Arif Hüseynov: "Onlar bizi qəbul etməyə məcbur qaldılar" - Müsahibə

Arif Hüseynov:  "Onlar bizi qəbul etməyə məcbur qaldılar" - Müsahibə
8 may 2023
# 10:53

Kulis.az Xalq rəssamı Arif Hüseynovla müsahibəni təqdim edir.


– Arif müəllim, əvvəla 80 illik yubileyinizi təbrik edirəm. Bu il üçün nələr etməyi planlaşdırmısınız?

– Təşəkkür edirəm. Silsilə sərgilər haqqında düşünürəm. Əvvəlkilərdən fərqli olaraq, üç sərgi planlaşdırmışam. Bir sərgini “Azərbaycan nağılı” adında Xalça muzeyində keçirdim. Sonra “Qarabağnamə” adında bir film işləmişdik, Nizami Kino Mərkəzində böyük formatda göstərdik. İndi 6 iyunda qrafika sərgisi olacaq. Üçüncü sərgi isə, oktyabr ayında “Azərbaycan rəngləri” adında başqa bir sərgimdir. Təvazökarlıqdan uzaq olsa da, ilk dəfə Azərbaycan təsviri sənətində mən üç sərgi ilə bu işi qarşılayıram. Elə işlərim də var ki, muzeylərdə, şəxsi kolleksiyalardadır, onları yüksək rəqəmsal ilə birinci sərgim üçün çap etdirdim, ikinci sərgilərdə də bəzi işlərim olacaq.

– Arif müəllim, müşahidələrimə görə, bizim xalq realist üslublu əsərləri xoşlayır, siz isə, tam fərqli bir janrda çalışırsınız. İnsanlarımız sizin əsərləri necə qarşılayır?

– Mən hesab edirəm ki, mənim işlərimə tələbat çoxdur. Bu o demək deyil ki, əsərlərimi alırlar. Münasibət var, əsərlərimlə münasibət qura bilirlər. Şüuraltı olaraq rənglər onlara xoş gəlir, sistem onlara xoş gəlir. Mənim işlərimdə xalça elementləri var, bu isə xalqımızın yaddaşında qalıb və xoşlarına gəlir. Mən bu işləri sevərək edirəm, bir zümrə də bunu xoşlayır.

– Çalışdığınız bu janrın ideyası haradan ağlınıza gəldi?

– Bizdə bir “Göyərçin” dərgisi var idi, 280 min tirajla çap olunurdu. İkinci kursu oxuyanda məni ora dəvət etdilər. Ədəbiyyata maraqlıydım deyə, uşaqları çəkməyə başladım. Orada mən Azərbaycan yazıçıları ilə şəxsən tanış oldum. Məsələn, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Qabil, rəhmətlik Teymur Elçin, İlyas Tapdıq, bunlar arada uşaqlar üçün yazırdılar. Beləliklə, Azərbaycan ədəbiyyatı və dünya ədəbiyyatı ilə tanış oldum. Sonra qrafika sənətinin dünyəvi meyarlarını işləməyə başladım. SSRİ dövründə sosializm-realizm üslubu dəbdə olsa da, mən belə işləri eksperiment edirdim. Sonra 2016-cı ildə Heydər Əliyev fondunun dəstəyi ilə Yaponiyaya getdim. Poeziyaya həsr olunmuş illüstrasiyalarımı orada sərgilədim. Mən orada “Disney land”a getməyi istədim və təşkilatçılardan xahiş etdim. Orada bütün dünya nağıllarına həsr olmuş əsərlər var. Sonra qayıdıb gəldim, Təbriz Miniatür məktəbi ilə daha ciddi maraqlandım. Sovet dövründə belə şeylərə diqqət göstərilmirdi, müstəqillik illərində, 80-ci illərdə, ulu öndər Heydə Əliyev bizimlə görüşəndə dedi, milli məsələlərə və miniatürə qayıtmaq lazımdır. Beləliklə, mən sənət gəmimi bu yönə çevirdim. Bu janr mənə çox məhrəm gəlir, miniatürü özümə məxsus olaraq nağıllara tətbiq etdim. Sizə deyim ki, bizim xalqın belə əsərlərdən xoşu gəlir, eləcə də avropalıların. Azərbaycanlı rəssamların potensialı çox böyükdür.

– Sonuncu günlərdə Salvador Dalinin əsərləri Azərbaycanda sərgi şəkilində təqdim olundu. Salvador tipli sənətkarların bizim ölkədə nümayiş olunmasını necə qarşılayırsınız?

