Çiçəkləmiş xrizantemlər - Lətifə Talib

Çiçəkləmiş xrizantemlər - Lətifə Talib
8 noyabr 2023
# 19:00

Kulis.az Lətifə Talibin "Çiçəkləmiş xrizantemlər" hekayəsini təqdim edir.

Cəbrayılın azadlığı uğrunda şəhid olmuş

tank komandiri baş gizir Elmir Məmmədovun xatirəsinə

– Gedirsən?

– Hə, gedirəm.

– Başlandı?

– Başlandı.

– Söz ver...

– Nə deyim axı?

– Söz ver ki, yolumu gözləyəcəksən.

– Sən söz ver ki, sağ-salamat qayıdacaqsan, doğum gününə də az qalıb.

– Söz verirəm ki, torpaqlarımızı almadan geri qayıtmayacam.

– Xrizantemalara görə sağ ol, çox gözəldilər, amma hələ açılmayıb, tumurcuqdular.

– Tez-tez su verərsən, yaxşımı? Qoy tez çiçəkləsinlər, mən qayıdana qədər.

– Söz verirəm, Elmir! Amma qayıt. – Elmir uzun-uzadı baxır heç vaxt unutmadığı ay üzlü, zümrüd gözlüsünə... qovuşmadığı ilk sevgisinə. Vidalaşır xəyallarıyla...

Sevil bayıra çıxıb nigarançılıqla küçəyə boylanıb bərkdən səsləndi:

– Elmir! Elmir! Harda qaldı bu oğlan? – narahatlıqla deyinməyə başladı. – Axı bu gün onun doğum günüdü, hələ də gəlib çıxmaq bilmir, dərsləri də tökülüb qalıb, bu oğlan evə yığışmır də.

Oktyabr ayının 5-i idi. Günəş öz lövbərini çəkib qüruba getmişdi, hava qaralmaq üzrəydi. Süfrə açılmış, yeməklərin iştahaçan ətri ev-eşiyi bürümüş, şamlar səliqə ilə tortun üzərinə düzülmüşdü. Ailə bir arada Elmiri gözləyirdi on iki yaşını qeyd etmək üçün. O isə hələ də görünmürdü.

– Yığışmaz da, bütün günü hərbi hissədən ayrılır ki... – atası Nadir dilləndi, – alaydan qayıdıram, görürəm oğlumuz əsgərlərin əhatəsində yarışa qoşulub, avtomatı, pulemyotu elə cəld söküb-yığır ki, əlləri belə görünmür və qalib gəlir.

Gülümsəyir ata qürurla.

– Çox nadincdir, bəlkə səni eşidər, bir danla onu.

– Nadinc olsa da, oğlumuz çox mərd uşaqdı, qəlbi isə pambıq kimidi. Ürəyimə damıb ki, o da bizim kimi hərbiçi olacaq. Bax budu, adını tut, qulağını da bur, özü də gəlib çıxdı.

Atası fərəhlə oğluna baxırdı. Üzü qızarıb pörtüb, saçları sudan çıxmış ördək tükləri kimi pırtlaşıb, üst-başı da ot-ələfə bulaşıb. Bilinir ki, "düşmən" arxasına keçmək üçün uzun bir məsafəni sürünüb.

– Harda qaldın, ay oğlum, ayın 5-dir axı, yoxsa unutmusan? Hamı səni gözləyir, hər kəs burdadı, süfrə açıq qalıb, şamları üfürsənə... Ay Allah, siz bunun üst-başına bir baxın, əl-üzünü yu əvvəlcə, – deyə bezikmiş halda Sevil əlüzyuyanı göstərdi. Ata şamları yandırdı. Elmir qohumsevər, istiqanlı olduğu üçün hamını, ələlxüsus da bütün uşaqları, yaşıdlarını evə çağırmışdı. Yeyib-içəcək, doyunca şənlənəcəkdilər bu gün.

– Arzu tut, arzu tut, – hamı əl çaldı. O, arzu tutdu, var gücüylə şamları üflədi, arzusunu heç kəsə bildirməsə də, öz-özünə pıçıldadı böyüyəndə hərbiçi olacağını...

İllər sürətlə ötüb keçirdi. Hadisələrlə doya-doya, tarixə yazıla-yazıla, tarix yaza-yaza. Bu məşəqqətli illər böyütmüşdü Elmiri. Gözlənilməz hadisələrlə dolu, qanlı-qadalı illərdən keçən balaca oğlanın içində sevgidən nifrətə, nifrətdən qisasa silinməz izlər, cığırlar açılmışdı.

