Demişdim ki, sevmək bağlanmaqdan daha alicənabdır. Doğrudan da belədir. Bağlandığının qulu, köləsi olursan, həmin adamı həyatının mərkəzinə qoyursan ki, tərpənmə, tərpənsən, həyatım dağılacaq. Həmin adam çıxıb-getdikdən sonra həyatımız dağılmır, sadəcə axını dəyişir. Sevdiklərimizin ölümündən də ona görə qorxuruq ki, onlara həm də bağlanmışıq, öyrəşmişik.
Sevdiyimiz, bağlandığımız insan öləndən sonra içimizdə bir boşluq yaranır, ancaq yaşamağa davam edirik.
Rəfiqəmin nənəsi altsgeymer idi. Hətta nəvəsini tanımaqda da çətinlik çəkirdi. Ağ saçlı, ağır çəkili, sağlam adam təsiri bağışlayan qadındı. Bir neçə dəqiqə sonra nəvəsindən soruşdu ki, nə vaxt gəldin? Sonra rəfiqəmin ailəsini göstərərək “Bunlar mənə pis baxır. Sən çalış. Mən də çalışıram. Yuxulayana kimi çalışırıq. Gəncik də, belə olacaq”,- dedi. Rəfiqəm nənəsinin altsgeymer olduğunu hələ evə girməmişdən demişdi.
İlahi! Görəsən, heç nə xatırlamamağı, sadəcə gəncliyindən bəzi şeylərin yadına düşməsi yaxşı haldır, yoxsa pis? Bəlkə də xatırlamaq istəmədiyi günlərindən qurtulub? Ya bəlkə xatırlaması vacib olan nəyisə unudub deyə narahat ola bilər?
O yaşlı qadını görməyimdən bir il keçir. Bir neçə gün öncə rəfiqəmlə görüşdüm. Söhbətimizin ən şirin yerində nənəsinin ağ ciyər xərçəngi olduğunu dedi-qəmgin görünmək istəyirdi, ancaq həm də gülümsəyirdi. Xərçəng! Yenə xərçəng! Yenə qabağıma çıxdı bu lənətə gəlmiş xərçəng! Bunu düşünürdüm, rəfiqəm danışa-danışa.
İki gün keçdi. Rəfiqəm telefonuna gələn mesajı oxuyandan sonra, adını hələ də qoya bilmədiyim o gülümsəmə ilə üzünü mənə çevirib, “nənəm öldü” dedi. Yarı gülümsəmə idi bu. Amma gülümsəməyini yığışdırmaq istəyirdi üzündən. “Öləcəyini bilirdim. Çox da üzülmədim. Amma indi ölməli deyildi. Yarı yolda qoydu bizi”. Gülümsəmənin mahiyyəti bu cümlələrdədir. Hə, hə, dəqiq belədir. Bu zamana kimi gördüyüm ən çirkin, ən çirkli gülümsəmə idi. Heç nə deyə bilmədim. Qadını xatırladım-çarpayısında oturan mavi paltarlı, ağ saçlı, sağlam görünən insanı. “Allah səbr versin” deyə bildim ancaq. Ağlamadım, amma üzüldüm deyəsən.
Həyat noxudsuz dovğaya oxşayır lap. Hər şeyi var, noxudu yoxdur. Ömrümüz var, ölümsüzlüyümüz yoxdur. Gələcəyin gəzən ölüləriyik hamımız.
Düşündüm ki, o qadın bəlkə də xoşbəxt adamlardandır. Heç olmasa yaşlananda öldü. Orqanlarının son istifadə tarixi gəldi və o getdi.
Uzun sükutdan sonra rəfiqəm dedi: “İndi mən nə edəcəm?”. O çirkin gülümsəməsindən sonra bu cümləsi məni o qədər sevindirmişdi ki! Demək üzülüb. Sonra üzüntüm artdı, çünki yanıldığımı hiss edirdim. Sonra da belə dedi: “Öldüyünə üzülüm ya həyatımın bundan sonrakı naməlum axınına?”.
Nənəsinin öldüyünə üzülməsini deməsi əslində bir bəhanə idi. “Həyatın bundan sonrakı naməlum axınına” üzülməkdir bu.
Bir şey demək istəmirdim. Amma içimdəki o zəhləm getmiş şübhə bu sualı verdi qıza: “ Sualıma görə üzr istəyirəm. Amma dəqiq şəkildə izah et ki, nəyə üzülürsən? Naməlum axın deyəndə nəzərdə tutduğun nədir? Nənəni bu qədər çox sevdiyini bilmirdim mən”. O da: “Bilirsən, nənəmin təqaüdü ilə yaşayırdım” dedi.
Bunu bilirdim əlbəttə. Elə buna görə də o çirkin gülümsəmədən nifrət etmişdim. O gülümsəmədə sadəcə özünü düşünən insanın üzüntüsü vardı. Heç nə demədim. Susdum.
Nənələrin ölümü soyuq olur. Hönkürmürsən bəlkə, amma adamın içinə bir köz atır, bir müddət onunla yaşayırsan.
Soyuqluğumuz nənələrin ölümünə hazırlıqlı olmağımızla, ölümü yaşlı insanlara daha çox yaraşdırmağımızla bağlıdır görəsən?
Hər kəs insanlara eynən bizim kimi yanaşmalı deyil əlbəttə. Haqq qazandırmağa çalışıram rəfiqəmə. Yəqin rəfiqəmin sevgisindən çox deyilmiş nənəsinə olan bağlılığı. Ona görə onun üçün, ölən nənəsi yox, hər ay aldığı pul daha dəyərli imiş.
Hə, demək heç də həmişə ölümə onları bir də görməyəcəyik deyə üzülmürmüş insanlar.
Məsələn bir şairin, bir yazıçının, rejissorun, müəllimin, bəstəkarın, ümumiyyətlə yaradıcı insanın ölümünə üzülə bilərik. Bu üzüntümüz çox səmimidir. Çünki yaratmayacaq artıq. Onun yaradıcılığından həzz ala bilməyəcəyik, yeni əsərləri olmayacaq. Eynən sevdiyimiz insanların da ölümünə üzülə bilərik, bir də onların hüzurunda rahatlıq tapa bilməyəcəyik. Bu kimi mənəvi dəyərlərin yanında, bir də maddi dəyərlər varmış. Ölüm də maddiləşibmiş. Qiyməti də varmış üstəlik. Ölüm də məsuliyyət imiş özlüyündə. Və insanlar öləndə şairin dediyi kimi düşünür görəsən: “Ben bir gün giderim ki neyim kalır. Eksik bıraktığım her şeyim kalır”.
Ölənlərin əksik buraxdığıdır həyatımız bəlkə də. Kim bilir?
Sevmək, bağlanmaq, ölmək
11 oktyabr 2012
08:00
3651 dəfə oxunub