– Salvador Dali çox böyük, professional rəssamdır. Çəkmək qabiliyyəti, kompozisiya fikri, bunda fikir genişdir, qeyri-alternativdir. Bilirəm, bahalı proyektdir bu, ancaq onların Bakıya gəlməsi Azərbaycan təsviri sənətində təsiri olacaq. Burada ancaq qrafikaları sərgiyə qoyulub, onun başqa böyük əsərləri var, mən İstanbulda yaxından o əsərləri görmüşəm. Bilirsinizmi, professionallıq ilə ideya gərək düz gəlsin. Sən əgər tamaşaçıya ideyanı professionallıq ilə çatdıra bilmirsənsə, o insana təsir buraxa bilmirsən deməkdir. Ola bilsin, bəzi fikirləri ilə razı deyiləm, amma professionallıq öz sözünü həmişə deyir.

– Məsələn, harada razılaşmırsınız?

– Bəzən insani düşüncələri ifrat dərəcəsinə gətirir. Ancaq onun bəzi əsərləri var, “Yumurta və insan”, “Vaxt” əsəri maraqlıdır. Vaxt insan üçün ən böyük kapitaldır. Sovet dövründə amerikalıları ələ salırdılar ki, amerikalılar deyir, vaxt puldur. Pul deyəndə kağız puldan danışmır, yəni vaxt sənin kapitalındır, ondan düzgün istifadə etməlisən. Salvador orada bu fəlsəfəni yaxşı göstərib. Bunu mən belə qəbul edirəm, başqası ayrı cür qəbul edir.

– Mən sizin illüstrasiya əsərlərinizi gördüm, Afaq Məsudun hekayələrini təsvirə çəkmisiniz, bəs poeziyada hansı işləri görmüsünüz?

– Sizə maraqlı bir hadisəni danışım. Cavan vaxtlarımda bir gün mənə xəbər etdilər ki, “Bakı” qəzetindən bir xanım sizdən yazmaq istəyir. O vaxt da bu qəzet çox məşhur idi. Dedim, yaxşı, gəlsin. Sən demə, o xanım Afaq Məsud imiş. O vaxt da mənim emalatxanam zirzəmidəydi, 78-ci ildən sonra Heydər Əliyev bizə Əhmədlidə bina verdi. Əvvəllər elə emalatxanalar zirzəmilərdə olurdu. O vaxt isə, Bakıda da həyətə zibil yeşikləri qoyurdular, indi başqa cürə olub. Onu da bir növ maye ilə təmizləyirdilər, fərqli qoxusu olurdu. Mənim də qapımın ağzında, həyətə girən yerdə beş dənə bunlardan var idi. Qaldığım yer Axundov bağının yanındaydı. Telefonda ona dedim ki, gəl bura. İçəri girən kimi dedi, bu zibil yeşikləri nədir burda? Dedim, mən jek deyiləm e, rəssamam, bir dənə də balaca yerim var, oturub işləyirəm. Əsəbləşdi, çıxdı getdi. Heç nə yazmadı, çıxıb getdi. Ürəyimdə dedim, mən neynəyim, yazma, mən xahiş etməmişəm ki, gəl məndən yaz. (Gülür)

Təxminən 30 il sonra Binəqədi Gənclər evi var, oradan bir adam dedi ki, bir neçə iş var, onları qiymətləndirmək lazımdır. Getdim, gördüm elə öz tələbələrimin işidir. Afaq Məsudun hekayələrinə illüstrasiya çəkilmişdir. Mənim də o vaxt bu hadisə yadıma düşdü. Hərdən vaxtım olanda əsərlərini oxuyurdum, amma əlaqəm yox idi. Nəhayət, əsərləri qiymətləndirdim, sonra sual verdim ki, bəs Afaq xanım burada yoxdur? Axı onun əsərləri haqqında bunlar çəkilib. Afaq xanımın köməkçisi gəldi, ondan soruşdum ki, Afaq xanım yoxdur? Dedi, yox, işi vardı. Dedim ki, bunlar gənc rəssamlardı, müəyyən vaxtdan sonra böyüyəcəklər, bunların ilk işləridir. Çox yaxşı olar ki, bunları çap etdirsin və ya alsın.

