Məzar daşın nida kimi dikəlmiş... - Məcnun Göyçəlinin şeirləri

Məzar daşın nida kimi dikəlmiş... - Məcnun Göyçəlinin şeirləri
2 iyun 2026
# 13:30

Bu gün şair Məcnun Göyçəlinin doğum günüdür.

Kulis.az onun şeirlərini təqdim edir.

GÖZ YAŞIMDAN GÖYÇƏ KEÇDİ

Zaman ötür, tarix laldı, –

Gözyaşımdan Göyçə keçdi!

Əllərim göylərdə qalıb, -

Gözyaşımdan Göyçə keçdi!

Aşıq sındı, saz ağladı,

Kəlmə yandı, söz ağladı,

Məni görüb, yaz ağladı! –

Gözyaşımdan Göyçə keçdi!

Qəribliyin sınmaz oxu,

Ələmdi hər gələn yuxu.

Qocalmamış köçür çoxu! –

Gözyaşımdan Göyçə keçdi!

Payıza xına qatdılar,

Nənələri "oynatdılar!"

Bayramda papaq atdılar

Gözyaşımdan Göyçə keçdi!

Gülçü gülünnən danışır,

Dilçi dilinnən danışır,

Hamı elinnən danışır, -

Gözyaşımdan Göyçə keçdi!

Məcnun, sünbülsüz zəmiyəm,

"Zarıncı"yam, "Dilqəmi"yəm.

Mələmiş quzu kimiyəm, -

Gözyaşımdan Göyçə keçdi!

BİRCƏ KƏLMƏ SÖZƏM MƏN

Yaman yerdə qəza vurdu, yıxıldım,
Elə billəm qəm-qüssəyə izəm mən.
Sahil uzaq, ümman dərin, zaman dar,
Bir yol qalır - qəmdən-qəmə üzəm mən.

Qəfəsdəyəm, ney könlümdə köklənib,
Mətləbimə zaman yükü yüklənib!
Ah-amanım buludlara söykənib,
İllər boyu yaş tökəsi gözəm mən!

Məzar daşın nida kimi dikəlmiş,
Yan-yörənə qərib güllər səpilmiş.
Bala, dərdin ciyərimə çəkilmiş!
Bir də çətin bu ağrıya dözəm mən.

Göyüm tutqun, həyalanmır hələ dan,
İliyimdə sızıldayır ötən an.
Dil-dodaqda "yazıq" adı yaşadan
Məcnun yoxdu, bircə kəlmə sözəm mən!

Qızım Ayselin xatirəsinə

Neyləmişdim yerə, göyə?!
Çökdü qəsrim, qalam mənim.
Haqq axtarıb, Allah gəzir,
Göydən enmir nalam mənim!

Dinim yandı qibləgahda,
Görkə döndüm qopan ahda!
Çıxdaş olub çəməngahda
Nə tez soldu lalam mənim?!

Fələyin çərxi sökülsün,
Sınıx könlümə tökülsün.
Daşa dönmüş atan ölsün,
Daşa dönmüş balam mənim!

# 458 dəfə oxunub

Oxşar xəbərlər

Ürəyinə atəş açan yazıçı - O, niyə intihara cəhd etmişdi?

Ürəyinə atəş açan yazıçı - O, niyə intihara cəhd etmişdi?

12:30 23 iyul 2026
"Deyirdi ki, o, mənim övladım deyil, uşaq evindən götürmüşəm" - Qarabağ şikəstəsini erməni müğənnidən iki not yüksək oxuduğuna görə cəzalanan Flora Kərimova

"Deyirdi ki, o, mənim övladım deyil, uşaq evindən götürmüşəm" - Qarabağ şikəstəsini erməni müğənnidən iki not yüksək oxuduğuna görə cəzalanan Flora Kərimova

12:00 23 iyul 2026
Luvr muzeyinin Apollon qalereyası soyğundan sonra ilk dəfə açıldı

Luvr muzeyinin Apollon qalereyası soyğundan sonra ilk dəfə açıldı

11:38 23 iyul 2026
Altın Portakal Film Festivalının Fəxri Mükafatları onlara veriləcək

Altın Portakal Film Festivalının Fəxri Mükafatları onlara veriləcək

10:46 23 iyul 2026
Fyodor Yemelyanenko haqqında yazılan kitaba görə nəşriyyatı məhkəməyə verdi

Fyodor Yemelyanenko haqqında yazılan kitaba görə nəşriyyatı məhkəməyə verdi

10:03 23 iyul 2026
"Vətən sevgisi sadəcə torpağa olan sevgi deyil, o..." - Ayaz İshaki

"Vətən sevgisi sadəcə torpağa olan sevgi deyil, o..." - Ayaz İshaki

18:34 22 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər