Məşhur türk rejissor: “Filmi götürüb kafeləri gəzirik”

Məşhur türk rejissor: “Filmi götürüb kafeləri gəzirik”
27 may 2013
# 12:21

Türk rejissor, “Polis” filmindən, TRT1 kanalında yayımlanan “Leyli və Məcnun” serialından tanıdığımız Onur Ünlü son filmi “Sən aydınlatırsan gecəni” filmini prokatlara təqdim etməyib. Rejissor son işini əsasən universitetlərdə, gənclər klublarında təqdim edir. Onur Ünlü həm də şairdir. Şeirlərini Ah Muhsin Ünlü imzası ilə yazır.

Kulis.Az Onur Ünlü ilə müsahibəni təqdim edir.

- Yəqin film üçün gəzdiyiniz şəhərlərin sayı 10-u keçib. Yorulmusuz? Filmə gözlədiyiniz maraq oldu?

- Vəziyyətdən məmnunuq. Gözlədiyimizdən də yaxşı fikirlər alırıq. Maraq çoxdur. Yorucu olsa da buna dəyər.

- Filminizi prokatlara verməyəcəksiniz. Bu etirazınızın səbəbini necə dəyərləndirək? Necə reaksiyalar aldınız insanlardan?

- İlk dəfə belə şey etdik. Qərar verdik ki, filmimiz prokatlara verməyək. Ancaq universitetlərdə və gənclərin yaratdığı klublarda göstəriləcək. Maddi tərəfdən çox çətinlik yaşayacağımızı bilirdik. Çünki prokata çıxsaydıq bu işdən pul qazanacaqdıq. Amma belə etmədik və peşman da deyilik. Bunu iş yoldaşlarımıza, film çəkən hamıya dəstək üçün edirik.

- Film ağ-qara olsa da yeganə rəng qırmızı idi. Amma buna baxmayaraq axıcı idi. Maraqlı səhnələr var idi – göydən daş yağması, tərs (baş-ayaq) görüntü və s. Necə təcrübə idi?

- O tərs görüntülərdən əvvəl xəbərim yox idi. Mənə görüntüləri göstərəndə tərs – başı aşağı çəkildiyini gördüm və elə orada da qərar verdim ki, elə olduğu kimi də qalsın. Elə də qaldı (gülür).

Ağ-qara film yaxşıdır, amma kommersiya baxımından çətinlikləri olur. Həm də film bitəndən sonra ağ-qara xoşumuza gəlməsəydi bunu rəngli edə bilərdik. Amma belə xoşumuza gəldi .

- Filmdə gözündən qan gələn adam vardı. “Gözündən qan gələn adam”la nə demək istəmisiz?

- Bunu çox adam soruşur. Dramatizmin qaydaları var və bunun da cavabı bəsitdir - adamın içi qan ağlayır (gülür).

- Filminiz maraqlı və fərqli idi. Niyə qəsəbəni serçdiz?

- Zaman və məkanın qeyri-müəyyən olmağını istədim. Sənət filmi olduğunu düşünürlər, amma elə deyil. Nə varsa onu göstərmişik. Daha sevimli, dərin, təmiz və insana yaxın olsun istədik. Qəsəbə filmi deyil yəni.

- Filmləriniz hansı dünya görüşündən irəli gəlir?

- Bilmirəm. Necə eşidirəm, görürəmsə elə də edirəm.

- Film düşündüyünüz kimi alınıb, yoxsa beyninizdəki filmdən daha fərqli idi?

- Əslində 50/50-dir. Deyərdim hətta 70% istədiyim kimi olub. Məni qane edib bu baxımdan.

- Ssenaridə çox dəyişiklik oldu?

- Çox dəyişmədim. Məsələn, Camal filmin sonunda dərman udurdu. Əslində sonluq elə deyildi və bu dərman udmaq mənim fikrim deyil, elə Camalın (Ali Atay - L.N.) öz fikri idi.

- Bu filminiz sanki şeirlərinizə daha yaxındır.

- Fərqli şeylərdir. Filmdə şeir yazmaq absurddur. Belə olmaz. Filmi başqa bir şeylə əvəz edə bilməzsən. Filmi film kimi etmək lazımdır. Yəni əvəz etmək olmur. Kim nəyi necə ifadə edə bilirsə, elə də ifadə edir. Kimsə bir şeyi film çəkmədən ifadə edə bilsəydi, film çəkməzdi.

- Bu filminizdə xarakterlərin fövqəltəbii, super gücləri var. Amma heç biri super qəhrəman deyil.

- Onsuz da etmək istədiyimiz də bu idi.

- Bəs rejissor-aktyor münasibəti necədir?

- Bu güvən məsələsidir. Aktyor səninlə işləməyi qəbul etməklə sənə güvəndiyini bildirir. Onun nə etmək istədiyini dinləmək lazımdır. Yəni aktyor və rejissor arasında kəndli və şəhərli münasibəti olmamalıdır.

- Aktyorların obraza girmə, öyrəşmə mərhələsi necə keçdi?

- Ən çox ləhcə məsələsində kömək aldıq. Çəkilişin olduğu şəhərə getdik. Orada aylarla yaşadıq deyə bilmərəm. Məsələn, ölümsüzlüyə necə alışmaq olar ki? (gülür).

- Artıq üslubunuz belə olacaq? Bu filminizdə dram və fantaziya vardı. Tamaşaçını bu filmlə yoxlayırdınız?

- Yox. Bu qətiyyən test mərhələsi deyildi. Yəni izləyicinin nəbzini yoxlamırdım, bu tərzi bəyənəcəklər ya yox. Nəyi çox düşünürəm, onda ilişirəmsə,onun üstünə gedirəm. Bu film beynimdə müəyyən şeyləri açmağa kömək etdi.

- Elə bu qrupla, aktyorlarla əməkdaşlığa davam edəcəksiz?

- Ola da bilər.

# 3374 dəfə oxunub

Müəllifin son yazıları

# # #