Həmin günün səhəri günü Afaq xanım mənə zəng etdi. Dedi, dediyiniz çox yaxşı fikirdir, Arif müəllim sizinlə görüşmək istəyirəm. Gəlin, Tərcümə Mərkəzində görüşək. Getdim ora, tanış olduq. Dedi, Arif bəy mən sizin çıxışlarınızı izləyirəm. Dedi, yeni hekayələr yazıram, bunlara illüstrasiya edərsiniz. Dedim, sizin bəzi əsərlərinizlə tanışam, başlayaq. Çox ağır hekayələr idi, iyirmi hekayəsini verdi, oturdum bağda, işlədim. İndiyə qədər kitab çap olmayıb. (Gülür) Ancaq mənim üçün maraqlı idi. Qonorar məsələsində kömək etdi, mən də haqqımda yazılanları kitab kimi çap etdirdim, orada onun yazısı da yer alır. O vaxt həmin hadisəni özünə danışdım, dedi, mənim yadımda deyil. Dedim, mənim yadımdadır. Beləcə dostlaşdıq.

– Əsərlərinizi sifariş üzərindən işləyirsiniz, yoxsa öz ürəyiniz üçün?

– Uşaq kitablarının illüstrasiyasını sifariş üçün işləmişəm. Əslində, illüstrasiya sözünü qəbul etmirəm. Mən uşaqlığımda bir çox kitab oxumuşam, yadıma gəlir ki, “Başsız atlı” adlı kitab var idi, orda illüstrasiyalar vardı. İllüstrasiyaları belə idi ki, mətndə yazılan hadisəni eyni şəkildə rəsmin altına da qeyd edirdilər. Mən o sistemdən uzaqlaşdım. Mən o vaxt Rəsul Rzanın şeirlərinə illüstrasiyalar işlədim, maraqlı rənglər şeiri vardı, çox maraqlı idi. Bu əsərə dostumuz Toğrul Nərimanbəyov rəsmlər çəkmişdi, həmin kitab da çıxmışdı. Mən o kitabı götürdüm, oturdum, ümumi olaraq beş list işlədim. O əsərləri bütün sərgilərimə qoyuram. Sonra Dantedən işləmişəm, Petrarkadan. Sifariş də olur, amma əsas öz ürəyim üçün işləmişəm.

– Xalça motivinə bir çox əsərlərinizdə yer vermisiniz, bu ideyanın məzmunu nədir?

– Siz də görmüsünüz, mən də görmüşəm, evlərdə divarlardan xalça asılır, onun üstünə rəhmətə gedənin şəkilini vururdular. Həmin sistemi mən tablolarımda etmişəm. Xalçanın fonunda nağıllardı. İnsanların xoşuna gəlir, onlar bu məsələnin haradan gəldiyindən xəbərsizdirlər, ancaq bu, onların gizli yaddaşına yerləşib. Çox adam gəlib deyir ki, bu işlər doğma gəlir, onlar bilmirlər ki, bu doğmalıq haradan gəlib, ancaq mən bilirəm. O bilmir ki, orada babasının şəkilini asıb, ancaq mən onun yerinə divi asaram, yəni sistem eynidir.




– Gənc vaxtlarınızda yaşlı nəsil ilə aranız necəydi? Yola gedə bilirdinizmi?

– Sovet dövründə bizdə belə sistem var idi, Bədii Fondda üzv olmayan adam da müəyyən məbləğ qazana bilirdi. Ancaq Rəssamlar İttifaqına üzv oldunsa, nə qədər istəsən qazana bilərsən. Mən şəxsən 3 il gözləmişəm ki, Rəssamlar İttifaqının üzvü olam. Üzv olmaq üçün məndə bütün şərait var idi, ancaq götürmürdülər. Gördüm alınmır, getdim komsomulun birinci katibinin yanına getdim. Dedim, yaşlılar bizi qəbul etmirlər. Dedi, SSRİ üzrə bir proyekt var, göndərim sizi ora. Vətəndaş müharibəsində Təşviqat qatarlarına bənzər bir şey keçirilir, oraya göndərdi. Bizim köhnə dostumuz Arif Əzizovla birlikdə bir ay oraya getdik. Dedilər, bir ay sonra komsomolun qurultayı olmalıdır, sərgi də olmalıdır. Dedim, axı müəllim bu yaradıcılıqdı, belə olmur. Dedi, yox, danışmadıq ki? Sərgini eləyirsən. O vaxtdakı qurultayda da Heydər Əliyev gələcəkdi. Dedim, yaxşı, əgər kanal açılacaqsa işləyək. Biz elədik sərgini, yaxşı sarı rəngdə katoloq işlədik. Sərginin açılışında dedilər ki, Rəssamlar İttifaqında keçirək, prinsipə dedim ki, yox, orada etməyək. Dedim, Zabitlər Evində edək. O vaxt görünməyən bir hadisə baş verdi, bütün universitetlərdən tələbələri gətirdilər, orada növbə yarandı. Beləliklə, biz bu etapdan keçdik və onlar bizi qəbul etməyə məcbur qaldılar. Sonra Moskvada premiya aldıq. Azərbaycanda ilk dəfə “Yunus” jurnalında çıxdıq. Ondan sonra gördülər ki, mümkün deyil, qarşımızı ala bilmədilər. Bu iş, şəxsən mənə, yol açdı.