Məktəbi bitirmiş, pəhləvan cüssəli, yaraşıqlı gənc olmuş, əsgəri xidmətə çağırılmışdı. İlk sevginin işartılarını da duyub hiss etdikcə içinə mərhəmətqarışıq həsrət də dolmuşdu. Tez-tez zəng vurur, zümrüd gözlü, ay simalı istəklisiylə danışır, xidmətini başa vurduqdan sonra tezliklə evlənəcəkləri barədə planlar qururdu.

Ailənin sevimlisi olduğu kimi, xidmət etdiyi hissədə də hamının ürəyinə yol tapa bilmişdi. Füzuli rayonunda tank alayında xidmət edirdi. Nümunəvi xidmət, sədaqətli yoldaş, ən əsası isə Vətənə olan sevgi onun başlıca məqsədi olmuşdu.

Xidməti başa çatmaq üzrəydi. Qorxmazlığıyla, xüsusi bacarığıyla seçildiyinə görə komandanlıq ona elə buradaca qalıb xidmətini davam etdirməsini təklif etmişdi. Elmir heç düşünmədən razılıq vermişdi. Bu, onun uşaqlıq xəyalı, arzusu idi. Onu hərbi təhsilini davam etdirmək üçün kursa, gizirlik məktəbinə göndərdilər. Kursu bitirdi. Ağır artilleriya alayında gizir rütbəsində tank komandiri oldu. Minaaxtaranlar dəstəsinə rəhbərlik etdi.

2016-cı ilin Aprel döyüşlərində iştirak etdi, yaralandı. Qorxmazlığı, şücaətiylə ermənilərin canına necə vəlvələ salmışdısa, “Şrek” ləqəbli bu döyüşçü onların yaddaşında vahiməli izlər buraxmışdı.

– Uşaqlar, deyirlər ermənilər Şrek ləqəbli döyüşçü ilə yaman maraqlanırlar. Elmir, bu, sən olmayasan?

Elmir güldü.

Dostları: – Elədir ki var, onlar hələ çox "Şrek"lər görəcəklər, – deyib fəxrlə ona baxırdılar.

O, göstərdiyi şücaətlərə görə komandanlıq tərəfindən tərifnamələrlə təltif olundu. Üç günlük məzuniyyət götürüb evə gəldi. Bütün ailə ətrafına toplaşdı.

Yaralandığını bildirməsə də, atası, deyəsən, hiss etmiş, amma bir söz deməmişdi.

– Hə, oğlum, necə bir hissdi o vəhşilərlə üz-üzə gəlmək? Mənə düzünü de görüm, onlara layiq olduqları dərsi verə bildizmi?

– Onlara elə bir toy tutduq ki, ata, görəydin silahı atıb necə qaçırlar. Hayıf ki, döyüşü dayandırmaq əmri tez verildi, yoxsa alacaqdıq geri bütün torpaqlarımızı. Amma onlar gördülər gücümüzü. İnanıram ki, o gün çox yaxındadı. – Gözü anasının əkdiyi xrizantemalara sataşdı. – Ana, nə gözəl çiçəklərin var, nə vaxt açacaq bunlar?

– Oktyabrda çiçəkləyəcək, oğlum, payız gülləridir. İstəsən, bir dibçək də sənə verərəm.

– İstəyirəm, ana, çox gözəldilər. Özüm suvarıb qulluq edəcəm onlara.

2020-ci il, 13-14 iyul. Xəbis qonşular murdar niyyətlərindən əl çəkmir, gecə atəşkəsi pozaraq yenə təxribat törədirdilər. General Polad Həşimov və onun silahdaşlarının qətlə yetirildiyi gecə, Tovuz təxribatından sonra alovlanmış nifrəti son həddə idi Elmirin. O da digər Vətən oğulları kimi, "Dəmir yumruq" əməliyyatına qoşuldu.

2020-ci il sentyabrın 27-də baş gizir vəzifəsində tank komandiri kimi Füzuli istiqamətində gedən döyüşlərə qatıldı.

Suqovuşan, Füzuli, Hadrut, Xocavənd, Cəbrayıl istiqamətində ağır, amansız döyüşlər gedirdi. Sərt qayalıqlar, keçilməz bunkerlər, dumanlı, yağışlı hava şəraiti hərəkəti çətinləşdirirdi. Hiyləgər düşmən hər tərəfi minalamışdı. Lakin buna baxmayaraq, hər qarış torpağımız azad olunduqca əsgərlərin sevinci yerə-göyə sığmır, daha da irəli atılırdılar.

