını bəzədi. O baxımdan 92 yaşında vəfat edən biri üçün bu qədər kədərlənmək də hardasa yersiz sentimentallıq kimi görünə bilər.

Lakin mənə elə gəlir ki, qibtə ediləcək qədər uzun və dəbdəbəli həyat yaşasa da, Tahir Salahovun gözləri heç vaxt o binanın tinindən çəkilməmişdi. Onun gözlərinin dərinliklərində həmişə atasız böyüyən bir uşağın nisgili vardı. Ən bahalı restoranlarda nahar edəndə belə, içində qonşuluqdakı çörək zavodundan gələn çörək qoxusunu və o qoxunu içinə çəkə-çəkə ac qarına yuxuya getməyinin nigaranlığını daşıdı.

Bəlkə, buna görədir ki, onunla sonuncu dəfə görüşəndə, mənə “işləməsəm, məni kim saxlayacaq?” sözünü artıq 92 yaşına gəlmiş və hər cür imtiyaza sahib imkanlı bir adam kimi deyil, əlinə təzə fırça götürən gənc rəssamın narahatlığı ilə demişdi.

Mənə elə gəlir, o, hər dəfə uzağa baxanda (gözləri yol çəkəndə) məhz xəyali bir tablodakı mənzərəyə - bir vaxtlar atasının qeyb olduğu binanın tininə zillənirdi gözləri.

Tahir Salahov artıq bu dünyada deyil və bu gün 92 il əvvəl gözlərini açdığı doğma şəhərində torpağa tapşırılır.

O, indi başqa dünyadadır. Atası kimi binanın tinini burulub gözümüzdən yox oldu. Həmin dünyanın adı nədir, deməyə çətinlik çəkirəm. Lakin mənə elə gəlir ki, Yehova şahidlərinin qiyamətdən bəhs edən kitablarındakı illüstrasiyalarda olduğu kimi o məcazi dünyada balaca Tahir 83 illik ayrılıqdan sonra atası ilə qovuşdu. Nəhayət, gözləri yoldan çəkildi.

# 5985 dəfə oxunub

Oxşar xəbərlər

Mir Cəfər Bağırov kim idi? - Elçin

Mir Cəfər Bağırov kim idi? - Elçin

15:00 19 may 2024
"TANI, OXU, TANIT"  layihəsi Bakı Qızlar Universitetində

"TANI, OXU, TANIT" layihəsi Bakı Qızlar Universitetində

16:00 18 may 2024
Azərbaycanlı şair vəfat etdi

Azərbaycanlı şair vəfat etdi

14:14 18 may 2024
Feministlərin bəyənməyəcəyi tamaşa - Mirmehdi Ağaoğlu

Feministlərin bəyənməyəcəyi tamaşa - Mirmehdi Ağaoğlu

14:03 18 may 2024
İlyas Əfəndiyevin 110 illik yubileyi “Boy çiçəyi” tamaşası ilə qeyd ediləcək

İlyas Əfəndiyevin 110 illik yubileyi “Boy çiçəyi” tamaşası ilə qeyd ediləcək

14:00 18 may 2024
Ədəbiyyat və həyat - Con Qolsuorsinin essesi

Ədəbiyyat və həyat - Con Qolsuorsinin essesi

13:00 18 may 2024
#
#
# # #