– Arif müəllim, illərdir incəsənət sahəsində fəaliyyət göstərirsiniz və müxtəlif nəsilləri görmüsünüz, cəmiyyətimizin estetik görüşü nə qədər dəyişib?

– Nisbətən dəyişib. İndi bizdən rəsmlər alırlar, çox olmasa da, əvvəlki kimi deyil. Məsələn, mən özüm toya gedəndə də rəsm bağışlayıram. Sonra deyirəm ki, bunun qiyməti mən verdiyim qiymətdən çox bahalıdır. İndi cəmiyyət yavaş-yavaş gəlib alır. Bizdə orta təbəqə yoxdur, bizdə ya dövlətli var, ya da kasıb. Məsələn, Türkiyədə elə deyil, orada orta təbəqə evində rəsm asar, alarlar. Yəni, o təbəqənin sənətçiyə, rəsmə böyük hörməti var. Onlar, heç olmasa, evlərində bir balaca 100 dollarlıq əsər alıb, asırlar. Yəni, demək istəyirəm ki, keçmişə baxanda, indi rəsm əsərlərini alanlar çoxalıb.

– Son dövrlər gənclərin bəziləri Yaradıcılıq Birliklərinin ləğv olunmasını istəyirlər. Məsələn, Rəssamlar İttifaqının və ya Yazıçılar Birliyinin. Sizcə, bu nə dərəcədə doğrudur?

– Mən ləğv olunsun deməzdim, amma islahat keçməlidir. O da Sovet hökumətindən qalan bir şeydir, o vaxt Stalinin əmri ilə “Bölüşdür hakimiyyət et” fikri ilə 30-cu illərdə Yazıçılar İttifaqını yaratdı, ondan sonra Azərbaycanda 40-cı ildə Rəssamlar İttifaqı yarandı. Bunlar hamısı ideoloji idarə etmək üçündür. Ancaq indi ona ehtiyac yoxdur, çünki indi üç nəfər yığışar, bir qurum yaradar. Burada hökumət sənə heç nə etmir. Ancaq keçmişdə iki və ya üç faiz SSRİ büdcəsindən buna maliyyə ayrılırdı. Bizdə rəssamlar var idi ki, beş dənə portret çəkirdilər, xeyli də pul alırdılar. Hər bir idarədə təbliğata pul ayrılırdı. Onu demək istəyirəm ki, bu islahat olmadı, tibb məsələsində apendisit kimi bir şeydir, qala da bilər, kəsib tullaya da bilər. İndi hökumət kömək edir, amma bu qurumlar daha əvvəlki kimi deyil. Bunlar elə bir sistem qurmalıydılar ki, ayrıca hərəkət etməli idilər, ancaq bu olmadı. İndi cavanlar özləri üçün bir yer tapırlar, onlar öyrəşiblər bugünkü həyata, ancaq biz öyrəşməmişik. Məsələn, mən həmişə əsər işləmişəm, müqavilə bağlayıblar, ildə 10-15 min rubl pul qazanırdım. O vaxt çox böyük pul idi. Ona görə də, bu sistem öz funksiyasını itirib. İndi cavanların hamısı istəyir, Rəssamlar İttifaqının, Yazıçılar Birliyinin üzvü olsun. Əvvəl üzv olmaq çox çətin idi, indi istəyirsən gəl otur, nə var orda, heç nə yoxdu.




# 2740 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
İlon Mask tarixə düşdü

İlon Mask tarixə düşdü

12:00 12 dekabr 2024
Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

11:15 12 dekabr 2024
Xalq artisti:  "İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz"

Xalq artisti: "İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz"

10:21 12 dekabr 2024
"Təcili yardım"ın aktyoru vəfat etdi

"Təcili yardım"ın aktyoru vəfat etdi

09:50 12 dekabr 2024
#
#
# # #