– Uşaqlar, bir baxın, Xudafərin körpüsü necə də əzəmətlidi, o bizə güvənir, Araz çayı da sanki olanlardan duyuq düşüb, dalğaları coşduqca coşur. Səsini eşidirsiz? Biz bu gün Cəbrayılı qazanacağıq... sancacağıq bayrağımızı, baxın, düz Xudafərinin ən mərkəz nöqtəsinə. Siz də mənim kimi inanırsızmı?

Döyüşçülər yekdilliklə silahlarını qaldırıb: “Qazanacağıq! Biz buna inanırıq. Qarabağ Azərbaycandır!” – deyərək and içdilər.

Uşaqlığını xatırladı bir anlıq Elmir. Xəyalı onu kiçik yaşlarına apardı. Həmişə ondan “Böyüyəndə kim olacaqan?” soruşanda "Komandir olacağam!" deyə cavab verər, bütün günü "İgid əsgər", "Cənab leytenant" mahnılarını zümzümə edərdi. Cəbhədə döyüşməyi, düşmənləri əsir alacağını necə arzular, oyuncaq avtomatıyla bütün günü məhəllə uşaqlarıyla "döyüşər", marş gedərdi.

– Dur! Əllər yuxarı! Çevril, geri dön! Addımla, marş!

Elmir taxtadan düzəldilmiş avtomatını əsir götürdüyü "erməni"nin kürəyinə dayayır. Öz silahlı "dəstə"sini sıraya düzür, onları yürüşə çıxarır, döyüş tapşırığı verir.

– Baxın, bura Xudafərin körpüsüdü. Erməni oranı tutub... biz onu azad edəcək, bayrağımızı ora sancacağıq. Haydııı, irəliiii! – Səsi aləmi başına götürdü.

"Dəstə" hücuma keçdi.

Atışma səsinə xəyallardan ayrılan Elmir gülümsədi.

Yağış yağırdı, hər tərəf su içində idi. Elmir tankı ilə irəliləyir, minalanmış zonaya yaxınlaşırdı. İrəli getmək çox təhlükəliydi. Amma maneələri yarmaq lazım idi. O, təkbaşına keçilməz mina zirehini qırdı, irəli adladı, düşmən dəhşət içindəydi. İrəlidə böyük bir köşk vardı. Elmir onu partlatdı, koridoru açdı, ordu irəli atıldı. Atışma getdikcə güclənir, mərmilər yağış kimi yağırdı. Elmirin tankı vuruldu, o, yaralı yoldaşlarını yanan tankdan uzaqlaşdırır, özü isə düşmən ərazisinə keçdiyinin fərqində olmadan döyüşürdü. Yüzlərlə düşmən onun üzərinə gəlirdi. O, təkbaşına əlliyə yaxın ermənini pulemyotla yerə sərdi. Nifrəti ona elə güc vermişdi ki, zərərli alaq otları kimi düşməni biçirdi. Qaçanları da qovacaqdı düz evlərinin içinəcən, analarının dizinə qədər, alacaqdı qisasını yaralı Xocalının, Gəncədə, Bərdədə törədilən terror qurbanlarının, bütün Azərbaycanın. Döyüşürdü Elmir, aslan kimi, dayanmadan. Çarəsiz qalan düşmən silahlıları Elmiri susdurmaq üçün minaatanla olduğu ərazini atəşə tutdular. Elmir ağır yaralansa da, yenə silahı yerə qoymur, döyüşü davam etdirirdi. Onu susduran snayperdən açılan güllə oldu. Hələ 2016-dan bu yana qorxulu "Şrek"i qarabaqara izləyən atıcı, nəhayət ki, bu gün öz arzusuna çatmışdı.

Oktyabrın 5-i. Səhərdir. Payız günəşi hüznlə işıldayır. Doğum günüdür Elmirin, 31 yaşı tamam olur bu gün. Hamı yığışıb onu gözləyir. İzdihamın ucu-bucağı görünmür. Elmir evinə qayıdır. Çox məğrur, aramla, ağır-ağır. Öz yenilməz ordusunun əhatəsində, əsgər yoldaşlarının çiynində, müqəddəs bayrağımızın ağuşunda... Amma o, bu gün şamları söndürə, arzu tutub anasını sevindirə bilməyəcək. Çünki öz arzusunun qanadında xəyallarını gerçəkləşdirmiş, bu yolda şəhadətə yüksəlmişdi. Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə canı-qanı bahasına düşmənə sinə gərmiş, özünü sipər etmişdi. Xudafərini azad görmək, bayrağımızın körpü üzərində necə vüqarla dalğalanmasına şahid olmaq, Xan Arazın işğaldan azad olduğunu, həsrətinin sona çatdığını, qıjıltıyla öz nəğməsini yüksək, şaqraq səslə dağlara, qayalara səs sala-sala oxumasını görməyi necə arzulamışdı. Lakin bu, ona nəsib olmasa da, bütün bunların tezliklə, lap elə bu günlərdə olacağına o qədər əmin idi ki...

Bu səhər Göytəpə öz qəhrəman şəhidini qarşılayırdı... Göytəpə çayı da göz yaşlarını axan sularına qatıb sakit-sakit hıçqırırdı. Salxım söyüdlər boy-boya düzülüb hüznlə budaqlarını aşağı salmış, ətri aləmi bürümüş, payıza bəzək verən xrizantemalar pardaxlanıb açılmışdı. Onlar da Elmir gələn yollara boylanırdı.

Təsəlli vermək üçün Sevilə yaxınlaşdım, nə deyəcəyimi götür-qoy edirdim ki, onun hələ təzə olan yarasını incitməyim, sözlərim ananın ağlayan qəlbinə toxunmasın. Bağrıma basıb hönkürdüm. O isə: – Mənim oğlum, Elmirim uşaqlıqda dəcəl idi, amma o, ürəyi yanan, çox qayğıkeş övlad idi. O mənim dünyam, həyatımın mənası idi. Əgər balam, ya digər oğullar şəhid olmasaydı, bəs torpaqlarımızı kim geri alacaqdı? Bu ağır gündə el kimə güvənəcəkdi? Vətənin, elin harayına oğullar getməzmi?

Ana qəhərini udur, zorla nəfəs alırdı. Mən ona baxırdım. Eşitdiyim sözlərin təsirindən əsir, titrəyirdim. Biz ona təsəlli verməliykən o bizi sakitləşdirirdi. Düşünürəm: bizim torpağın analarına bu gücü, bu dəyanəti verən axı hansı qüvvədir?

Elmirin arzusu çin oldu. Torpaqlarımız geri alındı, düşmənlərdən, separatçılardan təmizləndi, Qarabağımız bütövlüklə azad oldu.

Ailə qura bilmədi, özündən sonra övladı – yadigarı qalmadı. O, Vətən sevgisini, vəzifə borcunu o qədər üstün, o qədər vacib sanırdı ki, evlənməyə heç tələsmirdi. Amma ziyarətgaha çevrilmiş Şəhidlər xiyabanını, o və onun kimi şəhidlərimizin müqəddəs məzarlarını milyonlarla vətən övladı daim sevgilərlə anacaq, tər çiçəklərə qərq edəcəkdir.

Uzaqdan, Elmirin məzarı önündə ağlayaraq şəklini sığallayan, onunla saatlarla söhbət edən gənc bir qadını izləyirəm.

– Gəldim, Elmir.

Cavab gəlmir.

– Mən səni gözləyəcəyimə söz verdim, sənsə qayıdacağına söz vermədin, Elmir. Bax, xrizantemalar necə açılıblar, necə pardaxlanıblar, onlar belə sənin yolunu gözləyir. Bu necə vəfasızlıqdır, Elmir... onları sənə gətirdim, sevirdin axı çiçəkləri, torpağı, Vətəni.

Oktyabr, 2023

# 1339 dəfə oxunub

Oxşar xəbərlər

Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

11:15 12 dekabr 2024
Xalq artisti:  "İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz"

Xalq artisti: "İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz"

10:21 12 dekabr 2024
"Təcili yardım"ın aktyoru vəfat etdi

"Təcili yardım"ın aktyoru vəfat etdi

09:50 12 dekabr 2024
"Bahar"ın aktrisası yeni serialda

"Bahar"ın aktrisası yeni serialda

09:36 12 dekabr 2024
Məşhur aktyorun nəvəsi:  "Hara getsə də, xalq düşməninin oğlu sayılırdı" - Müsahibə

Məşhur aktyorun nəvəsi: "Hara getsə də, xalq düşməninin oğlu sayılırdı" - Müsahibə

09:00 12 dekabr 2024
İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
#
#
# # #